Məhkəmə qərarları › İş №1(074)-71/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-71/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-71/2024 18.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs - X4 nümayəndəsi X1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Şamaxı rayonu, Məlcək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Məlcək kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, ünvan 1 ünvanında yerləşən X4 sabiq direktoru Şahid3 ilə aralarında bağlanmış 28 oktyabr 2020-ci il tarixli əmək və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, ona etibar edilmiş qoyunlar, digər qiymətlilərin və başqa maddi sərvətlərin qorunmasını təmin etmək, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək, ona etibar edilmiş qoyunların və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini daşıyan maddi məsul şəxs kimi işə götürən tərəfindən etibar edilmiş xırdabuynuzlu heyvanların saxlanmasını, satışını, bütünlüyünü və mühafizəsini təmin etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib, vahid niyyətlə ələ keçirməklə talayıb, qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu məqsədlə X5 təlim-təsərrüfat müdiri vəzifəsində işlədiyi müddətdə xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı əsasında öhdəliyinə verilmiş, liseyin təsərrüfatına məxsus 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş isə dişi quzu olmaqla, ümumilikdə 223 baş xırdabuynuzlu heyvandan 2021 və 2022-ci illər ərzində 40 quzu törəməsindən, 46 xırdabuynuzlu heyvanın tələf olmasından, 87 baş xırdabuynuzlu heyvanın isə satılmasından sonra 31 yanvar 2023-cü il tarixdə aparılmış inventarizasiya nəticəsində öhdəliyində olmuş 125 baş ana qoyun, 5 baş dişi toğlu olmaqla, ümumilikdə 130 baş xırdabuynuzlu heyvandan 54 baş ana qoyunu liseyin təsərrüfatına təhvil versə də, hər birinin dəyəri 170 manat olan 71 baş ana qoyun və hər birinin dəyəri 140 manat olan 5 baş dişi toğlu olmaqla, cəmi 76 baş xırdabuynuzlu heyvanı liseyn təsərrüfatına təhvil verməyib ələ keçirərək, öz qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş 12770 manat dəyərində xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X4 təlim-təsərrüfat müdiri vəzifəsində işləmişdir. Təlim-təsərrüfat müdiri vəzifəsinə təyin olunduğu gün, liseyin əvvəlki direktoru Şahid3, baş mühasib Şahid7, əvvəlki təsərrüfat müdiri Asif Bəbirovun iştirakı ilə təhvil-təslim aktı tərtib olunmuş və həmin akt əsasında, liseyin balansında olan 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş isə dişi quzu olmaqla, ümumilikdə 223 baş xırdabuynuzlu heyvan ona təhvil verilmişdir. Həmin 223 baş xırdabuynuzlu heyvanın saxlanılmasına görə təsərrüfat müdiri kimi o və təsərrüfatın çobanı Şahid2 cavabdeh olmuşlar. 2021-2022-ci illər ərzində təsərrüfatda olan xırdabuynuzlu heyvanlara arpa, ot almaq üçün pul ayrılmadığı, habelə heyvanların müayinəsi üçün baytar, müalicələri üçün dərman vasitələri ayrılmadığı üçün, heyvanlar arasında tələf olma halları baş vermişdir. 2022-ci ilin dekabr ayında o, maddi məsuliyyətində 135 baş ana qoyun, 47 baş toğlu qoç, 3 baş şişək, 21 baş dişi quzu və 5 baş erkək quzu olmaqla, ümumilikdə 211 baş xırdabuynuzlu heyvan olması ilə bağlı liseyin mühasibatlığına hesabat təqdim etmişdir. Halbuki, həmin vaxt liseyin təsərrüfatında cəmi 130 baş xırdabuynuzlu heyvan olmuşdur. 2022-ci ilin dekabr ayının hesabatında göstərdiyi 211 baş xırdabuynuzlu heyvanın, yəni qoyunun 5 başını hərəsini 55 manata satsa da, satılmış qoyunların pulunu liseyin direktoru Şahid3 ondan almış və həmin heyvanlar hesabatdan silinməmişdir. 70 baş quzu isə mövcud olmamışdır. 6 baş heyvan isə müxtəlif vaxtlarda, yem ehtiyatı olmadığı üçün tələf olsa da, həmin heyvanlar da hesabatdan silinməmişdir. 2022-ci ilin dekabr ayında qışlaq sahəsində cəmi 125 baş ana qoyun və 5 baş dişi toğlu olmaqla, ümumilikdə 130 baş xırdabuynuzlu heyvan olmuşdur. O, Şahid3 süni olaraq artırdığı 70 baş xırdabuynuzlu heyvanla bağlı yaranmış problemi həll etməsini, heç vaxt mövcud olmayan 70 baş heyvanı balansdan silməsini, yaxud, öz vəsaiti hesabına 70 quzu alaraq, liseyn təsərrüfatına verməsini dəfələrlə tələb etmişdir. Şahid3 hər dəfəsində, yaranmış bu problemi həll edəcəyini vədd etsə də, vədinə əməl etməmişdir. 2023-cü ilin yanvar ayının əvvəlində Zərərçəkmiş şəxs X4 direktoru vəzifəsinə təyin olunmuşdur. Bundan sonra, təsərrüfatda olan xırdabuynuzlu heyvanların inventarizasiyasına başlanılmışdır. 2023-cü ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs heyvanların saxlanıldığı qışlaq sahəsinə gələrək sayım aparmışdır. Həmin vaxt qışlaq sahəsində 125 baş ana qoyun və 5 baş dişi toğlu olmaqla, ümumilikdə 130 baş xırdabuynuzlu heyvan olmuşdur. Sayımın nəticəsinə dair akt tərtib olunmuş, o, həm də, sayımda iştirak edən digər şəxslər aktı imzalamışlar. O, Zərərçəkmiş şəxs əvvəlki direktor Rəşid tərəfindən, liseyin balanasında olan xırdabuynuzlu heyvanların sayının süni şəkildə 70 baş quzu olmaqla artırıldığını, halbuki həmin 70 baş quzunun heç vaxt mövcud olmadığını, 5 baş heyvanın isə satış pullarının Rəşidin özündə olduğunu, 6 baş heyvanın isə tələf olduğunu demişdir. Sonradan həmin 130 baş xırdabuynuzlu heyvan çoban Şahid2 tərəfindən yaylaq sahəsinə aparılmışdır. Yaylaqda saxlanıldığı müddətdə o, Zərərçəkmiş şəxs heyvanlar arasında tələf olma hallarının artdığını, heyvanların yemlə və dərman vasitələri ilə təmin olunmasına ehtiyac olduğunu desə də, bir nəticə olmamışdır. Heyvanlar yemlə və dərman vasitəsilə təmin olunmadığı üçün, yaylaqda saxlanıldığı müddətdə tələf olma halları artmış və yaylaqdan gətirilərkən, qoyunların sayında xeyli azalma olmuşdur. O, yaylaqdan qayıtmış heyvanları saxlaması üçün çoban Fazilə vermişdir. Sonradan bir neçə dəfə bazardan heyvan alaraq, Fazilə vermişdir. Bununla da, Fazildə olan heyvanların sayı 58 baş olmuşdur. Sonradan Fazil ona 58 baş xırdabuynuzlu heyvanın 4-nün çox qoca, cılız, ölümcül halda olduqları üçün liseyn direktoru Zərərçəkmiş şəxs tərəfindən təsərrüfata qəbul edilmədiyini, həmin qoyunların tələf olduğunu, 54-nün isə təsərrüafata qəbul edildiyini bildirmişdir. O, liseyin balansında olan xırdabuynuzlu heyvanların sayında aşkar olunmuş çatışmazlıqları aradan qaldırmaq üçün, Şahid3lə birlikdə İsmayıl müəllimdən bir neçə dəfə möhlət istəmişdir. Şahid3 liseyin direktoru vəzifəsini icra etdiyi müddətdə liseyin təsərrüfatında olan xırdabuynuzlu heyvanların sayını sənəd üzərində süni olaraq 70 baş artırmışdır. 2022-ci ilin dekabr ayında liseyn təsərrüfatında 5 baş quzu və 125 baş ana qoyun olmaqla, cəmi 130 baş xırdabuynuzlu heyvan olmuşdur. Satış pulu ödənməyən 5 baş, tələf olmuş 6 baş və heç vaxt mövcud olmayan 70 baş heyvanda hesabata yazıldığı üçün, heyvanların sayı hesabatda 211 baş qeyd olunmuşdur. 2023-cü ilin fevral ayında 130 baş xırdabuynuzlu heyvanı yaylağa çoban Fazil göndərmişdir. Həmin heyvanlar arasında ölüm halları çox olmuşdur. 130 baş heyvanın 60-dan çoxu xəstəlikdən ölmüşdür. Heyvanların tələf olmasını təqdiq etmək üçün baytarın rəyi mütləqdir. Liseyn direktorundan dəfələrlə tələb etməsinə baxmayaraq, sonuncu baytar dəvət etmədiyi üçün, heyvanlar arasında baş vermiş ölüm hallarını təsdiqləmək mümkün olmamışdır. Buna görə də, o, aylıq hesabatlarda ölmüş heyvanların sayını qeyd etməmişdir. Sonradan o, 76 baş xırdabuynuzlu heyvan çatışmazlığını tam şəkildə aradan qaldıraraq, həmin sayda heyvanları liseyin təsərrüfatının çobanı Şahid2 təhvil vermişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs X4 nümayəndəsi X1 bildirmişdir ki, o, X5 ixtisas fənn müəllimi işləyir. 19 yanvar 2023-cü il tarixdə yaradılmış inventarizasiya komissiyası liseyin balansında olmaqla, ayrı-ayrı maddi məsul şəxslərin hesabında və öhdəsində olan maddi qiymətliləri sayaraq, aktlaşdırmış və müvafiq aktlar Peşə Təhsili üzrə Dövlət Agentliyinə göndərilmişdir. Aparılmış inventarizasiya zamanı, liseyin təlimtəsərrüfat müdiri vəzifəsində işləyən maddi-məsul şəxs olan Təqsirləndirilən şəxs hesabında və öhdəsində olan 135 baş ana qoyun, 47 baş toğlu qoç, 3 baş şişək, 21 baş dişi quzu və 5 baş erkək quzu olmaqla, ümumilikdə 211 baş xırdabuynuzlu heyvanın mövcud olmaması müəyyən olunmuşdur. Ona görə də, həmin heyvanların invertarlaşmasını başa çatdırmaq mümkün olmamışdır. 2023-cü ilin fevral ayında, xx.xx.2023-cü il tarixdən liseyin direktoru vəzifəsinə təyin olunmuş Zərərçəkmiş şəxs və peşə liseyində baş usta vəzifəsində işləyən Şahid5 130 baş xırdabuynuzlu heyvanın saxlanıldığı qışlaq sahəsinə getdikdə, heyvanlar orada olmamışdır. Təqsirləndirilən şəxs onlara heyvanların başqa qışlaq sahəsində olduğunu, həmin əraziyə hava şəraiti ilə əlaqədar getməyin hazırda mümkün olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs isə Azərdən heyvanları tam sayda gətirib təhvil verməsini tələb etmişdir. 2023-cü ilin yay aylarında Təqsirləndirilən şəxs təsərrüfatın çobanı Şahid2 41 baş ana qoyunu saxlaması üçün vermişdir. Sonradan Azər yenə də, Fazilə qoyun aparıb vermiş və bununla da, Fazildə olan qoyunların sayı 54 baş olmuşdur. Yaşlı və cılız olduqları üçün, Azərin Fazilə verdiyi 54 baş xırdabuynuzlu heyvanın sonradan 9 başı xəstəlikdən tələf olmuşdur. 15 noyabr 2023-cü il tarixdə yaradılmış illik inventarizasiya komissiyası bütün sahələr üzrə maddi məsul şəxslərin hesabında və öhdəsində olan maddi qiymətliləri yoxlayaraq, aktlar tərtib etmiş və həmin aktlar Peşə Təhsili üzrə Dövlət Agentliyinə təqdim edilmişdir. Lakin, bu dəfə də, qoyunçuluq təsərrüfatında inventarizasiyanı keçirmək mümkün olmamışdır. Belə ki, heyvanların harada saxlanması barədə məlumat olmadığı üçün, inventarizasiya aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. Həmçinin, xx.xx.2024-cü il tarixdə aparılmış sayım zamanı, Fazildə ümumilikdə 73 baş qoyun olması məlum olmuş və həmin qoyunlar liseyin təsərrüfatına qəbul edilmişdir. Fazilin deməsinə görə, Azər ona 2023-cü ildə 54 baş, 2024-cü ildə isə 30 baş olmaqla, ümumilikdə 84 baş qoyun vermiş və həmin qoyunların 11 başı yaşlı və cılız olduqları üçün sonradan xəstəlikdən ölmüşdür. Nəticədə Fazildə 73 baş qoyun qalmışdır. Təqsirləndirilən şəxs çatışmayan xırdabuynuzlu heyvanları liseyin təsərrüfatının çobanı Şahid2 təhvil versə də, həmin heyvanlar X6 təhvil verilməmişdir. Bu səbəbdən, iddia ərizəsi təqdim edərək, X6 vurulmuş ziyanın əvəzi olaraq 12770 manat məbləğində pulun Təqsirləndirilən şəxs liseyin xeyrinə tutulması xahiş edilmişdir. Bununla belə, Təqsirləndirilən şəxs hər hansı cəza təyin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən X5 baş mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs X5 təlim-təsərrüfat müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə liseyin təsərrüfatında olan xırdabuynuzlu heyvanlar Təqsirləndirilən şəxs maddi məsuliyyətində olmuşdur. Belə ki, təsərrüfatda olan ümumilikdə 223 baş xırdabuynuzlu heyvan akt əsasında Təqsirləndirilən şəxs təhvil verilmişdir. Təqsirləndirilən şəxs təlim təsərrüfat müdiri işlədiyi müddətdə hər ay liseyn direktoru Şahid3 cədvəl formasında hesabat təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi hesabatlara əsasən, işlədiyi müddətdə 2020-ci ilin dekabr ayında təsərrüfatda olan qoyunlar arasında doğum halları olmuş, 40 baş erkən, 30 baş isə dişi olmaqla ümumilikdə 70 baş quzu doğulmuşdur. Bundan başqa 2022-ci ildə 21 baş dişi, 19 baş erkək olmaqla ümumilikdə 40 quzu doğulmuşdur. Həmçinin təqdim etdiyi hesabatlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2021-ci ilin yanvar-fevral aylarında 20 baş, aprel ayında 6 baş, noyabr ayında 25 baş, 2022-ci ilin yanvar ayında 20 baş, avqust ayında 11 baş ana qoyun satılmış, digər qrup heyvanlar arasında isə satış olmamışdır. Bundan başqa, Azərin təqdim etdiyi hesabatlardan görünür ki, xırdabuynuzlu heyvanlardan 2022-ci ildə 26 ana qoyun və 14 erkək quzu olmaqla, ümumilikdə 40 baş heyvan tələf olmuşdur. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs təqdim etdiyi hesabatda liseyin təsərrüfatında 135 baş ana qoyun, 47 baş toğlu qoç, 3 baş şişək, 21 baş dişi quzu və 5 baş erkək quzu olmaqla, ümumilikdə 211 baş xırdabuynuzlu heyvan olması görünür. 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs X4 direktoru vəzifəsinə təyin olunmuşdur. Bundan sonra təsərrüfatda olan xırdabuynuzlu heyvanların inventarizasiyasına başlanılmış və 2023-cü ilin yanvar ayında X4 təlim təsərrüfatına məxsus xırda buynuzlu heyvanların yaşının artması ilə əlaqədar, qrup dəyişikliyi barədə akt tərtib olunmuşdur. Çünki Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar və dekabr aylarında təqdim etdiyi hesabatlarda heyvanların yaş artımı ilə əlaqədar qrup dəyişikliyi düzgün göstərilməmişdir. 2023-cü ilin yanvar ayında artıq, Təqsirləndirilən şəxs 2022 ci ilin dekabr ayında təqdim etdiyi hesabatda qeyd olunan 47 baş toğlu qoçdan 2-si törədici qoç, 45-i isə sair erkək toğlu qoç olmalı, 3 baş şişək ana qoyun qrupuna, 21 baş erkək quzu erkək toğlu qrupuna, 5 baş dişi quzu isə dişi toğlu qrupuna keçməli imiş. Heyvanların qrup dəyişikliyinə əsasən, 2023-cü ilin yanvar ayında liseyin təsərrüfatında ümumilikdə 211 baş xırdabuynuzlu heyvan olmalı imiş. xx.xx.2023-cü il tarixdə direktor Zərərçəkmiş şəxs, təlim ustaları Şahid5, Şahid4 və o, liseyn təsərrüfatında olan heyvanların sayımını aparmaq üçün heyvanların saxlanıldığı Şamaxı rayonu, Quşçu kəndi yaxınlığında yerləşən yatağa getmişlər. Həmin vaxt təsərrüfatın çobanı Şahid2 yataqda olmuşdur. Sayım zamanı yataqda cəmi 125-i ana qoyun, 5 isə dişi toğlu olmaqla, 130 baş xırdabuynuzlu heyvan olması müəyyən olunmuşdur. Həmin heyvanlar başından və dərisindən rənglənmişdir. Sayım zamanı 125 baş ana qoyunun bir hissəsinin qoca, aşağı çəkili olması məlum olmuşdur. Həmin vaxt akt tərtib olunmuş və o da, aktı imzalamışdır. Həmin vaxtdan sonra o, heyvanların saxlanıldığı yatağa bir daha getməmişdir. Sonradan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təsərrüfatda olan xırdabuynuzlu heyvanları təhvil verməsi üçün dəfələrlə çağırsa da, Azər çağırışlara gəlməmişdir. Bir müddət sonra, Azər işdən çıxarılmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs liseyin təsərrüfatında olan xırdabuynuzlu heyvanlardan geri qalanlarını saxlaması üçün çoban Fazilə vermişdir. xx.xx.2024-cü il tarixdə liseyin direktorunun göstərişi əsasında çoban Fazildə olan heyvanların sayımı aparılmış və Fazildə 45 baş ana qoyun, 2 baş quzu olmaqla, cəmi 47 baş xırdabuynuzlu heyvan aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixdə aparılmış sayım zamanı, liseyin təsərrüfatında 130 baş xırdabuynuzlu heyvan olsa da, xx.xx.2024-cü il tarixdə aparılmış sayımda cəmi 47 baş xırdabuynuzlu heyvan aşkar olunmuşdur. Həmin sayımda Təqsirləndirilən şəxs iştirak etməmişdir. Çünki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs liseyn direktoru vəzifəsinə təyin olunduqdan sonra təsərrüfatda olan xırdabuynuzlu heyvanları təhvil verməkdən yayınmış, çağırışlara gəlməmişdir. İşlədiyi müddətdə liseyn təsərrüfatında olan xırdabuynuzlu heyvanlar üçün yem ehtiyatı və dərman vasitələri ayrılmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs heyvanların zəif, çəkilərinin az olmasından, yem ehtiyatlarının olmamasından, otlaq sahələrində ot olmamasından tez-tez şikayətlənmişdir. Təqsirləndirilən şəxs həmçinin ona demişdir ki, direktor Şahid3 tapşırığı əsasında hesabatda, 2020-ci ilin dekabr ayında guya 70 baş quzu doğulmasını qeyd etmişdir. Halbuki, həmin ay doğuş olmamış, heyvanların sayı süni olaraq 70 baş quzu artırılmışdır. Lakin o, Azərin dediklərinin doğru və ya yanlış olmasını bilmir. 2022-ci ilin son aylarında Azər 5 baş ana qoyun satdığını deyib, həmin qoyunların satış pulu olan 275 manatı direktor Rəşidə vermiş, Rəşid isə pulu ona vermişdir. Sonradan həmin məbləğ yun pulu kimi hesaba mədaxil edilməli olsa da, mədaxil edilməmişdir. Pul hesaba mədaxil olunmadığı üçün, satılmış həmin 5 baş qoyun balansdan silinməmişdir. Həmin 5 baş qoyunun satış pulu sonradan liseyin hesabına mədaxil edilmişdir. Şahid3 X4 direktoru vəzifəsində işlədiyi müddətdə liseyin təsərrüfatında olan xırdabuynuzlu heyvanların sayımının, yəni inventarizasiyasının neçə dəfə aparılması barədə onun məlumatı yoxdur. O, özü cəmi bir dəfə, 2021-ci ilin dekabr ayında aparılmış sayımda iştirak etmişdir. Həmin sayımda ondan savayı Təqsirləndirilən şəxs, Şahid2 və Şahid5 də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, xx.xx.2020-cü il tarixdən xx.xx.2023-cü il tarixədək X5 direktor vəzifəsini icra etmişdir. İşlədiyi müddətdə liseyn təlim-təsərrüfat müdiri əvvəlcə Asif Bəbirov, daha sonra isə Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs həmin vəzifəyə xx.xx.2020-ci il tarixdə təyin olunmuşdur. Təqsirləndirilən şəxs təlim-təsərrüfat müdiri vəzifəsinə təyin olunduğu gün, liseyn balansında olan ümumilikdə 223 baş xırdabuynuzlu heyvan təhvil-təslim aktı əsasında, sonuncuya təhvil verilmişdir. Təqsirləndirilən şəxs təhvil-təslim aktını imzalamaqla, liseyn təsərrüfatında olan 223 baş xırdabuynuzlu heyvanı öhdəliyinə qəbul etmiş və onunla Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşlədiyi müddət Təqsirləndirilən şəxs hər ay öhdəliyində olan xırdabuynuzlu heyvanlarla bağlı ona hesabat təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sonuncu hesabat 2022-ci ilin dekabr ayını əhatə etmişdir. Həmin vaxt liseyn təsərrüfatında 135-i ana qoyun olmaqla, ümumilikdə 211 baş xırdabuynuzlu heyvan olmuşdur. xx.xx.2023-cü il tarixdə o, tutduğu vəzifədən azad olunmuşdur. Sonradan, liseyin balansında olan xırdabuynuzlu heyvanların sayımı aparılmış və cəmi 130 baş xırdabuynuzlu heyvan aşkar olunmuşdur. O, heç vaxt Azərə xırdabuynuzlu heyvanların sayını süni olaraq 70 baş quzu əlavə etməklə artırılmasını deməmişdir. 2020-ci ildə liseyin təsərrüfatında olan xırdabuynuzlu heyvanların sayında 70 baş artım olmuş, yəni 70 baş quzu doğulmuşdur. Bu halı Azər 2020-ci ilin dekabr ayına dair hesabatda da göstərmişdir. Liseyin təsərrüfatında olan xırdabuynuzlu heyvanlar öhdəliyində olduğu vaxt Azərin özünün ona deməsinə görə qoyunlar arasında tələf olma halları olmuş, hətta onun mobil telefonuna bir neçə dəfə, ölmüş qoyun şəkilləridə göndərmişdir. Sayını hazırda dəqiq deyə bilməsə də, bəzi vaxtlar Azər yaşları çox olan ana qoyunları sataraq, satış pullarını liseyn mühasibatlığına təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, 2018-ci ildən etibarən Şamaxı peşə liseyndə istehsalat təlim ustası vəzifəsində işləyir. Təqsirləndirilən şəxs X5 təlim-təsərrüfat müdiri vəzifəsində işləmişdir. İşlədiyi müddətdə liseyi təsərrüfatında olan xırdabuynuzlu heyvanlar məhz Təqsirləndirilən şəxs maddi məsuliyyətində olmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs X5 təlim-təsərrüfat müdiri vəzifəsinə təyin olunmuşdur. Elə həmin tarixdə liseyn təsərrüfatında olan xırdabuynuzlu heyvanların sayımı aparılmış və 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş isə dişi quzu olmaqla, ümumilikdə 223 baş xırdabuynuzlu heyvan akt əsasında Təqsirləndirilən şəxs təhvil verilmişdir. Həmin sayımda o da, iştirak etmiş və tərtib olunmuş aktı imzalamışdır. Həmin vaxt sayım heyvanların saxlanıldığı yataqda aparılmışdır. Sayım zamanı təsərrüfatda olan 223 baş xırdabuynuzlu heyvanın demək olar ki, əksəriyyətinin çəkisi normal köklükdən aşağı səviyyədə imiş. xx.xx.2023-cü il tarixdə liseyin direktoru Zərərçəkmiş şəxs və əməkdaşlar Şahid5, Şahid6, çoban Şahid2 və onun iştirakı ilə liseyn təsərrüfatında olan heyvanların sayımı aparılmış və heyvanların saxlanıldığı yataqda 125-i ana qoyun, 5 isə dişi toğlu olmaqla, 130 baş xırdabuynuzlu heyvan aşkar olunmuşdur. Həmin heyvanlar başından və dərisindən rənglənmişdir. Sayım zamanı 125 ana qoyunun bir hissəsinin qoca, arıq, cılız, az hissəsinin isə normal köklük səviyyəsində olması məlum olmuşdur. Sayım zamanı təsərrüfatın çobanı Fazil onlara qoyunların, yataqda ot bitmədiyi üçün çox arıq vəziyyətdə olduqlarını bildirmişdir. Həqiqətən də, sayım zamanı, yataqda ot bitmədiyi, heyvanların qidalanması üçün heç bir şərait olmadığı məlum olmuşdur. Sayım zamanı akt tərtib olunmuş və o da, aktı imzalamışdır. Həmin vaxtdan sonra o, bir daha yatağa getməmişdir. Sonradan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təsərrüfatda olan xırdabuynuzlu heyvanları təhvil verməsi üçün dəfələrlə çağırsa da, Azər çağırışlara getməmişdir. Bir müddət sonra, Təqsirləndirilən şəxs işdən azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs saxlaması üçün çoban Fazilə bir qədər qoyun vermişdir. xx.xx.2024cü il tarixdə liseyn direktorunun göstərişi əsasında, Azərin Fazilə verdiyi qoyunların sayımı aparılmış və Fazildə 45 baş ana qoyun və 2 baş quzu olmaqla, cəmi 47 baş xırdabuynuzlu heyvan aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixdə aparılmış sayım zamanı liseyn təsərrüfatında 130 baş xırdabuynuzlu heyvan olsa da, xx.xx.2024-cü il tarixdə aparılmış sayımda cəmi 47 baş xırdabuynuzlu heyvan aşkar olunmuşdur. Həmin sayımda Təqsirləndirilən şəxs iştirak etməmişdir. Çünki Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs liseyin direktoru vəzifəsinə təyin olunduqdan sonra, təsərrüfatda olan xırdabuynuzlu heyvanları təhvil verməkdən yayınmış, çağırışlara gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 istehsalat təlimi ustası vəzifəsində işləyən Şahid5 Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 2021-ci ilin sonlarından X4 təsərrüfatında çoban işləyir. Peşə liseyinin təlim-təsərrüfat müdiri isə Təqsirləndirilən şəxs olmuşdur. İşə başladığı vaxt liseyin direktoru Şahid3 olmuşdur. Liseyin təsərrüfatında çoban işləməyə başladığı vaxt təsərrüfatda 141-142 baş xırdabuynuzlu heyvan olmuşdur. Liseyin təsərrüfatında olan xırdabuynuzlu heyvanlar məhz təsərrüfat müdiri Təqsirləndirilən şəxs öhdəsində, maddi məsuliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hər ay liseyə öhdəliyində olan xırdabuynuzlu heyvanların sayı, tərkibi, çəkisi barədə hesabat vermişdir. Təsərrüfatda çoban işləməyə başladıqdan bir neçə ay sonra, Təqsirləndirilən şəxs liseyin o vaxtki direktoru Şahid3 hesabat təqdim etməsində o da, iştirak etmişdir. Həmin vaxt Azərin hesabatda liseyin təsərrüfatında 211 baş xırdabuynuzlu heyvan olduğunu qeyd etdiyini görüb, sonuncuya heyvanların sayının 211 baş deyil, daha az olduğunu bildirmişdir. Azər isə ona liseyin təsərrüfatında olan heyvanların sayını çox göstərmək üçün, direktorun ondan hesabatda təsərrüfatda olan xırdabuynuzlu heyvanların sayını süni olaraq 70 baş quzu artırmağı tələb etdiyi üçün, hesabatda məhz təsərrüfatda 211 baş xırdabuynuzlu heyvan olmasını demişdir. Həmin vaxt liseyin təsərrüfatında 141-142 baş xırdabuynuzlu heyvan olsa da, Azər hesabata təsərrüfatda 211 baş xırdabuynuzlu heyvan olmasını yazmışdır. O, liseyn təsərrüfatında çoban işləməyə başladığı vaxt təsərrüfatda olan xırdabuynuzlu heyvanlar baxımsız, cılız vəziyyətdə olmuşdur. 2022-ci ilin yaz aylarında xırdabuynuzlu heyvanları qışlaq sahəsindən yaylaq sahəsinə apardığı vaxt yaxınlıqdakı çayda sel olduğundan, liseyin təsərrüfatında olan xırdabuynuzlu heyvanların 40 başı tələf olmuşdur. O, bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş və əraziyə gələn baytarında iştirakı ilə 40 baş heyvanın tələf olması ilə bağlı akt tərtib olunmuşdur. Şahid3 direktor işlədiyi müddətdə 40 baş xırdabuynuzlu heyvanın təbii fəlakət nəticəsində tələf olmasından əlavə, təsərrüfatda 6-7 baş heyvanda aclıqdan və qocalıqdan tələf olmuşdur. Şahid3 direktor olduğu müddətdə Təqsirləndirilən şəxs təsərrüfatda olan 11 baş qoca qoyunun hər birini 50-60 manata satmışdır. Həmin 11 qoyunun satış pulu alıcılar tərəfindən onun əmək haqqı kartına köçürülmüş, o isə həmin pulu Azərə vermişdir. Şahid3 direktor olduğu müddətdə liseyn təsərrüfatında olan xırdabuynuzlu heyvanların sayında cəmi 40 baş artım olmuş, yəni 40 baş quzu doğulmuşdur. 40 baş quzunun doğulması Azərin tərtib etdiyi hesabatda öz əksini tapmışdır. 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs direktor təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə onunda iştirakı ilə, rayonun Quşçu kəndi yaxınlığında yerləşən qışlaq sahəsində sayım aparılmışdır. Sayım zamanı liseyn təsərrüfatında 125-i ana qoyun 5-i isə dişi toğlu olmaqla, 130 baş xırdabuynuzlu heyvan olmuşdur. Sayımın nəticəsinə dair akt tərtib olunmuş və akt sayımda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sayım aparılan zaman, qışlaq sahəsində heyvanları saxlamaq üçün heç bir şərait olmadığından, bir neçə gün sonra heyvanlar başqa bir yatağa aparılmışdır. 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs sayım aparılan yatağa gəlib, heyvanları orada aşkar etməmişdir. Liseyn təsərrüfatında olan xırdabuynuzlu heyvanları otarmaları üçün yaylaq sahəsi olmadığından, 2023-cü iin may ayında Azər heyvanları bölüşdürərək, bir neçə çobanın qoyun-quzusuna qatıb başqa-başqa yaylaq sahələrinə göndərmişdir. Həmin heyvanların kimlərin sürüləri ilə birlikdə hansı yaylaqlara göndərilməsi barədə onun məlumatı olmamışdır. 2023-cü ilin iyulavqust aylarında Azər üç dəfəyə olmaqla, onun yaşadığı evin həyətinə ümumilikdə 38 baş qoyun gətirmiş və həmin qoyunların liseyin təsərrüfatına məxsus qoyunlar olduğunu bildirmişdir. 2023-cü ilin avqust ayının sonlarında Azər daha 7 baş qoyun gətirib ona vermiş və həmin qoyunlarında liseyin təsərrüfatına məxsus qoyunlar olduğunu bildirmişdir. Bununla da, Azərin ona təhvil verdiyi qoyunların sayı 45 baş olmuşdur. Lakin həmin qoyunların boyası olmamış, liseyn təsərrüfatına məxsus qoyunlar isə 2023-cü ilin yanvar ayında xüsusi boya ilə boyanmışdır. 45 qoyunun 4 başı çox pis vəziyyətdə, ölümcül vəziyyətdə olmuşdur. O, bu barədə liseyin direktoruna məlumat vermiş və sonuncunun özü şəxsən gələrək, Azərin gətirdiyi qoyunlara yerində baxaraq, qoyunların 41-ni liseyin təsərrüfatına qəbul etmiş, 4-nü isə yaşlı, çox cılız, yarımcan olduğu üçün qəbul etməmişdir. Çünki həmin 4 qoyun təsərrüfata qəbul ediləsi vəziyyətdə olmamışdır. Bir neçə gün sonra həmin 4 baş qoyun tələf olmuşdur. O, 4 baş qoyunun tələf olması barədə Azərə məlumat vermişdir. Təxminən sentyabr ayında Azər daha 13 qoyun gətirib ona vermişdir. Həmin qoyunlarında boyası olmamışdır. Sentyabr ayında o, liseyə gedib, qoyunların sayının 54 olduğunu bildirmişdir. Həmin vaxt akt tərtib olunmuş və o da, aktı imzalamışdır. Sonradan 54 baş qoyunun 9 başı xəstəlikdən tələf olmuşdur. O, bu barədə liseyə məlumat vermişdir. Geri qalan 45 baş qoyundan isə 2-i balalamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi hesabatda 2022-ci ilin dekabr ayına liseyn təsərrüfatında 211 baş xırdabuynuzlu heyvan olması göstərilsə də, faktiki olaraq 2022-ci ilin dekabr ayında təsərrüfatda 130 baş xırdabuynuzlu heyvan olmuşdur. Heyvanların sayı əvvəlki direktor Şahid3 tələbi suni olaraq 70 baş artırılmışdır. Həmçinin, tələf olmuş və satılmış heyvanların bir hissəsidə hesabatda silinməmişdir. Yəni, təsərrüfatda faktiki olaraq 130 baş xırdabuynuzlu heyvan olsa da, hesabatda 211 baş göstərilmişdir. Sonradan 2023-cü ilin iyul-avqust aylarında Azər üç dəfəyə olmaqla onun yaşadığı evin həyətinə ümumilikdə 38 baş qoyun gətirmiş və həmin qoyunların liseyin təsərrüfatına məxsus qoyunlar olduğunu bildirmişdir. 2023-cü ilin avqust ayının sonlarında Azər daha 7 baş qoyun gətirib ona vermiş və həmin qoyunların da, liseyin təsərrüfatına məxsus qoyunlar olduğunu demişdir. Bununla da, Azərin ona təhvil verdiyi qoyunların sayı 45 baş olmuşdur. 45 baş qoyunun 4 başı çox pis vəziyyətdə, ölümcül vəziyyətdə olmuşdur. O, bu barədə liseyə məlumat vermiş və sonuncu həmin qoyunların 41-ni liseyn təsərrüfatına daxil edəcəyini bildirib qəbul etsə də, 4-nü isə qoca və çox cılız, yarımcan olduğu üçün qəbul etməmişdir. Bir neçə gün sonra həmin 4 baş qoyun ölmüşdür. O, bu barədə Azərə məlumat vermişdir. Sentyabr ayında Azər daha 13 baş qoyun gətirib ona vermiş və həmin qoyunların da, liseyin qoyunları olduğunu bildirmişdir. Azərdən qoyunların qalan hissəsinin harada olduğunu, nə üçün gətirmədiyini soruşduqda, sonuncu ona 60-dan artıq qoyunun tələf olduğunu demişdir. Sentyabr ayında o, liseyə gedib, qoyunların sayının 54 olduğunu bildirmişdir. 54 baş qoyun liseyin təsərrüfatının qoyunları olmuş və onların bir hissəsi qoca heyvanlar imiş. Sonradan 54 baş qoyunun 9 başı qoca və xəstə heyvanlar olduqları üçün ölmüşdür. Bu barədə də, liseyin məlumatı vardır. Geri qalan 45 baş qoyunun isə bir müddət sonra 2-si qoca heyvanlar olduqları üçün tələf olmuş, 2 heyvan isə balalamışdır, yəni 2 quzu doğulmuşdur. 2024-cü ilin aprel ayında Azər liseyin təsərrüfatına əlavə olunması üçün ona daha 30 baş qoyun vermişdir. Azər ona 30 baş qoyunu öz vəsaiti hesabına aldığını demişdir. 23 aprel 2024-cü il tarixdə liseyinn əməkdaşları tərəfindən, Azərin ona verdiyi qoyunların sayımı aparılmış və bu barədə akt tərtib olunmuşdur. Həmin vaxt ona 73 baş qoyun var olmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ildə ona ümumilikdə 58 baş qoyun vermiş, həmin qoyunların 4-ü çox qoca, xəstə, tam yararsız vəziyyətdə olmuş, bir iki gün sonra ölmüşdür. Həmin 4 baş qoyunu liseyn təsərrüfatına daxil etmək mükün deyilmiş, çünki qoyunları Azər ona verərkən onlar artıq ölümcül vəziyyətdə olmuşlar. Buna görə də, liseyn direktoru həmin 4 qoyunu qəbul etməmiş, geri qalan 54 qoyunu isə liseyn təsərrüfatına qəbul edəcəyini bildirmişdir. Həmin 54 baş qoyun liseyin təsərrüfatının qoyunları imiş. Yəni Təqsirləndirilən şəxs liseyin təsərrüfatına aid 130 baş qoyunun cəmi 54 başını ona təhvil vermişdir. 54 baş qoyunun 11 başı yaşlı və xəstə heyvan olduqları üçün sonradan tələf olmuşdur. 2024-cü ilin aprel ayında isə Azər ona liseyin təsərrüfatına əlavə olunması üçün əvvəlcə 30 baş qoyun, daha sonra isə 19 baş qoyun vermişdir. xx.xx.2023-cü il tarixdə aparılmış sayımdan sonra heyvanları bölüşdürərək, bir neçə çobanın qoyun-quzusuna qatıb başqabaşqa yaylaq sahələrinə göndərməsini deməsindən sonra Azər ümumilikdə ona 103 baş qoyun vermiş, həmin qoyunların 54 başı liseyn təsərrüfatına məxsus qoyunlar olmuşdur. 49 qoyunu isə Azər öz hesabına alaraq, liseyin təsərrüfatına əlavə etmək üçün ona vermişdir. Təqsirləndirilən şəxs öhdəliyində olmuş liseyin təsərrüfatına məxsus 130 baş xırdasbuynuzlu heyvanın 54 başını yaylaqdan qaytararaq, ona vermişdir. 76 baş heyvanın isə tələf olduğunu bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs hesabında yaranmış 76 baş xırdabuynuzlu heyvan - qoyun çatışmazlığı ilə bağlı 2024-cü ilin aprel ayında liseyin təsərrüfatına əlavə olunması üçün ona 49 baş qoyun vermişdir. Azər həmin qoyunları öz şəxsi vəsaiti hesabına almışdır. 2024-cü ilin iyun ayının əvvəlində isə Azər ona liseyin təsərrüfatına əlavə olunması üçün daha 10 baş heyvan vermişdir. Bununla da, Azərin ona verdiyi heyvanların ümumi sayı 113 baş olmuşdur. Bundan sonra isə, Azər liseyin təsərrüfatına əlavə olunması üçün iyul ayı ərzində ona əvvəlcə 10 baş, daha sonra isə 7 baş qoyun vermişdir. Bununla da, Azərin ona verdiyi qoyunların ümumilikdə sayı 130 olmuşdur. Həmin qoyunlar arasında sonradan satış və tələf olma halları olmuşdur. Azər öhdəliyində yaranmış 76 baş xırdabuynuzlu heyvan çatışmazlığı ilə bağlı, 76 baş heyvanın hamısını liseyin təsərrüfatına əlavə olunması üçün ona təhvil vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan X4 direktoru vəzifəsini icra edən (sabiq) Şahid3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən X5 təlim təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, X4 direktoru vəzifəsini icra edən (sabiq) Şahid3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 28 oktyabr 2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, liseyin təlim təsərrüfat müdiri kimi Təqsirləndirilən şəxs ona etibar edilmiş qoyunlar, digər qiymətlilərin və başqa maddi sərvətlərin qorunmasını təmin etmək, onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər vermək, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görmək, ona etibar edilmiş qoyunların və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etmək, işə götürən tərəfindən etibar edilmiş xırdabuynuzlu heyvanların saxlanmasını, satışını, bütünlüyünü və mühafizəsini təmin etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür. İş materiallarında olan 28 oktyabr 2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, X4 təlim təsərrüfatında olan 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş dişi quzu olmaqla, ümumilikdə 223 baş xırdabuynuzlu heyvan yeni təyin olunmuş təlim təsərrüfat müdiri maddi məsul şəxs Təqsirləndirilən şəxs təhvil verilmiş, Təqsirləndirilən şəxs aktı imzalamaqla həmin heyvanları təhvil almışdır. İş materiallarında olan X4 təlim təsərrüfat müdiri Təqsirləndirilən şəxs tərəfindən tərtib olunmuş 2020-ci ilin oktyabr ayına dair hesabatdan görünür ki, 2020-ci ilin oktyabr ayında liseyn təlim təsərrüfatında 159 baş ana qoyun, 2 baş törədici qoç, 33 baş şişək, 5 baş erkək quzu, 24 baş isə dişi quzu olmaqla, ümumilikdə 223 baş xırdabuynuzlu heyvan mövcud olmuşdur. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli 07 nömrəli inventarizasiya cədvəlindən görünür ki, həmin tarixdə X4 təlim təsərrüfatında 125 baş ana qoyun, 5 baş dişi toğlu olmaqla ümumilikdə 130 baş xırdabuynuzlu heyvan olmuşdur. İş materiallarından görünür ki, X4 təlim təsərrüfatına məxsus xırda buynuzlu heyvanların yaşının artması ilə əlaqədar olaraq qrup dəyişikliyi barədə 10 yanvar 2023-cü il tarixli aktda göstərilmişdir ki, 2022 ci ilin yanvar və dekabr aylarında təqdim edilmiş hesabatlarda heyvanların yaş artımı ilə əlaqədar qrup dəyişikliyi düzgün əksini tapmamışdır. Belə ki, sonuncu hesabatda (dekabr 2022 ci il) qeyd olunan 47 baş toğlu qoçdan 2-si törədici qoç, 45-i isə sair erkək toğlu qoç olmalı, 3 baş şişək ana qoyun qrupuna, 21 baş erkək quzu (2022) erkək toğlu qrupuna, 5 baş dişi quzu (2022) dişi toğlu qrupuna keçməli idi. Həmin akta əlavə olunmuş hesabatdan görünür ki, 2023-cü ilin yanvar ayında X4 təsərrüfatında ümumi çəkisi 3308 kq olan 138 baş ana qoyun, ümumi çəkisi 56 kq olan 2 baş törədici qoç, ümumi çəkisi 874 kq olan 45 baş toğlu qoç, ümumi çəkisi 336 kq olan 21 baş erkək toğlu, ümumi çəkisi 80 kq olan 5 baş dişi toğlu olmaqla ümumilikdə 211 baş xırdabuynuzlu heyvan olmuşdur. İş materiallarında olan X4 direktoru Zərərçəkmiş şəxs tərəfindən verilmiş 20 dekabr 2023-cü il tarixli 53 nömrəli əmrdən görünür ki, liseyin təlim-təsərrüfat müdiri Təqsirləndirilən şəxs əmək funksiyasını kobudcasına pozduğuna, müqavilə öhdəliklərinə əməl etmədiyinə, barəsində görülən intizam tənbehlərindən nəticə çıxartmadığına görə, onunla bağlanmış 28 oktyabr 2020-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1234 saylı məhkəmə- əmtəəşünaslıq ekspertiza rəyindən görünür ki, 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə ümumi çəkisi 3308 kq olan ana qoyunların bir vahidinin qiyməti 170 manat olmaqla 138 baş ana qoyunun ümumi dəyəri 23460 manat, ümumi çəkisi 56 kq olan törədici qoçların bir vahidinin qiyməti 250 manat olmaqla 2 baş törədici qoçun ümumi dəyəri 500 manat, ümumi çəkisi 874 kq olan toğlu qoçların bir vahidinin qiyməti 170 manat olmaqla, 45 baş toğlu qoçun ümumi dəyəri 7650 manat, ümumi çəkisi 336 kq olan erkək toğluların bir vahidinin qiyməti 150 manat olmaqla, 21 baş erkək toğlunun ümumi dəyəri 3150 manat, ümumi çəkisi 80 kq olan dişi toğluların bir vahidinin qiyməti 140 manat olmaqla, 5 baş dişi toğlunun ümumi dəyəri 700 manat olmaqla, ümumilikdə 211 baş xırdabuynuzlu heyvanın ümumi dəyəri 35460 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hesabında yaranmış 76 baş xırdabuynuzlu heyvan çatışmazlığı həmin şəxs tərəfindən tam şəkildə aradan qaldırılmış və 76 baş xırdabuynuzlu heyvan X8 təsərrüfatının çobanı Şahid2 təhvil verilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə Təqsirləndirilən şəxs vurulmuş ziyanın əvəzi olaraq 12770 manat məbləğində pulun tutularaq, X4 xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və iş üzrə zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, ona əlavə cəza kimi dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zamanda, məhkəmə iş üzrə zərərçəkmiş hüquqi şəxs X4 təqdim etdiyi mülki iddia ərizəsinə aşağıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya tələbini dəqiqləşdirilməsi və müvafiq sübutları məhkəməyə təqdim etməsi təklif olunmasına baxmayaraq, həmin nöqsanlar aradan qaldırılmadığından, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericilyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülkiprosessual qanunvericiliyn normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası CPM-nin 353.4.10-cu maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hisssində mülki iddianın həlli göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs X4 mülki iddiası baxılmamış saxlanmalı və ona cinayət əməli nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 1 (bir) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 5500 (beş min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddiaçı X4 cavabdeh Təqsirləndirilən şəxs qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. X6 cinayət əməli nəticəsində ona vurulmuş zərərin tələb edilməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar