Məhkəmə qərarları › İş №1(074)-80/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-80/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-80/2024 09.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1999-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, məhkum olunmamış, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə saat 19 radələrində Şamaxı rayonu, Pirbəhli kəndi ərazisində yerləşən otlaq sahəsində aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan heyvan otardığı əl ağacı ilə Zərərçəkmiş şəxs baş və bədən nahiyələrindən qəsdən vurmaqla, sonuncuya sağ əlin arxa hissəsinin səthi yarası, sağ bazu və sağrı nahiyələrinin qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmayan xəsarətlər, həmçinin başın sağ təpə nahiyəsinin xəsarəti ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, adı Elsevər olsa da, el içində tanışları onu “Ekan” kimi çağırırlar. Qobustan rayonu, Təkləmirzəbaba kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımasa da, atası ilə, yəni Şahid1 ilə münasibəti normal olmuş, aralarında hər hansı bir ədavət olmamış, həmçinin Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər dava-dalaş, mübahisə və ədavət baş verməmişdir. Adil və oğlu Zərərçəkmiş şəxs ilə Şamaxı rayonu, Pirbəhli kəndi ərazisində yay otlaq sahəsində iri və xırda buynuzlu heyvanlar saxlamışlar. 24 avqust 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs heyvanları yay otlaq sahəsində onların heyvanlarının yaxınlığından keçən zaman Afiqin itləri ilə onun itləri dava edib bir-birilərinə hürməyə başlamışlar. Bu vaxt Zərərçəkmiş şəxs yanına yaxınlaşaraq, itlərinin az olmasını, onun itlərinin sayının çox olmasını və itlərini dava etməyə qoymamasını demiş, bu vaxt Zərərçəkmiş şəxs atın üstündən onu təhqir etməyə başlamışdır. Bu zaman sonuncu ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs atın üstündən yerə düşüb onun üzərinə gələn zaman, əlindəki heyvan otardığı ağacla Zərərçəkmiş şəxs vurmuş, lakin hava qaranlıq olduğundan hansı nahiyəsinə dəydiyini bilməmişdir. Ehtimal edir ki, ağac Zərərçəkmiş şəxs baş nahiyəsinə dəymişdir. Özü həmin vaxt xəsarət almamış, məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Hadisə 3-5 dəqiqə davam etmiş, həmin vaxt orada Bulud adlı çoban olmuş və Zərərçəkmiş şəxs atası Şahid1 sonradan ora gəlmişdir. Əməlindən peşmandır. Halhazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şamaxı rayonu, Quşçu kənd sakinləri Elsevər və Səxavəti təxminən 10 ilə yaxın müddətdir ki tanıyır. Həmin şəxslər ilə münasibətləri normal olmuş, aralarında əvvəllər dava-dalaş, mübahisə və ədavət baş verməmişdir. Həmin şəxslərlə yay otlaq sahəsində iri və xırda buynuzlu heyvanlar saxlamışlar. 24 avqust 2024-cü il tarixdə saat 19 radələrində yay otlaq sahəsindən Qobustan rayonu, Xilmilli kəndi ərazisinə payız otlaq sahəsinə gedən zaman Şamaxı rayonu, Pirbəhli kəndi ərazisində Təqsirləndirilən şəxs heyvanları ilə onların heyvanları bir-birilərinə yaxınlaşmış, Elsevərin itləri ilə onların itləri bir-birilərinə hürməyə və dava etməyə başlamışdır. Bu vaxt Təqsirləndirilən şəxs gələrək ağac ilə onun itini vurmuş və buna görə aralarında bu zəmində mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs ağac ilə onun baş nahiyəsinə bir dəfə vurmuş, sonra əlini ağacın qarşısına verən zaman ağac əlinə dəymişdir. Həmin vaxt onların yanına Bulud adlı çobanları və atası Şahid1 gələrək onları ayırmış, hadisə zamanı Şahid3 da qardaşı Təqsirləndirilən şəxs müdafiə etmişdir. Baş vermiş hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı həmin şəxslərə qarşı heç bir qanunsuz hərəkətlər etməmiş, onları vurmamış, əsəbi olduğu üçün ərizəsində Şahid3 da adını qeyd etmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi olmadığını göstərib, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verib göstərdi ki, Qobustan rayonu, Təkləmirzəbaba kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımasa da, atası Şahid1 ilə münasibəti normal olmuş, aralarında hər hansı bir ədavət olmamış, həmçinin Zərərçəkmiş şəxs ilə aralarında əvvəllər dava-dalaş, mübahisə və ədavət baş verməmişdir. Adil və oğlu Zərərçəkmiş şəxs ilə Şamaxı rayonu, Pirbəhli kəndi ərazisində yay otlaq sahəsində iri və xırda buynuzlu heyvanlar saxlamışlar. 24 avqust 2024-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs heyvanları yay otlaq sahəsində onların heyvanlarının yanından keçən zaman itləri ilə onların itləri dava edib bir-birilərinə hürməyə başlamışdır. Lakin onların itlərinin sayının çox olması səbəbindən itləri onların itlərinə güc göstərməyə başlamış, sonra qardaşı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bu zəmində mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs atından yerə düşüb və qardaşı Təqsirləndirilən şəxs üzərinə gələn zaman sonuncu əlində olan ağacla bir dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurmuşdur. Sonra isə Zərərçəkmiş şəxs heyvanlarına çobanlıq edən Bulud adlı şəxs onları ayırmış, bundan sonra Zərərçəkmiş şəxs atası Şahid1 də onların yanına gəlmişdir. O, Zərərçəkmiş şəxs vurmamış, baş vermiş hadisə təxminən 3-5 dəqiqə davam etmiş, həmin şəxslərdən başqa yanında və yaxınlıqda heç bir şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, oğlu Zərərçəkmiş şəxs və Quşçu kənd sakini Təqsirləndirilən şəxs ilə münasibəti normal olmuş, aralarında hər hansı bir mübahisə, ədavət və dava-dalaş olmamışdır. 24 avqust 2024-cü il tarixdə saat 19 radələrində yay otlaq sahəsində olan zaman oğlu Zərərçəkmiş şəxs və çobanı Bulud adlı şəxs heyvanları payız otlaq sahəsi olan Xilmilli kəndi ərazisinə aparan zaman itlərin bir-birilərinə hürməsi və dava etməsi səbəbindən mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs ağacla oğlu Zərərçəkmiş şəxs baş nahiyəsindən və əl nahiyəsindən vurmuş, sonra Təqsirləndirilən şəxs və qardaşı Şahid3 öz heyvanlarının arxasınca getmişdir. Həmin hadisədən sonra Zərərçəkmiş şəxs Qobustan rayonu, Təkləmirzəbaba kəndinə aparmış, baş vermiş hadisə təxminən 5-10 dəqiqə davam etmiş, həmin vaxt onların yanında və yaxınlıqda başqa şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs və həmkəndlisi Təqsirləndirilən şəxs ilə münasibəti normal olmuş, aralarında hər hansı bir mübahisə, ədavət və dava-dalaş olmamışdır. 24 avqust 2024-cü il tarixdə saat 19 radələrində yay otlaq sahəsində olan zaman həmkəndliləri yaxınlıqda yay otlaq sahəsində heyvan otar zaman Təqsirləndirilən şəxs və qardaşı Şahid3 heyvanları ilə Zərərçəkmiş şəxs yay otlaq sahəsindən keçib gedən zaman onlar arasında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs ağacla Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vurmuşdur. Sonra Təqsirləndirilən şəxs və qardaşı Şahid3 öz heyvanlarının arxasınca getmiş, həmin hadisədən sonra Zərərçəkmiş şəxs atası Şahid1 gələrək yay otlaq sahəsindən aparmış, baş vermiş hadisə təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxt orada başqa bir şəxs olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 26 avqust 2024-cü il tarixli, 282 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - başın sağ təpə nahiyəsinin yarası, sağ əlin arxa səthinin səhi yarası, sağ bazu və sağrı nahiyələrinin qançırları küt əşya təsirindən törənməklə, xx.xx.2024-cü il tarixə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən başın sağ təpə nahiyəsinin bir ədəd yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sağ əlin arxa səthinin səthi yarası, sağ bazu və sağrı nahiyələrinin qançırları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik Hüquqi şəxs tərəfindən verilmiş 18-1-72/2-1390/24 saylı 09 sentyabr 2024-cü il tarixli məktubdan görünür ki, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Şamaxı RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 10 sentyabr 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə məlumat yoxdur. Doğum haqqında şəhadətnamənin (AZ İV № 906886) surətindən görünür ki, X2 15 sentyabr 2023-cü il tarixdə Şamaxı şəhərində doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X1r. Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2713 nömrəli sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2714 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar