Məhkəmə qərarları › İş №1(074)-71/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-71/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-71/2025 29.10.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Şamaxı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, "xxxx" MMC-də fəhlə işləyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasındaaçıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qanunsuz olaraq gizli yolla talamaq məqsədilə 19 mart 2025-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs Xanbutay oğluna məxsus olmaqla, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən açıq ərazidən qiyməti 1800 (min səkkiz yüz) manat olan bir ədəd dörd tonluq dəmir çəni oğurlayıb aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 1800 (min səkkiz yüz) manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, həmin vaxtlar müxtəlif şəxslərin evində günlük işlər görüb pul qazanmışdır. 2025-ci ilin mart ayının 10-19 tarixlərində Şamaxı rayonu, Nağaraxana kəndində fəhlə kimi işləməyə başlamışdır. Həmin vaxtlarda işə gedib gələrkən boş torpaq sahəsində, hansı ki, ətrafında girişi mədudlaşdıran heç bir mane olmayan yerdə bir ədəd təxminən 4 ton su tutumlu dəmir çənin olmasını görmüş, həmin çənin kimə məxsus olduğunu, satılıb satılmadığını kənd sakinlərindən maraqlanmış, lakin maraqlandığı şəxslər çənin kimə məxsus olmasını, satılıb satılmadığını bilmədiklərini, uzun müddətdir ki, həmin ərazidə olduğunu, neft çəni olmasını bildirmişdirlər. Buna görə də qərara gəlmişdir ki, həmin çəni götürüb, Qobustan rayonu, Təklə kəndi ərazisində əkdiyi ağacları sulamaqda istifadə etsin. Buna görə də, Qobustan rayonu, Təklə kəndində yaşayan yük avtomobilinin sürücüsü kimi şifahi tanıdığı Namiq adlı şəxsə müraciət edib, Şamaxı rayonu, Nağaraxana kəndində 4 ton su tutumlu dəmir çəninin olmasını deyib, həmin çəni Təklə kəndinə aparmağı təklif etmiş və Namiq adlı şəxs bir ədəd 4 ton su tutumlu dəmir çəni Qobustan rayonu, Təklə kəndinə aparması üçün ondan yol haqqı olaraq 70 (yetmiş) manat pul istəmiş və Namiq adlı şəxslə razılaşmışdır. Bundan sonra 19 mart 2025-ci il tarixdə təxminən saat 16 radələrində işlərini yekunlaşdırıb Namiq adlı şəxsə zəng edib gəlməsini bildirmişdir. Həmin tarixdə təxminən saat 19 radələrində Namiq adlı şəxs Nağaraxana kəndi ərazisinə gəldikdən sonra ətrafda olan iki nəfər tanımadığı şəxsdən həmin çəni Namiq adlı şəxsin idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı “Qazel” markalı yük avtomobilinə yükləməyə köməklik etmələrini xahiş etmiş, sonra həmin şəxslərlə birlikdə çəni Namiqin idarə etdiyi yük avtomobilinə yükləmişlər. Daha sonra Namiqlə birlikdə Qobustan rayonu, Təklə kəndində ağaclar əkdiyi əraziyə gedib çəni oraya düşürtmüşdürlər. Çəni düşürtdükdən sonra Namiqə razılaşdıqları 70 manat məbləğində pulu verdikdən sonra Namiq oradan uzaqlaşmışdır. Həmin vaxtdan evinə gətirdiyi bir ədəd 4 ton su tutumlu dəmir çənini həyətində işlətməyə başlamışdır. 16 sentyabr 2025-ci il tarixdə polis əməkdaşları etdiyi oğurluq hadisəsinə görə onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər və ona izah etmişlər ki, həmin 4 ton su tutumlu dəmir çən Şamaxı rayonu, Nağaraxana kəndində yaşayan Zərərçəkmiş şəxs Xanbutay oğluna məxsus olub. Bundan sonra ona məlum olmuşdur ki, həmin 4 ton su tutumlu dəmir çən Sədaqətindir. Həmin su çənini Sədaqətə qaytarmışdır, törətdiyi cinayət əməlinə görə peşmandır. O, 1 ədəd 4 ton su tutumlu dəmir çəndən başqa heç bir əşya və ya prediment oğurlamamış və digər bir cinayət hadisəsi törətməmişdir. Ona yuxarıda göstərdiyi əməli törətməkdə başqa hansısa şəxs köməklik etməmiş, həmin əməli törətməyi o özü qərara almış və etmişdir. Kimlərinsə törətdiyi hadisədən məlumatları olduğu halda bu barədə polisə məlumat verəcəyindən ehtiyat etdiyi üçün həmin əməli törətməsini kənar şəxs və ya şəxslərin, həmçinin ailə üzvlərinin məlumatı olmamışdır. Namiq və qeyd edilən dəmir çəni “Qazel” markalı yük avtomobilinə yüklənə iki nəfər şəxsin həmin çənin oğurluq olmasından məlumatları olmamışdır. Bu barədə həmin şəxslərə heç bir söz deməmişdir. O, həmin şəxslərə 4 tonluq dəmir çəni aldığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəyərək onunla barışdığını bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, təxminən 2024-cü ildə yaşadığı Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində 4 tonluq, uzunluğu 2, eni və hündürlüyü 1,5 metr, divarının qalınlığı 0,5 millimetr dəmir materialdan olan çən düzəltdirib, həmin çəni gələcəkdə istifadə etmək üçün Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsinə qoymuşdur. Həmin çənin yerində olub-olmamasını yoxlamaq üçün mütəmmadi olaraq həmin əraziyə gedib baxmışdır. Sonuncu dəfə 15 mart 2025-ci il tarixdə həmin əraziyə gedib, çənin yerində olduğunu müəyyən etdikdən sonra Bakı şəhərinə getmişdir. 31 mart 2025-ci il tarixdə Bakı şəhərindən qayıtmış və çənin yerində olub-olmadığını yoxlamaq üçün çənin olduğu əraziyə getmiş, lakin çənin qoyduğu yerdə olmadığını, çənin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını müəyyən etmiş, lakin həmin vaxt bu barədə polisə məlumat verməyib, çənin kim tərəfindən oğurlandığını tapmaq üçün axtarışa başlamışdır. Bir neçə gün çəni oğurlamış naməlum şəxs və ya şəxsləri axtarsa da, tapa bilməyib, 02 aprel 2025-ci il tarixdə baş vermiş hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Əvvəllər yaşadı kənddə oğurluq hadisələrinin baş verib-berməməsindən məlumatı yoxdur. Oğurluq baş vermiş ərazidə müşahidə kamerası olmamışdır. Ona məxsus dəmir su çəninin qiyməti təxminən 2100 manatdır. Həmin çən təxminən bir ilə yaxın idi ki, açıq hava şəraitində qalmışdır. Ona məxsus dəmir su çəni Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşən ona məxsus ətrafı çəpərə alınmamış, boş ərazidə olmuş və oradan oğurlanmışdır. Şamaxı RPŞ-də aparılan araşdırma zamanı ola bilsin ki, təhqiqatçı onu yalnış anlamış olsun. Ona görə də, izahatında oğurlanmış çənin dəyərini 350-400 manat kimi qeyd edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, onunla barışdığını və ona qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ona məxsus “Qazel” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Həmin avtomobil ilə müxtəlif şəxslər üçün iri və xırdabuynuzlu heyvanları, əmtəə məhsulları, əşyalar daşıyır. Təqsirləndirilən şəxs Şamaxı rayon sakini kimi tanıyır. Əvvəllər bir dəfə İntizam üçün Şamaxı rayonu, Nağaraxana kəndi ərazisindən Qobustan rayonu, Təklə kəndinə bir ədəd 4 tonluq dəmir çən aparmışdır. Təxminən 2025-ci ilin mart ayının ortalarında Qobustan rayonu, Təklə kəndində olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb, Şamaxı rayonu, Nağaraxana kəndində 4 ton su tutumlu dəmir çəninin olmasını deyib, həmin çəni Təklə kəndinə aparmağı təklif etmiş və o, İntizamdan bir ədəd 4 ton su tutumlu dəmir çəni Qobustan rayonu, Təklə kəndinə aparmaq üçün yol haqqı olaraq 70 (yetmiş) manat pul istəmiş və İntizam onunla razılaşmışdır. Bundan sonra 19 mart 2025-ci il tarixdə təxminən saat 16 radələrində İntizam ona zəng edib Nağaraxana kəndinə gəlməsini tapşırmışdır. O, işlərini həll edib Şamaxı rayonu, Nağaraxana kəndinə, İntizamın yanına getmişdir. İntizam onu yol kənarında gözlədiyi yerdə boş sahədə olan bir ədəd dəmir çəni göstərib, həmin çəni idarə etdiyi maşına yükləyəcəklərini demişdir. Bundan sonra çəni avtomobilin yük yerinə qoymaq üçün İntizam yaxınlıqdan keçən iki nəfər tanımadığı şəxsdən həmin çəni onun idarə etdiyi yük avtomobilinə yükləməyə köməklik etmələrini xahiş etmiş, sonra həmin şəxslərlə birlikdə çəni idarə etdiyi yük avtomobilinə yükləmişlər. Daha sonra İntizamla birlikdə Qobustan rayonu, Təklə kəndində yerləşən İntizamın ağaclar əkdiyi əraziyə gedib çəni oraya düşürmüşər. Çəni düşürdükdən sonra İntizam razılaşdıqları 70 manat məbləğində pulu verdikdən sonra o, oradan uzaqlaşmışdır. Şamaxı rayon polis şöbəsinə dəvət edildikdən sonra həmin çənin oğurluq olmasından və Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından məlumatı olmuşdur. Lakin Təqsirləndirilən şəxs qeyd edilən bir ədəd çənin oğurlamasından hər hansı məlumatı olmamışdır. O, sadəcə pul qarşılığında həmin bir ədəd çəni deyilən yerdən götürüb, daşımaqla məşğul olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaq aparılmışdır. “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri - Zərərçəkmiş şəxs Xanbutay oğluna məxsus olmaqla Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim edilən ərazi Şamaxı-Pirqulu avtomobil yolunun kənarında olmaqla, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində yerləşməklə, həmin torpaq sahəsinin ətrafı çəpərlənməmiş, sərbəst girib çıxılan, hər hansı tikili olmayan boş torpaq sahəsidir. Zərərçəkmiş şəxs Xanbutay oğlu həmin torpaq sahəsində bir ədəd 4 tonluq dəmir materialdan hazırlanmış su çəninin olduğunu, həmin çənin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirib həmin yeri təqdim etmişdir. Müəyyən edilmişdir ki, qeyd edilən bir ədəd çən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən Zərərçəkmiş şəxs Xanbutay oğluna məxsus torpaq sahəsindən oğurlanmışdır, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilməklə iş materiallarına əlavə edilmişdir. “Əşyaların qiymətləndirilməsi haqqında” 03 iyun 2025-ci il tarixli rəydən görünür ki, bir il açıq hava şəraitində qalmış, hər birinin uzunluğu 02 (iki) metr, eni 1,5 (bir tam onda beş) metr, qalınlığı 0,5 (sıfır tam onda beş) santimetr olan dəmir lövhənin bir ədədi 350 (üç yüz əlli) manat olmaqla - 04 ədəd dəmir lövhənin qiyməti ümumilikdə 1400 (min dörd yüz) manat, hər birinin uzunluğu və eni 1,5 (bir tam onda beş) metr, qalınlığı 0,5 (sıfır tam onda beş) santimetr olan dəmir lövhənin bir ədədi 200 (iki yüz) manat olmaqla - 02 ədəd dəmir lövhənin qiyməti ümumilikdə 400 (dörd yüz) manat, hər birinin uzunluğu 02 metr olmaqla 10-luq şvellerin bir ədədi 100 (yüz) manat olmaqla - 02 ədəd dəmir şvellerin qiyməti 200 (iki yüz) manat və hər birinin uzunluğu 1,5 metr olmaqla 10-luq şvellerin bir ədədi 50 (əlli) manat olmaqla - 02 ədəd dəmir şvellerin qiyməti 100 (yüz) manat dəyərində müəyyən edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 16 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2025-ci il tarixdə saat 21:50 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 17 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim edilən əşyanı xüsusi əlamətlərindən tanıdığını və ona məxsus olmasını bildirmişdir. “Maddi sübut kimi tanınma haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zamanı götürülmüş bir ədəd 4 tonluq dəmir çən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir. Qəbzdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olan və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən ona məxsus torpaq sahəsindən oğurlanmış bir ədəd 4 toluq dəmir çəni təhvil almışdır. Şamaxı RMX-sı publik hüquqi şəxsin 22 sentyabr 2025-ci il tarixli, 18-1-72/2-1620/2025 saylı məktubundan görünür ki, ünvan 1-də qeydiyyatda olan 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi Əsəb qeydiyyatında yoxdur. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş 22 sentyabr il 2025-ci cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1963-cü il tarixdə anadan olmuş və ünvan 2 ünvanında yaşayır. Təqsirləndirilən şəxs barəsində ailə üzvləri və qonşuları tərəfindən RİH başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. "xxxx" MMC-nin 22 sentyabr 2025-ci il tarixli DZ-2209.1/2025 nömrəli qiymətləndirmə hesabatından görünür ki, 01 ədəd 4 ton su tutumuna malik, 1 il açıq hava şəraitində istifadə edilmiş, düzbucaqlı formasında, uzunluğu 2, eni və hündürlüyü 1,5 metr, divarının qalınlığı 0,5 millimetr dəmir materialdan olan çənin dəyəri:1800 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsininə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddələri ilə təqsirli bilinərək 11 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü dəyişdirələk Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29, 120.2.2-ci maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək Təqsirləndirilən şəxs 06 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qobustan rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 26 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci il maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. "xxxx" MMC-nin 29 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin MMC-də fəhlə işləyir və aylıq əmək haqqı 400 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsilə yanaşı, şahidin ifadəsi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talayaraq oğurluq etməsi tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum edilərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qobustan rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Həmin vaxtdan 6 ildən artıq müddət keçdikdən sonra hazırki əməli törətdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Lakin məhkəmə məhkumluğu ödənilmiş olsa belə, təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə bir dəfə məhkum edilməsini və islah olunmadan yenidən qəsdən cinayət törətməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növlərinə alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyənlədirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Məkəmə hesab edir ki, təsirlədirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirlədirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənatə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün bərabər tutulmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut bir ədəd 4 ton su tutumlu dəmir çənin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 66 (altış altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti islah işlərinin bir gününə dörd gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış bir ədəd 4 tonluq dəmir çənin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 6 saat hüquqi yardım göstərməsinə görə 66 (altış altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar