Məhkəmə qərarları › İş №1(074)-8/2025

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-8/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-8/2025 16.04.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1991-ci ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində ögey anası Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında sonuncu ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs onu təhqir etməsindən qəzəblənərək, cibindən çıxartdığı bıçaqla əvvəlcə sonuncunun sol döş nahiyəsindən qəsdən bir dəfə zərbə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs özünü müdafiə məqsədilə, bıçağı əli ilə tutub saxladığı üçün, bıçağın sonuncunun barmağını kəsməsindən sonra o, həmin bıçaqla Zərərçəkmiş şəxs qarın və kürək nahiyələrindən qəsdən daha iki dəfə zərbə vurmaqla, sonuncuya sol kürək nahiyəsinin, sol döş üstü nahiyənin, sağ əlin İİ barmağının səthi yaraları ilə müşahidə olunan sağlamlığa zərər vurmadıqları üçün, dərəcələri təyin edilməyən və qarnın ön sol-yan səthinin yarası ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, 2013-cü ildə ailə həyatı qurmuş və bir müddət Quşçu kəndində atası Alşan ilə birlikdə yaşadıqdan sonra, onlardan ayrılaraq, başqa evə köçmüşdür. Atası Şəhriyar qəsəbəsində özü üçün ev tikdirmiş və o da, atasının evinin yanında özü üçün ev tikdirərək, orada yaşamağa başlamışdır. Bir müddət sonra onun atası ilə münasibətləri pozulmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində atası Alşan və ögey anası Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında Zərinə ilə aralarında mübahisə baş vermiş və mübahisə zamanı, ilk öncə Zərinə onu təhqir etmiş, o da, cavabında Zərinəni təhqir etmişdir. Lakin, o, Zərinəyə bıçaqla hər hansı bir xəsarət yetirməmişdir. O, Zərərçəkmiş şəxs 8000 manat pul istəməmiş və hər hansısa bir hədə-qorxu gəlməmişdir. O, avtomobil almaq məqsədi ilə, özü üçün bir qədər pul yığmış və Zərinə ilə münasibətləri yaxşı olduğundan, sonuncudan borc pul istəmişdir. Zərinə ona 3000 manata qədər borc pul verə biləcəyini demiş, lakin o, söyləmişdir ki, 3000 manat pul azdır və bir qədər çox borc pul versin. O, özü bir qədər pul yığmış, lakin 5000 manat pulu çatmamışdır. Törətdiyi əməldən hazırda peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, 2008-ci ildə o, Şahid1 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin evlilikdən 3 övladı vardır. Təqsirləndirilən şəxs onun ögəy oğludur. Elşən ailə həyatı qurduqdan sonra, 2013-cü ildən onlardan ayrı yaşamağa başlamışdır. 2015-ci ildən isə Elşən onların yaşadığı Şəhriyar qəsəbəsində olan evin yaxınlığında özü üçün ev tikdirmiş və ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində o, yaşadığı evdən küçəyə çıxaraq, toyuqlarını evə gətirən zaman, Elşənin qaçaraq, ona yaxınlaşdığını görmüşdür. Həmin vaxt onların arasında yaranmış mübahisə zamanı, o, Elşənin həyat yoldaşının və uşaqlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Elşən cibindən knopka ilə açılıb-bağlanan bıçağı çıxardaraq, üzərinə hücum çəkmiş və onun ilk əvvəl ürəyinin üstündən vurmaq istədikdə o, sağ əli ilə bıçağı tutub saxlamışdır ki, ona xəsarət yetirə bilməsin. Lakin, həmin vaxt Elşən bıçaqla onun sol döş nahiyəsindən xəsarət yetirmiş və bıçaqı tutub saxladığı üçün, onun barmaqları kəsilmişdir. O, Elşənə müqavimət göstərdiyi üçün, sonuncu yenidən ona xəsarət yetirmək məqsədi ilə, əlindəki bıçaqla onun qarnının sol nahiyəsindən vurmuşdur. O, qaçmaq istədikdə, Elşən onun sol kürək nahiyəsindən vurmaq istəsə də, bıçaq kürək nahiyəsinə batmasa da, kürəyindən xəsarət almış və qışqıraraq qonşuları köməyə çağırıb, yerdən götürdüyü daşı Elşənə atmışdır. Elşən onun qışqırdığını görüb, dərhal həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, evə daxil olmuş və həyətdə oturan zaman, səhətinin pisləşdiyini görərək, oğlu Ədalətə söyləmişdir ki, təcili tibbi yardıma zəng edərək kömək çağırsın. Həkimlər gəldikdən sonra, onu Şamaxı Rayon Diaqnostika Mərkəzinə aparmışlar və orada ona tibbi yardım göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Həyat yoldaşı Zərərçəkmiş şəxs son vaxtlar Elşənin onu narahat etdiyini və aralarında intim əlaqə olduğunu ona bildirmişdir. Bu səbəbdən, Elşənlə aralarında narazılıqlar başlanmışdır. xx.xx.2024-cü ildə yaşadıqları evin qarşısında, küçədə Elşən ilə onun arvadı Zərinə arasında baş vermiş hadisənin birbaşa şahidi olmasa da, Elşənin bıçaqla Zərinəyə xəsarət yetirməsindən və Zərinən xəstəxanaya getməsindən xəbəri olmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş 2011-ci il təvəllüdlü Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. Təqsirləndirilən şəxs isə onun ögey qardaşıdır. xx.xx.2024-cü ildə, səhər saatlarında evdə olan zaman, küçədən səs-küy eşitmiş, lakin hadisəni görə bilməmişdir. Bir qədər sonra, evin həyətinə çıxdıqda, anası Zərinənin paltarının qanlı olmasını görmüş və anasından nə baş verdiyini soruşduqda, anası ona ögey qardaşı Elşənin bıçaqla onu vurduğunu bildirmişdir. Buna görə də, anası xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə, səhər saatlarında almaq istədiyi torpaq sahəsinə baxmaq məqsədi ilə Şamaxı rayonuna gəlmişdir. Həmin vaxt Şəhriyar qəsəbəsində küçədə səs-küy eşitmiş və bir nəfər qadının bir nəfər kişi ilə mübahisə etdiyini və kişinin əlində bıçaq olduğunu kənardan görmüşdür. Lakin, o, mübahisəyə müdaxilə etmədən, həmin yeri tərk etmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin rəisi ekspert X4 göstərmişdir ki, Şamaxı Rayon Polis X1 daxil olmuş qərara əsasən, Zərərçəkmiş şəxs adlı şəxsi müayinə etmiş və bununla bağlı rəy vermişdir. Zərərçəkmiş şəxs qarın boşluğuna keçməyən xəsarət yetirilmiş və bu səbəbdən də, həmin şəxs barəsində rəydə yüngül xəsarət alması qeyd edilmişdir. Aldığı digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olmuşdur. Xəsarətlərin yetirilmə mexanizminə gəldikdə isə, rəydə də qeyd edildiyi kimi, kənar şəxs tərəfindən yerinə yetirilməsi daha inandırıcıdır. Çünki, xəsarətlərin biri kürək nahiyyəsində olmuşdur. Bu səbəbdən, həmin şəxs özünə xəsarət yetirməsi inandırıcı deyildir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, cinayət işində olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolunda qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında baş vermiş hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən həmin hadisə təqdim edilən yerdə baş vermişdir. Hadisə yerində avtomobillərin və vətəndaşların mütəmadi olaraq hərəkət etmədiyi, ətrafında və yaxınlığında vətəndaşların daimi olaraq toplaşdığı ictimai iaşə obyektlərinin yerləşmədiyi, bununla da hadisə yerinin ictimai yer kimi qiymətləndirilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Baxış zamanı, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarları istintaqa təqdim etmiş və götürülməklə müvafiq qaydada qablaşdırılmışdır. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən digər əşya, digər predmet və əl-iz nümunələri aşkar edilməmiş və götürülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza üzrə xx.xx.2024-cü il tarixli 195 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol kürək nahiyyəsinin, sol döş üstü nahiyyənin, sağ əlin 2-ci barmağının səthi yaraları, qarnın ön sol-yan səthinin yarası deşici-kəsici alət təsirindən xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməyə uyğun gəlirlər. Özü-özünə yetirməsi inandırıcı deyildir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən - qarnın ön-sol yan səthində müəyyən olunmuş yara dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və X3» Publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 372- 2024/MTKŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus donun ön səthinin sol yarsının orta hissəsində 01 (bir) ədəd və yuxarı hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ülgücü, kafi itilikli ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər, zədələr müxtəlif şəraitlərdə, eləcə də, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi ekspertiza və X3» Publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 511/2024-MTBŞ nömrəli ekspert rəyində qeyd olunur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus don üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda, A,H antigenləri və həmçinin, beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A- beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən, ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus paltar cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Şamaxı RPŞ-nin MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il və xx.xx.2023-cü il təvəllüdlü dörd uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltar hökm qanuni qüvvəyə mindikdən sonra, sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 43 (qırx üç) saat hüquqi yardıma görə 258 (iki yüz əlli səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq, təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şamaxı rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltar hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınan bir ədəd DVD formatlı disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 43 (qırx üç) saat hüquqi yardıma görə 258 (iki yüz əlli səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar