Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-75/2025 25.11.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ermənistan Respublikası, Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Günəşli kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə 28 aprel 2025-ci il tarixdə sərbəst giriş-çıxış hüququ olmadığı Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsini hesab olunan Şamaxı rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evinin əvvəlcə həyətyanı sahəsinə, oradan isə giriş qapısından evə daxil olmaqla, evin mətbəxində olan çarpayının üzərindəki döşəyi qaldırıb, döşəyin altına qoyulmuş pulqabının içərisində olan 700 manat nağd pulu və 735 manat dəyərində olan Rusiya istehsalı olan 583 əyyarlı 7 qram çəkidə bir ədəd qızıl üzüyü gizli olaraq talamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1435 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir.
İşin halları və dəlilləri:
2. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, Şamaxı rayonu, Günəşli kəndində yaşayan Zərərçəkmiş şəxs qonşusu olmaqla, həmin şəxslə münasibətləri əvvəllər yaxşı olmaqla, aralarında ədavət olmamışdır. Ailə vəziyyəti olaraq kasıbdır, həyat yoldaşı X2 qazancı isə uşaqlarının yaşayışına bəs etməmişdir. Həmçinin qaz və elektrik enerjisinin istifadəsində borcları olduğu üçün qazın və elektrikin verilişi də, dayandırılmışdır. 28 aprel 2025-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı Şamaxı rayonu, Günəşli kəndində yerləşən evində olmuş, həmin vaxt pul axtarmışdır ki, haradansa pul tapıb ailəsinə kömək olsun. Əvvəllər Zərərçəkmiş şəxs borc alıb sonradan hissə-hissə qaytarmışdır. Buna görə qərara gəlmişdir ki, Gülluzardan yenidən borc pul alsın, həmin şəxsin evinə gedib, Gülluzardan ona 50 manat borc pul verməsini xahiş etmişdir. Lakin Gülluzar ona borc verməkdən imtina etdiyi üçün o, geri qayıtmış, yaşadığı ünvana geri qayıdarkən Gülluzarın evindən oğurluq etmək qərarına gəlmişdir. Gülluzar həmişə ona borc pul verərkən yaşadığı evin mətbəxindəki çarpayının altından çıxarıb vermişdir. Buna görə də, Gülluzarın pullarını həmin yerdə saxladığını bilmişdir. O, geri qayıdıb səssizcə kiminsə onu görmədiyindən əmin olub, küçə qapısından həyətə daxil olmuş, həyətdə heçkimin olmadığını görüb, Gülluzarın yaşadığı evə qapıdan daxil olub, Gülluzarın evdə olmadığından istifadə edib mətbəxdəki çarpayının üzərindəki döşəyi qaldıraraq, döşəyin altında bir ədəd qara rəngli pulqabı olduğunu görüb, pul qabını açıb içinə baxmış və pul qabıbın içərisində 700 manat məbləğində pul və bir ədəd qızıl üzük olduğunu görüb, həmin pulu və qızıl üzüyü pulqabıdan götürməklə oğurlamış və dərhal oradan uzaqlaşıb yaşadığı evə getmiş, evə çatdıqdan sonra 700 manat məbləğindəki pulu evin ehtiyacları üçün Şamaxı rayonu ərazisində xərcləmiş, qalan bir ədəd qızıl üzüyü isə gələcəkdə pulu olan zaman xərclədiyi məbləği düzəldib qaytarmaq üçün kağıza büküb, evin həyətindəki tövlənin arxasında torpağa basdırmışdır. 07 may 2025-ci il tarixdə polis əməkdaşları etdiyi oğurluq hadisəsinə görə onu Şamaxı rayon polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsinə gəldikdən sonra etdiyi əməli etiraf etmişdir. Etdiyi əmələ görə peşmandır. O, yuxarıda göstəriləndən başqa heç bir oğurluq etməmişdir. Şamaxı rayonu, Günəşli kəndində yerləşən Zərərçəkmiş şəxs yaşadığı evdən 700 manat pul və bir ədəd qızıl üzüyü oğurlayıb hadisə yerindən uzaqlaşarkən onu heç kim görməmişdir. 700 manat pul və bir ədəd qızıl üzüyü oğurlamaqda məqsədi pul əldə etmək olmuşdur.
3. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-in 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
4. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
5. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Şamaxı rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evində tək yaşamaqdadır. Onun hər kəslə münasibəti yaxşı olmaqla, heç kimlə arasında düşmənçilik ədavət yoxdur. O, tək yaşadığı üçün evin mətbəxində yatır, buna görə də, çarpayını evin mətbəxində yerləşdirmişdir. 28 aprel 2025-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı evdə olarkən qonşuluqda yaşayan Təqsirləndirilən şəxs gəlmiş, onlar görüşüb birlikdə evin mətbəxində əyləşib söhbət etməyə başlamışlar, söhbət zamanı Jalə ondan 50 manat borc pul istəmiş, lakin həmin vaxt o, Jaləyə pulunun olmadığını demişdir. Bundan sonra Jalə bir neçə dəqiqə oturub getmişdir. Jalə getdikdən sonra o, çimmək üçün yaşadığı evin həyətində yerləşən hamam otağına getmiş və həmin tarixdə təxminən saat 12 radələrində hamamdan çıxıb evə daxil olub, evin mətbəxinə keçmiş, mətbəxdə olarkən çarpayının üzərinin bir qədər qırışmış olduğunu görmüş, pullarını və bir ədəd qızıl üzüyünü çarpayının üzərindəki döşəyin altında saxladığı üçün pulunun və üzüyünün oğurlana biləcəyindən şübhələnib dərhal çarpayının üzərindəki döşəyi qaldırmış və özünə məxsus Rusiya istehsalı olan, 7 qram ağırlığında, əyyarı 583 olan bir ədəd qızıl üzüyün və 700 manat məbləğində pulun döşəyin altına qoyduğu qara rəngli pul kisəsinin içərisində olmadığını, oğurlandığını müəyyən etmişdir. Həmin vaxt düşünmüşdür ki, ola bilsin həmin pul kisəsini başqa yerə qoymuş ola biləcəyini düşünüb otaqları axtarmış, lakin tapa bilməyib, 700 manat pulunun və bir ədəd qızıl üzüyünün oğurlandığına əmin olmuş, lakin həmin vaxt bu barədə polisə məlumat vermək əvəzinə pulunun və qızıl üzüyünü oğurlamış naməlum şəxs və ya şəxsləri tapmağa qərar vermişdir. Lakin tapa bilmədiyi üçün bu barədə polisə müraciət etmək qərarına gəlmiş və baş vermiş hadisə ilə bağlı 07 may 2025-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət etdikdən sonra 700 manat pulunu və bir ədəd qızıl üzüyünü Təqsirləndirilən şəxs oğurlaması müəyyən edilmişdir. Həmin evdən təkcə 700 manat pulu və bir ədəd qadına aid, Rusiya istehsalı olan, 7 qram ağırlığında, əyyarı 583 olan qızıl üzük oğurlanmışdır, başqa heç bir əşya, qızıl zinyət əşyası oğurlanmamışdır. Oğurlanmış bir ədəd qızıl üzük qadına aid, Rusiya istehsalı olmaqla, üzüyün çəkisi 7 qram, əyyarı 583 olmaqla, üzərində bir ədəd qırmızı rəngli qaş olmaqla, qiyməti təxminən 770 manat civarındadır. Oğurlanmış bir ədəd qızıl üzüyünün qaşı qırmızı rəngli olmaqla, slikondan hazırlanmış qaş olmaqla dəyərli qaş deyildir. Bu və ya buna bənzər halla rastlaşmamışdır. Ona məxsus 700 manat məbləğində pul və bir ədəd qızıl üzük evə qapıdan daxil olunması üsulu ilə mətbəxdə olan çarpayının altından götürülmək üsulu ilə oğurlanmışdır. 700 manat və bir ədəd qızıl üzüyünün çarpayının altında saxladığını bir ədəd qara rəngli pul kisəsinin içərisində olmuşdur.
6. Əlavə olaraq, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslə barışmış, oan dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Ona görə də, heç bir şikayət və tələbi yoxdur.
7. Məhkəmədə şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 07 may 2025-ci il tarixdə Şamaxı rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs Şamaxı rayon polis şöbəsinə müraciət edərək 28 aprel 2025-ci il tarixdə yaşadığı Şamaxı rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evindən ona məxsus 700 (yeddi yüz) manat pulunun və bir ədəd qırmızı qaşlı qızıl üzüyünün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını göstərmişdir. Daxil olmuş müraciət əsasında baş vermiş oğurluq hadisəsini törətmiş naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə icraatına rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Bəhlul Məlikli tərəfindən verilmiş əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığına əsasən tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evindən Zərərçəkmiş şəxs məxsus bir ədəd qadına aid, Rusiya istehsalı olan, 7 qram ağırlığında, əyyarı 583 olan 770 (yeddi yüz yetmiş) manat dəyərində qızıl üzüyü Şamaxi rayonu, Günəşli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs izahatında oğurladığı bir ədəd qızıl üzüyü Şamaxı rayonu, Günəşli kəndində yerləşən yaşadığı evin həyətindəki tövlənin arxasında torpağa basdırdığını göstərdiyi üçün həmin yerə baxış keçirilmişdir. Keçirilən baxış zamanı evin həyətinə daxil olarkən sol tərəfdə yerləşən tövlənin arxa hissəsində Təqsirləndirilən şəxs tərəfindən torpaq qatı qazılmış və yerdən kağıza bükülmüş vəziyyətdə bir ədəd qırmızı qarşı qızıl üzük olması müəyyən edilmişdir. Həmin qızıl-zinət əşyasına baxış keçirildikdən sonra, qeyd edilən bir ədəd qızıl üzük iş üzrə sübuti əhəmiyyətə malik olduğundan müstəntiq tərəfindən götürülməklə qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün olduğu üçün imzalamışdır.
8. Məhkəmədə şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 07 may 2025-ci il tarixdə Şamaxı rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs Şamaxı rayon polis şöbəsinə müraciət edərək 28 aprel 2025-ci il tarixdə yaşadığı Şamaxı rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evindən ona məxsus 700 (yeddi yüz) manat pulunun və bir ədəd qırmızı qaşlı qızıl üzüyünün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını göstərmişdir. Daxil olmuş müraciət əsasında baş vermiş oğurluq hadisəsini törətmiş naməlum şəxs və ya şəxslərin müəyyən edilməsi məqsədilə icraatına rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Bəhlul Məlikli tərəfindən verilmiş əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığına əsasən tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu, Günəşli kəndində yerləşən fərdi yaşayış evindən Zərərçəkmiş şəxs məxsus bir ədəd qadına aid, Rusiya istehsalı olan, 7 qram ağırlığında, əyyarı 583 olan 770 (yeddi yüz yetmiş) manat dəyərində qızıl üzüyü Şamaxi rayonu, Günəşli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs rayon polis şöbəsinə dəvət edilmişdir.
9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 may 2025-ci il tarixli qərardan görünür ki, Şamaxı rayon Polis Şöbəsinin (bundan sonra mətndə - Şamaxı RPŞ) istintaq bölməsinin müstəntiqi, polis kapitanı Bəhlul Məlikli tərəfindən fakta görə CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1; i.v. 01;).
11. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs evin mətbəx otağında yerləşən çarpayının altında 700 manat pulunun və bir ədəd 700 manat dəyərində qızıl üzüyünün olmasını, həmin pulu və qızıl üzüyün naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirərək həmin yeri təqdim etmişdir; fotoşəkillər əlavə edilmişdir. (Cild 1; i.v. 09-12;).
12. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə onun tərəfindən oğurlanmış bir ədəd qırmızı qaşlı qızıl üzük onun yaşadığı evin həyətində yerləşən tövlənin arxa hissəsində torpağa basdırmışdır. Qeyd edilən yerdə torpaq qatı qazılmış və yerdən kağıza bükülmüş vəziyyətdə bir ədəd qırmızı qaşlı qızıl üzük olması müəyyən edilmişdir; fotoşəkillər əlavə edilmişdir (Cild 1; i.v. 19-22;).
13. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyanı nəzərdən keçirib, 01 ədəd qızıl üzüyü tanıdığını, həmin əşyanın ona məxsus olan evdən oğurlanmış əşya olduğunu bildirmişdir(Cild 1; i.v. 24-26;).
14. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 07 may 2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və qərar ona elan edilməklə, surəti təqdim edilmişdir (Cild 1; i.v. 40;).
15. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 07 may 2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (Cild 1; i.v. 59;).
16. “Maddi sübut kimi tanınma haqqında” 08 may 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* nömrəli cinayət işi üzrə istintaq zamanı götürülmüş bir ədəd üzükdən ibarət qızıl-zinət əşyası cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilmişdir (Cild 1, i.v. 63;).
17. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair 30 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir (Cild 1, i.v. 78;).
18. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiklərini hadisə yerində dəqiqliklə göstərmişdir; fotoşəkillər əlavə edilmişdir (Cild 1; i.v. 80-84;).
19. “Qızıl-zinət əşyalarının qiymətləndirilməsi dair” 06 iyun 2025-ci il tarixli Rəydən görünür ki, Zərərçəkmiş şəxs məxsus 583 əyyarlı, 7 qram çəkisi, Rusiya istehsalı olan üzüyün dəyəri 735 manat təşkil edir (Cild 1; i.v. 92-97;).
20. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 13 iyun 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, cinayət işi üzrə götürülməklə və müvafiq rəy alınmaqla qiymətləndirilmiş bir ədəd üzükdən ibarət qızıl-zinət əşyasının cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması, baxış və götürmə haqqında protokollar, Təqsirləndirilən şəxs səmimi etirafedici ifadələri, şahid ifadələri və digər ibtidai istintaq sənədlərinin iş üzrə sübut kimi qiymətləndirilməsi qərara alınmışdır (Cild 1, i.v. 99-105;).
21. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, o, CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (Cild 1; i.v. 109-110;).
22. Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq B.Ş.Məlikli tərəfindən 21 iyun 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 25 iyun 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 124-131;).
23. 18.11.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilib, heç bir şikayət və tələbi yoxdur.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
24. CM-in 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
26. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
27. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
28. CM-in 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə görə, eyni əməllər yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
29. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
30. Belə ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, CM 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə münasibətdə başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq az ağır cinayətlər kateqoriyasına aid edilir.
31. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
32. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
33. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 177.2.3-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177-ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır.
34. Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Qərarının 22-ci bəndində göstərilmişdir ki, şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir.
35. Həmin Qərarın 26-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır.
36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs məxsus 700 (yeddi yüz) manat məbləğində nağd pul və 735 (yeddi yüz otuz beş) manat dəyərində bir ədəd qızıl üzüyün oğurlanması epizodlarına münasibətdə ibtidai istintaq orqanı tərəfindən işin faktiki halları düzgün müəyyən edilmişdir.
37. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün məhkəmədə və məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanılması protokolları, eləcə də digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
38. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır.
39. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
40. Məhkəmədə tədqiq edilən mötəbər və mümkün sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 700 (yeddi yüz) manat məbləğində nağd pul və 735 (yeddi yüz otuz beş) manat dəyərində bir ədəd qızıl üzüyü yaşayış sahəsinə daxil olmaqla gizli olaraq talamış və bununla da, CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir.
41. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib, CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin 700 (yeddi yüz) manat məbləğində nağd pul və 735 (yeddi yüz otuz beş) manat dəyərində bir ədəd qızıl üzüyü gizli olaraq talaması tam sübuta yetirildiyindən, onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir.
42. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona CM-in 177.2.3-cü maddəsi üzrə cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
43. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
44. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
45. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
46. CM-in 83.1-ci maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.
47. Hökmün 17-ci bəndində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.
48. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, CM-in 59.1.13-cü maddəsinin tələbinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməklə aradan qaldırılmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən yaşayış yerindən müsbət xarakterizə olunmasını, təqsirləndirilən şəxsin törətdiyi əməli verdiyi səmimi ifadələri ilə faktiki olaraq tam etiraf etməsi və törətdiyi əməlindən peşman olmasını, 40 yaşında olmaqla cavan olmasını və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
49. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.
50. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddində təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
51. Belə ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.
52. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır.
53. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər.
54. Həm hazırki işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırki təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir.
55. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan CM-in maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə CM-in vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-in Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, ona CM-in 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.
56. Məhkəmə hesab edir ki, cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır.
57. Məhkəmə hesab edir ki, CPM-in 353.4.8-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır.
58. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
59. İş üzrə maddi sübut kimi tanınan Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd üzükdən ibarət qızıl-zinət əşyasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır.
60. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
61. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və mülki iddia yoxdur.
62. İş üzrə məhkəmə xərcləri yoxdur.
63. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzanın icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İş üzrə maddi sübut 1 (bir) ədəd üzükdən ibarət qızıl-zinət əşyasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 110 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir.
Hakim: Qürur Abasov