Məhkəmə qərarları › İş №1(074)-66/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-66/2021

27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-66/2021 27.05.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştirakı ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına X1 (ŞAR) direktoru X9 arasında 2018-ci ilin iyunavqust aylarında mübahisə yaranmışdır. Bu səbəbdən N.S.Cəlilov özünün şərəf və ləyaqətinə və Rəsədxananın işgüzar nüfuzuna görə, o cümlədən xəstələnməyinə, vəkilə və dövlət rüsumuna ödədiyi xərclərin hamısına görə 01 avqust 2018-ci il tarixdə Şamaxı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib ondan ümumilikdə 80530 (səksən min beş yüz otuz) manat pul tələb etmişdir. N.Cəlilov həmin iddia ərizəsində bildirib ki, o, ‘'Hurriyyet.org” saytına həm onun barədə, həm də direktoru olduğu X3 guya çoxsaylı şərböhtanlar atmışdır. 23 iyul 2018-ci il tarixdə “Bizimyol.info” saytına (saytdan mətnin elektron çıxarışı ərizəyə əlavə olunur) müsahibə verən Namiq Cəlilov bildirib ki, guya o, rəsədxanada film çəkmiş, guya o, rəsədxanada qruplaşma yaratmış, guya o, rəsədxanada daima intriqalar yaratmaqdan çəkinməmişdir. N.Cəlilov onun çəkdiyi filmi göstərsin. Rəsədxanada yaratmış olduğu qruplaşmanın adını və üzvlərini söyləsin. Kiminləsə intriqa apardığını sübut etsin. Report.az saytına 23 iyul 2018-ci il tarixdə müsahibə verən Namiq Cəlilov bildirib ki, o, işdən çıxarıldığına görə guya yalan informasiya yaymaqla məşğuldur. Demokratik.az saytına 30 iyul 2018-ci il tarixdə müsahibə verən Namiq Cəlilov onu rəsədxanada yaranmış qruplaşmanın sözçüsü elan etmiş, X6 haqqında onun adı ilə tərbiyyəsiz fikirləri dəfələrlə təkrar etmişdir. Onun eyni müsahibələri çoxlu sayda digər saytlarda, sosial şəbəkələrdə yayımlanmışdır. Namiq Cəlilovun ondan yüksək məbləğdə pul qoparmaq tələbi ilə məhkəməyə əsassız iddia tələbi Şamaxı rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuş və Namiq Cəlilovun şərəf və ləyaqətinə görə 1500 manat, onun xəstələnməyinə görə 500 manat, vəkil xərcinə görə 500 manat, dövlət rüsumuna görə 30 manat və rəsədxananın işgüzar nüfuzuna görə 1500 manat pulun ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. (İş № 2(074)-1351/2018, məruzəçi hakim Etibar Hümbətov) Apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsinin 18 fevral 2019-cu il tarixli qətnaməsi ilə haqlı şikayəti təmin edilmədi. (İş № 2(105)-1093/2019) Kassasiya şikayəti versə də iş Ali Məhkəməyə göndərilmədi. Bundan sonra, adını açıqlamaq istəmədiyi məsul şəxsin tövsiyyəsinə görə işin kassasiya icraatına göndərilməsinə inadkarlıq etməmişdir. Ərizəyə daxil etdiyi 05.01.2021-ci il tarixli, **********1/1 saylı arayışın əslindən göründüyü kimi səhhətində yaranmış ciddi xəstəliyə görə ona 3-cü qrup ömürlük əlillik dərəcəsi verilmişdir. Beləliklə, X1 direktoru X10 ondan 4030 manat pul alınmasına dair iddia tələbi üzrə qanuni qüvvəyə minmiş qətnamə icra olunması üçün Dövlət Sosial Müdafiə X14 göndərilmiş və 2020-ci ilin mart ayından etibarən 1 il 3 aydır ki, ona verilən əlillik pensiyasından hər ay 107 (yüz yeddi) manat pul tutulub Namiq Cəlilova (və digər 3 nəfərə müvafiq qaydada bölüşdürülərək) ödənilir. Hər ay əlillik pensiyasından əsassız yerə 107 manatın tutulub bu möhtəkirlərə verilməsi xüsusilə Namiq Cəlilovla arasında narazılıq yaratmışdır. 02 iyun 2020-ci il tarixdə saat 09.22-də Namiq Cəlilov özünə məxsus “Elektron ünvan 1” elektron ünvanından qardaşının “Elektron ünvan 2” e-mail ünvanına (elektron surətlərini rəsədxananın şöbə müdirləri Canməmməd Rüstəmovun, onun qardaşı Bayram Rüstəmovun və Ədalət Ətayinin və həm də onun e-mail ünvanınına göndərməklə) yazmışdır ki: “Hörmətli Cənablar, narahat olmayın, sizin pulunuz əlbətdə bizlərdən heç kimə gərək deyil. Yanoş məhkəmədə yazılı şəkildə verdiyi sözə əməl edərsə bizim hesaba dövlət tərəfindən tutulub köçürülən pulu dərhal qaytaracağıq. Əks halda həmin bulu biz Əlillər evinə rəsmi köçürərək qəbzini sizə göndərəcəyik və Əlillər evindən xahiş edəcəyik ki, bunu sizə təsdiqləsinlər. Bu pandemiya dövründə sizlərə sağlamlıq arzulayırıq”. X6 (elektron məktub ərizəyə daxil edilir) X1 direktoru Namiq Cəlilovun ona və digərlərinə rəsmi qaydada belə məktub ünvanlanması 2018-ci il tarixdə N.Cəlilovun ona böhtan atmasının səmimi etirafıdır. Doğrudan da əgər o, Namiq Cəlilova və Rəsədxanaya şər-böhtan atmış olsaydı, onların şərəf və ləyaqətlərini və işgüzar nüfuzunu aşağılamış olsaydı-belə halda Namiq Cəlilov onun əlillik pensiyası pulunun onlara gərək olmadığını, təzyiq vasitəsi kimi bir şərt daxilində pulunu geri qaytaracaqlarına hazır olduqlarını yazmazdı. Namiq Cəlilovun ona və başqalarına ünvanladığı məktub-2018-ci ildə onun N.Cəlilova yox, N.Cəlilovun ona böhtan atmış olduğunu təsdiq etmiş oldu. Əgər guya o, böhtançıydısa və buna görə qanuna müvafiq olaraq N.S.Cəlilov ondan pul tələb edirdisə, indi isə əksinə-o, rəsmi məktubla “Yanoşun pulu bizə gərək deyil, bir şərtlə Yanoşun pulunu dərhal qaytaracağıq” yazırsa, deməli o, böhtançı deyil. Belə halda böhtançı Namiq Cəlilovun özü olur. Surətini şikayətinə daxil etdiyi Namiq Cəlilovun iddia ərizəsindən göründüyü kimi o, öz şərəf və ləyaqətini, o cümlədən rəhbərlik etdiyi rəsədxananın işgüzar nüfuzunu pulla ölçüb məhkəmə mübahisəsinə çıxarmaqla ona yalnız pul lazım olduğunu bildirmişdir. Namiq Cəlilov 02 iyun 2020-ci il tarixdə ona göndərdiyi məktubda isə yazmışdır ki, onun əlillik pensiyası pulu onlara gərək deyil və qaytarmağa hazırdırlar, amma bundan ötəri hansısa şərti yerinə yetirməlidir. Aşkar görünür ki, vəzifəli qohumuna arxalanan Namiq Cəlilov çox asanlıqla məhkəməyə təmin etdirdiyi iddia tələbindən ona çirkin məqsədlə təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Pulunun onlara lazım olmadığını çoxdan bilir. Bir daha xüsusi vurğulayır ki, əgər o, X12 və rəhbərlik etdiyi rəsədxanaya böhtan atmış olsaydı, onu təhqir etmiş olsaydı, onun pulunun onlara gərək olmadığını və dərhal özünə qaytarmağa hazır olduğunu bildirməzdi. Deməli bunun əksi öz təsdiqini tapmış olur - yəni Namiq Cəlilov ona böhtan atmışdır və qeyd etdiyi kimi o, həmin böhtanları müsahibə verərək bütün sosial şəbəkələrdə yaymışdır. Bu faktın həqiqətən də ona qarşı böhtan olmasının təsdiqi Namiq Cəlilovun 02 iyun 2020-ci il tarixdə ona və başqalarına məktub yazması zamanı müəyyən edilmişdir. Həmin işə baxmış məhkəmələr də günahkardırlar. Vaxtında işin bütün faktiki halları tam araşdırılmadığına və mahiyyəti üzrə düzgün həll olunmadığına görə hazırki vəziyyət yaranmışdır. Namiq Cəlilova onun (əlillik pensiyası) pulu gərək olmadığı halda, niyə məhkəmə qətnaməsi ilə onun pensiya pulu məcburi qaydada tutulub onlara verilir? Bu əsasda ittihamla və ya iddia tələbi ilə və ya şikayətlə işə baxmış məhkəmə hakimlərinin özlərinə qarşı da tələb irəli sürəcəyi gözləniləndir. Bundan başqa, məhkəmənin qərarından asılı olaraq belə çirkin əməli ölkə rəhbərliyinin və ictimaiyyətinin diqqətinə çatdırmaq üçün kütləvi informasiya vasitələrinə yenidən müraciət etmək fikri var. Bu şikayətini AR MPM-nin tələblərinə uyğun qaydada yeni açılmış hallar üzrə də aparmaq olar. Lakin N.S.Cəlilovun belə bədnam və ona böhtan atma əməli onun üçün yeni deyil, bunun böhtan olduğu əvvəldən ona məlum idi. Odur ki, xüsusi ittiham qaydasında cinayət işi üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələbinə əsasən ŞAR-ın direktoru X13 ona qarşı böhtan atması əməlini Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən X2 23 iyul 2018-ci il tarixindən başlayaraq “bizimyol.info”, “demokratik.az”, “report.az" və digər çoxlu sayda sosial şəbəkələrə və saytlara müsahibələr verməklə törətmiş, o bu məqsədlə məhkəmə vasitəsilə ondan yüksək məbləğdə pul tələb etmiş və öz havadarları vasitəsilə ona qarşı böhtan əməlinə qismən nail olaraq 4030 (dörd min otuz) manat pulun alınıb ona verilməsini təmin etdirə bilmişdir. Bundan sonra, 02 iyun 2020-ci il tarixdə ona və başqalarına elektron məktublar göndərməklə yuxarıda sözügedən məsələdə ona qarşı həqiqətən də böhtan atmış olduğunu aşkar surətdə etiraf etmiş və onun pulunun ona lazım olmadığını qəti şəkildə bildirmişdir. Belə ki, Namiq Cəlilov ona və başqalarına göndərdiyi elektron məktubunda onun puluna ehtiyacı olmadığını bildirmiş, özünün həmin çirkin əməlindən ona qarşı təzyiq üçün istifadə etdiyini vurğulamış, əgər onun şərtinə əməl etməzsə, ondan tutdurduğu pulları əlillər evinə təhvil verməklə ona qərəzli surətdə maddi ziyan vurmaq niyyətini bəyan etmişdir. ŞAR-ın direktoru Namiq Cəlilovun qeyd etdiyi qanunsuz əməlləri onun üçün həm də mənəvi-psixoloji işgəncədir. Belə özbaşınalıq nəticəsində səhhəti daha da ağırlaşaraq 3-cü qrup əlil olmuşdur. Ona görə də uzun müddətdir ki, ona vurulmuş maddi və mənəvi ziyan ödənilməlidir. O, bu şikayətində zərər çəkmiş qismində tanınmalıdır. Namiq Cəlilovun bu iş üzrə ona vurduğu maddi ziyan 4030 (dörd min otuz) manat puldur. Ona qarşı törədilmiş bu haqsızlıq və qanunsuzluq barədə bütün günü düşünür, bunu törətmiş N.S.Cəlilovun belə hərəkəti onun səhhətinə olduqca pis təsir etmişdir və şikayətinə daxil etdiyi tibbi sənəddən göründüyü kimi nəticədə 01.11.2019-cu il tarixdən “Ürək çatışmazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi 3-cü dərəcə, qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, qan dövranı catmamazlığı 2-dərəcə” diaqnozu ilə üçüncü qrup əlil olmuş, normal yaşayış tərzi və istirahəti pozulub. O, bu səbəbdən 3 ilə yaxındır ki, mənəvi-psixoloji sarsıntı keçirir. Bundan əlavə 3 ilə yaxındır ki, astrofizika üzrə praktiki elmi fəaliyyətindən qanunsuz olaraq məhrum edilib məcburi proqula məruz qalıbdır. Ona qarşı törədilmiş belə qanunsuzluq və haqsızlıq ağır mənəvi işgəncədir və bu səbəbdən dəymiş mənəvi ziyanı minimum 50 (əlli) min manat civarında qiymətləndirir. Digər tərəfdən isə Namiq Cəlilovun əməlində cinayətin xarakteri də nəzərə alınmalıdır. Belə ki, həm məhkəməyə, həm də ayrı-ayrı Dövlət Orqanlarına rəsmi qaydada yalan məlumatlar verən (məsələn: onun ŞAR-da fasiləsiz müddətli əmək müqaviləsinin müddəti ilə bağlı), kələk gələn şəxs çox təhlükəli şəxsdir. Bu mənada əslində məhkəmənin özü belə şəxsləri ifşa etməkdə, cəzalandırmaqda maraqlı olmalıdır. Beləliklə, hesab edir ki, X1 direktoru X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci bəndlərində nəzərdə tutulmuş cinayəti törətmişdir. Çünki ona dair çoxsaylı müsahibələrində onu yalançı, fırıldaqçı, cinayətkar, böhtançı adlandırıb və bunu sosial şəbəkələr vasitəsilə yaymaqla onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu olduqca pis formada aşağılamışdır. N.S.Cəlilovun ona və başqalarına göndərdiyi sonuncu 02 iyun 2020-ci il məktubunda isə onun həmin bədnam əməlləri (onu çoxsaylı böhtanlarda ittiham etməsi) sübut olunmuşdur. Daha sonra X8 xüsusi ittiham qaydasında şikayətinə əlavə verərək göstərmişdir ki, 20 may 2021-ci il tarixli əsas şikayətinə aydınlıq gətirərək bildirir ki, X13 02 iyun 2020-ci il tarixdə ona və başqalarına yazdığı məktubda onlara Y.Məhərrəmovun pulunun gərək olmadığını və dərhal qaytarmağa hazır olduğunu bildirməklə 2018-ci ilin iyun-avqust aylarında özünün ona böhtan atmış olduğunu səmimi etiraf etmişdir. Eyni zamanda o, çirkin üsullarla təmin etdirdiyi məhkəmə qətnaməsi ilə ona qərəzli surətdə maddi ziyan vurmaqda davam etdiklərini bəyan etmişdir. Bu onun hansı əqidəyə, hansı şəxsiyyətə sahib olduğunu və bütövlükdə kimliyini göstərir. Ona və başqalarına yazmış olduğu 02 iyun 2020-ci il tarixli məktubunda bir tərəfdən ona “hörmətli” və “Cənab” yazmaqla sözə başlayır, digər tərəfdən isə onun pulunun ona ehtiyac olmamasını, onun bir şərtini yerinə yetirsə-pulunu dərhal özünə qaytaracağını, əks halda isə qəsdən ona maddi ziyan vurmaqla çirkin əməlini davam etdirəcəyini bəyan etmişdir. Şamaxı rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Namiq Cəlilov kimi əqidəyə sahib şəxslərin onun barəsində uydurduqları çoxsaylı böhtanları həqiqət kimi qəbul edib çox nahaq yerə ona qarşı bilə-bilə ədalətsiz qətnamələr çıxarmışlar. Namiq Cəlilov internet saytlarına, sosial şəbəkələrə müsahibələrində onu X2 qruplaşma yaradan və intriqa yaradan şəxs kimi, o cümlədən həmin dediyi qruplaşmanın sözçüsü kimi təqdim etmişdir. Guya o, Rəsədxananın əleyhinə hansısa film çəkmiş, yaymış və həm onun özü, həm də X6 barədə guya olduqca ağır böhtanlar və yalanlar yayıbdır. Bunların hər birini sübut etsin. Əksinə, barəsində bu deyilənlərin özü ona atılmış böhtanlardır. N.S.Cəlilov ondan çox yüksək məbləğlərdə pul tələb edirdi və məhkəmələrin qeyri-obyektivliyi və bilə-bilə ədalətsizliyi səbəbindən o, qismən öz tələbinə nail oldu. 02 iyun 2020-ci il tarixli məktubunda isə Namiq Cəlilov ona və başqalarına rəsmi qaydada yazmışdır ki, onun pulu onlara lazım deyil və bir şərtlə dərhal qaytarmağa razıdırlar, əgər şərtini yerinə yetirməzsə pulunu Əlillər evinə köçürəcəklər, yəni ona qəsdən maddi ziyan vuracaqlarını davam etdirəcəklər. Belə çirkin əmələ görə onun hazırki xüsusi ittiham qaydasında şikayəti əsasında X13 qanun qarşısında cəzalandırılmazsa, belə halda ən qısa müddətdə işə baxmış məhkəmə hakimlərinə qarşı da AR CM-nin 147-ci maddəsi ilə həm xüsusi ittiham qaydasında cinayət işinin başlanması şikayət ərizələri ilə, daha sonra mülki qaydada iddia tələbi ilə məhkəməyə müraciət edəcək və bu şikayətlərini kütləvi informasiya vasitələrində ictimailəşdirməklə sonadək davam etdirəcək. Çünki işə baxmış məhkəmə hakimləri Namiq Cəlilovun ona atdığı böhtanlara “qanuni” don geyindirməklə məşğul olmuşlar. X17 hazırki sözügedən məktubu təsdiq etdi ki, iş üzrə məhkəmə qətnamələri (qərarları) də ona qarşı böhtanlardan ibarətdir və bu böhtanlardan ibarət qətnamələrin nəticələri də internet şəbəkəsində və digər saytlarda yayılmışdır, o cümlədən qəzet materiallarında çap olunmuşdur. Namiq Cəlilovun öz e-mail ünvanından ona və başqalarına göndərmiş olduğu 02 iyun 2020-ci il tarixli məktub onun N.Cəlilova deyil, N.Cəlilovun ona böhtan atmasını həm səmimi etirafı, həm də birbaşa təsdiqidir. Beləliklə, bu aydınlaşdırıcı ərizəsində bir daha məhkəməyə bildirir ki, bu şikayət ərizəsi əsasında böhtançı X13 ciddi cəzalandırılmazsa və haqlı şikayəti tezliklə öz ədalətli həllini tapmazsa, yaxın vaxtlarda bu məsələ üzrə işə baxmış məhkəmə hakimləri təqsirləndirilən şəxs qismində qanun qarşısında cavab verməli olacaqlar. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şıkayət verilmiş şəxs X11 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, N.Cəlilov məhkəməyə gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək 27.05.2021-ci il tarixində Azərbaycan Milli X5rumlarının iştirakı ilə illik hesabat yığıncağının keçiriləcəyi və X1 direktoru kimi onun bu tədbirdə iştirakı zəruri olduğundan məhkəmədə iştirak edə bilməyəcəyinin üzürlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə X7 iştirakı olmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Böhtan” adlanan 147.1-ci maddəsində böhtan, yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayılması kimi göstərilmişdir. Həmin Məcəllənin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayət törətməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 147-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. Eyni zamanda qeyd etmək lazımdır ki, qanunverici mülki məsuliyyətə səbəb olan böhtanla cinayət məsuliyyəti yaradan böhtanı bir-birindən fərqləndirmək üçün cinayətin törədilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-nin 147-ci maddəsinə daxil etmişdir. Belə ki, göstərilən cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Məhkəmə tərəflər arasında olmuş mülki mübahisə ilə əlaqədar iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan məhkəmə həmin hissə ilə əlaqədar fiikir bildirməyi lüzumsuz hesab edərək qeyd edir ki, qətnamə qəbul edilərkən tərəflərə müvafiq olaraq şikayət vermək hüquqları izah olunmuş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş bundan sonra isə onun tərəfindən kassasiya şikayəti verilməmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş X4 hazırkı şikayətində istinad etdiyi 02.06.2020-ci il tarixli məktubda onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar və ya onu ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə əlaqədar məlumatlar olmadığından X7 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması istisna olunur. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302 və 384-385-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar