Məhkəmə qərarları › İş №1(074)-72/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-72/2023

29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-72/2023 29.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1980-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X2 Xidmətinin Çuxuryurd qaz paylayıcı stansiyasında operator işləyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Məlhəm kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində, Şamaxı rayonu, Məlhəm kəndində yerləşən yaşadıqları evdə, atası Şahid1 ilə arvadı Zərərçəkmiş şəxs hərəkətlərinə əsəbləşib, əli ilə sonuncunun boynunun ön səthindən tutaraq, sağlamlığa zərər vurmayan, yumruqla isə sonuncunun sol qol nahiyyəsinə bir dəfə yumruqla vuraraq, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs arvadıdır və onlar birlikdə Şamaxı rayonunun Məlhəm kəndində yaşayırlar. Arvadı ilə münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Lakin, son aylarda hər hansısa bir dost-tanışı ilə yeyib-içməyə gedib-gələndən sonra, arvadı Nurangiz evdə əsassız olaraq onunla mübahisə yaratmışdır. Bu səbəbdən, aralarında bir neçə dəfə mübahisələri baş vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, axşam saatlarında yaşadıqları evdə olan zaman, yenidən aralarında mübahisə baş vermiş və həmin vaxt o, Nurangizin sol qoluna bir dəfə yumruqla vurmuş, daha sonra əsəbi sakitləşmədiyinə görə, yataq otaqlarında Nurangizin qolundan tutub sıxmış və boğazından tutaraq, itələmişdir. Hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Baş vermiş hadisə ilə bağlı Nurangizlə hazırda barışdığını, sonuncuya xəsarət yetirdiyinə görə, əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əri Təqsirləndirilən şəxs ilə birlikdə Şamaxı rayonunun Məlhəm kəndində yaşayır. Əri Nadirlə əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlar müxtəlif səbəblərdən aralarında mübahisələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində yaşadıqları evdə olan zaman, Nadirlə aralarında yenidən mübahisə olmuşdur. Həmin zaman yataq otağında, Nadir bir dəfə yumruqla onun sol qoluna vurmuş, daha sonra boğazından tutaraq itələmişdir. Bundan sonra, o, baş verən hadisə ilə bağlı DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 234 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlər - boynun ön səthinin sıyrığı, sol bazunun aşağı 1/3-nin dirsək oynağına keçən səthinin hematoması küt əşyanın təsirindən törənməklə, xx.xx.2023-cü il tarixdə törənməyə uyğun gəlir, xəsarətlərdən boynun ön səthinin sıyrığı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcəsi təyin edilmir, sol bazunun hematoması dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış və onun cinayət məsuliyyətindən azad edilməsi halları olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə, icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən, cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 4 saat hüquqi yardım göstərməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 4 saat hüquqi yardım göstərməsinə görə 24 (iyirmi dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar