Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-81/2024 30.09.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 vəkili-Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: X12 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Sabir qəsəbə sakini X4 barəsində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri işləyir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 19 sentyabr 2024-cü il tarixdə X18 kanalına “19 saylı Xüsusi Təyinatlı Yol idarəsinin müdiri N.Eynallı haqda ittiham “ÖVLADİNA SOYAD VERMİR”” başlıqlı müsahibə vermiş və həmin müsahibə “YouTube” intenet saytında yayımlanmışdır. Artıq həmin müsahibəyə 6700-dən çox baxış olmuşdur. (xx.xx.2024-cü il tarixə saat 10:30-a dək). Eyni zamanda Doğru xəbər az saytının YouTube kanalında gedən videonun da baxış sayı xx.xx.2024-cü il saat 11 radələrinə 3400-dən çox olub. Müsahibəsində Z.Atakişiyeva guya onun Zümrüdü iş otağında zorladığını, hamilə qaldıqdan sonra da aldadaraq əvvəlcə uşağın doğulmasını tələb etdiyini, sonra isə fikrindən daşındığını, hazırda ona hədə qorxu gəldiyini, qardaşına şər ataraq tutdurduğunu bildirmiş və cənab prezidentə müraciət edərək onun cəzalandırılmağını istəmişdir. Bütün bu fikirlər böhtandır və böhtan olduğunu da özü çox yaxşı bilir. Eyni zamanda X9 xx.xx.2024-cü il tarixdə Kanal 14 kanalına “Müdir işçisinə tə*cavüz etdi” başlıqlı müsahibə vermiş, həmin müsahibə “Youtube” internet saytında yayımlanmış və artıq həmin müsahibəyə 3400-dən çox baxış olmuşdur. (xx.xx.2024-cü il tarixə saat 10:30-a dək) Həmin müsahibəsindədə eyni məzmunlu çıxışlar etmiş və onun onu zorladığını və ona hədə qorxu gəldiyini bildirmişdir. Kütləvi informasiya vasitəsində ona qarşı irəli sürülmüş ittihamlar öz təsdiqini tapmamış, sübut olunmamışdır. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Şamaxı rayonu Sabir qəsəbə sakini X9 ölkənin bir sıra direktiv təşkilatlarına ünvanladığı xx.xx.2023-cü il tarixli şikayət ərizəsində xx.xx.2020-ci il tarixdən onun rəhbərlik etdiyi təşkilatda çalışdığını və günlərin birində (yəni hələ həmin tarixdən də sonra) guya o, onu otağına çağıraraq zorlamışdır. xx.xx.2023-cü il tarixdə isə rayon prokuroruna ərizə verərək həmin məlumatların yalan olmasını bildirmişdir. Eyni zamanda Zümrüd Atakişiyevanın keçmiş həyat yoldaşı X1 xx.xx.2021-ci il tarixli müraciəti əsasındada Şamaxı rayon Polis Şöbəsinin sabiq müstəntiqi Cəlil Mustafayev tərəfindən aparılmış araşdırma zamanıda X9 RPŞ-nin istintaq bölməsində izahat verərək Nazim Eynallı ilə onun arasında başqa hər hansısa bir münasibətin olmadığını, Nazim Eynallı tərəfindən heç bir cinsi istismara məruz qalmadığını, Mehman Atakişiyevdən 3 uşağının olduğunu bildirmişdir. Bu da, onu göstərir ki, qeyd edilən məsələlər bir neçə dəfə araşdırılmış, həqiqətə uyğun olmadığı məlum olmuş və Z.Atakişiyeva bunun yalan olmasını bilərək ona ağır cinayət törətməyi ittihamı ilə böhtan atır və bu böhtanın kütləvi informasiya vasitələrində yayımlanmasında müsahibə verərək bilavasitə iştirak edir. Bundan başqa o,ətrafındakı bəzi insanlara bildirmişdir ki, inzibati qayda pozuntulara görə işdən çıxarılmış anasının qisasını almaq məqsədilə onu rüsvay etmək niyyətindədir. Bundan əlavə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Şamaxı rayonu Sabir qəsəbə sakini X9 cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 atasının onun olduğu faktının müəyyən olunması, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş Şamaxı rayon Məhkəməsinin icraatındadır və Məhkəmənin 2-(074)-606/2024 saylı xx.xx.2024-cü il tarixli Qərardadla ekspert qarşısında cavab verməsi üçün 1. X12 (yəni o,) xx.xx.2020-ci il təvəllüdlü X2 atasıdırmı? sualı qoyulmaqla mülki iş üzrə məhkəmə tibbi-bioloji ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertizası və X8 həvalə edilmiş və mülki iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. O, ekspertizada iştirak etmiş və bioloji ekspertizanın rəyinə əsasən uşağın onun övladı olması təyin edilməmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmiş ki, xx.xx.2020-ci il təvəllüdlü Məhəmməd Atakişiyevin atası X10r. X12, söyləmiş ki, uşağın atası Mehman qeyd olunsun, lakin uşağını özü saxlayacaq. Bundan başqa X12 ona bunu gizlətmək üçün hər ay pul vermiş, lakin daha sonra uşağa baxmaqdan imtina etmişdir. Onun müxtəlif orqanlara olan müraciətlərini geri götürməsinin səbəbi isə Nazim Eynallının ona hədə-qorxu gəlməsi olmuşdur. Həmçinin o, keçirilmiş ekspertiza rəyi ilə də razı deyil. Həqiqətin bilinməsi üçün iş üzrə genetik ekspertizanın keçirilməsini istəyir. Ekspertiza xərcini isə özü ödəməyə razıdır. Şamaxı Rayon Məhkəməsinin 2(074)- 606/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadı ilə Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X8 (zərurət yaranarsa digər tibb müəssisələrindən müvafiq mütəxəssis cəlb etməklə) həvalə edilməklə X12 10 dekabr 2020-ci il təvəllüdlü X5 adlı uşağın bioloji atasıdırmı? sualına cavab verilməsi üçün Mülki iş üzrə məhkəmə-tibbi (genetik) ekspertizası təyin edilmiş iş üzrə icraat ekspert rəyi daxil olanadək dayandırılmışdır. Bundan başqa işin faktiki halı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin verdiyi 19 sentyabr 2024-cü il tarixdə X18 kanalınna “19 saylı Xüsusi Təyinatlı Yol idarəsinin müdiri N.Eynallı haqda ittiham “ÖVLADİNA SOYAD VERMİR”” başlıqlı müsahibə ilə uyğunsuzluq təşkil edir. TƏBİB “Şamaxı Mərkəzi Rayon Xəstəxanası” X16 verdiyi 19 03.2024-cü il tarixli arayış xarakterli məktubda qeyd edilir ki., iddiaçı Zümrüd Atakışıyeva xx.xx.2020-ci il tarixdə Şamaxı RMX-nın ASM şöbəsində qeydiyyata alınıb və Qeydiyyatda olarkən 26 həftəlik hamilə olub bu da 26x7=182 gün edir. Həmin 182 gündən 26 gün avqust ayına, 31 gün iyul ayına, 30 gün iyun ayına, 31 gün may ayına, 30 gün aprel ayına və 31 gün may ayına görə bölünərsə 182-26-31-30-31-30-31=3 gün və həmin üç gün də fevral ayından çıxılarsa onda iddiaçının hamiləliyinin ilk günləri fevral ayının sonlarına təsadüf edir. İddiaçı isə işə 31 mart 2020-ci il tarixdə götürülmüş və 01 aprel 2020-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. Məhkəmədə iddiaçıya verilmiş suala onun onunla ilk əlaqəsinin işə girəndən bir həftə sonra olduğunu bildirmişdir ki, bu da 2020-ci ilin aprel ayının 9-u və ya 10-na təsadüf edir ki, iddiaçı tibbi arayışa görə həmin vaxtıda artıq 1 aylıq hamilə idi. Uşaq 2020-ci ilin 10 dekabrında dünyaya gəlib və tam 9 aylıq olub. Bundan başqa iddiaçı iddia ərizəsinin üçüncü abzasında qeyd edir ki,’’rəsmi nikahda olduğu X3 ilə rəsmi nikaha daxil olsaq da xeyli müddət idi ki, bir-birlərinə qarşı laqeydlik, biganəlik, soyuqluq yaranmış, aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur. Artıq rəsmi nikahı pozmaq qərarına gəlmişlər. Bu dönəmdə cavabdeh (yəni o) onunla mütamadı olaraq maraqlanır və onunla rəsmi nikaha daxil olacağını, tezliklə ailə quracaqlarını bildirərək onu inandırmışdır. Lakin cavabdeh vədinə əməl etməmiş və bu yöndə heç bir əməli addım atmamışdır.” İddiaçı iddia ərizəsinin 4-cü abzasında daha sonra qeyd edir ki,’’rəsmi nikahda olduğu X3 ilə məlum səbəblərə görə nikahları Şamaxı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(074)-646/2021 saylı Qətnaməsinə əsasən nikahları pozulmuşdur”. Burda da tarixlərə və tələbə diqqət edilsə uyğunsuzluq dəqiq görünür. İddiaçının ilk hamiləlik vaxtı 2020-ci ilin fevralın sonuna dəlalət edir. Lakin 1 il 3 aydan sonra “X3 ilə rəsmi nikaha daxil olsaq da xeyli müddət idi ki, bir-birlərlərinə qarşı laqeydlik, biganəlik, soyuqluq yaranmış, aralarında olan ər-arvad münasibətləri tamamilə pozulmuşdur . Artıq rəsmi nikahı pozmaq qərarına gəlmişlər” kimi məlum səbəbdən nikah pozulur və “o bu arada ona diqqət göstərir”. Bundan başqa barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məlum müsahibəsində ona böhtanlarını davam etdirərək guya onun onun qardaşını şərləyərək tutdurduğunu bilirmişdir. Bu hal da həqiqətə uyğun deyildir. Onun qardaşının cinayət törətməsi nəticəsində həbs edilməsi ona məlumdur. Onun cinayət işi materiallarını istintaq orqanından tələb etmək hüququ yoxdur və əgər məhkəmə özü həmin materiallarla tanış olmaq istəsə onda məlum olar ki, o, onun qardaşının təqsirləndirilməsi işində nə zərərçəkmiş, nə də şahid olmadığı bəlli olur. Yəni həmin şəxsin qardaşının hər hansısa bir cinayət hadisəsi törətməsinin ona heç bir aidiyyəti yoxdu və zənn edir ki, qardaşınında törətdiyi cinayəti gizlətməkdən ötrü ona böhtan atır. Bundan başqa barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məlum müsahibəsində bildirir ki, bir qardaşı qazidir və qardaşı müharibədə döyüşərkən o, onun bacısına sataşmışdır. Əvvala onda olan məlumata görə onun qardaşı qazi deyil. Heç bir döyüşdə olmayıb və “guya onun ona qarşı təcavüz etdiyi” tarixdə heç bir müharibə yox idi. Yəni uşaq 2020-ci ilin dekabr ayının 10-da doğulub. Müharibə isə həmin ilin 27 sentyabrında başlayıb. 2 ay 13 günə uşaq mayalanıb doğulmur. Bunları təsdiq edəcək müvafiq faktlar və video görüntülər mövcuddur və məhkəməyə təqdim olunacaqdır. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 müdafiəçisivəkili Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, hazırki şikayət veriləndən sonra Zümrüd Atakişiyeva 28 sentyabr 2024-cü il tarixdə başqa bir kanala müsahibə vermiş, həmçinin uşağı və kənar bir neçə şəxsi götürərək 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin qarşısına gələrək İdarəyə giriş-çıxışa mane olmuş və İdarənin iş fəaliyyətini pozmuşdur. Bunlarla bağlı 2 ədəd disk məkəməyə təqdim etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 izahat verib bildirdi ki, düzdür onu zorladığı üçün kanala qoşulmuşdur. Eynallı Nazim qapını bağlayıb, onunla məcburi qaydada münasibətdə olmuşdur. Sonra o, ona şikayət edəcəyini deyəndə, o, onu şantaj edərək bildirmiş ki, o, vəzifəli şəxslərlə dostluq edir, onda onunla olan zaman video görüntü var, onunla bacarmayacaqlar. Oda qorxub şikayət etməmişdir. Həmçinin məhkəməyə bir ədəd flaşkart təqdim edərək bildirmişdir ki, onun əlində Eynallı Nazimin səs yazısı var, həmin səs yazısında o kişi kimi uşağın ondan olmasını etiraf edir, uşağa maddi köməklik edəcəyini, ona ev alacağını bildirmişdir. O, 01 aprel 2020-ci ildə işə qəbul olub, uşaq isə 2020-ci ilin dekabr ayında doğulub. X14rşı bir fikri olsaydı niyə onunla onun xidməti otağında münasibətdə olurdu, elə gedib onunla başqa yerlərdə görüşüb münasibətdə olardı. Həmçinin o ərəfədə evli, olmuş, ailəsinin dağılmasını istəməmişdir. Eynallı Nazimi namaz qılan, oruc tutan şəxs kimi tanımış, lakin anasını cərimə edib işdən çıxartmış, qardaşına böhtan atıb tutdurmuşdur. Bu gün yenə də qardaşının işini aparan polis şöbəsinin müstəntiqi ona iddiadan əl çəkəcəyi halda qardaşının sərbəst buraxılacağını bildirmişdir. Onun işinin qardaşının işinə heç bir aidiyyəti yoxdur. Odur ki, X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən məhkəmənin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək və proses iştirakçısının çıxışını dinləyərək hesab edir ki, X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Hazırki xüsusi ittiham qaydasında ərizədən görünür ki, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi və şikayətin verildiyi yer göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır: Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-81/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-81/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver