Məhkəmə qərarları › İş №1(074)-67/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-67/2022

05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-67/2022 05.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, işsiz, məhkum olunmamış, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla Şamaxı rayonu ərazisində daşımış, 29 mart 2022-ci il tarixdə saat 14:10 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində yerləşən “Qum bazarı” adlanan ərazidə saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 15:00 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirilən zaman əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,524 (sıfır tam mində beş yüz iyirmi dörd) qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, o, Şamaxı rayonu Şəhriyar qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Həbs olunduğu vaxtdan təxminən onon beş gün öncə yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində zibil qutusuna zibil atmış və geriyə qayıdarkən siqaret çəkmək istəmiş, lakin alışqanı olmadığı üçün ətrafda alışqan axtarmışdır. Həmin vaxt bir adəd kibrit qutusu tapmışdır. Həmin qutunun içərisində kibrit olacağını düşünüb qutunu götürüb açaraq içərisinə baxdıqda qutunun içərisində üç-dörd ədəd kibrit dənəsi və bir ədəd selofana bükülmüş büküm aşkar etmişdir. Bükümü açıb içərisinə baxdıqda bükümün içərisində psixotrop maddə olan metafetamin olmasını görmüş, həmin bükümü gələcəkdə istifadə etmək məqsədilə əynindəki kənarlarında göy rəngli xətt olan, tünd göy rəngli iş şalvarının sağ yan cibinə qoymuşdur. 29 mart 2022-ci il tarixdə, saat 14:10 radələrində həmin büküm üstündə olarkən Şamaxı rayonu, Şəhriyar qəsəbəsində «Qum bazarı» adlanan ərazinin yaxınlığında yaşadığı evə gedərkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını deyərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəşinə dəvət etdikdə, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə getmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki kənarlarında göy rəngli xətt olan, tünd göy şalvarın sağ yan cibindən bir ədəd selofana bükülmüş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində kristal formada şəffaf şəkildə psixotrop maddə olan metafetamin aşkar olunub götürülmüşdür. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri bir ədəd selofana bükülmüş psixotrop maddə metafetamini polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, bu psixotrop maddə olan metafetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmişdir. Başqa heç bir məqsədi olmamış, metafetamin və başqa narkotik vasitənin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş psixotrop maddəni kiməsə satmaq niyyəti olmamışdır, o, həmin maddəni özü istifadə etmək üçün saxlamışdır. Etdiyi əməldən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, 29 mart 2022-ci il tarixdə Şamaxı rayon Şəhriyar qəsəbə sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, buna görə də o, həmin vaxtı Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət olunmuş, daha sonra şöbə rəhbərliyinin müvafiq göstərişinə əsasən həmin məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Həmin gün saat 14 radələrindən başlayaraq o, polis əməkdaşı Şahid1 ilə birlikdə Şamaxı rayon Şəhriyar qəsəbəsi ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxtı, 29 mart 2022-ci il tarixdə, saat 14:10 radələrində Təqsirləndirilən şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində “qum bazarı”-nın yaxınlığında yolun kənarında şübhəli hərəkət etdiyini görüb ona yaxınlaşmışlar, əvvəlcə özlərini ona təqdim edib sonra onun üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə, psixotrop maddə olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs onlara üzərində heç bir cinayət xarakterli əşyanın, narkotik vasitə və psixotrop maddənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər, o, da onlara heç bir müqavimət göstərməyib etiraz etməmiş və onu RPŞ-nə gətirmişlər. RPŞ-də Təhqiqat Qrupunun təhqiqatçısı Bəhlul Məliklinin xidməti otağında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması elan edilmiş, daha sonra dəvət edilmiş Müdafiəçi, o, və Şahid1 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olan şüşə (metafetamin) olmasını bildirmişdir. Ona görə də Təqsirləndirilən şəxs üzərinə qeyd edilən şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki kənarlarında göy rəngli xətt olan, tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmudur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində psixotrop maddə olan metamfetaminə oxşar ağ rəngli kristallik maddə aşkar olunub götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümün içərisindəki ağ rəngli kristallik maddə şüşə adı ilə tanıdığı psixotrop maddə olan metamfetamindir, ona məxsusdur və həmin psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış davam etdirilsə də qanunla qadağan edilmiş başqa əşya aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə olan metafetaminə oxşar maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 73 nömrəli möhürü ilə möhürləndikdən sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğru yazıldığı üçün imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkilişlə aparılmış və çəkiliş diski tərtib olunmuş protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs onlar Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində saxlayıb Şamaxı RPŞ-nə gətirib orada üzərində baxış keçirilərkən o, özü bildirmişdir ki, həmin psixotrop maddə olan metafetamin bükümünü tapmışdır, şəxsi istifadəsi üçün özündə saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin psixotrop maddəni onun satış məqsədilə özündə saxlaması, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya kimlərləsə narkotik vasitələrin, psixotrop maddələrin satışı barədə əlaqələrinin olması ilə bağlı heç bir məlumat əldə edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məzuniyyətdə olduğundan məhkəməyə gəlməmişdir. Ona görədə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o ifadəsində Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 29 mart 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə saxlaması barədə məlumat daxil olmuş və onun cinayət başında yaxalanması üçün təxirəsalınmadan əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan 29 mart 2022-ci il tarixdə tərtib edilmiş baxış və götürmə haqqında protokoldan və diskdən görünür ki, 29 mart 2022-ci il tarixdə saat 15:00-dan başlayaraq Şamaxı RPŞ-də xidməti otaqda Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə baxış keçirilmiş və onun əynindəki kənarlarında göy rəngli xətt olan, tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə saxladığı psixotrop maddə olan metamfetamin aşkar edilmiş, həmin maddə olan sellofan büküm bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-kimyəvi ekspertiza” üzrə xx.xx.2022-ci il tarixli “6/1699” nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, “Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №73" dairəvi möhür əksi olan "Şamaxı şəhəri, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən..." sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,524 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetaminin təmiz çəkisi 0,524 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,474 qramdır. Aparılmış tədqiqatın dəyəri 65,0 manatdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 31 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 09 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Şamaxı rayon Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14 may 2022-ci il tarixli 260 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1984-cü il təvəllüdlü X2, qızı 2006-cı il təvəllüdlü X4, oğlu 2008-ci il təvəllüdlü X7 və qızı 2014-cü il təvəllüdlü X5 ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayır. İş materiallarında olan Şamaxı rayon Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, o, özünü layiqli bir gənc kimi aparır, keçirilən tədbirlərdə, iməcliklərdə yaxından iştirak edir. Qəsəbə sakinlərinin hörmətini qazanmışdır. Onun barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X8 ilə 10 fevral 2005-ci ildə nikahlarını bağlamışlar, ərə Xeyrullayev, arvada Xeyrullayeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 yanvar 2006-cı ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 12 aprel 2008-ci ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 noyabr 2014-cü ildə doğulmuşdur, atası Təqsirləndirilən şəxs, anası X1r. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 28 aprel 2022-ci il tarixli 2126 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyaci yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini və öhdəsində 2 nəfər yetkinlik yaşına çatmayan və 1 nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 29 mart 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək olan 3 ay 6 gün həbsdə olduğu müddət 6 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,474 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, 29 mart 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək olan 3 ay 6 gün həbsdə olduğu müddət 6 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 18(on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə zalında həbsdən azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şamaxı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X6 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,474 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar