Məhkəmə qərarları › İş №1(074)-74/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-74/2025

26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-74/2025 26.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X2 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1983-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Nəsimi bağları” kompleksində fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Mirikənd kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində toplanmış məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 oktyabr 2025-ci il tarixdə, saat 16 radələrində özünə məxsus Şamaxı rayonu, Mirikənd kəndində yerləşən fərdi yaşayış evinin yataq otağının qarşısında, əlində olan ağac parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə 5-6 dəfə vuraraq, sol sağrının (budun arxa yuxarı səthinin) qançırlı hematomaları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, 29 avqust 2025-ci il tarixdə o, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuşdur. Həmin vaxtdan Şamaxı rayonu Mirikənd kəndində yerləşən ona məxsus fərdi yaşayış evində Mahuzər ilə birlikdə yaşamışdır. Ailə həyatı qurduqdan sonra, Mahuzər ilə münasibətləri yaxşı olmuşdur. 10 oktyabr 2025-ci il tarixdə, saat 09 radələrində Mahuzər ilə birlikdə Şamaxı rayonunda yerləşən qayınanası Nazbikənin evinə getmişdirlər. Daha sonra, Mahuzər ilə birlikdə Şamaxı Regional “Asan Xidmət” Mərkəzinə getmişdirlər. İşlərini yekunlaşdırdıqdan sonra, günorta saatlarında yaşadıqları Şamaxı rayonu, Mirikənd kəndində yerləşən evə qayıtmışdırlar. Evə daxil olduqdan sonra, Mahuzər yataq otağının qapısını açmağa çalışmış, lakin qapını aça bilməmişdir. O, qapını çətinliklə sındıraraq, açmışdır. Bundan sonra, o, əsəbli olduğundan, Mahuzər ilə mübahisə etmiş və ağac parçasını götürüb, Mahuzərin bədəninə bir neçə dəfə vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs ilə hazırda barışdığını, sonuncuya xəsarət yetirdiyinə görə, əməlindən peşman olduğunu bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 29 avqust 2025-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş və həmin vaxtdan ərinə məxsus Şamaxı rayonu, Mirikənd kəndində yerləşən fərdi yaşayış evində yaşamışdırlar. Ailə həyatı qurduqdan sonra, Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmamışdır. 10 oktyabr 2025-ci il tarixdə, saat 09 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə Şamaxı şəhərində yerləşən anasının evinə getmişdirlər. Daha sonra, Şamaxı Regional “Asan Xidmət” Mərkəzinə getmişdirlər. Bundan sonra, Səxavət ilə birlikdə yaşadıqları evə qayıtmışdırlar. Evdən çıxarkən, yataq otağının qapısını açar ilə bağlamışdır. Səxavət digər otaqda olduğu zaman, o, yataq otağının qapısını açmağa çalışmış, lakin qapını aça bilmədiyi üçün, Səxavəti çağırmışdır. Lakin, Səxavət də, qapını aça bilmədiyi üçün, qapının zamokunu sındırmış və əsəbləşərək, qapının onun xarab elədiyini düşünmüşdür. Bundan sonra, Səxavət onu nəlayiq ifadələrlə təhqir edərək və evin giriş qapısının küncündə olan ağac parçasını götürərək, onu döyməyə başlamışdır. Səxavət ağac parçası ilə onun kürəyindən, hər iki qolundan və hər iki ayağından ümumilikdə 5-6 dəfə vurmuşdur. Hadisədən bir neçə gün sonra, o, DİN-nin 102 xidmətinə zəng edərək, baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirib, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 223 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlər - sağ kürək və bazu nahiyyəsinin qançırları, sol sağrı nahiyyəsinin qançırlı hematomaları, nisbətən böyük diametrli küt əşya (əl ağacı) təsirindən kənar şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə yetirilməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sağ bazu və kürək nahiyyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan, dərəcələri təyin edilmir. Sol sağrı (budun arxa yuxarı səthi) qançırlı hematomaları isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 20 oktyabr 2017-ci il tarixli Qanunla əlavə edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda, bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə, icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən, cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, Təqsirləndirilən şəxs səmimi peşmançılığını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədəuyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 37.4, 39.1.8, 43.1.2, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə 44 (qırx dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar