Məhkəmə qərarları › İş №1(074)-75/2021

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-75/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-75/2021 23.06.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx xxxxxx 1981-ci ildə Şamaxı rayonu Qonaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu Qonaqkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu Əlişrəf Əlizadə küçəsində kirayəşin yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30 avqust 2017-ci il tarixdən hesablanmaqla 03 iyun 2006-cı il təvəllüdlü X3 oğlu və 04 fevral 2008-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 iyun 2018-ci il tarixli 2(105)-2376/2018 nömrəli qətnaməsini üzürsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2018-ci tarixli 3(074)-408/2018 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün, daha sonra həmin məhkəmənin 3(074)-247/2020 saylı, 06 avqust 2020-ci il tarixli qərarı ilə o, yenidən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 17 avqust 2020-ci il, 28 avqust 2020-ci il, 08 sentyabr 2020-ci il və 18 mart 2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə və Şamaxı Rayon Məhkəməsinin 8(074)-221/2018 nömrəli, 19 oktyabr 2018-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasına baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 12 fevral 2021-ci il tarixədək 8742,40 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2003-cü ildə qeyri-rəsmi, 2009-cu il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 2006-cı il təvəllüdlü İbrahim və 2008-ci il təvəllüdlü Taleh adlı övladları anadan olmuşdur. Daha sonra münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs məhkəməyə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən 30 avqust 2017-ci il tarixdən başlayaraq 2006-cı il təvəllüdlü İbrahim Orucovun və 2008-ci il təvəllüdlü Taleh Orucovun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 136,60 manat olmaqla ümumilikdə 273,20 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmiş, lakin imkanı olmadığına görə ödəniş edə bilməmişdir. Şamaxı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətdən sonra da heç bir ödəniş etməmişdir. Ət dükanında qəssaba kömək etdiyi üçün məşğulluq mərkəzinə müraciət etməmişdir. Aylıq ortalama gəliri 300-400 manat təşkil edir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, təqdimat verilən 12 fevral 2021-ci il tarixədək 8742,40 manat məbləğində məbləğində aliment borcunu ödəməmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, 2003-cü il tarixdə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi, 2009-cu il tarixdə isə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 2006-cı il təvəllüdlü İbrahim və 2008-ci il təvəllüdlü Taleh adlı övladları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, bir müddət sonra Təqsirləndirilən şəxs münasibəti kəskin dəyişmişdir. Belə ki, ailə ilə maraqlanmamış və evə içkili gəlimişdir. Bu səbəbdən nikah qeydinin ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən 30 avqust 2017-ci il tarixdən hesablanmaqla 03 iyun 2006-cı il təvəllüdlü X3 oğlu və 04 fevral 2008-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Şamaxı Rayon Məhkəməsinin 06 dekabr 2018-ci tarixli, 3(074)-408/2018 saylı qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10(on) gün, daha sonra həmin məhkəmənin 3(074)-247/2020 saylı, 06 avqust 2020-ci il tarixli qərarı ilə o, yenidən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhərində qəssab işləyir və maddi imkanı yaxşıdır. 2018-ci ildən bugünədək Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamış, heç bir yardım etməmişdir. Təqsirləndirilən şəxs təqdimat verilən 12 fevral 2021-ci il tarixədək 8742,40 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Sözü gedən aliment borcunun Təqsirləndirilən şəxs tutularaq tam ödənilməsinə, əks halda onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verib göstərdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2376/2018 saylı, 14 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2017-ci il tarixdən başlayaraq 03 iyun 2006-cı il təvəllüdlü X3 oğlunun və 04 fevral 2008-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 136.60 manat olmaqla ümumilikdə 273.20 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 25 iyun 2018-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etməsinə baxmayaraq aliment tələbini icra etməmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri məlum olmadığından onun barəsində, müvafiq qərar əsasında Şamaxı rayon polis şöbəsində axtarış işi açılmış, Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmişdir. Borcla bağlı Şamaxı Rayon Məhkəməsinin 8(074)-221/2018 saylı, 19 oktyabr 2018-ci il tarixli qərardadına əsasən onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 06 avqust 2020-ci il tarixdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçun ona yeni müddət verilmiş, lakin Təqsirləndirilən şəxs tələbi icra etməməkdə davam etmişdir. Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də işlə təmin edilməmişdir. Feyruz Orucovun 12 fevral 2021-ci il tarixə tələbkara olan aliment borcu 8742.40 manat təşkil etmişdir. Bundan başqa tələbkar Zərərçəkmiş şəxs icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin məlum qətnaməsini inzibati tənbeh edilməsinə və ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmişdir. Təqsirləndirilən şəxs əməlində qərəzlilik müşahidə olunduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini təsdiq etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli 2(105)-2376/2018 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 30 avqust 2017-ci il tarixdən başlayaraq 03 iyun 2006-cı il təvəllüdlü X3 oğlu və 04 fevral 2008-ci il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 136 manat 60 qəpik olmaqla cəmi 273 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X1 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Qonaqkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənddə yaşadığı müddətdə özünü nizamlı intizamlı aparmışdır, kənd sakinlərinə hörmətlə yanaşmışdır, kənddə keçirilən tədbirlərdə yaxından iştirak etmişdir, onun barəsində nümayəndəiyə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 aprel 2021-ci il tarixli arayıından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayəti etiraf edib əməlindən səmimi peşiman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 23 iyun 2021-ci il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli o dərhal məhkəmə zalında həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 19 may 2021-ci il tarixdən 20 may 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümimi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli həbs edildiyi andan, yəni 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin o dərhal məhkəmə zalında həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar