Məhkəmə qərarları › İş №1(074)-72/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-72/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-72/2024 16.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, qanunsuz olaraq, bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat və bir ədəd avtomat darağı əldə edib saxlamış və üzərində gəzdirməklə, Şamaxı rayonu ərazisinə daşımış, 19 iyun 2024-cü il tarixdə, saat 21 radələrində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Şamaxı rayonu ərazisində yerləşən “Bənövşə” restoranın yaxınlığında saxlanılaraq, rayon polis şöbəsinə gətirilməklə, həmin tarixdə, saat 22:00-da rayon polis şöbəsinin inzibati binasında üzərinə və əlində olan polietilen çantaya baxış keçirilən zaman, əlindəki polietilen çantadan 01 ədəd nömrəsi silinmiş, 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində silah zavodunda istehsal olunmuş, AK-74 modelli, Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəş üçün yararlı, yivli odlu silah olan avtomat və zavod üsulu ilə istehsal olunmuş, içərisində 30 (otuz) ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsi, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən bir neçə ay əvvəl, yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən qəbirstanlığın yaxınlığında, piyada yol kənarı ilə hərəkət edərkən, yerdə bir çantanın olmasını görüb, yaxınlaşıb həmin çantanı götürmüşdür. O, həmin çantanı açıb, içərisindən bir ədəd “Kalaşnikov” markalı avtomat və bir ədəd boş avtomat darağı olmasını görüb, özü üçün saxlamaq qərarına gəlmişdir. O, həmin “Kalaşnikov” markalı avtomatı və bir ədəd boş avtomat darağını yaşadığı evə gətirib gizlətmişdir. O, qərara gəlmişdir ki, nə vaxtsa imkan edəndə avtomatı satar. Avtomatı evində bir müdət saxlasa da, satmaq üçün elə bir şərait tapa bilməmiş, həm də, avtomatı evində saxlamağından narahat olmuşdur. Avtomat və darağını Bakı şəhərində satarsa, tutula biləcəyindən ehtiyatlanıb, qərara gəlmişdir ki, Bakı şəhərinə yaxın rayonların birində satsın. Bu məqsədlə, Şamaxı rayonunda satmaq qərarına gəlmiş və buna görə də, 19 iyun 2024-cü il tarixdə “Kalaşnikov” markalı avtomatı və bir ədəd boş avtomat darağını polietilen çantaya qoyub, həmin tarixdə axşam saatlarında Bakı şəhərindən tanımadığı taksi ilə Şamaxı rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Şamaxı rayonu ərazisində yerləşən “Bənövşə” restoranının yaxınlığında taksidən düşmüş və restoranın yaxınlığında olarkən, iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim edib, ona üzərində odlu silahın olduğunu bildirmişlər. Bundan sonra, polis əməkdaşlarının dəvəti ilə birlikdə Şamaxı rayon polis şöbəsinə getmişdirlər. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə və əlindəki çantaya baxış keçirilmişdir. Baxış zamanı, çantadan bir ədəd “Kalaşnikov” markalı avtomat və bir ədəd boş avtomat darağı aşkar olunmuşdur. Daha sonra, həmin əşyalar qablaşdırılaraq, üzəri möhürlənmiş, bununla bağlı protokol tərtib olunaraq, həmin protokolu o, vəkil və baxışda iştirak edən digər polis əməkdaşları imzalamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 19 iyun 2024-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq odlu silah saxlaması və Şamaxı rayonu ərazisinə daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında, həmin gün, saat 21 radələrində əməliyyat müvəkkili X1 ilə birlikdə Şamaxı rayonu ərazisində yerləşən “Bənövşə” restoranının yaxınlığında Təqsirləndirilən şəxs adlı şəxsin əlamətlərinə oxşar şəxsi müəyyən edərək, həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişdirlər. Onlar həmin şəxsə üzərində odlu silah saxlamaqda şübhəli olduğunu bildirib, Şamaxı RPŞ-nə dəvət etmişdirlər. Həmin şəxs etiraz etməyərək, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında həmin şəxsin həqiqətən də, Bakı şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkilişdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərinə və əlində olan polietilen çantaya baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əlində olan paketin içərisindən bir ədəd “Kalaşnikov” markalı avtomat və 1 ədəd avtomat darağı aşkar olunub götürülmüş, daha sonra onların iştirakı ilə həmin silah və 1 ədəd avtomat darağı qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Baxış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə və əlində olan polietilen çantasına baxış keçirilmişdir. Baxış zamanı, çantanın içərisindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq aşkar olunaraq, götürülmüş və qablaşdırılaraq, çantanın üzəri möhürlənmiş və protokol tərtib edilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs çantanın ona məxsus olmasını, içərisində olan “Kalaşnikov” markalı avtomatın və bir ədəd darağın isə Bakı şəhərində, Yasamal rayonunun ərazisində tapdığını və həmin əşyaları satmaq niyyətilə gəzdirdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/1067 nömrəli ekspert rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində silah zavodunda istehsal olunmuş, AK- 74 modelli, “Kalaşnikov” konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissələri hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə xarici dövlətdə, silah zavodunda istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı (AK-74, AKS-74, AKS-74U) modelli avtomatların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, təqdim edilmiş 01 ədəd 5,45 mm kalibrli, nömrəsi silinmiş “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. İş materiallarından görünür ki, 01 ədəd 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, AK-74 modelli, istifadə üçün yararlı yivli odlu silah olan avtomat və zavod üsulu ilə istehsal olunmuş, içərisində 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli avtomatların komplekt hissəsi, istifadə üçün yararlı olan 01 ədəd darağı cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli hökmü ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçmədən, hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, AK-74 modelli, istifadə üçün yararlı yivli odlu silah olan avtomat və zavod üsulu ilə istehsal olunmuş, içərisində 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli avtomatların komplekt hissəsi, istifadə üçün yararlı olan 01 ədəd darağı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunmalı və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, AK-74 modelli, istifadə üçün yararlı yivli odlu silah olan avtomat və zavod üsulu ilə istehsal olunmuş, içərisində 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli avtomatların komplekt hissəsi, istifadə üçün yararlı olan 01 ədəd darağı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə olunsun və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat saxlancına təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar