Məhkəmə qərarları › İş №1(074)-64/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-64/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-64/2024 05.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Ağsu rayonu, Xətman kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 16:20-dən etibarən vahid niyyətlə əhatə olunan qəsdlə "xxxx" MMC-yə məxsus, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo supermarket” adlı mağazaya müştəri kimi daxil olub, hər birinin dəyəri 3,30 manat olan 12 ədəd “Redbull 250 ml” markalı enerjetik içkini, hər birinin dəyəri 21,40 manat olan 02 ədəd iki litrlik “Miad” markalı qarğıdalı yağını, hər birinin dəyəri 17,29 manat olan 03 ədəd bir kiloqramlıq “Golden Cow” markalı kərə yağını, hər birinin dəyəri 9,20 manat olan 04 ədəd 250 qramlıq qutuda “X4” markalı konfeti, hər birinin dəyəri 5,65 manat olan 02 ədəd “Millenium Riviera” markalı şokoladı, dəyəri 11,60 manat olan 01 ədəd 240 qramlıq qutuda “Raffaello” markalı şokoladı, hər birinin dəyəri 12,75 manat olan 02 ədəd “Azərşəkər” markalı beş kiloqramlıq qutuda kəllə qəndi, dəyəri 9,72 manat olan 01 ədəd “Qidam” markalı beş kiloqramlıq kisədə şəkər tozunu, 01 kiloqramın qiyməti 5,80 manat olan iki kiloqramlıq torbada “Səhər” markalı sosisi, 01 kiloqramın qiyməti 16,20 manat olmaqla hər birinin çəkisi 0,578 qram olan 02 ədəd “Krakov” markalı kolbasanı, hər birinin dəyəri 33,05 manat olan 190 qramlıq qutuda 02 ədəd “Carte Noire” markalı kofeni, dəyəri 27,90 manat olan 01 ədəd beş kiloqramlıq kisədə “Mumtaz” markalı düyünü, hər birinin dəyəri 72,59 manat olan 02 ədəd “Oral B vitality X7” markalı diş fırçasını, hər birinin dəyəri 48,65 manat olan 02 ədəd “Oral B” markalı elektron diş fırçasını, hər birinin dəyəri 12,19 manat olan 02 ədəd “Oral B” markalı diş pastasını, dəyəri 9,39 manat olan 01 ədəd “Blendamed 3d White luxe” markalı diş pastasını, bir kiloqramının qiyməti 1,99 manat olmaqla ümumilikdə 05 kiloqram bananı, bir kiloqramının qiyməti 01 manat olmaqla ümumilikdə 05 kiloqram kartofu, bir kiloqramının qiyməti 0,80 manat olmaqla ümumilikdə 05 kiloqram soğanı mağazadan götürdüyü sellofan torbalara yığaraq aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 648,71 (altı yüz qırx səkkiz manat yetmiş bir qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 17:00-dan etibarən vahid niyyətlə əhatə olunan qəsdlə "xxxx" MMC-yə məxsus Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo supermarket” adlı mağazaya müştəri kimi daxil olub hər birinin dəyəri 15,05 manat olan 300 qramlıq paketdə 03 ədəd “Ləziz çərəz” markalı püstəni, hər birinin dəyəri 6,59 manat olan 2 qutu “X2 Dates” markalı xurmanı, hər birinin dəyəri 5,49 manat olan 4 ədəd “Activia natural” markalı yoqurdu, bir kiloqramının qiyməti 3,29 manat olan ümumilikdə 03 kiloqram portağalı, bir kiloqramının qiyməti 1,99 manat olan ümumilikdə 02 kiloqram bananı, hər birinin dəyəri 9,39 manat olan 02 ədəd “Blendamed 3d White luxe” markalı diş pastasını, hər birinin dəyəri 1,04 manat olan 02 ədəd “SUN” markalı salfeti, dəyəri 7,29 manat olan “X5 250 ML” markalı kremi, hər birinin dəyəri 5,50 manat olan 02 ədəd “Rexona” markalı antiperspirantı, hər birinin dəyəri 7,19 manat olan 04 ədəd “Gillette Blue 3 plus” markalı təraş ülgüclərini, hər birinin dəyəri 9,29 manat olan 02 ədəd “Siyəzən broyler” markalı dondurulmuş toyuq ətini, dəyəri 9,29 manat olan 1,820 kiloqramlıq torbada 01 ədəd “Şahənşah” markalı düyünü, hər birinin dəyəri 19,95 manat olan 3 ədəd bir kiloqramlıq “X6 Zealand Butter” kərə yağını mağazadan götürdüyü sellafon torbalara yığaraq aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 249,77 (iki yüz qırx doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, özü kənddə avtomobil ustası kimi fəaliyyət göstərir. Şahid2 onun qardaşı, Elçin və Yusif adlı şəxslərdə İsmayıllı rayon sakinləridir. Hər iki şəxs qohumdurlar və Elçin adlı şəxsin həyat yoldaşı onların kəndində müəllimə işləyir. xx.xx.2024-cü il tarixdə o, qardaşı Şahid2, İsmayıllı rayon sakinləri Elçin və Yusif adlı şəxslər onun yaşadığı kənddə yerləşən bulağın yanında söhbət etmişdir. O, həmin şəxslərə söyləmişdir ki, gedib birlikdə Şamaxı şəhərində yerləşən “Bravo” supermarketdən ərzaq məhsulları alsınlar. Həmçinin qardaşının da mobil telefonu xarab olduğu üçün o da bildirmişdir ki, gedib Şamaxı şəhərində telefonun düzəltdirmək istəyir. Həmin vaxt Elçin və Yusif adlı şəxslər də onların yanında olduqlarından onlar birlikdə qardaşının idarə etdiyi “Niva” markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən saat 16 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo” marketə gəlmişdir. O, onlara söyləmişdir ki, “”Bravo” supermarketə daxil olur, əgər sizin də alınası əşyalarınız vardırsa, gəlin alın, pulunu mən verəcəyəm”. Bundan sonra həmin şəxslər də onunla “Bravo” supermarketə daxil olmuş və onlar marketdə olan zaman o, marketi ilk əvvəl gəzib ərzaq məhsullarına baxmışdır. Onun niyyəti oğurluq etmək olsa da, bu barədə onunla gələn şəxslərə heç bir məlumat verməmişdir. O, marketdən ona lazım olan ərzaq məhsullarını götürmüş və Elçin ilə Yusif adlı şəxslərin də götürdükləri ərzaq məhsullarını onlardan almış və onlara söyləmişdir ki, kassada ödənişlərin edib avtomobilə aparacaqdır. O, onlardan götürdükləri ərzaq məhsullarını aldıqdan sonra həmin supermarketin qapısına yaxınlaşaraq kassaya heç bir ödəniş etmədən qapıdan çıxıb əlində olan ərzaq məhsullarını aparıb qardaşının avtomobilinə yükləmişdir. Bundan sonra o, yenidən marketə qayıtmış və marketdə lazım olan ərzaq məhsullarını götürdükdən sonra Elçin və Yusif adlı şəxsin götürdükləri bir-iki ədəd ərzaq məhsulunu onlardan almış və eyni qaydada marketin qapısına yaxınlaşaraq oradan heç kimə bildirmədən çıxıb avtomobilin yanına gəlib əlində olan ərzaq məhsullarını qardaşına məxsus “Niva” markalı avtomobilin baqaj hissəsinə yükləmiş və avtomobildə gözləmişdir. Bundan sonra Saleh, Elçin və Yusif adlı şəxslər əlavə aldıqları bəzi ərzaq məhsullarının kassada pulunu verib marketdən çıxaraq avtomobilə gəlmiş və onlar avtomobilə əyləşdikdən sonra qardaşı avtomobili idarə etməyə başlamışdır. Onlar bazarın qarşısında telefon mağazası gördüyü üçün qardaşı avtomobili saxlamış və avtomobildən enərək telefon mağazasında telefonun düzəltdirib, yenidən avtobilə gəlib əyləşmiş və onlar Ağsu rayonu, Xətman kəndinə gəlmişdir. Kəndə çatan zaman o, Elçin və Yusif adlı şəxslərə götürdükləri ərzaq məhsullarını vermiş və özünündə götürdüyü ərzaq məhsullarını evinə aparmışdır. Onun xatırladığı qədəri ilə xx.xx.2024-cü il tarixdə “Bravo” Supermarketdən 12 ədəd “Redbull” enerjetik içkisi, 5 kiloqram soğan, 5 kiloqram kartof, 5 kiloqram banan, bir ədəd iki litrlik “Miad” qarğıdalı yağı, üç ədəd “Golden Cow” kərə yağı, üç ədəd “X4” konfeti, iki ədəd “Riviera” şokoladı, bir ədəd “Raffaello” şokoladı, iki ədəd “Azərşəkər” firmasına məxsus kəllə qənd, üç kiloqram “Qidam” firmasına məxsus olan şəkər tozu, iki kiloqram Azərbaycan istehsalı olan sosiska, iki ədəd “Krakov” kolbasası, iki ədəd “Carte Noire” kofesi, bir ədəd “Mumtaz” düyüsü, dörd ədəd “Oral B” diş fırçası, iki ədəd “Oral B” diş pastası, bir ədəd “Blend-amed” diş pastası, təxminən iki kiloqram kit-kat şokolatı, 4 ədəd “Taha çakıldaşı” oğurlamışdır. Qeyd etdiyi ərzaq məhsullarının daxilində Elçin və Yusif adlı şəxslərdən də götürdüyü ərzaq məhsulları olmuşdur. Həmin oğurladığı məhsulları da xx.xx.2024-cü il tarixdə 2 dəfəyə götürmüşdür. O, həmin ərzaq məhsullarını oğurladıqdan sonra xx.xx.2024-cü il tarixdə yenidən oğurluq etmək qərarına gəlmişdir. Həmin tarixdə o, yaşadığı kənddə qardaşı Şahid2, İsmayıllı rayon sakinləri Elçin və Yusif adlı şəxslər ilə söhbət edən zaman onlara bazarlıq etmək məqsədi ilə Şamaxı şəhərinə getmək istədiyini və onların da onunla getmələrini söyləmişdir. İlk əvvəl həmin şəxslər tərəddüd etsələr də, daha sonra o, qardaşından xahiş etmişdir ki, onu aparıb gətirsin. Elçin və Yusif adlı şəxslərə isə söyləmişdir ki, kənddə qonaqdırlar və onunla getsinlər, nə lazımdırsa bayramla əlaqədar evlərinə ərzaq alsınlar. Həmin şəxslərin getmək istəmədiyini hiss etdiyi üçün onların pulunun olmadığını başa düşmüş, onlara söyləmişdir ki, “kənddə mənim qonağımsınız və mənimlə gedin, nə lazımdırsa evinizə götürün, aldığınız ərzaq məhsullarının pulunu mən verəcəyəm”. İlk əvvəl onlar razılaşmaq istəməsələr də, o, onlara pulları olduğu halda borclarını qaytarmalarını bildirmişdir. Bundan sonra onlar qardaşına məxsus **-XO-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil ilə Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo” supermarketə getmişdir. Onlar həmin marketə daxil olan zaman onunla gələn qardaşına, Elçinə və Yusifə söyləmişdir ki, bayramla əlaqəli evlərinə nə lazımdırsa alıb ona versinlər və o, onların aldıqları ərzaq məhsullarının pullarını ödəyəcəkdir. Bundan sonra o, marketdən özünə məxsus ərzaq məhsullarını götürməyə başlamışdır. Hər dəfəsində o, ərzaq məhsullarını götürdükdən sonra kassaya yaxınlaşmadan qapıdan çıxaraq əlində olan sellofan torbaya yığdığı ərzaq məhsullarını aparıb qardaşına məxsus “Niva” markalı avtmobilə yükləyib geri qayıtmışdır. Eyni zamanda o, “Bravo” supermarketdə ərzaq məhsullarını götürən zaman qardaşının, Elçinin və Yusifin də əlində olan bəzi ərzaq məhsullarını alıb pulunu özü ödəyəcəyini onlara bildirmiş və heç kimə hər hansısa bir söz söyləmədən ümumilikdə 4 dəfəyə o, həmin ərzaq məhsullarını gizlin şəkildə kassaya hər hansısa bir ödəniş etmədən marketin qapısından çıxaraq aparıb avtomobilin baqaj hissəsinə yükləmişdir. O, xx.xx.2024-cü il tarixdə ümumilikdə “Bravo” supermarketdən 03 ədəd 300 qramlıq paçkada püstə, iki ədəd “Ajazira” xurması, dörd ədəd “Activia natural” yoqurt, üç kiloqram portağal, iki kiloqram banan, iki ədəd “Blendamed” diş pastası, iki ədəd “SUN” salfetkası, bir ədəd “Arko” kremi, iki ədəd “Rexona”, 4 ədəd “Gillette Blue 3 plus”, iki ədəd dondurulmuş siyəsən broyler toyuq əti, bir ədəd 1,820 kq-lıq Şahənşah düyüsü, üç ədəd hər biri bir kiloqramlıq olan “Anchor” kərə yağı oğurlamış, başqa heç nə oğurlamamışdır. Bu oğurladıqları arasında Elçin və Yusif adlı şəxslərdən də götürdüyü ərzaq məhsulları da olmuşdur. Ümumi olaraq götürdüyü ərzaq məhsulları onlar olmuşdur. Başqa hər hansısa bir ərzaq məhsulu oğurlamamışdır. Elçin, Yusif və qardaşı isə başqa özləri üçün nələr götürüblərsə onların pulunu vermişdirlər. O, həmin məhsulları oğurlamağı barədə qardaşına, Elçinə və Yusifə hər hansısa bir söz söyləməmişdir. O, özü usta kimi fəaliyyət göstərir və uşaqlarınıda oxutdurur. Hər zaman kənddə bildirmişdir ki uşaqları ali təhsilli olacaqdır. Heç vaxt kənddə onun maddi vəziyyətinin zəif olmasından kimlərinsə məlumatı olmamışdır. Bayram vaxtı olduğundan, yəni qarşıdan novruz bayramı gəlib çatdığından, o istəmişdir ki, novruz bayramında da onun evində hər zaman olduğu kimi bolluq olsun. Bu səbəbdən də o, oğurluq etmək qərarına gəlmişdir. Elçin, Yusif və Saleh adlı şəxslərin maddi vəziyyəti yaxşı olmadığı üçün və eyni zamanda o, oğurluq etdiyi üçün o, özlüyündə onlar üçün də oğurluq etmək qərarına gəlmişdir. Lakin bundan onların heç bir məlumatı olmamışdır. Sadəcə olaraq onlar zənn etmişdir ki, o, aldığı məhsulların pulunu ödəyir. Çünki o, onlara bildirirmişdir ki, pulu ödəmişdir. Son olaraq təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək sonuncuya vurmuş olduğu ziyanı tam olaraq ödəməsini qeyd edib, məhkəmədən ona təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, o, “Bravo” super marketdə müdir müavini işləyir. Eyni zamanda Şahid1 da “Bravo” supermarketdə növbə rəisi vəzifəsində işləyir. Əsasən Şahid1 vəzifəsi Göyçay və Şamaxı rayonlarında yerləşən “Bravo” Supermarketlərə nəzarət etməkdir. xx.xx.2024-cü il tarixdə Şahid1 Şamaxı rayonunda yerləşən “Bravo Supermarket”də bütün ərzaq mallarına ümumi nəzarət edib əsasən bahalı mallara baxış keçirtmiş və bundan sonra Bakı şəhərinə getmişdir. Bir neçə gün Bakı şəhərində qaldıqdan sonra yenidən o, Şamaxı rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə o, Şamaxı rayonunda yerləşən “Bravo Supermarket”də ərzaq və digər mallara baxış keçirən zaman əsasən bahalı malların çox hissəsinin olmadığını görmüş, ilk əvvəl o, bundan şübhələnmişdir. Çünki əsasən vətəndaşlar bahalı malların alışına bu qədər az bir müddətdə üstünlük vermir. Bundan sonra onlar birlikdə marketdə olan müşahidə kameralarına xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətə ətraflı baxış keçirtmiş, baxış zamanı xx.xx.2024-cü il tarixdə 4 nəfər şəxsin saat 16:26-da Bravo marketdən ərzaq məhsullarını götürüb gizlin şəkildə qapıdan çıxmasının şahidi olmuşlar. Həmçinin həmin şəxslər marketdən çıxdıqdan sonra yenidən həmin gün saat 16:36-da və 16:41-də yenidən marketə daxil olub ərzaq məhsullarını oğurlamış, ümumilikdə həmin şəxslər xx.xx.2024-cü il tarixdə üç dəfə marketə daxil olaraq oğurluq etmişdirlər. Bundan sonra onlar dəqiqliklə bütün videolara və oğurlanmış ərzaq məhsullarına baxış keçirdən zaman bir ədədinin dəyəri 3.30 manat olan 18 ədəd Redbul enejetik içkisi, bir ədədinin dəyəri 72.40 manat olan 6 ədəd “ORAL B” elektron dış fırçası, bir ədədinin dəyəri 20 manat olan 3 ədəd rafaello şokolatı, müxtəlif qiymətlərdə olan lokumlar, şirniyyatlar, müxtəlif çəkilərdə soğan, kartof və banan, 1 kiloqramı 10 manat olan şirniyyatlar, bir ədədinin dəyəri 10 manat olan ümumilikdə 3 ədəd bərkidilmiş Golden Crown yağları, bir ədədinin dəyəri 10 manat olan blendamed diş pastası, şəkər tozu, müxtəlif qiymətlərə olan sosiskalar, kolbasalar, 14 manat dəyərində 3 ədəd sultan düyüsü, 9 manat dəyərində hər biri 2 letrlik 3 ədəd sun palermo duru yağları, 3 ədəd hər birinin dəyəri 6 manat olan rivera şokolatları, 10 manat dəyərində 2 ədəd milenium qozlu südlü şokolatları, müxtəlif qiymətlərə olan sadə dış fırçaları və digər ərzaq məhsullarının oğurlandığını müəyyən etmişdirlər. Müşahidə kamerasından görünmüşdür ki, həmin şəxslər marketdə ərzaq məhsullarını yığdıqdan sonra həmin şəxslərdən 3 nəfəri bir-iki ədəd ərzaq məhsulu ilə bağlı kassada ödəniş edən zaman digər bir nəfər isə gizlin şəkildə qapıdan çıxaraq gedir. Bundan sonra həmin marketdən əlavə oğurluq olub-olmamasını müəyyən etmək məqsədi ilə onlar ətraflı olaraq müşahidə kameralarına baxış keçirdən zaman xx.xx.2024-cü il tarixdə 4 nəfər şəxsin yenidən “Bravo” supermarketə daxil olduğunu görmüş, həmin şəxslər xx.xx.2024-cü il tarixdə oğurluq etmiş şəxslər olmuşdur. Onlar Şahid1 ilə birlikdə həmin görüntülərə baxış keçirən zaman əvvəlki qaydada əsasən 3 nəfər şəxsin marketdə gəzərək bir-iki ədəd ərzaq məhsulları götürdüyünü və kassaya yaxınlaşaraq ödəniş etdiyini, digər bir nəfər şəxsin, yəni qara kurtkalı, qara şalvarlı ağ saçlı şəxsin isə marketdən müxtəlif növ ərzaq məhsullarını götürərək hər dəfəsində kassada hər hansısa bir ödəniş etmədən ümumilikdə 4 dəfəyə marketdən oğurluq edərək, yəni kassaya yaxınlaşmadan hər dəfəsində gizlin şəkildə marketin qapısından çıxaraq gedib marketdən götürdüyü ərzaq məhsullarını avtomobilinə yükləmiş və geri qayıtmışdır. Onlar ətraflı olaraq baxış keçirən zaman həmin şəxsin marketdən ümumi olaraq bir ədəd dəyəri 4.83 manat olan bir paçka qovrulmuş fındıq, üç ədəd 300 qramlıq paçkada dəyəri 15.05 manat olan püstə, iki ədəd dəyəri 6.59 manat olan “Ajazira” xurması, dörd ədəd dəyəri 5.49 manat olan “Activia natural yogurt”, bir kiloqramı 1.99 manat olan üç kiloqram apelsilin, bir kiloqramı 3.29 manat olan iki kiloqram banan, bir ədəd dəyəri 6.50 manat olan “TESS Sunrise” qara çay, iki ədəd dəyəri 72.59 manat olan “Oral B” diş fırçası, 4 ədəd hər birinin dəyəri 4.09 manat olan “ORAL B” diş fırçası, iki ədəd dəyəri 9.39 manat olan “blendamed” diş pastası, bir ədəd dəyəri 11.99 manat olan “Head shoulders” saç şampunu, bir ədəd dəyəri 1.35 manat olan “Johnsons” sabunu, 4 ədəd hər birinin dəyəri 3.99 manat olan kişi corabı, iki ədəd hər birinin dəyəri 13.99 manat olan qadın şəpikləri, iki ədəd hər birinin dəyəri 1.04 manat olan “SUN” salfetkası, bir ədəd dəyəri 5.39 manat olan “La Luna” tualet kağızı, bir ədəd dəyəri 4.85 manat olan “Belta” bədən kremi, iki ədəd dəyəri 7.29 manat olan “Arko” kremi, bir ədəd dəyəri 3.91 manat olan “Rexona”, dörd ədəd dəyəri 7.19 manat olan “Gillette Blue 3 plus”, iki ədəd dəyəri 6.89 manat olan dondurulmuş siyəsən broyler toyuq əti, bir ədəd dəyəri 9.29 manat olan 1.820 kq-lıq Şahənşah düyüsü, bir paçka dəyəri 25.99 manat olan “Meduza” krevetkası, bir paçka dəyəri 20.39 manat olan “X3”, bir kiloqramlıq dəyəri 19.95 manat olan 03 ədəd “Anchor” kərə yağı, 4 ədəd hər birinin dəyəri hərbirinin dəyəri 3.10 manat olan “redd bull” enejetik içkisinin həmin şəxs tərəfindən oğurlandığını müəyyən etmişdirlər. Onlar video görüntülərə baxış keçirdən zaman qara kurtka qara şalvar geyinmiş ağ saçlı olan şəxslə gəlmiş digər üç nəfər şəxsin sadəcə olaraq marketdə gəzdiyini, bəzi iki-üç ərzaq məhsulları götürdüyünü və həmin ərzaq məhsullarının kassada ödənişini etdirdiyinin şahidi olmuşdur. O, hesab edir ki, həmin şəxslər də oğurluq etmiş şəxslə birlikdə əlbirdirlər. Çünki müşahidə kamerasından görünür ki, həmin şəxslərdən bəziləri ara bir ərzaq məhsulu götürməkdə ona köməklik göstərir və ərzaq məhsulunu qara paltarda olan şəxsə verir. Daha sonra isə həmin digər 3 nəfər şəxs isə marketdə gəzərək ərzaq məhsullarına baxış keçirdirlər. Son olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqsirləndirilən şəxslə barışdıqlarını, MMC-yə dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələblərinin olmadığını bildirib, bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid2 qardaşı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, o, özü heyvandarlıqla məşğuldur. Özünə məxsus 4 ədəd iri buynuzlu heyvanı vardır və həmin heyvanların südünü sataraq maddi ehtiyaclarını ödəyir. Təqsirləndirilən şəxs onun qardaşı, Elçin və Yusif adlı şəxslərdə İsmayıllı rayon sakinləridir. Hər iki şəxs qohumdurlar və Elçin adlı şəxsin həyat yoldaşı onların kəndində müəllimə işləyir. xx.xx.2024-cü il tarixdə o, qardaşı Təqsirləndirilən şəxs, İsmayıllı rayon sakinləri Elçin və Yusif adlı şəxslər onun yaşadığı kənddə yerləşən bulağın yanında söhbət etmişdirlər. Onların maddi vəziyyəti aşağı səviyyədə olduğundan qardaşı Təqsirləndirilən şəxs söyləmişdir ki, gedib Şamaxı rayonunda yerləşən “Bravo” marketdən ehtiyacı olan ərzaq mallarını alsınlar. O, ilk əvvəl razı olmasada sonra razılaşmışdır. Çünki o, bayramla əlaqədar müəyyən ərzaq məhsullarını almışdır. Lakin qardaşı, Elçin və Yusif adlı şəxslər ərzaq məhsulları almaq üçün bayramla əlaqədar “Bravo” supermarketə getmək istəmişdirlər. Bayram vaxtı hər zaman “Bravo” supermarketdə endirimlər olur. Bundan sonra onlar onun idarə etdiyi Niva markalı **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təxminən saat 16 radələrində Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo” marketə gəlmişlər. Onlar marketə daxil olduqdan sonra hər biri özü üçün lazım olan ərzaq məhsullarını götürməyə başlamışdır. O, da özü üçün evinə lazım olan salfetka, çörək və bir-iki ərzaq məhsulu götürüb marketdə bir qədər gəzmişdir ki, qiymətlərlə maraqlansın. Onunla birlikdə gələn qardaşı Firudin, Elçin və Yusifdə onun bildiyi qədəri ilə evləri üçün ərzaq məhsulları almışdır. Bundan sonra o, bir qədər marketdə gəzdikdən sonra onunla gələn Firudin, Elçin və Yusif adlı şəxslər ərzaq məhsullarını almış və ona xəbər etmişdirlər ki, bütün lazım olan ərzaq məhsullarını alıb qutarıblar. Daha sonra o, kassaya yaxınlaşmış və aldığı məhsulların ödənişlərini edib avtomobilinə gəlmişdir. Bundan sonra isə hər kəs avtomobilə əyləşmiş və o, avtomobili idarə edərək oradan kənarlaşmış və yol kənarında olan telefon maqazinin qarşısında avtomobili saxlayaraq avtomobildən enib telefonunu düzəltdirmiş, daha sonra isə avtomobilə əyləşərək avtomobilini edirə edib kəndə getmişdir. Kəndə çatan zaman hər kəs avtomobildən enmiş və kimlər “Bravo” supermarketdən nələr almışdılarsa hər biri öz aldığını götürmüşdür. Onun qardaşı usta işləyir və özü öz ailəsini dolandırır. O, evi üçün ərzaq məhsulları alacağını bildirmiş və bu səbəbdəndə “Bravo” supermarketdə olan zaman həmin marketi gəzərək ərzaq məhsulları almışdır. Yəni o, onlara hər hansısa bir oğurluq edəcəyi ilə bağlı əvvəlcədən hər hansısa bir söz söyləməmişdir. Çünki onların həmin marketə gedməkdə məqsədidə oğurluq etmək olmamışdır. Marketdə olan zaman o, nələrisə götürməkdə market daxilində qardaşına köməklik göstərmişdir. Lakin onun aldığı ərzaq məhsullarını kassada ödəniş etmədən avtomobilə aparıb yükləməsindən məlumatı olmamışdır. Onlar marketə gedən zaman qardaşı Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, “əgər özünüzə nəsə lazımdısa və pulunuz çatmazsa həmin ərzaq məhsullarını alın və mənə verin, mən öz aldığım ərzaq məhsulları ilə birlikdə sizin aldığınız ərzaq məhsullarınında ödənişini edəcəyəm.” xx.xx.2024-cü il tarixdə o, yaşadığı kənddə qardaşı Firudin, İsmayıllı rayon sakinləri Elçin və Yusif adlı şəxslər ilə söhbət edən zaman qardaşı Firdun bazarlıq etmək məqsədi ilə Şamaxı şəhərinə getmək istədiyini və onlarında onunla getməyini söyləmişdir. O, həmin vaxtı ona söyləmişdir ki, “üç gün əvvəl bazarlıq etmisən, yenə nə almaq istəyisənki gedirsən”. O, evi üçün müəyyən ərzaq məhsulları alacağını bildirmişdir. İlk əvvəl onlar tərəddüd etsələrdə daha sonra qardaşı ondan xahiş etmişdir onu aparıb gətirsin. O, da onunla razılaşmış və bundan sonra qardaşı, Elçin və Yusif adlı şəxslərədə söyləmişdir ki kənddə qonaqdırlar və onunla gedsinlər nə lazımdırsa bayramla əlaqədar evlərinə ərzaq alsınlar. Həmin şəxslərin getmək istəmədiyini hiss etdiyi üçün onlara söyləmişdir ki kənddə onun qonağıdırlar və onunla gedib nə lazımdırsa evlərinə götürsünlər aldıqları ərzaq məhsullarının pulunu o verəcəkdir. İlk əvvəl onlar razılaşmaq istəməsələrdə qardaşı Firudin adlı şəxs onlara pulları olduqları təqdirdə borclarını qaytarmalarını bildirmişdir. Bundan sonra həmin şəxslər ona məxsus **-XO-*** dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobil ilə Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo” supermarketə getmişdirlər. Onlar marketə daxil olan zaman o, marketdə bir qədər gəzərək ərzaq məhsullarına baxış keçirmiş və hansı ərzaq məhsullarının endirimdə olub-olmamasını öyrənmək istəmişdir. Həmin vaxtı onunla birlikdə gələn qardaşı, Elçin və Yusif adlı şəxslərdə özləri üçün ərzaq məhsulları götürməyə başlamışdır. Əsasən qardaşı Firudin ərzaq məhsulları almış və lazım gəldikdə yəni əlində torbalar çox olduqda ondan xahiş etmişdir ki, hansısa istədiyi ərzaq məhsulunu götürüb ona versin. O, da onun xahişi ilə onun istədiyi ərzaq məhsulunu götürüb Firudinə vermişdir. Onlar marketdə özlərinə lazım olan ərzaq məhsullarını alıb ödənişini etdikdən sonra avtomobilə əyləşərək yaşadıqları kəndə qayıtmış və kimlər nələr almışdırlarsa hər kəs öz aldığı ərzaq məhsullarını götürmüşdürlər. Qardaşı Firudin xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə “Bravo” supermarketdən oğurluq etməsi ilə bağlı onlara əvvəlcədən hər hansısa bir məlumat verməmişdir. Çünki Firudin, ümumiyyətlə heç vaxt oğurluq etməmişdir. Yaşadığı kənddə hər kəs onu hörmətli şəxs kimi tanımışdır. Firudin usta kimi işləyir. Çox vaxt maddi vəziyyəti yaxşı olur. Onlar hesab etmişdir ki, bayram öncəsi olduğu üçün Firudin onlara yaxşılıq etmək niyyəti ilə onlara ərzaq məhsulu almaq istəmişdir ki, hər birinin evində bolluq olsun. Firudin heç vaxt oğurluq etmədiyi üçün onlar heç vaxt onun oğurluq edəcəyindən şübhələnməmişdir. “Bravo” supermarketdə olan zaman qardaşı Firudinin kassaya yaxınlaşmadan marketin qapısından gizlin formada çıxmasından onun məlumatı olmamışdır. Çünki o, həmin vaxtı marketdə gəzərək ərzaq məhsullarına və qiymətlərinə baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, o, özü uzun müddətdir ki taksi sürücüsü kimi fəaliyyət göstərir. Onun həyat yoldaşı Ağsu rayonu Kalva kənd orta məktəbində müəllimə işlədiyi üçün o, həmin kənddə kirayə yaşayır. O, kənddə bir dəfəsində bulaqdan su dolduran zaman həmin kənd sakinləri Saleh və Firudin adlı şəxslərlə tanış olmuş və onlarla münasibət yaratmışdır. O, həmin şəxslərlə münasibət qurduqdan sonra bir neçə dəfə onlar oturub yemək yemişdirlər. Mart ayının əvvəllərində o, Ağsu rayonu Kalva kəndində başqa ev kirayə tutmuş və həmin evdə bir qədər təmir işləri aparmışdır. Bu səbəbdəndə dayısı oğlu Şahid4 köməyə çağırmışdır və o, bu səbəbdəndə kəndə gəlib ona köməklik göstərərək onunla birlikdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə o, Firudin, Saleh və dayısı oğlu Kalva kəndində yerləşən bulağın yanında söhbət etmişdirlər. Həmin vaxtı zənn edir ki Firdun adlı şəxs söyləmişdir ki, gedib Şamaxı rayonunda “Bravo” marketdən bazarlıq etsinlər. Lakin onlar maddi vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Firudin isə onlara söyləmişdir ki, “onun pulu vardır və gedək bravo marketdən bayramla əlaqədar bazarlıq edək bütün pulunu o verəcəkdir.” O və dayısı oğlu buna razı olmasalarda sonradan bayramla əlaqədar razılaşmışlar və onlar həmin şəxslərə məxsus niva markalı avtomobil ilə Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo” marketə getmişdirlər. Marketdə olan zaman Firudin onlara söyləmişdir ki, “evə nə lazımdırsa alaq və ona verək o, kassada pulunu ödəyib aparıb avtomobilə yükləyəcəkdir.” Bu səbəbdəndə onlar evə lazım olan bəzi ərzaq məhsullarını götürüb ona vermişdirlər ki, kassada ödənişin etsin. Həmçinin o, bəzi ərzaq məhsullarının isə ödənişini özü edib utandığı üçün həmin ərzaq məhsullarını ona verməmişdir. Daha sonra onlar marketdən çıxmış və kəndə qayıtdıqdan sonra o və dayısı oğlu aldıqları ərzaq məhsullarını avtomobildən götürmüş və evə getmişdirlər. Təxminən 2-3 gün sonra həmin şəxslər yəni Saleh və Firudin adlı şəxs onlara söyləmişdir ki, ərzaq məhsulu almaq üçün Şamaxı şəhərinə gedirlər və əgər getmək istəyirlərsə onlarla gedməklərini söyləmişlər. O, da ev üçün bəzi alınmalı ərzaq məhsulları lazım olduğunu bilib bu səbəbdəndə dayısı oğlu ilə birlikdə onlara məxsus niva markalı avtomobil ilə yenidən Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo” supermarketə getmişdir. Yenədə əvvəlki qaydada Firudin, onlara bildirmişdir ki, “nə istəyiriksə alaq verək ona pulunu o, ödəyəcəkdir.” O, nə üçün onun pulu ödəməsini soruşduqda Firudin, ona bildirmişdir ki, kəndlərində onlar qonaqdırlar, birdən onların pulu olmaz deyə onlara köməklik etmək istəyir. Eyni zamanda ona söyləmişdir ki, işləyib pul qazanıb və gələcəydə pulu olduğu təqdirdə onun borcunu qaytarar. O, da onunla razılaşmış və marketdən bəzi alınası ərzaq məhsullarını götürüb ona vermişdir ki, pulunu ödəsin, həmçinin o, özüdə bəzi məhsulları götürüb pulunu özü ödəmişdir. Bundan sonra onlar kəndə qayıtmışdır və o, aldığı ərzaq məhsullarını götürüb evə getmişdir. Daha sonradan eşitmişdir ki, həmin şəxs marketdən aldığı ərzaq məhsullarının pulunu ödəməmişdir və onları oğurlamışdır. O, həmin vaxtı marketdən nələr aldığını xatırlamır. O, marketdən xx.xx.2024-cü il tarixdə təxminən 40-50 manatlıq ərzaq məhsulu almışdır. Eyni zamanda Firudin ona özü ödəyəcəyini bildirsə də, o, onun ödəməsini istəmədiyi üçün ilk əvvəl aldığı məhsulları ona vermək istəməsə də, o, gəlib onun və dayısı oğlunun əlindən aldıqları ərzaq məhsullarını alıb pulunu verəcəyini söyləmişdir. Yəni onun, dayısı oğlunun zənn edir ki, onun qardaşınında oğurluq edilməsindən heç bir məlumatı olmamışdır. Çünki onlar həmin marketə oğurluq məqsədi ilə gedməmişdirlər. Firudin adlı şəxs heyvandarlıqla məşğul olur. Onlar kənddə onu normal imkanı olan şəxs kimi tanımış və oğurluq etməsindən şübhələnməmişdirlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadə verib göstərdi ki, o, özü yaşadığı İsmayıllı rayonunda usta kimi fəaliyyət göstərir. Şahid3 onun bibisi oğludur. Həmin şəxs Ağsu rayonu Kalva kəndində yaşayır. Çünki onun həyat yoldaşı Ağsu rayonu Kalva kənd orta məktəbində müəllimə işlədiyi üçün o, həmin kənddə kirayə yaşayır. Saleh və Firudin adlı şəxsləri o, əvvəllər tanımamış və həmin şəxslərlə onun münasibəti olmamışdır. Bibisi oğlu Şahid3 kənddə yeni kirayə ev götürdüyündən həmin evdə təmir işləri aparmaq lazım olduğundan o, 2024-cü ilin fevral ayının sonlarında Ağsu rayonu Kalva kəndinə gələrək həmin evin təmir edilməsində Şahid3 köməklik göstərmiş və bu səbəbdən də o, həmin kənddə onunla birlikdə qalmağa başlamışdır. O, orada təmir işləri aparan zaman bir iki dəfə Saleh və Firudin adlı şəxsləri görmüşdür. Lakin həmin şəxslərlə mütəmadi olaraq münasibət qurmamışdır. xx.xx.2024-cü il tarixdə onlar Kalva kəndində yerləşən bulağın yanında söhbət etmişdir. Həmin vaxt Firudin adlı şəxs söyləmişdir ki, “gedib Şamaxı rayonunda Bravo” marketdən bazarlıq edək”. Lakin Elçinin maddi vəziyyəti yaxşı olmadığından o, gedmək istəməmişdir. Həmin vaxtı Firudin ona söyləmişdir ki, “onun pulu vardır və gedək “Bravo” marketdən bayramla əlaqədar bazarlıq edək bütün pulunu o verəcəkdir”. Elçin ilk əvvəl razı olmasada daha sonra ona söyləmişdir ki, alacağı ərzaq məhsullarının pulunu sonradan ona verəcəkdir. Bu səbəbdəndə onlar razılaşdığı üçün Elçin ona söyləmişdir ki, onlarla birlikdə “Bravo” supermarketə getsin və özünədə nəsə lazımdırsa alsın. Bundan sonra onlar həmin şəxslərə məxsus niva markalı avtomobil ilə Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo” marketə getmişdirlər. Marketdə olan zaman Firudin onlara söyləmişdir ki, evə nə lazımdısa alsınlar və ona versinlər o, kassada pulunu ödəyib aparıb avtomobilə yükləyəcəkdir. Bu səbəbdəndə onlar evə lazım olan bəzi ərzaq məhsullarını götürüb ona vermişdirlər ki, kassada ödənişin etsin. Həmçinin o, özünə lazım olan siqaret, su və digər gündəlik istifadə üçün lazım olan ərzaq məhsullarını alıb kassada ödənişini etmişdir. Lakin əsasən Firudin adlı şəxs çoxlu sayda ərzaq məhsulları götürmüş və ara bir onlarada söyləmişdir ki, ona köməklik etsinlər. Onlarda bu səbəbdən ona müvafiq köməklik göstərmişlər. Daha sonra onlar marketdən çıxmış və kəndə qayıtdıqdan sonra o və Elçin, aldıqları ərzaq məhsullarını avtomobildən götürmüş və evə getmişdirlər. Təxminən 2-3 gün sonra həmin şəxslər yəni Saleh və Firudin adlı şəxslər onlara söyləmişdirlər ki, ərzaq məhsulu almaq üçün Şamaxı şəhərinə gedirlər və əgər getmək istəyirlərsə onlarla getsinlər. Elçində ev üçün bəzi alınmalı ərzaq məhsulları lazım olduğunu bilib bu səbəbdəndə onunla birlikdə onlara məxsus niva markalı avtomobil ilə yenidən Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo” supermarketə getmişdir. Yenədə əvvəlki qaydada Firudin adlı şəxs, onlara bildirmişdir ki, nə istəyirlərsə alıb ona versinlər o, da pulunu ödəyəcəkdir. Həmin vaxtı Elçin nə üçün onun pulu ödəməsini soruşduqda o, Elçinə bildirmişdir ki, kəndlərində onlar qonaqdırlar, birdən onun pulu olmaz deyə onlara köməklik etmək istəyir. Lakin o, onunla razılaşmamış və onlar marketə daxil olduqdan sonra bir qədər marketdə gəzmiş və özünə lazım olan bəzi siqaret və gündəlik ehtiyacı olan əşyaları almış və pulunu kassada ödəmişdir. Həmin vaxtı Elçində ev üçün lazım olan ərzaq məhsullarını almışdır. Bundan sonra onlar kəndə qayıtmış və Elçin aldığı ərzaq məhsullarını götürüb evə getmişdirlər. Daha sonradan eşitmişdir ki, həmin şəxs marketdən aldığı ərzaq məhsullarının pulunu ödəməmiş və həmin ərzaq məhsullarını oğurlamışdır. O, həmin vaxt marketdən siqaret və su, həmçinin zənn edir ki çörək və bir iki xırdavat məhsulları almışdır. Elçinin isə dəqiq olaraq nələr aldığını xatırlamır. Onların ümumilikdə aldığı məhsulların 40-50 manat dəyəri olar. Eyni zamanda onların məlumatı olmamışdır ki, Firudin marketdən oğurluq etmək istəmişdir. Çünki o, həmin şəxsi normal şəxs kimi tanımış və onlar bir yerdə olan zamanda o, heç vaxt oğurluq edəcəyi ilə bağlı onlara hər hansısa bir fikir söyləməmişdir. Həmçinin o və qohumu Elçin adlı şəxs heç vaxt hər hansısa bir oğurluq etməmiş və nə vaxtsa belə bir niyyətləri də olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “”Bravo” supermarketdə olan müşahidə kameralarından götürülmüş video görüntülərə baxış keçirilməsi haqqında” 15 mart 2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə hadisə yerinə, yəni Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo supermarket” adlı mağazaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin marketdən xx.xx.2024-cü il tarixdə müxtəlif növ ərzaq məhsulları oğurlanmışdır. Hadisə yerində olan müşahidə kameralarından video görüntülər götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokol tərtib edilmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə “Bravo” supermarketdən oğurluq hadisəsi baş verərkən həmin marketdə olan müşahidə kameralarından götürülmüş görüntülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində, qırmızı gödəkcə, qara şalvar geyinmiş təxminən 40-45 yaşlarında ağ saçlı şəxs (Təqsirləndirilən şəxs), qırmızı gödəkcə, göy cins şalvar geyinmiş təxminən 35-40 yaşlarında qara saçlı şəxs (Şahid4), qara rəngli gödəkcə, qara rəngli şalvar geyinmiş başında papaq olan (Şahid3) təxminən 35-40 yaşlarında şəxs və qara rəngli gödəkcə qara rəngli şalvar geyinmiş keçirmə papaq taxmış (Şahid2) təxminən 35-40 yaşlarında şəxs “Bravo” supermarketə daxil olur. Həmin şəxslərdən qırmızı rəngli gödəkcə, qara rəngli şalvar geyinmiş şəxsin, yəni Təqsirləndirilən şəxs oğurluq etməsi, ərzaq məhsullarını sellofan torbalara yığaraq götürdükdən sonra kassada hər hansısa bir ödəniş etmədən marketdən çıxması, daha sonra isə yenidən marketə daxil olaraq ərzaq məhsullarını yenidən sellofan torbalara yığaraq götürüb kassaya hər hansısa bir ödəniş etmədən marketdən çıxması müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə saat 21:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MYS-dən azad edilməsi haqqında” 17 mart 2024-cü il tarxli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “”Bravo” supermarketdə olan müşahidə kameralarından götürülmüş video görüntülərə baxış keçirilməsi haqqında” 17 aprel 2024-cü il tarixli baxış protokolundan görünür ki, həmin tarixdə hadisə yerinə, yəni Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Bravo supermarket” adlı mağazaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin marketdən xx.xx.2024-cü il tarixdə müxtəlif növ ərzaq məhsulları oğurlanmışdır. Hadisə yerində olan müşahidə kameralarından video görüntülər götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokol tərtib edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixdə “Bravo” supermarketdən oğurluq hadisəsi baş verərkən həmin marketdə olan müşahidə kameralarından götürülmüş görüntülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17 radələrində, qara gödəkcə, qara şalvar geyinmiş təxminən 40-45 yaşlarında ağ saçlı şəxs (Təqsirləndirilən şəxs), qırmızı gödəkcə, göy cins şalvar geyinmiş təxminən 35-40 yaşlarında şəxs (Şahid4), qara gödəkcə, tünd göy şalvar geyinmiş başında papaq təxminən 35-40 yaşlarında olan şəxs (Şahid3) və qara gödəkcə, qara şalvar geyinmiş keçirmə papaq taxmış təxminən 35-40 yaşlarında olan şəxs (Şahid2) “Bravo” supermarketə daxil olur. Həmin şəxslərdən qara gödəkcə, qara şalvar geyinmiş şəxsin, yəni Təqsirləndirilən şəxs oğurluq etməsi, ərzaq məhsullarını sellofan torbalara yığaraq götürdükdən sonra kassada hər hansısa bir ödəniş etmədən marketdən çıxması, daha sonra isə yenidən marketə daxil olaraq ərzaq məhsullarını sellofan torbalara yığaraq götürüb kassaya hər hansısa bir ödəniş etmədən həmin gün ümumilikdə 4 dəfə marketdən oğurluq edərək çıxması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 10 may 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Cinayət əməlinin tövsif edilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə tövsif olunmuş, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin ibtidai istintaqı həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə davam etdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 may 2024-cü il tarixli, 9/2836 saylı ekspert rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 22 adda malların yeni vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 316,91 manat müəyyən edilir. Digər 03 adda mallar haqqında ətraflı məlumat (həcmi, modeli və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrı adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyun 2024-cü il tarixli, 9/3101 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və CD diskdə göstərilən malların orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 279,44 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ağsu RİHB-nın Kalva inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 iyun 2024-cü il tarixli 5-34-19/2-3-190/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov küçəsi 19/10-da qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, Ağsu rayonu, Xətman kəndində yaşayır. Həmin nümayəndəlik tərəfindən tərtib olunmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət yönümdə xarakterizə olunur. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 17 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 17 mart 2024-cü il tarixdə seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadələri və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin təkrarən özgənin əmlakını gizli olaraq talaması, yəni oğurlaması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yügülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırıması cəzası təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldıqları iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarıının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Ağsu rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar