Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-81/2021 08.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şamaxı şəhəri, Nəsimi küçəsi, 34 saylı evdə qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 08 yanvar 2016-cı il tarixdən hesablanmaqla 01 iyul 2002-ci il təvəllüdlü X9, 16 oktyabr 2004-cü il təvəllüdlü X6 və 09 fevral 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 mart 2016-cı il tarixli, 2(074)-207/2016 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 21 iyul 2020-ci tarixli, 3(074)-200/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmiş, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək 10 avqust 2020-ci, 20 avqust 2020ci və 01 sentyabr 2020-ci tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 09 yanvar 2021-ci il tarixədək 17400,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Bəndəliyeva (Qədirova) Xatirə Vahid qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Bəndəliyeva (Qədirova) Xatirə Vahid qızı ilə 2004-cü ildə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 01 iyul 2002-ci il təvəllüdlü Namiq Qədirov, 16 oktyabr 2004-cü il təvəllüdlü Kərimə Qədirova və 09 fevral 2007-ci ildə Natiq Qədirov dünyaya gəlmişdir. Daha sonra münasibətləri pozulduğundan Xatirə Qədirova məhkəməyə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsinə əsasən hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Şamaxı rayon icra və probasiya şöbəsinə göndərilmiş, lakin imkanı olmadığına görə alimenti ödəyə bilməmişdir. Şamaxı Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətdən sonra da heç bir ödəniş etməmişdir. Fərdi şəkildə ustalıqla məşğul olur. Rəsmi şəkildə məşğulluq mərkəzinə müraciət etməmişdir. Lakin həbsdən azad olunduqdan sonra rəsmi və ya qeyri-rəsmi şəkildə aliment borcundan ödənişlər etmişdir. Lakin ödədiyi məbləğlərin hamısı nəzərə alınmamışdır. Hesablanmış aliment borcunu isə bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2004-cü ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan 01 iyul 2002-ci il təvəllüdlü Namiq Qədirov, 16 oktyabr 2004-cü il təvəllüdlü Kərimə Qədirova və 09 fevral 2007-ci ildə Natiq Qədirov dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs usta kimi fəaliyyət göstərmiş, Təqsirləndirilən şəxs ilə xasiyyətləri düz gəlmədiyindən tez-tez mübahisə etmişlər. Təqsirləndirilən şəxs evə içkili gəlmiş, uşaqları döymüşdür, bu isə uşaqlarına psixoloji təsir etmişdir. Bu səbəbdən nikah qeydinin ləğvi və aliment tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Şamaxı Rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2016-cı il tarixdən hesablanmaqla 3 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Şamaxı rayon icra və probasiya şöbəsində Təqsirləndirilən şəxs alimenti ödəməyəcəyini bildirmişdir. Alimenti ödəmədiyindən və icra məmurlarının qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs fərdi şəkildə usta işləmiş və maddi imkanı yaxşı olmuşdur. Təqsirləndirilən şəxs təqdimat verilən 10 yanvar 2021-ci il tarixədək 17400,00 manat məbləğində aliment borcunu qərəzli olaraq ödəməmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qeyri-rəsmi olaraq heç bir aliment ödənilmədiyini, aliment borcunun qalan hissəsinin ödənilməsini tələb etdiyini bildirdi və aliment borcunu ödəmədiyi təqdirdə onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 207/2016 saylı, 30 mart 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 08 yanvar 2016-cı il tarixdən başlayaraq 01 iyul 2002-ci il təvəllüdlü X9, 16 oktyabr 2004-cü il təvəllüdlü X6 və 09 fevral 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X5 verilməlidir. Göstərilən icra vərəqəsi 08 iyun 2016-cı il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq o, aliment tələbini icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə şöbəyə çağrılmış və onunla söhbətlər aparılmış, izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 21 iyul 2020-ci il tarixdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmiş, lakin borclu tələbi icra etməməkdə davam etmişdir. Yaranmış aliment borcu ilə əlaqədar Şamaxı Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərardadına əsasən onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də işlə təmin edilməmişdir. Təqsirləndirilən şəxs 10 yanvar 2021-ci il tarixə aliment borcu 17400,00 manat təşkil etmişdir. Bundan başqa tələbkar X8 icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin məlum qətnaməsini inzibati tənbeh edilməsinə və ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq icra etməmişdir. Buna görə də barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Şamaxı rayon Məhkəməsinin 30 mart 2016-cı il tarilxi 2(074)-207/2016 saylı icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahlarından 01 iyul 2002-ci ildə doğulmuş X9, 16 oktyabr 2004-cü ildə doğulmuş X7, 09 fevral 2007-ci ildə doğulmuş X4 anası X2 yanında qalması və 08 yanvar 2016-cı il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa 100 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X5 verilməsi qət edilmişdir. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş 08 iyun 2016-cı il tarixli qərardan görünür ki, Şamaxı rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli 2(074)-207/2016 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 08 iyun 2016-cı il tarixli bildirişin surətindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şamaxı rayon Məhkəməsinin 30 mart 2016-cı il tarixli 2(074)-207/2016 saylı icra sənədində göstərilən tələbin icrasının dərhal təmin edilməsi təklif olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli 3(074)-200/2020 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib iyirmi gün müddətinə inzibati həbs edilmişdir. Şamaxı rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 8(074)-55/2020 saylı qərardadı ilə borclu xx xxxxx 1976-cı ildə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 03 may 2021-ci il tarixdə alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə Ağdam Qarnizonu Hərbi Tribunalının 14 mart 1997ci il tarilxi hökmü ilə Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Amnistiya qərarının 4-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsi ½ qədər azaldılıb, 4 il 7 ay 21 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli Amnistiya Qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi ½ qədər azaldılıb 1 il 8 ay 19 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 19 sentyabr 2000-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verimiş xasiyyətnamədə göstərilir ki, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 29 may 2021-ci il tarixli ********* nömrəli cinayət işi üzrə arayışda göstərilir ki, Qədirov X3 rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 27 may 2021-ci il tarixdə tutularaq Bakı şəhəri Yasamal rayon Polis idarəsinin X10 təhvil verilmiş, bu barədə istintaq idarəsinə 29 may 2021-ci il tarixdə məlumat verilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 29 may 2021-ci il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Şamaxı rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 1(074)-81/2021 saylı qərarı ilə xx xxxxx 1976-cı ildə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdə saat 10:00-da Şamaxı rayon Məhkəməsinin binasına təxirə salınmış məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Şamaxı rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 1(074)-81/2021 saylı qərarı ilə xx xxxxx 1976-cı ildə ünvan 2 evdə yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun haqqında axtarış elan edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı istintaq təcridxanasının 19 iyul 2021-ci il tarixli 17/40-2821 saylı məktubunda göstərilir ki, Azərbaycan Respubliaksı CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən xx xxxxx 1976-cı il təvəllüdlü Şamaxı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə Şamaxı RPŞ-nin əməkdaşları tərəfindən tutularaq, 19 iyul 2021-ci il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşimançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27 may 2021-ci il tarixdən 29 may 2021-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 27.05.2021-ci il tarixdən 29.05.2021-ci il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlməsin. Hökmdən elan olunduğu andan 20(iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-81/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-81/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver