Məhkəmə qərarları › İş №1(074)-81/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-81/2022

10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-81/2022 10.11.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs – Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2 uşaq anası, işsiz, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 1 saylı evdə qeydiyyatda olan, ünvan 1, mənzil 43 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızı istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda, şəraitdə və miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşıdıqdan sonra həmin psixotrop maddənin təxminən 01 (bir) qramını 27 yanvar 2022-ci il tarixində saat 11:00 radələrində yaşadığı ünvan 1 ünvanının qarşısında 50 (əlli) manat pul müqabilində Şahid3 satmış, Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 yanvar 2022ci il tarixdə saat 17:30 radələrində Şahid3 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı şəhəri ərazisindən keçən 123-cü kilometrliyində yerləşən “Şamaxı” restoranında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə həmin gün saat 18:50 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd siqaret kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,667 (sıfır tam mində altı yüz altmış yeddi) qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşımış, 28 yanvar 2022-ci il tarixdə saat 06:30 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Şamaxı rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 07:50 dəqiqədə rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki sarı rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,665 (bir tam mində altı yüz altmış beş) qram ağ rəngli kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, bir müddətdir ki, arabir psixotrop maddə olan metamfetamin istifadə edir. 25 yanvar 2022-ci il tarixdə o, İran İslam Respublikası vətəndaşı olan adını xatırlamadığı bir nəfər şəxs ilə telefon əlaqəsi saxlamış və ondan bir dəfə istifadə etmək üçün psixotrop maddə olan metamfetamin istəmişdir. O, onun kartına pul göndərdikdən sonra onun dediyi yerə gedərək psixotrop maddə olan metamfetamini götürmüş, lakin istifadə etməmişdir. 27 yanvar 2022-ci il tarixində əvvəllər tanıdığı Şahid3 ona zəng edərək bildirmişdir ki, ona istifadə etmək üçün birdəfəlik psixotrop maddə olan metamfetamin lazımdır. O da onunla razılaşmışdır. İlk əvvəl o, həmin metamfetamini Şahid3 təmənnasız vermək istəmiş, lakin maddi cəhətdən sıxıntıları olduğundan, həmçinin nə vaxtsa yenidən lazım olarsa istifadə etmək üçün psixotrop maddə olan metamfetamin almaq üçün Şahid3 10 (on) manat müqabilində psixotrop maddə olan metamfetamini satmışdır. Daha sonra həmin gün o, yenidən İran İslam Respublikası vətəndaşına “vatsap” vasitəsi ilə zəng edərək ona psixotrop maddə olan metamfetamin lazım olduğunu bildirmiş, bundan sonra o, yenidən onun kartına pul yükləyərək onun söylədiyi əraziyə getmiş və bir ədəd onun söylədiyi yerdən büküm götürmüşdür. Həmin bükümü açan zaman içərisində açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin psixotrop maddə olan metamfetamini istifadə etmək məqsədi ilə sarı rəngli gödəkçəsinin sol yan cibinə qoymuş, həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi bükümü üzərində gəzdirmişdir. 28 yanvar 2022-ci il tarixdə saat 06:30 radələrində yaşadığı ünvanda marketə çörək almaq məqsədi ilə getmiş, həmin vaxtı ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib onu Şamaxı RPŞ-yə dəvət etmişdirlər. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, polis əməkdaşları ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirilmiş, baxış keçirilərkən əynindəki sarı rəngli gödəkçənin sol yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd sellofana bükülmüş büküm aşkar olunmuşdur. Polis əməldaşları həmin bükümü açdıqda, içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilib götürülən içərisində psixotrop maddə metafetamin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini möhürləmiş və bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, həmin psixotrop maddə olan metamfetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Şahid3 isə həmin metamfetamini 10(on) manat müqabilində satmışdır. O, 2020-ci ilin oktyabr ayından yalnız psixotrop maddə olan metamfetamin istifadə etmiş, başqa narkotik vasitələrdən istifadə etməmişdir. O, Şahid3 daimi müştərisi olduğundan xx.xx.2022-ci il tarixində səhər saatlarında Nuranə ona zəng edərək rayona gedəcəyini və ona psixotrop maddə olan metamfetamin lazım olduğunu, əgər vardırsa bir qədər psixotrop maddə olan metamfetamin verməyini istəmişdir. O da Şahid3 psixotrop maddə olan metamfetamin verən zaman sadəcə olaraq həmin psixotrop maddənin dəyəri olan pulu almış, artıq məbləğdə ondan pul almamışdır. O, psixotrop maddə olan metamfetamini almaq üçün “vatsap” vasitəsi ilə İran İslam Respublikası vətəndaşları və həmçinin Türkiyə Respublikası vətəndaşları ilə əlaqə saxlamış, onların ona təqdim etdiyi bank kartlarına pul yükləmiş, daha sonra isə onların ona təqdim etdiyi ünvana gedərək oradan psixotrop maddə olan metamfetamini götürmüşdür. O, ilkin ifadə verən zaman düşünmüşdür ki, əgər ilk növbədə psixotrop maddə olan metamfetamini iki dəfə aldığını bildirsə onun məsuliyyəti ağırlaşacaqdır. Bu səbəbdən də o, ilkin ifadəsində həmin psixotrop maddə olan metamfetamini iki dəfə ayrı-ayrı vaxtlarda aldığını söyləməmişdir. Şahid3 və onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini o, eyni şəxsdən aldığından zənn edir ki, bu səbəbdən də onların üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetaminlər eyni tərkiblidir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və himayəsində azyaşlı uşaqlarının olmasını, onları təkbaşına böyütməsini nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şamaxı RPŞ-nin X5 baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 yanvar 2022-ci il tarixdə Ucar şəhəri, Vaqif küçəsi, ev 25-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə qəsəbəsində yaşayan Şahid3 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında 27 yanvar 2022-ci il tarixdə təxminən saat 18:10 radələrində Şamaxı RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən “Şamaxı” restoranında Şahid3 yaxınlaşaraq, özlərini təqdib edib həmin şəxsə üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişdirlər. Şahid3 onlara etiraz edərək üzərində heç bir narkotik vasitənin olmadığını söylədiyindən, həmin vaxt onlar Şahid3 Şamaxı RPŞ-nə dəvət etmiş və o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Şahid3 üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaret kağızına bükülmüş büküm və gödəkçənin sol yan cibindən bir ədəd qəbz, iki ədəd adi dəftər vərəqi aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda, içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmiş, Şahid3 üzərindən aşkar edilib götürülən, içərisində psixotrop maddə metamfetamin olan kağız baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş və bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Şahid3, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. Şahid3 TQ-da izahatı alınan zaman o, izahatında həmin psixotrop maddəni Abşeron rayonunda yaşayan X1 aldığını bildirdiyi üçün sonuncunun yerinin müəyyən olunaraq gətirilməsi üçün TQ-nun təhqiqatçısı Ramil Cavadov tərəfindən əməliyyat tapşırığı verilmiş, həmin əməliyyat tapşırığı əsasında onlar 28 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, 25-ci küçəyə getmişdir. Həmin gün saat 06:30 radələrində Şövkətxanım Aslanova küçədə olduğundan onlar ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu ona izah etmişdirlər. O, ilk əvvəl onlara etiraz edərək narkotik vasitələr ilə heç bir əlaqəsinin olmadığını bildirsə də, daha sonra onu Şamaxı RPŞ-nə dəvət etmişlər və o, onlar ilə birlikdə RPŞ-nə gəlmişdir. RPŞnin inzibati binasında Şövkətxanım Aslanovanın üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman əynindəki sarı rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş büküm aşkar edilmiş, həmin büküm açılaraq içərisinə baxıldıqda, içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şövkətxanım Aslanovanın üzərindən aşkar edilib götürülən, içərisində psixotrop maddə metamfetamin olan kağız baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmişdir, həmin zərfi və protokolu Şövkətxanım Aslanova, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin CABnin axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Şahid3 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, ifadəsində göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində yaşayan, “Şaka” kimi tanınan Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızından 50 manata bir ədəd siqaret kağızına bükülmüş bükümdə metamfetamin almış, həmin bükümü istifadə etmək üçün qara rəngli idman gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin vaxtdan üzərində aşkarlanan vaxta kimi bükümü üzərində gəzdirmiş, 27 yanvar 2022-ci il tarixdə taksi ilə Ucar rayonuna gedən zaman saat 18:10 radələrində Şamaxı rayonu ərazisində yerləşən “Şamaxı” restoranında çay içmək üçün dayanmış, bir qədər çay içdikdən sonra ayaqyoluna getmək istəyən zaman ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu ona bildirmişdirlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara söyləmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, polis işçiləri ilə birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirilmiş, üzərinə baxış keçirilərkən əynindəki qara rəngli idman gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi bir ədəd siqaret kağızına bükülmüş büküm və gödəkçənin sol yan cibindən bir ədəd qəbz, iki ədəd adi dəftər vərəqi aşkar olunmuşdur. Polis əməkdaşları həmin bükümü açdıqda, içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən aşkar edilib götürülən içərisində psixotrop maddə metamfetamin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini Azərbaycan Respublikasının DİN-nin 73 saylı möhürü ilə möhürləmiş və bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. O, üzərində aşkar olunan metamfetamini yalnız istifadə etmək üçün üzərində gəzdirmiş, başqa heç bir məqsədi olmamışdır. Taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən 2021-ci ilin dekabr ayının əvvəllərində idarə etdiyi “Changan” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Fatoş adlı qadın ilə adını bilmədiyi bir nəfər kişi əyləşdikdən sonra o, onları 20 yanvar dairəsindən Hökməli dairəsinə aparan zaman yolda söhbət əsasında o, həmin şəxslərə arıqlamaq istədiyini bildirmiş, həmin vaxtı adını bilmədiyi kişi cinsindən olan şəxs Fatoş adlı şəxsə nə üçün ona arıqlamaq üçün narkotik vasitədən istifadə etmək lazım olduğunu söyləmişdir. Bu zaman Fatoş ona, əgər arıqlamaq istəyirsə psixotrop maddə olan metamfetamindən arabir istifadə etməsini, istifadə edəcəyi təqdirdə iştahının kəsiləcəyini və arıqlayacağını söyləmişdir. O da Fatoş kimi tanıdığı şəxsə metamfetaminin ziyanının olub-olmamasını soruşduqda, Fatoş ona heç bir ziyanının olmadığını bildirmişdir. Bundan sonra Fatoş adlı şəxs ona şəxsi istifadə üçün bir büküm psixotrop maddə olan metamfetamin vermiş, daha sonra isə o, ***-***-**-** mobil nömrəsini verib lazım olarsa həmin nömrəylə əlaqə saxlamağını və ondan psixotrop maddə olan metamfetamin ala biləcəyini bildirmişdir. O, Hökməli dairəsinə çatan zaman onların avtomobildə psixotrop maddə olan metamfetamin istifadə etdiyini görmüş, lakin onlara qışqıraraq avtomobildə istifadə etməmələrini söyləmişdir. Bundan sonra o, həmin şəxsləri avtomobildən endirmiş və evinə gələrək həmin psixotrop maddə olan metamfetamini evində istifadə etməyə başlamışdır. O, ümumilikdə psixotrop maddə olan metamfetamini 3 dəfə istifadə etmiş, Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızını isə şəxsən tanımamış, narkotik vasitə alan zaman da onu görməmişdir. xx.xx.2022-ci il tarixində təxminən saat 11:00 radələrində o, özünə məxsus ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs (Aslanova) məxsus ***-***-**-** mobil nömrəsinə zəng edərək özü üçün metamfetamin lazım olduğunu, 10 manat pul verə biləcəyini, xırda pulunun olmadığını ona bildirmiş, Təqsirləndirilən şəxs isə ona ilk əvvəl pul lazım olmadığını söyləsə də, o, Təqsirləndirilən şəxs 50 manat pul verəcəyini, onun ona borclu qalmasını, daha sonra borcunu qaytarmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona “AAAF Park” yaşayış kompleksinin yanına gəlməsini söyləmiş, o da oraya gələn zaman Təqsirləndirilən şəxs ona telefonda mağazanın yanında daşın altına psixotrop maddə olan metamfetamin qoyduğunu, gedib onu götürməsini söyləmişdir. O da oraya gedərək daşı qaldırmış və altından metamfetamini götürüb yerinə 50(əlli) manat pul qoyaraq getmişdir. Onun məqsədi Ucar rayonuna nənəsinin evinə getmək, oradan da Mingəçevir şəhərinə yas mərasiminə getmək olmuşdur. O, xx.xx.2022-ci il tarixində psixotrop maddə olan metamfetamini aldıqdan sonra bir qədər istifadə etmiş və qalan hissəsini özü ilə götürərək taksi ilə Ucar rayonuna getməyə başlamışdır. Şamaxı şəhərindən keçən zaman Bakı-Şamaxı-Yevlax yolunun üzərində yerləşən “Şamaxı” restoranında oturub çay içdikdən sonra oradan qalxıb ayaqyoluna getmiş və çıxarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq şübhəli şəxs olduğunu bildirib, onu Şamaxı RPŞ-nə gətirmişdirlər. İş üzrə Şahid3 məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 28 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respuiblikası CM-nin 234.1, 234.2-ci maddələri ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, X4 28 yanvar 2022-ci il tarixdə saat 07:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 28 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı X2 əynindəki sarı rəngli gödəkçənin sol yan cibindən bir ədəd sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin aşkar olunmuş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisindən açıq şəffaf rəngli kristal formada, iysiz psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Həmin vaxt X4 bildirmişdir ki, üzərindən aşkar olunmuş bir ədəd büküm kütlə narkotik vasitə olan metamfetamin ona məxsusdur. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2022-ci il tarixli 6/572 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №73” dairəvi möhür əksi olan “Şahid3 üzərindən aşkar olunaraq götürülmüş, ... metamfetaminə oxşar” sözləri, adlar və imzalara qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi – 0,667 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir”. Metamfetaminin təmiz çəkisi 0,667 qramtədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq 0,617 qram. Aparılmış tədqiqatın dəyəri 88,70 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2022-ci il tarixli 6/571 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №73” dairəvi möhür əksi olan “X2 üzərindən aşkar olunaraq götürülmüş, ... metamfetaminə oxşar” sözləri, adlar və imzalara qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi – 1,665 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir”. Metamfetaminin təmiz çəkisi 1,665 qram-təqdiqata sərf edilən miqdar 0,05 qram, qalır 1,615 qram. Aparılmış tədqiqatın dəyəri 88,70 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X4 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 29 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyindən, o, Şamaxı rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2022-ci il tarixli 739 nömrəli rəyindən görünür ki, müayinə zamanı Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızında psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, X2 28 yanvar 2022-ci il tarixdə üzərindən götürülmüş bir ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş, psixotrop maddə olan metamfetaminin ümumi qalığı 1,615 qram metamfetamin saxlanması üşün Şamaxı RPŞ-də olan maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 fevral 2022-ci il tarixli cavabından görünür ki, X2 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Şamaxı rayon Məhkəməsinin 20 may 2022-ci il tarixli 1(074)-43/2022 saylı hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli 6/3908 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid3 aşkar olunmuş metamfetamin ilə X1 aşkar olunmuş metamfetaminlər xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Metamfetaminin təmiz çəkisi 1,615 qram, tədqiqata sərf edilən miqdar 0,05 qram, qalıq -1,565 qramdır. Aparılmış tədqiqatın dəyəri 88 manatdır. Bakı şəhəri, Qaradağ rayonu 150 saylı Mənzil Kommunal İstismar Sahəsinin 01 iyul 2022-ci il tarixli 707 və 708 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs - qızı 2019-cu il təvəllüdlü X11, oğlu 2014-cü il təvəllüdlü X10 ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, 1 saylı mənzildə qeydiyyatdadır. Bakı şəhəri, Qaradağ rayonu 150 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən Təqsirləndirilən şəxs adına 01 iyul 2022-ci il tarixdə verilmiş xasiyyətnamədə göstərilir ki, qəsəbədə qeydiyyatda olduğu müddətdə nümayəndəliyə onun barəsində şifahi yaxud yazılı şikayət daxil olmamışdır. Nikahın pozulması haqqında AZ-İ № 398663 saylı şəhadətnamənin surətindən görünür ki, X12 və X2 nikahı Qaradağ rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 22 iyun 2015-ci ildə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Aslanov, qadına Qarazadə soyadı verilmişdir. Doğum haqqında AZ-İİİ № 278767 saylı şəhadətnamənin surətindən görünür ki, X10 28 yanvar 2014-cü ildə doğulmuşdur, atası X12, anası X3r. Doğum haqqında AZ-İV № 764595 saylı şəhadətnamənin surətindən görünür ki, X11 17 iyun 2019-cu ildə doğulmuşdur, atası X9, anası Təqsirləndirilən şəxsdır. Qaradağ Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(002)-1608/2015 saylı qətnaməsinin surətindən görünür ki, X12 ilə X4 arasında 11 mart 2014-cü il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 290 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah qeydi pozulmuş, 28 yanvar 2014-cü ildə doğulmuş X10 anası X2 himayəsində saxlanılmışdır. “Cinayət əməlinin tövsif olunmaması haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1 və 234.2ci maddələri ilə tövsif olunması, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin ibtidai istintaqının həmin Məcəllənin 234.1 və 234.2-ci maddələri ilə davam etdirilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 19 iyul 2022-ci il tarixli qərardan görüünr ki, təqsirləndirilən şəxs Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızına 29 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi ilə psixotrop maddəni qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satması, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı uşağı olmaqla onları təkbaşına böyütməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının himayəsində 28 yanvar 2014-cü ildə doğulmuş X8 və 17 iyun 2019-cu ildə doğulmuş X11 olduğunu müstəsna hal kimi qiymətləndirərək, Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən ona təyin olunan cəzanın çəkilməsinin 17 iyun 2019-cu ildə doğulmuş X11 on dörd yaşına çatanadək təxirə salınmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Beləliklə, məhkəmənin gəldiyi qənatə görə təqsirlədirilən şəxs Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızı Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, 28 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesablanmaqla cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisində çəkilməsi müəyyən edilməli, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən təyin olunacaq cəzanın çəkilməsi təxirə salınmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızına cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, ekspertiza tədqiqatının dəyəri – 265,4 manat məbləğində pul Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X7 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,565 qram psixotrop maddə metamfetamin qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının üzərində 3(üç) il 1(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının 28 yanvar 2022-ci il tarixdən 29 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 3(üç) il 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisndə çəksin. Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızına təyin edilmiş 3(üç) il 1(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən himayəsində olan xx.xx.2019-cu il təvəllüdlü qızı X11 14 yaşına çatanadək təxirə salınsın. Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının yaşayış yeri üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızına cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri –265,4 manat məbləğində pul Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızından tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X7 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqata sərf edildikdən sonra qalan 1,565 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qarazadə (Aslanova) Şövkətxanım Kəmaləddin qızının Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərdiyi 25 saat hüquqi yardıma görə 150 manat pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar