Məhkəmə qərarları › İş №1(074)-82/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-82/2024

18.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-82/2024 18.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızının, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Şamaxı rayonu, Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 02 noyabr 2020-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2004-cü il təvəllüdlü X3 və 22 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızına verilməsinə dair Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)- 152/2021 saylı, 09 mart 2021-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 3(074)-365/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə, həmin məhkəmənin 11 mart 2024-cü il tarixli, 3(074)-225/2024 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 29 dekabr 2021-ci il, 12 dekabr 2023-cü il və 09 aprel 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 07 may 2024-cü il tarixinə kimi 7300,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızını qohumu kimi tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2003-cü ildə qeyri-rəsmi ailə qurmuşlar, 2012-ci ildə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 07 oktyabr 2005-ci il təvəllüdlü X3 və 22 mart 2010-cu il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Şamaxı rayonunda valideynləri ilə, daha sonra çobanlıq etdiyi rayonlarda ailəsilə birlikdə yaşamışdır. Həmin vaxtlar fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, yəni müxtəlif yerlərdə çobanlıq etmiş, əkinçiliklə məşğul olmuşdur. Əvvəllər Samirə ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Samirənin qardaşı ilə aralarında yaranmış münaqişədən sonra münasibətləri pisləşmiş və bundan sonra ayrılmaq qərarına gəlmişlər. Samirə himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-152/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 02 noyabr 2020-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2005-ci il təvəllüdlü X3 və 22 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 120,00 manat olmaqla cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızına verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şamaxı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Bir dəfə 500,00 manat aliment ödəmiş, sonradan səhlənkarlıq etdiyindən və maddi imkanı kifayət qədər olmadığından aliment borcu yaranmışdır. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə, həmin məhkəmənin 11 mart 2024-cü il tarixli qərarına əsasən isə 15 gün müddətinə inzibati qaydada həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 07 may 2024-cü il tarixə kimi Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızına ödənməmiş aliment borcu 7300,00 manat təşkil etmişdir. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur və aylıq gəliri təxminən 500,00 manat təşkil edir. İşi ilə bağlı olaraq tez-tez Bakı şəhərinə və Abşeron rayonuna səfər edir. Hazırki işindən əvvəl, yəni sonuncu dəfə inzibati tənbeh edilənədək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən kərpic zavodunda fərdi əməklə məşğul olmuş və aylıq 450,00 manat gəlir əldə etmişdir. Məşğulluq Mərkəzində qeydiyyatda olsa da, daim işlədiyindən mərkəzə müraciət etməmişdir. Boşandıqdan sonra Yeganə Cavadova ilə ailə həyatı qurmuş, həmin evlilikdən Səma adlı övladları anadan olmuşdur. Təqdimat verilən gündən sonra aliment borcundan istintaq dövründə 200 manat ödəmiş, cinayət işi məhkəməyə göndərildikdən sonra isə heç bir ödəniş etməmişdir. Borcunu bir dəfəyə qaytarmağa maddi imkanı yoxdur. Bundan sonra aliment borcunu hissə-hissə ödəyəməyə çalışacaqdır ki, borcu qalmasın. Qeyd edilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızı ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs ilə valideynlərinin vasitəsilə tanış olmuş və belə münasibətləri yaranmışdır. Təxminən 2003-cü ildə qeyri-rəsmi ailə qurmuşlar, 2012-ci ildə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 07 oktyabr 2004-cü il təvəllüdlü X3 və 22 mart 2010-cu il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra Sabirabad rayonunda fermada yaşamışlar, daha sonra Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinə köçərək kirayə yaşamışlar. İlk vaxtlar Təqsirləndirilən şəxs Sabirabad rayonunda fermada çobanlıq etmiş, sonradan Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən kərpic zavodunda fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər Mahir ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Mahir daim dava-dalaş saldığından, övladları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(074)-152/2021 saylı, 09 mart 2021-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixdən hesablanmaqla 07 oktyabr 2004-cü il təvəllüdlü X3 və 22 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şamaxı Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs aliment ödənilməsi barədə tələbi yerinə yetirməmişdir. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə, 11 mart 2024-cü il tarixli qərarına əsasən isə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 07 may 2024-cü il tarixə ödənməmiş aliment borcu 7300,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs hazırda Müşfiqabad qəsəbəsində dəmir zavodunda fərdi əməklə məşğuldur. Bildiyi qədəri ilə, 600,00 manata yaxın əmək haqqı alır. Təqsirləndirilən şəxs övladları ilə maraqlanmır, onlara nə maddi, nə mənəvi dayaq durmur. Ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadə verib göstərdi ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-152/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsinin əsasında verilən icra vərəqəsi üzrə Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixindən başlayaraq birgə nikahdan doğulmuş 07 oktyabr 2004-cü il təvəllüdlü X3 və 22 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızına ödənilməlidir. Göstərilən icra vərəqəsi 16 mart 2021-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə də icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etmişdir. Ancaq o, aliment tələbini icra etməmişdir. Borcun ödənilməsi üçün görülən tədbirlər də nəticə verməmişdir. Şamaxı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 8(074)-157/2021 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Şamaxı Rayon Məhkəməsinin 3(074)- 365/2021 saylı 27 oktyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün ona yeni müddət verilmişdir. Amma borclu tələbi icra etməməkdə davam etmişdir. Təqsirləndirilən şəxs Şamaxı rayon Məşğulluq mərkəzində qeydiyyata durmaqdan da yayınmış, bu səbəbdən də işlə təmin edilməmişdir. Şamaxı rayon məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarına əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəməkdən yayındığı üçün Azərbaycan Respublikasının İXM-nın 528.1 maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edilmişdir. Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixə tələbkara olan aliment borcu 7300,00 manat təşkil etmişdir. Bundan başqa tələbkar Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızı icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək borcunu ödəməkdən qərəzli olaraq yayındığı üçün borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görülməsini xahiş etmişdir. Göründüyü kimi borclu Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin qətnaməsini inzibati tənbeh edilməsinə və ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq edilməsinə baxmayaraq icra etmir. Onun əməlində qərəzlilik əlamətləri müşahidə olunmaqdadır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azəbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Şamaxı Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(074)-152/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixindən başlayaraq birgə nikahdan doğulmuş 07 oktyabr 2004-cü il təvəllüdlü X3 və 22 mart 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızına ödənilməlidir. Şamaxı Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(074)-152/2021 saylı qətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2012-ci ildə Şamaxı rayon Qeydiyyat Şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 239 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X4 iddiaçının (anasının)-Zərərçəkmiş şəxs yanında qalması, cavabdeh Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, Təqsirləndirilən şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentə dair hissəsinin dərhal icra edilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 16 mart 2021-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Təqsirləndirilən şəxs dərhal icranı təmin etməsinin təklif olunması qərara alınmışdır. 16 mart 2021-ci il tarixli 1737/3 nömrəli bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icranı könüllü təmin edilməsi təklif olunmuşdur. “Borclunun axtarılması haqqında” 20 sentyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü, Şamaxı şəhəri, Fələki küçəsi, ev 10 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 3(074)-365/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. 17 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızına 500 manat ödənilmişdir. 15 dekabr 2021-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-152/2021 saylı, 09 mart 2021-ci il tarixli ica sənədi üzrə borclu Təqsirləndirilən şəxs barəsində yaranmış aliment borcunun ödənilməsi məqsədi ilə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilən zaman borclunun xeyli müddətdir ki, qeyd olunan ünvanda yaşamadığı aşkar olunmuşdur. Şamaxı rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 8(074)-157/2021 saylı qərardadı ilə, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(074)-152/2021 saylı icra sənədi üzrə borclu xx.xx.1977-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Şamaxı rayon İHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs orta təhsillidir, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. 01 iyul 2022-ci il tarixli aktın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 152/2021 saylı, 09 mart 2021-ci il tarixli ica sənədi üzrə borclu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış və aliment borcunu ödəməsi barədə ona xəbərdarlıq olunmuşdur. İcra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Təqsirləndirilən şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. 30 yanvar 2023-cü il tarixli aktın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-152/2021 saylı, 09 mart 2021-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlanılmış və ona yaranmış 5980 manat aliment borcunu ödəməsi barədə xəbərdarıq edilmiş, lakin o, borcunu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Şamaxı rayon Məhkəməsinin 11 mart 2024-cü il tarixli 3(074)-225/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs edilmişdir. 02 may 2024-cü il tarixli aktın surətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-152/2021 saylı, 09 mart 2021-ci il tarixli ica sənədi üzrə borclu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanılmış və 7300 manat aliment borcunu ödəyib, ödəniş qəbzini Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə təqdim edilməsi barədə ona xəbərdarlıq olunmuşdur. Şamaxı Rayon Məhkəməsinin 2(074)-152/2021 saylı, 09 mart 2021-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs edilən aliment barədə cədvəldən görünür ki, 7800 manat aliment borcundan 500 manat ödəniş edilmiş, cəmi 7300 manat qalıq aliment borcu vardır. Şamaxı Rayon Məhkəməsinin 1(074)-55/2016 saylı, 20 oktyabr 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 3300 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən onun 13 avqust 2016-cı il tarixdən 20 oktyabr 2016-cı il tarixədək həbsdə saxlanıldığı 2 ay 7 gün müddət nəzərə alınmaqla, təyin edilmiş cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 2000 manat məbləğində cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 2000 manat cərimə cəzasına məhkum edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cərimə cəzası 11 ay 15 gün qazancının 10% dövlət nəfinə tutulmaqla islah işləri cəzası ilə əvəz edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. “Məcburi gətirilmə haqqında” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Şamaxı şəhəri, Fələki küçəsi, ev 10-da qeydiyyatda olan Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə məcburi gətirilməsi qərara alınmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin qanuni qüvvəyə münmiş 2(074)-152/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi qərəzli olaraq icra edilməməsi tam sübuta yetirildiyindən ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. “İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, ittiham elan etmək üçün tutularaq Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. “Barəsində axtarış elan olunmuş şəxsin tutulması barədə” 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində tutularaq Şamaxı RPŞ-yə təhvil verilmişdir. “Qətimkan tədbiri seçmək haqqında” 21 avqust 2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, xx xxxxxx 1977-ci ildə Şamaxı rayonu, Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şamaxı şəhəri, Fələki küçəsi, ev 10-da qeydiyyatda olan, Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Müvəqqəti saxlama təcridxanasından azad edilməsi haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin X2 azad edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir övladı var. Ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Rəfiyeva (Məmmədova) Samirə Mülkşah qızına 200 manat aliment pulu ödənilmişdir. Şamaxı rayon Məhkəməsinin 1(074)-82/2024 saylı, 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, bir dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, yenə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam etmişdir. Belə ki, borcundan cəmi 200 manat ödənişin həyata keçirilməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən, təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və aliment borcundan qismən ödəniş etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlİdir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan RespublikasıCPM-in 344-347, 349,351-353, 356, 358 və384-cümaddəəini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 20 saat hüquqi yardım göstərməsinə görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar