Məhkəmə qərarları › İş №1(074)-73/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-73/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-73/2023 28.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X8 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət verən - X2, xüsusi ittiham qaydasında barəsində şikayət verilən - X4, X5 və X3 iştirakı ilə, xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X4, X5 və X3 cinayət məsuliyyətinə cəlb edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X2 şikayəti müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanında yaşayan X5 və X6 birləşərək, Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevaya, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə və Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova ərizə ünvanlayaraq, onun narkotik vasitələr və psixotrop maddələr istehlak etməyini bildirməklə, ona böhtan atmışlar. Həmin ərizə ilə əlaqədar işlədiyi İqtisadiyyat Nazirliyində və Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aparılmış araşdırmaya dair onlara ünvanlanmış cavab məktubunun və Səhiyyə Nazirliyiniin “Bakı şəhər narkoloji mərkəzi” publik hüquqi şəxsindən narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında xx.xx.2022-ci il tarixli 1244 nömrəli aktın surətləri şikayətə əlavə olunmuşdur. Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırmanın nəticəsi isə sorğu edilərək əldə oluna bilər. Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 56, mənzil 66-da qeydiyyatda olan X4 da, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova, Daxili İşlər naziri cənab Vilayət Eyvazova və Dövlət Təhlükəsizlik Xidmətinə ərizə ünvanlayaraq, onun narkotik vasitər və psixotrop maddələr istehlak etməyi barədə tamamilə yalan məlumat vermişdir. Onun ərizəsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aparılmış araşdırmaya dair Elvin Babayevə ünvanlanmış cavab məktubunun surəti şikayətə əlavə olunur. Bundan əlavə, Osman Babayev və Tural Babayev onu ağır cinayətlər hesab edilən narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak və hədə-qorxu ilə tələb etmə kimi əməllərdə ittiham etməklə, barəsində cinayət haqqında yalan məlumat vermə kimi cinayət əməlini törətmişlər. Elvin Babayev də, öz ərizəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı ilə bağlı yalan məlumat vermişdir. Göründüyü kimi, Elvin Babayev də, onu ağır cinayət hesab edilən narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakda ittiham etməklə, barəsində cinayət haqqında yalan məlumat vermə kimi cinayət əməlini törətmişdir. Bu kimi ittihamlar əsassız və sübutsuz olmaqla, ona mənəvi zərər vurur və onun işgüzar nüfuzuna da ciddi xələl gətirir. Digər tərəfdən, qeyd olunan şəxslərin hərəkətləri nəticəsində sağlamlığına ciddi ziyan vurulur. O, şəkərli diabet, hipertoniya, diabetik neyropatiya, diabetik nefropatiya kimi xəstəliklərdən əziyyət çəkir. Göstərilən şəxslərin qeyd etdiyi hərəkətləri nəticəsində qanda şəkər və təzyiqin yüksəlməsi əlavə müalicə prosedurlarının aparılmasına zərurət yaradır ki, bu da onun büdcəsi üçün əhəmiyyətli dərəcədə əlavə məsrəflərə səbəb olur. Göstərilənlər həmin şəxslərin dolayısı ilə ona maddi ziyan vurmasına dəlalət edir. Qeyd olunanları nəzərə alaraq, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barələrində xüsusi ittiham qaydasında şikayət verilən X4, X5 və X6 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışı keçirilmədən, şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericilikdə böhtan və təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda, böhtan xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduğu təqdirdə, şəxsin böhtana görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinin mümkünlüyü göstərilmişdir. İş materiallarından və məhkəmə iclasında verilmiş izahatlardan müəyyən olunur ki, xüsusi ittiham qaydasında barələrində şikayət verilən X4, X5 və X6 məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ötürməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. İş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət verən X2 şikayətində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) göstərməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4, X5 və X3 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X2 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4, X5 və X3 cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X2 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən 20 (iyirmi) gün müddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar