Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-7/2022 12.01.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şamaxı rayonu, Avaxıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Avaxıl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq talamaq məqsədilə 2021-ci ilin iyun ayının əvvəllərində günorta saatlarında Şamaxı rayonu Avaxıl kəndində yerləşən qayınatası Zərərçəkmiş şəxs məxsus evin həyət qapısının yanına gəlib evdə kənar hər hansısa bir şəxsin olmamasından istifadə edərək azad girib-çıxa biləcəyi həmin evin həyətinə daxil olaraq hər birinin dəyəri 175(yüz yetmiş beş) manat olmaqla ümumilikdə 20(iyirmi) ədəd modul tipli evin profil dəmirlərini oğurlayıb yaxınlığındakı kolluq əraziyə apardıqdan sonra tanımadığı şəxsə satmaqla Zərərçəkmiş şəxs məxsus 3500 manat dəyərində özgənin əmlakını gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2021-ci ilin iyun ayının əvvəllərində Şamaxı rayonu Avaxıl kəndində yaşayan qayınatası Zərərçəkmiş şəxs məxsus olan yaşayış olmayan evin həyətində modul tipli evin sökülü vəziyyətdə olduğunu görmüş, o Lətifə demədən evin dəmir profillərini götürərək evlərinin yaxınlığındakı kolluqda gizlətmişdir. Həmin günün səhəri dəmir almaq üçün Avaxıl kəndinə gəlmiş, dövlət qeydiyyat nişanı yadında olmayan lada “Vaz 2106” markalı avtomobilin sürücüsünə yaxınlaşmış, o, onda dəmir profillərin olmasını və həmin profilləri satmasını bildirmişdir. “Vaz 2106” markalı avtomobilin sürücüsü onunla 70 AZN-ə razılaşmış, bir gün sonra həmin şəxs qara rəngli “Volqa Qaz 24” markalı avtomobil ilə gələrək dəmir profilləri aparmışdır. Qaynatası Zərərçəkmiş şəxs ilə münasibətləri normal olduğundan sonuncuya məxsus evə əvvəllər rahat şəkildə gedib gəlmişdir. 2017-ci ildən həmin dəmirlərin o həyətdə olduğunu bildiyi üçün həmin oğurluğu 2021-ci ilin iyun ayının əvvəllərində günorta saatlarında təkbaşına həyata keçirmiş və bir saat ərzində həyətdə olan 20 ədəd profil dəmirləri qayınatası Zərərçəkmiş şəxs məxsus evin 50 metr yaxınlığındakı kolluğa apararaq orada gizlətmişdir. 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs bundan məlumatı olmuş, lakin həmin vaxtı qaynatasına 10 dəmir profil götürdüyünü, digər 10 ədəd dəmir profillər barəsində isə hər hansısa bir məlumat verməmişdir. Oğurluğu törədən zaman ondan başqa orada heç kim olmamış və bu barədə başqa hər hansısa bir şəxsə məlumat verməmiş, həmçinin həmin oğurluq hadisəsini törədən zaman hər hansısa bir nəqliyyat vasitəsindən istifadə etməmişdir. Həmin evdən bir dəfə oğurluq edərək yalnız dəmir profilləri götürmüş, başqa hər hansısa bir əşya götürməmişdir. Onun 200 ədəd mişar daşdan və bir ədəd köhnə hamam kalonkasından xəbəri olmamış, həmin daş və kalonkanı kimin aparmasını bilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərəri ödəyərək onunla barışdığını bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2005-ci il tarixdə Şamaxı rayonu Avaxıl kəndində özü üçün dəmir profildən ibarət 2 otaqlı modul tipli ev tikdirmiş, 2010-cu il tarixdə həmin evi sökərək Avaxıl kəndində yerləşən yaşayış evinin həyətinə yığdırmışdır. 2021-ci ilin təxminən iyun ayının ortalarında qızının həyat yoldaşı Təqsirləndirilən şəxs dəmir profillərdən 10 ədədini onun icazəsi olmadan götürdüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxs onun qızının həyat yoldaşı olduğu üçün əvvəlcə şikayət etməmiş, sonradan 2021-ci ilin sentyabr ayında qardaşı Şahid1 ilə Avaxıl kəndində görüşən zaman qardaşı ona məxsus yaşayış olmayan evin həyətindəki profillərin oğurlanmasını bildirmiş, ona görə də evinə gedib həyətyanı sahəsinə baxış keçirdərkən dəmir profildən olan 20 ədəd şit, bir ədəd köhnə hamam kalonkası və 200-ə qədər mişar daşının olmadığını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs telefon ilə zəng vuraraq qeyd olunan materialların harada olmasını, onun tərəfindən aparılıbaparılmamasını soruşmuş, cavabında Təqsirləndirilən şəxs bundan xəbəri olmadığını bildirmişdir. Onun həyətindən yalnız dəmir profillər oğurlanmışdır. 200 ədəd mişar daşını qardaşı Şahid1 aparıb öz həyətinə yığmış, 1 ədəd kalonkanı isə köhnə olduğu üçün küçəyə atmışdır. O, daşın və kalonkanın oğurlandığını güman etdiyi üçün şikayət vermişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Onun Şamaxı rayonu Avaxıl kəndində evi vardır. Sadəcə olaraq həmin evdə uzun müddətdir ki yaşayış olmadığından Zərərçəkmiş şəxs ara bir həmin evə gəlib getmişdir. 2006cı il tarixində Zərərçəkmiş şəxs özü üçün Şamaxı rayonu Avaxıl kəndində modul tipli ev tikdirmiş, bir müddət evdən istifadə etdikdən sonra həmin evi sökərək dəmir profillərini Avaxıl kəndindəki evinin həyətinə yığmışdır. Həmin vaxtlarda Zərərçəkmiş şəxs evinin həyətində 200(iki yüz) ədəd mişar daşı və bir ədəd köhnə hamam kalonkası olduğundan 2021-ci ilin əvvəllərində o, qardaşına zəng edərək həmin daşları oğurlanmaması üçün öz evinin həyətinə yığmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs da bununla razılaşmışdır. Təxminən 3-4 ay sonra o, qardaşının evinin həyətindəki daşları götüzdürərək öz evinin həyətinə yığmış, həmin vaxtı hamam kalonkası köhnə olduğundan onuda götürüb küçəyə atmışdır. 2021-ci ilin sentyabr ayında o, qardaşının evinin yanından keçən zaman həmin profil dəmirlərinin orada olmadığını görmüş, ilk əvvəl dəmirləri qardaşının götürdüyünü zənn etdiyi üçün bu barədə ona məlumat verməmiş, 22.09.2021-ci il tarixində isə qardaşı Zərərçəkmiş şəxs ilə Avaxıl kəndində görüşən zaman ona bu barədə məlumat verərək həyətdə profil dəmirlərin olmadığını söyləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi X2 ifadə verib göstərdi ki, Şamaxı rayonu Avaxıl kəndi onun xidməti ərazisidir. Zərərçəkmiş şəxs əvvəllər bələdiyyə sədri işlədiyi üçün onu qismən tanımışdır. 28.09.2021-ci il tarixində Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək evinin həyətindən 20 ədəd profil dəmirlərin oğurlanmasını bildirmiş, bu səbəbdəndə o, polis əməkdaşları ilə birgə dərhal hadisə yerinə gedib əraziyə baxış keçirmişdir. Aparılmış araşdırma zamanı müəyyən etmişlər ki, həmin oğurluq hadisəsini Zərərçəkmiş şəxs kürəkəni Təqsirləndirilən şəxs törətmişdir. Həmin şəxsi RPŞnin istintaq bölməsinə təhvil verdikdən sonra araşdırmanı davam etdirən zaman həmin oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən təkbaşına həyata keçirilməsi, həmçinin Təqsirləndirilən şəxs başqa ikinci bir şəxsin oğurluq hadisəsində iştirak etməməsi müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsinə baxış keçirilmiş, Zərərçəkmiş şəxs hadisə yerini təqdim edib oğurluq olan yeri göstərərək 01 sentyabr 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək olan müddətdə 20 ədəd şit, bir ədəd köhnə hamam kalonkası və 200-ə qədər mişar daşının oğurlanmasını bildirmiş və hadisə yerinin şəkilləri çəkilmişdir. Baxış zamanı hadisə yerindən hər hansısa bir əşya götürülməmişdir. Hadisə yerinə baxış protokolundan aydın olur ki, Zərərçəkmiş şəxs məxsus rayonun Avaxıl kəndində yerləşən yaşayış evinin həyətyanı sahəsinə yarı tikili vəziyyətdə çəpər çəkilmiş, qeyd olunan profil dəmirləri oradan oğurlansa da mişar daşları və bir ədəd kalonka həmin həyətyanı sahənin içərisində olmamışdır. “Şübhəli şəxsin tutulması haqqında” 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdə saat 19:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Avaxıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 noyabr 2021-ci il tarixli 112 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 15 fevral 1991-ci il təvəllüdlü X5, oğlu 19 sentyabr 2014-cü il təvəllüdlü X3 və qızı 30 iyun 2016-cı il təvəllüdlü X6 ilə Şamaxı rayonu Avaxıl kəndində qeydiyyatdadır. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Avaxıl kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o özünü kənddə normal aparır, qonşuları və digər kənd sakinləri ilə ciddi bir münaqişəsi olmamışdır. Onun barəsində nümayəndəliyə şifahi və yazılı formada şikayət daxil olmamışdır. Tikinti materiallarının qiymətləndirilməsi haqqında “NİHAD” İstesalat Kommersiya firması tərəfindən verilmiş 12.11.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus modul tipli evin profil dəmirlərinin bir ədədi 175 (yüz yetmiş beş) manat olmaqla ümumilikdə 20 ədəd profil dəmirlər 3500 (üç min beş yüz) AZN dəyərində qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə 12 noyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı rayonu Avaxıl kəndində yaşayan Zərərçəkmiş şəxs 13.11.2021-ci il tarixdə Şamaxı RPŞ-nə ünvanlanmış ərizəsindən görünür ki, kürəkəni Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam həcmdə ödənildiyindən, ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 Ərazi Bölmələrinin İdaretmə Birliyi Şamaxı rayon X4 Hüquqi Şəxsin 13 noyabr 2021-ci il tarixli 1135 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı RMX-nın ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayaraq oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, öhdəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyənlədirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Beləliklə məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, 01 oktyabr 2021-ci il tarixdən 02 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün bərabər tutulmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş üzrə 3500 manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci il tarixdən 02 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 8 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 5 (beş) ay 22 (iyirmi iki) gün islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 3500 manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaq zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-7/2022
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-7/2022
12.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver