Məhkəmə qərarları › İş №1(074)-77/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-77/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-77/2024 18.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X15 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Bəndəliyeva (Qədirova) Xatirə Vahid qızı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, 08 yanvar 2016-ci il tarixdən hesablanmaqla 01 iyul 2002-ci il təvəllüdlü X9, 16 oktyabr 2004-cü il təvəllüdlü X7 və 09 fevral 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Bəndəliyeva (Qədirova) Xatirə Vahid qızına verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-207/2016 saylı, 30 mart 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 3(074)-401/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 30 oktyabr 2023-cü il, 18 dekabr 2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün üçün ilkin təqdimat verilən 10 yanvar 2021-ci il tarixdən sonuncu təqdimat verilənədək, yəni 08 aprel 2024-cü il tarixinə kimi 5800,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Bəndəliyeva (Qədirova) Xatirə Vahid qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2001-ci ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Həmin nikahdan 01 iyul 2002-ci il təvəllüdlü X9, 16 oktyabr 2004-cü il təvəllüdlü X7 və 09 fevral 2007-ci il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Əvvəllər Xatirə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bu səbəbdən, Xatirə ayrılmaq qərarına gəlmiş və himayəsində olan uşqları tək saxlaya bilmədiyi üçün, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli qətnaməsinə əsasən, ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, Bəndəliyeva (Qədirova) Xatirə Vahid qızına verilməsi qət edilmişdir. Lakin, imkanı kifayət qədər olmadığından və səhlənkarlıq etdiyindən, aliment borcunu ödəməmişdir. Məhkəmə qətnaməsini icra etmədiyindən, Şamaxı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmü ilə 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. Daha sonra, Amnistiya qərarına əsasən, cəzadan azad edilmişdir. Azadlığa çıxdıqdan sonra, yenidən məhkəmə qətnaməsini icra etməsi ondan tələb olunmuşdur. Lakin, alimenti ödəmədiyindən, icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. O, Şamaxı şəhərində ev tikintisində usta işləri ilə məşğul olmuş və gündəlik təxminən 20-25 manat qazanc əldə etmişdir. Məşğulluq mərkəzində qeydiyyatda olsa da, daim işlədiyindən və təklif olunan işlər onu qane etmədiyindən, sonralar müraciət etməmişdir. 08 aprel 2024-cü il tarixə Bəndəliyeva (Qədirova) Xatirə Vahid qızına ödənilməmiş aliment borcu 5800 manat təşkil etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Bəndəliyeva (Qədirova) Xatirə Vahid qızı bildirdi ki, 2001-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə qurmuş və birgə nikahdan 01 iyul 2002-ci il təvəllüdlü X9, 16 oktyabr 2004-cü il təvəllüdlü X7 və 09 fevral 2007-ci il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Şamaxı şəhərində kirayə yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər Seymur ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Seymur daim dava-dalaş saldığından, övladları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır. Övladlarını təkbaşına saxlamaqda çətinlik çəkdiyi üçün, aliment tələbi ilə məhkəmədə iddia qaldırmış və Şamaxı Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 08 yanvar 2016ci il tarixdən hesablanmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə təyin edilmiş alimenti ödəməmişdir. Məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün, Şamaxı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra, aliment ödənilməsi tələb olunsa da, yenidən alimenti ödəməkdən yayınmışdır. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 08 aprel 2024-cü il tarixə ödənilməmiş aliment borcu 5800 manat təşkil etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda da fərdi əmək fəaliyyəti ilə məşğul olur və yetərli qazancı olur. Maddi vəziyyəti yaxşı olmasa qazancını hər gün spirtli içkilərə xərcləməzdi deyə qeyd etmişdir. Seymurun övladları ilə maraqlanmadığını, nə maddi, nə mənəvi dayaq durmadığını əlavə etmişdir. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq, ona ödənilməsini, əks halda qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Şamaxı rayon məhkəməsinin 2(074)-207/2016 saylı, 30 mart 2016-cı il tarixli qətnaməsinin əsasında verilən icra vərəqəsinə əsasən, tərəflərin birgə nikahından 01 iyul 2002-ci ildə doğulmuş X9 16 oktyabr 2004-cü ildə doğulmuş X7, 09 fevral 2007ci ildə doğulmuş X10 anası X4 yanında qalmalı və 08 yanvar 2016-cı il tarixdən başlayaraq, borclu Təqsirləndirilən şəxs hər ay hər uşağa 100 manat sabit pul məbləğində alıment alınıb tələbkar X6 verilməlidir. Göstərilən icra vərəqəsi 08 iyun 2016-cı il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin gün icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq o, aliment tələbini icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Yaranmış aliment borcunun tələbə yönəldilməsi üçün borclu Təqsirləndirilən şəxs adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclunun yaşayış yeri məlum olmadığından onun barəsində, müvafiq qərar əsasında Şamaxı rayon polis şöbəsində axtarış işi açılmışdır. Şamaxı rayon məhkəməsinin 8(074)-55/2020 saylı, 12 avqust 2020-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şamaxı rayon məhkəməsinin 1(074)-81/2021 saylı 08 sentyabr 2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Borclu cəzadan azad edildikdən sonra, aliment borcundan heç bir ödəniş etməmişdir. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmiş və Şamaxı rayon məhkəməsinin 3(074)- 401/2023 saylı 11 sentyabr 2023-cü il tarixli qərarına əsasən 10 gün müddətində inzibati qaydada həbs tənbeh tətbiq edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçun ona yeni müddət verilmişdir. Amma borclu tələbi icra etməməkdə davam etmişdir. Borclu Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də, işlə təmin edilməmişdir. X3 (Qədirova) Xatirə Vahid qızı şöbəyə ərizə ilə müraciət edərək, aliment borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs borcunun məcburi ödənilməsi barədə şifahi və rəsmi xəbərdarlıqlar edilməsinə, izahatları alınmasına, onun qüvvədə olan məhkəmə qərarını qərəzli olaraq icra etmədiyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət izah olunmasına baxmayaraq, o borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırmışdır. Onun tələbkara təqdimat verilən tarixə 5800 manat aliment borcu vardır. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İsitintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-207/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən, tərəflərin birgə nikahından 01 iyul 2002-ci ildə doğulmuş X9, 16 oktyabr 2004-cü ildə doğulmuş X7, 09 fevral 2007-ci ildə doğulmuş X10 anası X4 yanında qalmalı və 08 yanvar 2016-cı il tarixdən başlayaraq borclu Təqsirləndirilən şəxs hər ay hər uşağa 100 manat sabit pul məbləğində alıment alınıb tələbkar X6 verilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-207/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən tələbi qanunla müəyyən olunmuş müddətdə könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-81/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 3(074)-401/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs icra sənədini icra etməsi üçün yeni müddət təyin olunaraq vaxt verilmiş və bu müddət ərzində icra sənədini tam icra etməzsə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması barədə aidiyyəti üzrə təqdimat veriləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı, çağırışlara üzrlü səbəb olmadan gəlmədiyindən və istintaqdan gizləndiyindən, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarından görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı X8 azad edilmişdir. Eyni zamanda, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 1(074)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən, seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək, onun barəsində axtarış elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, 03 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tərətməkdə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarına əsasən, xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunur ki, “məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40)”. Həmin Qərarda həmçinin qeyd olunur ki, “məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür”. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 9 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar