Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-76/2021 24.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Savalanova Arzu Tarix qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – X4, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki o, cavabdeh kimi ondan 24 may 2013-cü il tarixdən hesablanmaqla 12 noyabr 2001-ci il təvəllüdlü X2 və 27 fevral 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 93,00 manat olmaqla cəmi 186,00 manat sabit pul məbləğində aliment tutularaq Gülməmmədova (Məmmədova) Səidə Qafar qızına verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-1461/2013 saylı, 09 dekabr 2013-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 3(074)-70/2020 saylı, 30 mart 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 13 aprel 2020-ci il, 08 iyun 2020-ci il və 06 yanvar 2021-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 yanvar 2021-ci il tarixinə kimi cəmi 15810,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Gülməmmədova (Məmmədova) Səidə Qafar qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, X9 ilə 18 noyabr 1999-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 12 noyabr 2001-ci il təvəllüdlü X8 və 27 fevral 2003-cü il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlar S.Məmmədova ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən 2004cü ildə ayrılmaq qərarına gəlmişlər, övladları anası X4 himayəsində qalmışdır. S.Məmmədova himayəsində olan uşaqlarını tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-1461/2013 saylı 09 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən ondan 24 may 2013-cü il tarixdən hesablanmaqla X2 və X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay 93,00 manat olmaqla cəmi 186,00 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra sənədi icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur, imkanı kifayət qədər olmadığından yığılıb qalmış aliment borcunu uzun müddət keçməsinə baxmayaraq ödəməmişdir. Borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə baxmayaraq aliment borcunu ödəmədiyindən Şamaxı Rayon Məhkəməsinin 30 mart 2020ci il tarixli inzibati qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs edilmiş, yenidən könüllü müddət təyin olunmuşdur. Təqdimat verilən günə, yəni 15 yanvar 2021-ci il tarixə kimi qanuni qüvvəyə minmiş qətnamə üzrə, ödənməmiş aliment borcu 15810,00 manat təşkil edir. Təqdimat verilən gündən sonra 1200 manat ödəniş etmişdir. Hazırda borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Öhdəsində qoca anası və 27 dekabr 2010-cu il təvəllüdlü X6 adlı övladı var. Bundan sonra aliment borcunu hissə-hissə ödəyəməyə çalışacaqdır ki, borcu qalmasın. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadə verib göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 1999-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından 12 noyabr 2001-ci il təvəllüdlü X8 və 27 fevral 2003-cü il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Əvvələr İntiqam ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, evli olduqları müddətlərdə əsassız söz-söhbətlər yaratdığı, uşağları ilə maraqlanmadığı, yola gedə bilmədikləri üçün ayrılmaq qərarına gəlmişlər və övladları onun himayəsində qalmışdır. O, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəməyə iddia qaldırmış, Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-1461/2013 saylı, 09 dekabr 2013-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 24 may 2013-cü il tarixdən hesablanmaqla X2 və X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 93,00 manat olmaqla cəmi 186,00 manat sabit pul məğləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin, Təqsirləndirilən şəxs məhkəmənin qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 30 mart 2020-ci il tarixli inzibati qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğul olmuş və yetərli qazancı olmuşdur.İntiqam istəsə aliment ödəyə bilərdi, sadəcə ödəmək niyyətində olmamışdır. 15 yanvar 2021-ci il tarixə kimi yığılıb qalmış ödənməmiş 15810,00 manat aliment borcunu vardır. O, övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Təqsirlənidirlən şəxs Təqsirləndirilən şəxs bu günə qədər 1200 manat aliment borcunu ona ödəmişdir. Ödənilməmiş borcu 14610 manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən qalan aliment borcunun hissə-hissə ödənilməsini deyil, birdəflik ödənilməsini, ödəmədiyi təqdirdə onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verib göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 09.12.2013-cü il tarixli, 2(105)-1461/2013 saylı qətnaməsinin əsasında verilən icra vərəqəsinə əsasən xx.xx.1976-cı ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan borclu Təqsirləndirilən şəxs 24.05.2013-cü il tarixdən başlayaraq 12.11.2001-cu il təvəllüdlü X2 və 27.02.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 93 manat olmaqla ümumilikdə 186 manat məbləğində aliment alınaraq tələbkar X5 verilməlidir. Həmin icra vərəqəsi 28.02.2014-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq o, aliment tələbini icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Borclunun yaşayış yeri məlum olmadığından onun barəsində, müvafiq qərar əsasında Şamaxı rayon polis şöbəsində axtarış işi açılmışdır. Borclu Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra və probasiya şöbəsinə təhvil verilmiş, şöbədə onunla söhbətlər aparılmış və izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şamaxı rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 30 mart 2020-ci il tarixdə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçun ona yeni müddət verilmişdir. Amma borclu tələbi icra etməməkdə davam etmişdir. Borcla bağlı Şamaxı rayon məhkəməsinin 8(074)-32/2020 saylı, 22 may 2020-ci il tarixli qərardadına əsasən onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də işlə təmin edilməmişdir. Təqsirləndirilən şəxs 15.01.2021-ci il tarixə tələbkara olan aliment borcu 15810 manat təşkil edir. Bundan başqa tələbkar X9 icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin məlum qətnaməsini inzibati tənbeh edilməsinə və ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmişdir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə olunmuşdur. Bununla əlaqədar borclu Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış qətnaməni qərəzli olaraq icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanılması üçün Ədliyyə Nazirliyi İsintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 mart 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 24 iyun 2013-cü il tarixli 2(105)-1461/2013 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 24 may 2013-cü il tarixdən başlayaraq 12 noyabr 2001-ci il təvəllüdlü X8, 27 fevral 2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 93 manat sabit pul məbləğində aliment alınaraq X5 verilməlidir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 03 mart 2014-cü il tarixli qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1461/2013 saylı, 20 fevral 2014-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 03 mart 2014-cü il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1461/2013 saylı, 20.02.2014-cü il tarixli icra sənədində göstərilən tələbin icrasının dərhal təmin edilməsi təklif olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 30 mart 2020-ci il tarixli 3(074)-70/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib on gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 22 may 2020-ci il tarixli 8(074)-32/2020 saylı qərardadı ilə borclu xx xxxxxxx 1976-cı ildə Şamaxı rayonunda anadan olmuş, Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 05 aprel 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22.11.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1 maddəsi ilə təqsirli bilinərək bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 10.04.2003-cü il tarixdə Bakı şəhəri Sabail Rayon Məhkəməsinin qərarı ilə beş ay yeddi gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Ödəniş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X4 xeyrinə 12.03.2021-ci il tarixdə 200 manat, 27.04.2021-ci il tarixdə 200 manat, 31.05.2021-ci il tarixdə 100 manat, 18.06.2021-ci il tarixdə 200 manat, 23.06.2021-ci il tarixdə 100 manat, 10.07.2021-ci il tarixdə 200 manat, 24.07.2021-ci il tarixdə 200 manat, 16.08.2021-ci il tarixdə 200 manat aliment ödənilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şəhriyar qəsəbə İƏD-si üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verimiş xasiyyətnamədə göstərilr ki, o uzun zaman Rusiyada yaşadığı üçün barəsində nümayəndəiyə heç bir şikayət daxil olmamışdır. AZE 11976639 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədova Xatun 27 dekabr 2010-cu ildə anadan olmuşdur, atası Təqsirləndirilən şəxs, anası Məmmədova Fərqanədir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 20 may 2021-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Belə ki, borcundan cəmi 1200 manat ödənişin həyata keçirilməsi, məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdilməli və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin və barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-76/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-76/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver