Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-74/2021 23.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 21.06.2018-ci il tarixli X12 şöbə müdiri X5 çıxış mətnini yenicə əldə etmişdir. Bu mətnin B.N.Rüstəmovun ŞAR-ın Elmi Şurasının 21.06.2018-ci il tarixdəki çıxışı olduğunu sübut edə bilər. Bu çıxışında B.N.Rüstəmov ünvanına çoxsaylı şər-böhtanlar deyərək onun işgüzar nüfuzunu aşağılamaqla məşğul olmuşdur. O, həm də çıxışında çoxsaylı sitatlar gətirib özünə aid olmayan məsələləri hallandırmaqla ünvanına böhtanlar danışmaqdan çəkinməmiş, onun elmlər doktoru olmasının əleyhinə yanğılı-yanğılı danışıb, aşkar surətdə özünün pis mənada paxıllıq hissini də nümayiş etdirmişdir. B.N.Rüstəmov ŞAR Elmi Şurasında öz çıxış mətninin 1-ci səhifəsinin 4-cü abzasında abzasında bildirib ki, guya onun elmlə heç bir əlaqəsi yoxdur. Bu deyilənlər həqiqətə uyğun gəlmir. B.N.Rüstəmov bunu sübut etsin. Halbuki, o, rəsədxanada B.N.Rüstəmov kimi 3-4 nəfər şöbə müdirinin aqressiv narazılığına baxmayaraq elmlər doktoru üzrə doktoranturaya əvvəlcə yer sifariş vermiş, Azərbaycan Nazirlər Kabineti yer sifarişini təsdiq etdikdən sonra isə sənədlərini təqdim edib həmin doktoranturaya 2015-ci ildə qəbul olmuş, 2016-cı ildən elmlər doktoru üzrə doktorantura təhsilinə başlanmış və 15 dekabr 2020-ci il tarixdə isə həmin təhsilini başa vurmuşdur. Məhz elmi fəaliyyətindəki nailiyyətlərinə görə ŞAR-ın elmlər doktoru üzrə ilk doktorantı o olmuşdur. O, fizika üzrə fəlsəfə doktoru və dosentdir. Bu elmi dərəcəni və elmi adı ona Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası vermişdir. B.Rüstəmov həmin çıxışının 1-ci səhifəsinin 5-ci abzasında ona yenə böhtan ataraq bildirmişdir ki, Yanoş həm onu, həm də bütün rəsədxana kollektivini özünə qarşı guya mifik düşmən hesab edir və müəyyən mövqeyə yiyələndikdən sonra guya onların hamısından düşmənçilik baxımından intiqam almağı planlaşdırmışdır. Bu böhtanlar da həqiqətə uyğun gəlmir, odur ki, B.N.Rüstəmov bunu sübut etsin. O, rəsədxanada kimsəni özünə düşmən hesab etməmiş və gələcəkdə heç kimdən düşmənçilik baxımından intiqam almağı planlaşdırmamışdır. Lakin B.N.Rüstəmov ŞAR Elmi Şurasının 11 (on bir) nəfər iştirakçısının qarşısında barəsində belə böhtanları danışmış və həmin böhtan danışıqlarının mətnini öz imzası ilə yazılı şəkildə yaymışdır. Bu çıxış mətninin 2-ci səhifəsində B.N.Rüstəmov bir tərəfdən onu baza təhsili olmayan və astronomiya üzrə bir kitab oxumayan birisi adlandırır, digər tərəfdən isə onun dissertasiya müdafiəsinin onun da razılığı və xeyir-duası ilə baş tutduğunu bildirmişdir. Bir-birinə zidd danışıq və deməli böhtan deyilmi. O, guya çox savadsız biriydisə, astronomiyadan bir kitab oxumamışdırsa, 2013-cü ildə B.N.Rüstəmov onun fəlsəfə doktoru üzrə dissertasiya müdafiəsinə niyə özünün dediyi kimi gözünü yumub xeyir-dua verirdi. Göründüyü kimi, B.N.Rüstəmov ŞAR-ın Elmi Şurasının iclasındakı çıxışında onun işgüzar nüfuzunu nümayişkaranə surətdə aşağılamaqla məşğul olmuşdur. B.N.Rüstəmov həmin çıxışında ona qarşı ən ağır şər-böhtanı ataraq işgüzar nüfuzunu olduqca pis formada aşağılamaqdan da çəkinməmişdir. Belə ki, o, çıxışında bildirmişdir ki, Moskva şəhərindəki “Astronomiçeskiy Jurnal” dərgisinə onun göndərdiyi məqaləyə guya çox pis mənfi rəy gəlmişdir. Bununla bağlı o rus-dilində üç abzaslıq mətni öz çıxışında yazmış və bu aşağılayıcı böhtanları ŞAR Elmi Şurasındakı çıxışında (kütləvi çıxışda) ünvanına söyləmişdir. Rus-dilində yazılmış həmin mətn oxunarkən aydın görünür ki, B.N.Rüstəmov kimə ünvanlandığı məlum olmayan mənfi rəyi ona aid etmiş və həmin yazının sonunda naməlum müəllifin məqaləsinin jurnalda çapa məsləhət görülmədiyi yazılmışdır. O, 2013-cü ildə Rusiyanın Moskva şəhərində nəşr olunan “Astronomiçeskiy Jurnal” dərgisinə həqiqətən elmi məqalə göndərmiş və bu məqalə orada çox müsbət qarşılanmaqla elə 2013-cü ildə də adıçəkilən elmi jurnalın 4-cü nömrəsində qısa müddətdə çap olunmuşdur. B.N.Rüstəmov rusca yazılmış o mənfi rəyi kimin yazmasını, kimə göndərildiyini sübut etsin. Həmin rəyin əsilini məhkəməyə təqdim etsin. Həmin mənfi rəy haradan və kimə göndərilib. O, bunları ortaya qoysun, sübut etsin. B.N.Rüstəmov ŞAR-ın Elmi Şurasındakı çıxışında qanunları ələ saldığını bildirmiş və yekunda onun dələduzluqda ittiham etmişdir. Göründüyü kimi B.N.Rüstəmov onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət törətməkdə ittiham etmişdir. B.N.Rüstəmov ŞAR-ın Elmi Şurasındakı çıxışında bildirib ki, o, özünü qanuni oğru kimi aparır. Onda belə çıxır ki, o, oğrudur. Göründüyü kimi B.N.Rüstəmov onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177- ci (oğurluq) maddəsi ilə cinayət törətməkdə ittiham etmişdir. B.N.Rüstəmov ona ünvanladığı bu ittihamını (özünü qanuni oğru kimi aparmasını) sübut etməlidir. Rüstəmovun belə ifadəsi onu aşağılayıb gözdən salmaq, iclasın dinləyicilərini ona güldürmək və nəticə etibarı ilə ona belə çoxsaylı böhtanlar atmaqla onun məqsədi-onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu müxtəlif frazalarla olduqca kəskin aşağılamaq olmuşdur. ŞAR-da şöbə müdiri X8 ona qarşı böhtan atması əməlini Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsində yerləşən X2 21 iyun 2018-ci il tarixində Elmi Şuranın iclasında çıxış edərək törətmişdir. ŞAR-ın şöbə müdiri Bayram Rüstəmovun yuxarıda qeyd etdiyi qanunsuz əməlləri onun üçün həm də mənəvipsixoloji işgəncədir. Belə özbaşınalıq nəticəsində səhhəti daha da ağırlaşaraq 3-cü qrup əlil olmuşdur. Ona görə də uzun müddətdir ki, ona vurulmuş mənəvi ziyan ödənilməlidir. Odur ki, o, bu şikayətində zərər çəkmiş qismində tanınmalıdır. Ona qarşı törədilmiş bu haqsızlıq və qanunsuzluq barədə bütün günü düşünür, bunu törətmiş B.N.Rüstəmovun belə hərəkəti onun səhhətinə olduqca pis təsir etmiş və nəticədə 01.11.2019-cu il tarixdən “Ürək çatışmazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi 3-cü dərəcə, qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları, qan dövranı catmamazlığı 2- dərəcə” diaqnozu ilə üçüncü qrup əlil olmuş, normal yaşayış tərzi və istirahəti pozulub. Bu səbəbdən 3 ilə yaxındır ki, mənəvi-psixoloji sarsıntı keçirir. Bundan əlavə 3 ilə yaxındır ki, astrofizika üzrə praktiki elmi fəaliyyətindən qanunsuz olaraq məhrum edilib məcburi proqula məruz qalmışdır. Ona qarşı törədilmiş belə qanunsuzluq və haqsızlıq ağır mənəvi işgəncədir və bu səbəbdən dəymiş mənəvi ziyanı minimum 50 (əlli) min manat civarında qiymətləndirir. Daha sonra xüsusi ittiham qaydasında şikayət vermiş X6 məhkəməyə yazılı şəkildə izahat ünvanlayaraq bildirmişdir ki, X2 (ŞAR) şöbə müdiri işləyən X7 qarşı xüsusi ittiham qaydasında şikayətində çıxış mətninin həqiqətən də ŞAR Elmi Şurasının 21.06.2018-ci il tarixdəki iclasına aid olduğunu sübut edəcəyini yazmış, bu məqsədlə B.N.Rüstəmovun 15.08.2018-ci il tarixdə Şamaxı rayon məhkəməsinə ünvanladığı və 17.08.2018-ci il tarixdə məhkəmə icraatına götürülmüş iddia ərizəsinin surətini bu izahatıma daxil edir. Həmin iddia ərizəsinin sonunda 3-cü sırada qoşma etdiyi çıxış mətninin yazdığı qeyd olunmuşdur. ŞAR-ın Elmi Şurasının 21.06.2018-ci il tarixli iclası və onun gündəliyi barədə 2 səhifəlik yazının surətini də izahatına daxil edir. Göründüyü kimi sözügedən iclasda ŞAR Elmi Şurasının 13 üzvündən 11 üzvünün iştirak etməsi yazılmışdır. Bu sübutu ona görə təqdim edir ki, məhkəməyə tam aydın olsun ki, B.N.Rüstəmov ona ünvanladığı şərböhtanları, şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağılayan ifadələrini, onu cinayət törətməkdə ittihamlarını, rusca yazılmış naməlum saxta rəyi nümayiş etdirməklə məni aşağılamağmı dair danışıqlarını, ifadələrini kütləvi çıxışda söyləmişdir. B.N.Rüstəmovun ünvanına söylədiyi şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzunu aşağılayan və onu cinayət törətməkdə ittihamı üzrə məhkəmə qətnaməsi və qərarı yoxdur. O, B.N.Rüstəmovun həmin çıxış mətnini yenicə əldə etdiyinə görə indi ondan şikayət edir. Məhkəmədən şikayətinin icraata qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 16 iyun 2021-ci il trixində əvvəlcə ŞAR-ın internetdəki saytında, daha sonra isə digər sosial şəbəkələrdə rəsədxanada 18.12.2019-cu il tarixdə keçirilmiş 91 nəfər əməkdaşın yığıncağının 02 saylı protokolu paylaşılmışdır. Həmin protokolun 13-cü səhifəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X5 çıxışı yazılmışdır. Onun çıxışında 2-ci bəndə yazılmışdır: “Yanoş Məhərrəmovun hüquqazidd hərəkətləri artıq bir müəssisənin imicini zədələməkdən uzağa gedib, beynəlxalq səviyyədə bütünlüklə ölkənin elm siyasətinə qarşı yönəlib. Onun bu dələduzluq fəaliyyətinin qarşısı qəti şəkildə alınmalıdır”. Göründüyü kimi B.N.Rüstəmov 91 nəfərin iştirakı ilə keçirilən iclasda (kütləvi çıxışda) onu dələduzluqda ittiham etmişdir. Lakin o bunu sübut etməlidir. O, dələduzluqla məşğul olmamışdır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 şikayəti qəbul etməyərək şikayətin əsassız olduğunu bildirərək şikayətin icraata götürülməməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 isə şikayətində ona qarşı cinayət əməlinin X1 21.06.2018-ci il tarixli X12 şöbə müdiri X8 tərəfindən törədilməsinə istinad etmişdir. Belə olan halda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş X3 hazırkı şikayətində istinad etdiyi 21.06.2018-ci il tarixli iclasda onu ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə əlaqədar məlumatlar olmadığından X4 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması istisna olunur. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əmələ münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.4-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300, 302 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-74/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-74/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver