Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-76/2024 05.11.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X3 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.2001-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 23 iyul 2024-cü il tarixdə, saat 01 radələrində ictimai yer hesab edilən Şamaxı şəhəri, Nəriman Nərimanov və Nazim Hikmət küçələrinin kəsişməsində yerləşən “Favorit Market” adlı ərzaq mağazasının yaxınlığında, qarpız satışı ilə məşğul olan Zərərçəkmiş şəxs nisyə qarpız alarkən, sonuncunun onunla sözlə zarafat etməsini özünə qarşı xoşagəlməz hal kimi qəbul edib bunu bəhanə edərək, əslində isə heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, bundan sonra Zərərçəkmiş şəxs ona nisyə qarpız satmayacağını bildirib, aldığı qarpızın pulunu ödəməsini tələb etdikdə, mübahisəni davam etdirərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, Zərərçəkmiş şəxs və qeyrilərinin timsalında özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla, başqalarından üstün olduğunu nümayiş etdirmək, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında heç bir əsaslı səbəb olmadan, içkili vəziyyətdə, əvvəlcə yumruqla qəsdən Zərərçəkmiş şəxs alın nahiyəsindən iki dəfə zərbə vurmuş, zərbələrin təsirindən Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılaraq, bel və sağ dizinin səki daşına dəyməsindən sonra, o, sonuncunun üzərinə çıxaraq, yumruqla qəsdən alın nahiyəsinə bir neçə zərbə daha vurmaqla, Zərərçəkmiş şəxs alın nahiyəsinin, sağ diz qapağının, bel nahiyəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadığı üçün, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə, qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışıdır. Həmin şəxslə aralarında əvvəllər ədavət, dava-dalaş olmamışdır. 22 iyul 2024-cü il tarixdə, axşam saatlarında pivə içmək üçün, Şamaxı şəhərində yerləşən “Beer Time” kafesinə getmişdir. Həmin kafedə pivə içdikdən sonra, gecə saatlarında siqaret almaq üçün “Favorit” adlı mağazaya getmişdir. Mağazadan bir paçka siqaret aldıqdan sonra, küçəyə çıxmış və mağazanın yaxınlığında tanışı Zərərçəkmiş şəxs qarpız satdığını görüb, qarpız almaq qərarına gəlmişdir. Kənana yaxınlaşıb, ona üç manat dəyərində bir qarpız verməsini istəmişdir. Kənan bir ədəd qarpızı götürüb çəkmiş və qarpızın üç manatlıq olduğunu deyib, ona vermişdir. O, Kənana pul qabının hazırda üzərində olmadığını, kafedə qaldığını deyib, qarpızın pulunu kafeyə gedib verməyi təklif etmişdir. Bundan sonra, Kənan onunla söyüşlə zarafat etməyə başlamışdır. O, Kənanın sərxoş olduğunu başa düşüb, sonuncunu kənara çəkib, onunla belə zarafat etməməsini tələb etmişdir. Kənan da onunla zarafat etməyəcəyini deyib, qarpızı geri istəmişdir. O, qarpızı qaytarmaq istəyən zaman, Kənan yenidən onu təhqir etmişdir. Buna görə də, o, əsəbləşib, Kənanın sifət nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Yumruğun təsirindən Kənan yerə yıxılmış və o, yenidən Kənanı vurmaq üçün, sonuncunun yaxasından yapışmış, lakin həmin vaxt orada olan tanışları Pərvin, Yadigar və kənardan adlarını bilmədiyi, tanımadığı şəxslər buna imkan verməmişdirlər. O, qarpızı qaytarmış və piyada “Beer Time” kafesinə getmişdir. Sonradan məlum olmuşdur ki, Kənan onun barəsində Şamaxı Rayon Polis Şöbəsinə müraciət etmişdir. Kənanla mübahisəsi təxminən 10 dəqiqə ərzində davam etmiş və həmin vaxt onu heç kim vurmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və zərərçəkmiş Zərərçəkmiş şəxsla barışdığını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi tanıyır və həmin şəxslə əvvəllər aralarında ədavət olmamışdır. O, Şamaxı şəhərində yerləşən “Favorit” adlı mağazanın yaxınlığında qarpız satmaqla məşğul olur. 23 iyul 2024-cü il tarixdə, saat 01 radələrində qarpız satışı ilə məşğul olduğu vaxt, Təqsirləndirilən şəxs yaxınlaşıb, 3 manatlıq qarpız verməsini istəmişdir. O, qarpızı tərəzidə çəkib, Vasifə verdikdə, sonuncu ona üzərində pul olmadığını, pulunun “Beer Time” kafesində qaldığını deyib, birlikdə həmin kafeyə getməyi təklif etmişdir. Həmin vaxt Vasiflə onunla sözlə zarafat etmiş, lakin Vasif sərxoş olduğundan, zarafatını pis qəbul etmişdir. O, Vasiflə mübahisə edərək, zarafat etməməsini tələb etmiş və nisyə qarpız satmayacağını demişdir. Vasif isə qarpızı ona qaytaran zaman, anidən heç bir əsaslı səbəb olmadan, onun alın nahiyəsindən yumruqla zərbə vurmuş və o, zərbənin təsirindən arxası üstə yolun kənarındakı səki daşının üzərinə yıxılmışdır. Həmin vaxt hadisə yerinə gəlmiş tanışları Rauf, Pərvin, Yadigar və küçədən keçən tanımadığı bir neçə nəfər şəxs, onu Vasifin əlindən almışdır. Bundan sonra o, baş vermiş hadisə barədə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda isə o, Təqsirləndirilən şəxsla barışmış və bu səbəbdən, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, “Favorit” mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Şamaxı şəhər sakinləri kimi tanıyır və həmin şəxslərlə aralarında hər hansı ədavət olmamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 01 radələrində işlədiyi “Favorit” mağazasında ərzaq mallarını vitrinə yığmış və həmin vaxt küçədən səs-küy eşidib, nə baş verdiyini bilmək üçün, küçəyə çıxmışdır. Həmin zaman, Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə Kənanın başının üstündə olduğunu görüb, dərhal onunla birlikdə mağazada işləyən və hadisə yerinə gələn Pərvin, Rauf adlı şəxs və hadisə yerində olan, adlarını bilmədiyi küçədən keçən bir neçə şəxslə birlikdə Vasifi Kənanın yanından uzaqlaşdırıb, sakitləşdirməyə çalışmışlar. Sonradan Kənanın hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, “Favorit” mağazasında satıcı işləyir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır və həmin şəxslərlə münasibəti yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. xx.xx.2024cü il tarixdə, təxminən saat 01 radələrində Şamaxı şəhəri, N.Nərimanov küçəsi ilə Nazim Hikmət küçələrinin kəsişməsində yerləşən “Favorit” mağazasında kassada müştərilərə xidmət etmişdir. Həmin vaxt küçədən səs-küy eşidib, nə baş verdiyini bilmək üçün, küçəyə çıxmış və Zərərçəkmiş şəxs yerdə uzanıqlı vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs isə həmin şəxsin başının üstündə olduğunu görüb, dərhal onunla birlikdə marketdə işləyən və hadisə yerinə gələn Şahid2 və hadisə yerində olan adlarını bilmədiyi küçədən keçən bir neçə şəxslə birlikdə Vasifi Kənanın yanından uzaqlaşdırıb, Kənanı ayağa qaldırmışdır. Daha sonra Vasifi sakitləşdirməyə çalışmışlar və Vasif hadisə yerindən uzaqlaşmışdır. Daha sonra, Kənanın hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, Şamaxı şəhəri, N.Nərimanov küçəsi ilə Nazim Hikmət küçələrinin kəsişməsində yerləşən kişi salonunda saç ustası işləyir. Təqsirləndirilən şəxs Şamaxı rayon sakini kimi tanımaqla, həmin şəxslə aralarında hər hansı ədavət olmamışdır. Zərərçəkmiş şəxs isə həmin küçədə qarpız satışı ilə məşğul olan biri kimi tanımaqla, həmin şəxslə münasibəti yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. xx.xx.2024-cü il tarixdə, təxminən saat 01 radələrində işlədiyi kişi salonunun qapısını bağlamağa hazırlaşdığı zaman, küçədən səsküy eşidib, nə baş verdiyini bilmək üçün, küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə yumruq vurmasını, Kənanın isə yerdə olduğunu görüb, dərhal sonunculara yaxınlaşmışdır. Hadisə yerində olan adlarını bilmədiyi, küçədən keçən bir neçə şəxslə birlikdə, Vasifi Kənanın üzərindən qaldırıb, hadisə yerindən uzaqlaşdırmışlar. Kənanı isə ayağa qaldırmışdırlar. Daha sonra Kənanın hadisə ilə bağlı Şamaxı rayon polis şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 226 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində olan xəsarətlər - alın nahiyəsinin, sağ diz qapağının, bel nahiyəsinin sıyrıqları küt əşyanın təsirindən törənməklə, yetirilmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir, həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından, dərəcələri təyin edilmir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olaraq, bir neçə medallarla təltif olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onun Vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla, 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə, 2 (iki) gün həbsdə saxlama müddəti 8 (səkkiz) gün islah işləri cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla, 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(074)-76/2024
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-76/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver