Məhkəmə qərarları › İş №1(074)-78/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-78/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-78/2023 22.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər X3 və Müdafiəçi iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını qanunsuz olaraq, gizli yolla talamaq məqsədilə, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Şamaxı şəhər ərazisində yerləşən “Şamaxı” restoranı ilə üzbə-üz, ətrafı dəmir torla hasarlanmış Zərərçəkmiş şəxs məxsus sahəyə yaxınlaşıb, həmin dəmir toru açmaqla, başqa saxlanc yerinə qanunsuz daxil olduqdan sonra, oradan sonuncuya məxsus cəmi 3,5 ton su tutumlu “nerjaveyka” materialdan olan 01 ədəd su çəni, eni 01 metr, hündürlüyü 02 metr olmaqla, 4-lük ölçülü dəmir materialdan olan 01 ədəd qapını və eni 01 metr, hündürlüyü 02 metr olmaqla, 10-luq ölçülü dəmir materialdan olan 01 ədəd qapı çərçivəsini götürüb aparmaqla, satışından əldə etdikləri gəliri aralarında bölüşdürərək, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1240 manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Eyni zamanda, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xx.xx.2023-ci il tarixdə, saat 16 radələrində Şamaxı şəhər ərazisində yerləşən “Şamaxı” restoranı ilə üzbə-üz, ətrafı dəmir torla hasarlanmış Zərərçəkmiş şəxs məxsus sahəyə yaxınlaşıb, həmin dəmir toru açmaqla, başqa saxlanc yerinə qanunsuz daxil olduqdan sonra, oradan sonuncuya məxsus cəmi 3,5 ton su tutumlu “nerjaveyka” materialdan olan 01 ədəd su çəni, eni 01 metr, hündürlüyü 02 metr olmaqla, 4-lük ölçülü dəmir materialdan olan 01 ədəd qapını və eni 01 metr, hündürlüyü 02 metr olmaqla, 10-luq ölçülü dəmir materialdan olan 01 ədəd qapı çərçivəsini götürüb aparmaqla, satışından əldə etdikləri gəliri aralarında bölüşdürərək, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1240 manat dəyərində özgənin əmlakını gizli olaraq talamış, yəni oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, Şamaxı rayonunun ərazisində metal yığaraq, satmaq ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ona “Şamaxı” restoranı ilə üzbə-üz, Eldar adlı şəxsin torpaq sahəsində “nerjaveyka” materialından olan çənin olmasını və Eldardan icazəsinin almasını bildirərək, çəni götürmək üçün ondan kömək etməyini, qarşılığında əldə olunan pulun 1/3 hissəsini ona verəcəyini demişdir. O, razılaşaraq, Samirin idarə etdiyi “VAZ-21011” markalı avtomobilə əyləşib, birlikdə “Şamaxı” restoranı ilə üzbə-üz Eldar adlı şəxsin torpaq sahəsinə getmişdirlər. Həmin yerə çatdıqda, Samir torpaq sahəsinin ətrafına çəkilmiş dəmir tordan hazırlanmış qapını açmış və avtomobili həmin yerə sürərək saxlamışdır. Onlar orada olan su çənini, dəmir materialdan olan qapını və qapı çərçivəsini birlikdə avtomobilə tərəf yaxınlaşdıraraq, avtomobilin tavanına yerləşdirmişlər. Torpaq sahəsindən götürdükləri materialları satmaq üçün, Samir dəmir alqı-satqısı ilə məşğul olan Soltan adlı şəxsə zəng etmişdir. Onlar Soltanın olduğu yerə getmişlər və orada həmin çəni köməkliklə avtomobildən düşürmüşlər. Daha sonra, o, çəni kiçik hissələrə doğramış və tərəzinin üzərinə qoyub çəkmişlər. Su çəninin çəkisi 220 kiloqram olmuşdur. Samirin Soltandan 90 manat pul almasını görmüş və Samir aldığı puldan 30 manatını ona vermişdir. Lakin, Soltan adlı şəxsdən heç bir məbləğdə pul almamışdır. O, çənin oğurluq olmasını bilməmişdir. Belə ki, Samir ona sahibindən icazə aldığını demişdir. Göstərilənləri nəzərə alaraq, təqsirinin olmaması əsası ilə, ona aid hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Şamaxı rayonunun ərazisində metal yığıb, satmaq ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 “Şamaxı” restoranı ilə üzbə-üz Eldar adlı şəxsin torpaq sahəsində bir ədəd “nerjaveyka” materialından olan su çənin olmasını bildirərək, həmin çəni götürüb satmağı təklif etmiş və Ramil onunla razılaşmışdır. Bundan sonra o, Ramilə çəni satdıqdan sonra, əldə olunan qazancın yarı hissəsinin ona verəcəyini demiş və onlar razılaşaraq, idarə etdiyi “VAZ-21011” markalı avtomobillə “Şamaxı” restoranı ilə üzbə-üz Eldar adlı şəxsin torpaq sahəsinə getmişlər. Həmin yerə çatdıqda, o, dəmir tordan olan qapını açmış və avtomobili həmin yerə sürüb saxladıqdan sonra, hər ikisi avtomobildən düşərək, dəmir torların yanında olan su çənini birlikdə avtomobilin yanına gətirmişlər. Daha sonra, çəni avtomobilin tavanına yükləmişlər. Götürdükləri su çənini satmaq üçün, dəmir alqı-satqısı ilə məşğul olan, hər ikisinin tanıdığı Soltan adlı şəxsin evinə gedib, orada həmin çəni bir kiloqramını 80 qəpiyə satılmasını Soltan ilə razılaşdırmışlar. Həmin çəni köməkliklə avtomobildən düşürdükdən sonra, Ramil su çənini xüsusi aparat vasitəsi ilə doğramışdır. Su çənini tərəzinin üzərinə qoyub çəkdikdə, çənin çəkisi 220 kiloqram olmuşdur. Soltan 180 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, Ramil də 90 manatını ona vermişdir. O, Eldar adlı şəxsə məxsus torpaq sahəsindən “nerjaveyka” materialdan olan çən, bir ədəd dəmir materialdan olan qapı və qapı çərçivəsini Təqsirləndirilən şəxs1la birlikdə oğurlayıb, su çənini Soltan adlı şəxsə satsalar da, digər əşyaları rayon ərazisində tanımadığı metal alan şəxsə satmışdır. O, Ramilə Eldar adlı şəxsin torpaq sahəsindən çəni, dəmir materialdan olan qapını və qapı çərçivəsini oğurlayan zaman, Eldardan hər hansı bir icazənin alınmasını bildirməmiş və əvvəldən o, Ramilə həmin əşyaların oğurladıqlarını bildirmişdir. Belə ki, həmin gün onlar əşyaları oğurlamağı, satmağı və qazancı yarı bölməyi qabaqcadan danışaraq razılaşmışlar. Onlar dəmir çəni Soltana satan zaman, Soltan dəmir çənin oğurluq olub-olmamasını soruşduqda, Ramil Soltana dəmir çəni ucuz qiymətə aldıqlarını və qazanc əldə etmək üçün satdıqlarını demişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini və vurulmuş ziyan olaraq 1240 manat pulu zərərçəkmiş şəxsə ödəməyə hazır olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Onun Şamaxı rayonunun ərazisində, “Şamaxı” restoranı ilə üzbə-üz olan ərazidə torpaq sahəsi vardır. O, həmin əkin sahəsinə mütamadi olaraq gedib-gələ bilmir. Əkin sahəsinin ətrafı tor hasarla bağlanmış və giriş hissəsi 3 metr eni və 1 metr hündürlüyü olan dəmir məftildən qapı ilə əhatə olunmuşdur. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında özünə məxsus əkin sahəsində olan ağacları suvarmaq üçün, həmin sahəyə getmiş və sahənin içərisində 3,5 ton su tutumlu “nerjaveyka” materialdan olan çənin, bir ədəd eni 1 metr, hündürlüyü 2 metr olan 4-lük dəmir materialdan olan qapının və eni 1 metr, hündürlüyü 2 metr olan 10-luq dəmir materialdan olan qapı çərçivəsinin yerində olmadığını aşkar etmişdir. Baş vermiş hadisə barədə o, Şamaxı Rayon Polis Şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Bundan sonra, polis əməkdaşları hadisə yerinə getmiş, həmin əraziyə baxış keçirmiş və bir neçə gün sonra ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Şamaxı şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişdir. Torpaq sahəsindən oğurluq nəticəsində ona 4500 manat maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərlə heç bir düşmənçiliyi və yaxud ədavəti yoxdur. Ona dəymiş ziyan hal-hazıradək ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Şamaxı şəhərinin ərazisində metal alqı-satqısı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “VAZ-21011” markalı avtomobilin üzərində “nerjaveyka” materialından olan su çənini gətirib, satmaq istədiklərini bildirmişlər. O, ilk əvvəl həmin şəxslərin qeydiyyatını aparmışdır. Bundan sonra, o, Təqsirləndirilən şəxs1 çənin oğurluq olubolmamasını soruşduqda, Ramil çəni ucuz qiymətə aldıqlarını və qazanc əldə etmək üçün satdıqlarını bildirmişdir. Onlar çənin 1 kiloqramı üçün 80 qəpik qiymət razılaşdıqdan sonra, çəni avtomobilin dam hissəsindən götürərək, yerdə xırda hissələrə doğrayaraq, tərəzinin üzərinə qoymuşlar. Çənin ümümi çəkisi 220 kiloqram olmuş və hər kiloqram üçün 80 qəpik olmaqla, çənin qiyməti 176 manat etsə də, Təqsirləndirilən şəxs1 ümumilikdə 180 manat pul vermişdir. O, həmin çəni metal əritmə zavoduna satdığı üçün, istintaqa təqdim edə bilmir. O, su çənini alan zaman, həmin çənin oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Samir xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə “Şamaxı” restoranı ilə üzbə-üz olan torpaq sahəsindən “nerjaveyka” materialdan olan su çənini, dəmir materialdan olan qapını və qapı çərçivəsini oğurlamışdırlar. Sonradan oğlu Samir və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən tutulmuşdur. Təqsirləndirilən şəxs1 oğlu Samirlə münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. X8 ilə birlikdə etmiş, oğurlanmış əşyaların sahibi olan Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdırlar. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişlər və onların təqsiri Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5765 nömrəli ekspert rəyindən görünür ki, 2023cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə, 3,5 ton tutumlu “nerjaveyka” materialından olan su çəninin qiyməti 1000 manat, 1 ədəd eni 1 metr, hündürlüyü 2 metr olan 4-lük dəmir materialdan olan qapının qiyməti 200 manat, 1 ədəd eni 1 metr, hündürlüyü 2 metr olan 10-luq dəmir materialdan olan qapı çərçivəsinin qiyməti 40 manat müəyyən olunur. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər də talama cinayətinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda isə onun ödənilməmiş məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2018-ci il təvəllüdlü uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə, cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli, Təqsirləndirilən şəxs2 isə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın əvvəli onların tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 16 (on altı) saat hüquqi yardıma görə 96 (doxsan altı) manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar