Məhkəmə qərarları › İş №1(074)-72/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-72/2025

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-72/2025 28.01.2026 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs Elburus oğlu, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - X2, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2008-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Muğanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Şamaxı rayonu, Muğanlı kəndində piyada hərəkətdə olan zaman, hər birinin dəyəri 1000 (bir min) manat olan iki baş iribuynuzlu heyvanı (inək) küçədə sahibsiz görərək, tamah niyyəti ilə özgənin əmlakını, yəni həmkəndlisi Zərərçəkmiş şəxs Elburus oğluna məxsus həmin iribuynuzlu heyvanları gizli yolla talamaq qərarına gəlmiş, bu məqsədlə niyyətini həyata keçirmək üçün, ətrafda heç kimin olmamasından istifadə edərək, heyvanları gizli olaraq talayıb, gözətçi işlədiyi yaşadığı evin yaxınlığında yerləşən yaşayış olmayan fərdi yaşayış evinin həyətindəki zirzəmiyə aparmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat məbləğində ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndə qismində X1 iştirakı ilə dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2025-ci il tarixdə, günorta saatlarında yaşadığı Muğanlı kəndində yerləşən evinə gedən zaman, magistral yolun kənarında iki baş dananın otladığını görmüşdür. Həmin heyvanların yanında hər hansısa bir şəxs olmadığından, o, həmin danaları oğurlamaq qərarına gəlmiş və heyvanları yaşadığı ev istiqamətinə gətirmişdir. Bundan sonra o, dostu Elgünə zəng edərək, iki baş dananın oğurladığını, həmin heyvanları aparıb satmaq istədiyini bildirmişdir. Daha sonra, o, qohumu Familə zəng edərək, heyvan oğurladığını, heyvanları avtomobilə mindirib, aparmaq lazım olduğunu demişdir. Həmin gün Famil və Elgün “VAZ 2107” markalı avtomobil ilə onların evinə gəlmişdir. Elgün ona demişdir ki, həmin heyvanları öz atasına satacaqdır. Onlar heyvanları Elgünün evinə gətirib, həyətlərində avtomobildən endirmişdirlər. Daha sonra, Elgünün atası evə gəlmiş və heyvanlara baxaraq, hansı qiymətə heyvanı satmaq istədiyini soruşduqda, o, Elgünün atasına 1000 manata satacağını bildirmişdir. Lakin, Elgünün atası onunla razılaşmayaraq, baha qiymətə satdığını söyləmişdir. Sonunda o, 850 manata sata biləcəyini bildirdiyindən, onunla razılaşmış və ilk əvvəl Elgünün atası ona 50 manat beh vermişdir. Bundan sonra, o, Famil ilə Muğanlı kəndinə qayıtmış və axşam yenidən Elgünün evinə gedərək, onun atasından 800 manat pul almışdır. Aldığı puldan 50 manatını Familə, 400 manatını isə Elgünə vermişdir. Oğurladığı heyvanlar təxminən 5-6 aylıq olmuşdur. Oğurluq nəticəsində əldə etdiyi pulu özü üçün xərcləmişdir. Bu hadisədən bir neçə gün sonra eşitmişdir ki, Muğanlı kənd sakini Elməddinin iki baş iribuynuzlu heyvanları itmiş və o zaman bilmişdir ki, oğurlamış olduğu heyvanlar Elməddinə məxsusdur. Oğurladığı heyvanları sonradan Elməddinə qaytarmışdır. Törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Elburus oğlu ifadəsində göstərmişdir ki, şəxsi təsərrüfatında 8 baş iribuynuzlu heyvanları vardır. 28 mart 2025-ci il tarixdə iki baş erkək cinsli danaları evinin yaxınlığına otlamaq üçünə buraxmışdır. Həmin gün, təxminən saat 16 radələrində o, heyvanları gətirmək üçün evdən çıxaraq, onların otladığı yerə getsə də, həmin heyvanları tapa bilməmişdir. İlk əvvəl zənn etmişdir ki, heyvanlar harasa getmiş və bu səbəbdən də, heyvanları axtarmağa başlamışdır. Lakin, heyvanları tapa bilmədiyindən, bir neçə gündən sonra, DİN-nin 102 xidmətinə və Şamaxı RPŞ-nə müraciət etmişdir. Başa düşmüşdür ki, heyvanları oğurlanmışdır. Oğurlanmış heyvanların çəkisi 75-80 kiloqramdır və heyvanların hər birinin dəyəri təxminən 1000 manatdır. Ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, ona məxsus heyvanları oğurlayan həmkəndlisi Təqsirləndirilən şəxs olmuşdur. Oğurlanmış heyvanlar sonradan ona qaytarılmış və bu səbəbdən, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırda bağışlayır. Göstərilənlərə əsasən, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 zərərçəkmiş Zərərçəkmiş şəxs Elburus oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Şamaxı şəhərində yaşayır. xx.xx.2025-ci il tarixdə tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək, iki baş dananı həyətə saldığını və Famil ilə birlikdə gəlib həmin heyvanları aparmağını demişdir. Bir qədər keçdikdən sonra, Famil idarə etdiyi “VAZ 2107” markalı avtomobillə gəlib onu götürmüş və onlar Mövlanın yaşadığı Muğanlı kəndinə getmişdirlər. Heyvanlara baxan zaman, Mövlan heyvanların oğurluq olduğunu ona demişdir. Onlar heyvanları satmaq qərarına gəlmişdirlər. Bundan sonra, onlar dananın birini Familin avtomobilinin yük hissəsinə qoyaraq, aparıb onların həyətinə düşürtmüş, sonra isə yenidən Muğanlı kəndinə qayıdıb, digər heyvanı da avtomobilin yük yerinə qoyaraq, Şamaxı şəhərindəki onların evinin həyətinə gətirmişdirlər. Bir qədər sonra, atası evə gəlmiş və heyvanları hansı qiymətə satacağını Mövlandan soruşmuşdur. Mövlan isə ikisini 1000 manata satmaq istədiyini söyləsə də, atası baha olduğunu və bir qədər aşağı qiymətə satmasını istəmişdir. Mövlan 850 manata heyvanları satacağını söylədiyindən, atası da, onunla razılaşmışdır. Həmin vaxt Mövlan həmin heyvanların özünə məxsus olduğunu bildirdiyindən, atası inanıb, 50 manat beh vermiş və demişdir ki, axşam gəlib 800 manatı da aparar. Onlar axşam gedib atasından 800 manatı da almışdır. Mövlan həmin puldan 50 manatını Familə, 400 manatını isə ona vermişdir. Heyvanların hər birinin çəkisi təxminən 60-65 kiloqram olmuşdur. Bundan bir neçə gün keçdikdən sonra, Mövlan həmin heyvanların Muğanlı kənd sakini Elməddinə məxsus olmasını ona bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, atasına məxsus “VAZ 2107” markalı avtomobili idarə edərək, taksi faəliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs ona zəng edərək, təcili olaraq Elgünü götürüb, onların evinə gəlməsini istəmişdir. O, Elgün ilə birlikdə saat təxminən 16 radələrində Mövlanın evinə getmiş və evin həyətində Mövlan onlara iki baş iribuynuzlu dananı göstərmişdir. O, Mövlandan həmin danaların kimə məxsus olduğunu soruşduqda, Mövlan həmin danaları oğurladığını bildirmişdir. Bundan sonra, Mövlan və Elgün həmin heyvanları satmaq qərarına gəlmiş və heyvanları ona Elgünün Şamaxı şəhərindəki evinə aparmaq lazım olduğunu demişdirlər. O, razılaşmış və həmin dananın birini avtomobilin yük hissəsinə qoyaraq, Elgün, Mövlan və o, Şamaxı şəhərində Elgünün qaldığı evin həyətində heyvanı düşürtdükdən sonra, yenidən Muğanlı kəndinə qayıdaraq, digər dananı da Şamaxı şəhərinə, Elgünün həyətlərində avtomobildən endirmişdirlər. Daha sonra, Elgünün atası evə gəlmiş və heyvanlara baxdıqdan sonra, Mövlanla 850 manata razılaşmışdırlar. Həmin heyvanlar böyük olmamış və hər birinin çəkisi təxminən 55-60 kiloqram olmuşdur. Mövlan aldığı puldan 50 manatını ona, 400 manatını isə Elgünə vermişdir. O, ilk əvvəl Mövlanın oğurlamış olduğu heyvanların kimə məxsus olmasını bilməmiş, lakin heyvanlar oğurlanandan bir neçə gün sonra, Mövlan oğurladığı heyvanların Muğanlı kənd sakini Elməddinə məxsus olmasını bildirmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə Şahid5 ifadəsində göstərmişdir ki, o, heyvandarlıqla məşğul olur. Elgün onun oğludur və ara-bir onunla birlikdə heyvanlara qulluq etməyə köməklik göstərir. xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Simuzər Məmmədova ona zəng edərək, Famil və Mövlan adlı şəxslərin oğlu Elgün ilə birlikdə qapıya iki baş heyvan gətirdiklərini, heyvanları satmaq istədiklərini bildirmişdir. O, evə gəldikdə, Mövlan heyvanların özünə məxsus olmasını və heyvanların ikisinin dəyərinin 1000 manat olduğunu bildirmişdir. Onlar 850 manata razılaşdıqdan sonra, o, 50 manat pulu beh olaraq Mövlana vermişdir. Həmin gün axşam isə qalan 800 manatını da ödəmişdir. Təxminən bir ay o, həmin heyvanları yemləmişdir. 2025-ci ilin aprel ayının sonlarında tanışı Əzamət adlı şəxslə söhbət edən zaman, həmin şəxs dana almaq istədiyini bildirmiş və o da, ona özündə iki baş dana olduğunu və satmaq istədiyini söyləmişdir. Bundan sonra, Əzamət gəlib həyətdə həmin danalara baxmış və ondan həmin danaları hansı qiymətə satacağını soruşduqda, o, danaların ikisinə ümumilikdə 1300 manat pul istəmişdir. Lakin, Əzamət ona 1200 manat verə biləcəyini demiş və onlar həmin qiymətə razılaşmışdırlar. Sonradan ona məlum olmuşdur ki, Mövlanın ona satdığı heyvanlar oğurlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, heyvandarlıqla məşğul olur və lazım olanda özü üçün heyvan alıb, bəzi hallarda isə satır. Fəxrəddin adlı şəxsi heyvan bazarında heyvan alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyır. 2025-ci ilin aprel ayının sonlarında o, Fəxrəddin ilə Şamaxı şəhərində təsadüfən görüşən zaman bildirmişdir ki, dana almaq istəyir. Fəxrəddin də, özündə iki baş dana olduğunu bildirib, satmaq istədiyini söyləmişdir. Bundan sonra o, gedib Fəxrəddinin evinin həyətində tövlədə heyvanlara baxmışdır. Fəxrəddin iki heyvana 1300 manat pul istəsə də, o, heyvanların qiymətinin baha olduğunu demişdir. Nəticədə onlar 1200 manata razılaşmış və o, həmin məbləği verərək, heyvanları almışdır. Bundan təxminən bir neçə ay keçdikdən sonra, Fəxrəddin ona zəng edərək, həmin heyvanların oğurluq çıxdığını bildirərək, heyvanların geri qaytarılmasını xahiş etmişdir. O da, razılaşmış və heyvanları Fəxrəddinin həyətinə gətirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin Dəymiş zərərin qiymətləndirilməsinə dair DZ-1109.1/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, aparılmış təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, 01 baş ümumi çəkisi 75-80 kiloqramlıq erkək dananın dəyəri 1000 (bir min) manat təşkil edir. İş materiallarından görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs Elburus oğluna məxsus oğurlanmış iki baş iribuynuzlu heyvanlar sübut əhəmiyyətinə malik olduğundan, maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs Elburus oğluna məxsus heyvanları oğurlamış şəxs(lər)in müəyyən edilməsi və ətrafda müşahidə kameralarının olubolmamasının müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş, Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş cavab məktubunda göstərilmişdir ki, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Şamaxı rayonu, Muğanlı kəndində Zərərçəkmiş şəxs Elburus oğluna məxsus iki baş iribuynuzlu heyvanları Şamaxı rayonu, Muğanlı kənd sakinləri Təqsirləndirilən şəxs, Şahid1 və ünvan 1 ünvanında yaşayan Şahid3 oğurlamış, həmin şəxslər RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, barələrində müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə istintaq bölməsinə təqdim edilmişdir. İş materiallarından görünür ki, hazırki cinayət işindən Şahid1 və Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətməmişdən əvvəl hər hansısa bir şəxslə əvvəlcədən razılığa gəlmədiyindən və oğurluq hadisəsini təkbaşına törətdiyindən, Təqsirləndirilən şəxs, Şahid1 və Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət təqibinin rədd edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. Həmçinin, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri ilə dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, onun yetkinlik yaşına çatmayan şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs Elburus oğluna məxsus iki baş iribuynuzlu heyvanların sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə olduqu müddət 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs Elburus oğluna məxsus iki baş iribuynuzlu heyvanların sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar