Məhkəmə qərarları › İş №1(074)-69/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-69/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-69/2024 02.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin, vaxtda və şəraitdə, satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitə olan qurudulmuş marixuananı və xeyli miqdarda heroini əldə edib, idarə etdiyi “Opel Astra” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla, Şamaxı rayonu ərazisində daşımış, 28 may 2024-cü il tarixdə Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, saat 05:45-də Şamaxı şəhəri, Minəxor küçəsi ərazisində yerləşən “Göy məscid”in yaxınlığında saxlanılaraq, rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 06:55-dən etibarən rayon polis şöbəsinin inzibati binasının həyətində **-OS-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilə baxış keçirilən zaman, avtomobilin əl əyləcinin yanındakı külqabıdan 01 ədəd falqa bükümündə, xeyli miqdarda, təmiz çəkisi 0.591 qram narkotik vasitə olan heroin və avtomobilin əl əyləcinin alt hissəsindən iki hissəyə bölünmüş bir ədəd kibrit qutusundan, təmiz çəkisi 3.77 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Şamaxı şəhəri, Sarı Torpaq küçəsində yerləşən fərdi yaşayış evində yaşayır. 26 may 2024-cü il tarixdə, günorta saatlarında Bakı şəhərində, “20 Yanvar” metrostansiyasının yaxınlığından keçərkən, yerdə siqaret qutusu görmüşdür. Həmin siqaret qutusu diqqətini çəkdiyindən, qutunu götürüb baxdığı zaman, içərisində iki hissəyə kəsilmiş bir kibrit qutusu və dörd ədəd falqa görmüşdür. Kibrit qutusunda marixuana və falqada heroin olduğunu görmüşdür. O, həmin narkotik vasitələri istifadə etmək üçün idarə etdiyi “Opel Astra” markalı avtomobilinə qoymuş və Şamaxı şəhərinə qayıtmışdır. 28 may 2024-cü il tarixdə, səhər saatlarında Şamaxı şəhəri ərazisində yerləşən “Göy məscidin” yaxınlığında avtomobilində olduğu zaman, mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etmişdirlər. Həmin şəxslər ona üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişdirlər. Polis əməkdaşları onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, o, buna etiraz etməmişdir. Polis şöbəsinin binasında vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Üzərinə axtarış aparılarkən, cibində narkotik vasitəni istifadə etmək üçün, bükülmüş formada olan bir manatlıq əsginas götürülmüşdür. Daha sonra, ona məxsus “Opel Astra” markalı avtomobilinə baxış keçirilmiş və avtomobildə olan kibrit qutularının içərisinə baxıldıqda, narkotik vasitə olan marixuana və falqaya bükülmüş heroin aşkar edilərək götürülmüşdür. Həmin əşyalar qablaşdırılaraq, üzəri möhürlənmiş və bununla əlaqədar, protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Aşkar olunmuş narkotik vasitələri o, yalnız öz istifadəsi üçün özündə saxlamış və başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27 may 2024-cü il tarixdə ünvan 1da yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında, 28 may 2024-cü il tarixdə, təxminən saat 06 radələrində Şamaxı RPŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Şamaxı şəhəri, Minəxor küçəsində yerləşən “Göy Məscid”in yaxınlığında “Opel Astra” markalı avtomobildə əyləşmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb, yaxınlaşaraq, özlərini təqdim etmişdirlər. Onlar həmin şəxsə üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişdirlər. Onlar həmin şəxsi Şamaxı RPŞ-nə dəvət etdikdə, sonuncu buna etiraz etməmişdir. Polis Şöbəsində həmin şəxsin həqiqətən də, Şamaxı şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, dəvət olunmuş vəkilin iştirakı ilə, videogörüntüdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd narkotik vasitə qəbul olunması üçün boru formasında 1 manatlıq əsginas, daha sonra isə həmin şəxsin idarə etdiyi “Opel Astra” markalı avtomobilin əl əyləcinin yanındakı külqabıdan 04 ədəd falqaya bükülmüş bükümdə heroinə oxşar kütlə və avtomobilin əl əyləcinin alt hissəsindən iki hissəyə bölünmüş bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş əşyalar baxışda iştirak edənlərin iştirakı ilə zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 28 may 2024-cü il tarixdə Şamaxı şəhəri, Sarı Torpaq küçəsi ev 28 A-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə baxış keçiriləcəyini və baxış zamanı, mobil telefon vasitəsilə videogörüntüyə almağı ondan xahiş etmişdirlər. O da, rayon polis şöbəsinin binasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmə anını mobil telefonla videogörüntüyə çəkməyə başlamışdır. Baxış keçirilən zaman, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd narkotik vasitə qəbul olunması üçün boru formasında 1 manatlıq əsginas aşkar edilmiş, daha sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobilin əl əyləcinin yanındakı külqabıdan 04 ədəd falqaya bükülmüş bükümdə heroinə oxşar kütlə və avtomobilin əl əyləcinin alt hissəsindən iki hissəyə bölünmüş bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilib götürülən əşyalar baxışda iştirak edən şəxslərin iştirakı ilə zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş, bununla əlaqədar, protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd narkotik vasitə qəbul olunması üçün boru formasında 1 ədəd 1 manatlıq əsginas aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Baxış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə vəkilin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman, Təqsirləndirilən şəxs idarə etdiyi ağ rəngli “Opel Astra” markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman, avtomobilin əl əyləcinin yanındakı külqabıdan 04 ədəd falqaya bükülmüş vəziyyətdə büküm, sonra isə əl əyləcinin altından iki hissəyə kəsilmiş kibrid qutusu aşkar olunmuşdur. Falqaların içərisinə baxıldıqda, açıq qəhvəyi rəngli spesifik qoxuya malik heroinə oxşar kütlə, kibrid qutusunun içərisindən isə açıq yaşıl rəngli spesifik qoxuya malik narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüş, qeyd edilən narkotik vasitələr bir ədəd zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/858 nömrəli ekspert rəyindən görünür ki, üzərində “..... Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş maddi sübut......” yazılan bir ədəd zərfdə olan iki hissəyə bölünmüş kibrit qutusunda təmiz çəkisi 3,77 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, tədqiqatdan sonra qalıq - 3,72 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3014 nömrəli ekspert rəyindən görünür ki, üzərində “... Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...; ... 4) “imza Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd boru şəkilli bükülmüş 1 AZN-lik pul əsginası üzərində heroinə aid izlər vardır. Üzərində “... Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş maddi sübut; ... 4) “imza Təqsirləndirilən şəxs” və digər yazı, ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki üç ədəd gümüşü rəngli folqa kəsikləri üzərində heroinə aid izlər vardır. Bir ədəd bükümdəki təmiz çəkisi - 0,591 qram olan maddə isə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqatdan sonra qalıq - 0,541 qramdır. Tədqiqata təqdim edilmiş həmin bu zərflərdəki bir ədəd boru şəkilli bükümdə 1 AZN-lik pul əsginası və üç ədəd gümüşü rəngli folqa kəsikləri üzərindəki heroin iz şəklində olduğu üçün, onun çəkisini və bükümdəki heroin ilə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. İş materiallarından görünür ki, 3,72 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 0,541 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 3 ədəd gümüşü rəngli folqa kəsikləri və 1 ədəd 1 AZN pul əsginası cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4471 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, daha sonra, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəza müddəti bitdiyinə görə, qeydiyyatdan çıxarılmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 3,72 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 0,541 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 3 ədəd gümüşü rəngli folqa kəsikləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 1 AZN pul əsginası hökm qanuni qüvvəyə mindikdən sonra, Təqsirləndirilən şəxs verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 159 (bir yüz əlli doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 3,72 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 0,541 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 3 ədəd gümüşü rəngli folqa kəsikləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd 1 AZN pul əsginası hökm qanuni qüvvəyə mindikdən sonra, Təqsirləndirilən şəxs verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 159 (bir yüz əlli doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar