Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-74/2024 30.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 01 iyun 2024-cü il tarixdə Sabirabad rayonu Qovlar kəndində tanışı X1 məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitə olan qurudulmuş marixuananı, xeyli miqdarda əldə edib, üzərində saxlamaqla, Şamaxı rayonu Göylər kəndi ərazisində daşımış, 02 iyun 2024-cü il tarixində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:40-da Şamaxı rayonu Göylər kəndinin giriş hissəsində saxlanılaraq, Şamaxı rayon polis şöbəsinə gətirilməklə, 03 iyun 2024-cü il tarixdə, saat 00:50-dən etibarən rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən, üzərinə “Bakı” sözü yazılmış siqaret qutusunun içərisindən üç ədəd falqaya bükülü, iki ədəd isə ağ sellofana bükülmüş bükümdə ayrı ayrılıqda təmiz çəkiləri - 1,98 qram; 2,24 qram; 1,70 qram; 2,01 qram; 3.47 qram olmaqla, ümumilikdə xeyli miqdarda, təmiz çəkisi 11,40 qram olan açıq yaşıl rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Şamaxı rayonunun Göylər kəndində yerləşən fərdi yaşayış evində yaşayır. O, ara-sıra narkotik maddə olan marixuanadan istifadə edir. 01 iyun 2024-cü il tarixdə narkotik vasitə olan marixuana almaq məqsədi ilə, Sabirabad rayonunda olan Şahmar adlı tanışı ilə telefon əlaqəsi saxlamışdır. Həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə var və gəlib götürə bilər. O, da axşam saatlarında Şamaxı rayonu Göylər kəndindən taksiyə minib, Sabirabad rayonu Qovlar kəndinə getmişdir. O, həmin şəxslə görüşüb, bir kibrit qutusu marixuana götürmüşdür. Həmin marixuananı o, özü ilə birlikdə Şamaxı rayonu Göylər kəndinə gətirmiş və kibrit qutusunun içərisindən götürüb bir ədəd siqaret qutusunun içərisinə qoymuşdur. 02 iyun 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixə keçən gecə Göylər kəndinin girişində, çayxananın yaxınlığında olan zaman, mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşları kimi təqdim etmişdirlər. Həmin şəxslər ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, o, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt, o, əynindəki şalvarın cibindən siqaret qutusunu və qutunun içərisindən 5 ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları siqaret qutusunun içərisində olan bükümləri açdıqda, içərisindən marixuana aşkar edilmişdir. Daha sonra, bükümlər kağız zərfdə qablaşdırılaraq, üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilərək, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, narkotik vasitə olan marixuananı yalnız şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Sabirabad rayonunda yaşayan tanışından əvvəllər hər hansısa bir narkotik vasitə almamışdır. Birinci dəfə idiki o, həmin şəxsdən narkotik vasitə almışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 02 iyun 2024-cü il tarixdə ona Şamaxı rayonu Göylər kənd sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu Göylər kəndi ərazisində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə məlumat daxil olduğuna görə, o, həmin vaxt Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə, həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş və rəhbərliyin göstərişinə əsasən, əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Həmin gün axşam saatlarından başlayaraq, o və əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Şamaxı rayonu Göylər kəndi ərazisində əməliyyat tədbirini həyata keçirməyə başlamışdırlar. Əməliyyat tədbirini həyata keçirdikləri vaxt, 02 iyun 2024-cü il tarixdə, saat 23:30 radələrində Təqsirləndirilən şəxs adlı şəxsin əlamətlərinə oxşar şəxsi müəyyən edib, ona tərəf yaxınlaşmışlar. Onlar özlərini təqdim etdikdən sonra, həmin şəxsə üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişdirlər. Onlar həmin şəxsi Şamaxı RPŞ-nə dəvət etdikdə, sonuncu buna etiraz etməyib, onlarla birlikdə Şamaxı Rayon Polis Şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında həmin şəxsin həqiqətən də, Şamaxı rayonu, Göylər kənd sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, dəvət edilmiş vəkilin iştirakı ilə, videogörüntüdən istifadə olunmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, həmin şəxsin əynindəki cins şalvarın sol yan cibindən siqaret qutusu aşkar edilmiş və həmin siqaret qutusunun içərisindən üç ədəd falqada olan bükülü, iki ədəd isə ağ sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin falqa və bükümlərə baxış keçirilən zaman, narkotik vasitə olan marixuana oxşar kütlə aşkar edilmişdir. Daha sonra, aşkar edilmiş bükümlər baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq, üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunun içərisindən üç ədədi falqaya bükülü, iki ədəd isə ağ sellofana bükülmüş büküm aşkar edilərək, həmin bükümlər açıldıqda, içərisində açıq yaşıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunaraq, götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/899 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuanaya oxşar kütlə” yazılar və imzalar olan zərfdə, üzərində “Bakı” sözü yazılmış siqaret qutusundakı 5 ədəd bükümlərdə (3 ədəd gümüşü rəngli kağız büküm, 2 ədəd sellofan büküm) ayrı-ayrılıqda təmiz çəkiləri - 1,98 qram, 2,24 qram, 1,70 qram, 2,01 qram, 3,47 qram, ümumi çəkisi 11,40 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatdan sonra qalıq - 11,30 qramdır. İş materiallarından görünür ki, 11,30 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 xx.xx.2024-cü il tarixli, 4437 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şamaxı RİHB-nın Göylər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X2 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 11,30 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 11,30 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-74/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-74/2024
30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver