Məhkəmə qərarları › İş №1(074)-84/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-84/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-84/2023 18.10.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Şamaxı rayonu, Astraxanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvanında yerləşən yaşadıqları evdə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsindən ağac ilə vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı olmaqla, iki övladları var. 2014-cü ildə sonuncu ilə münasibəti yaxşı olmadığından rəsmi olaraq boşanmış, lakin bu günə qədər birlikdə yuxarıda göstərilən ünvanda yaşamışlar. Son vaxtlar keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə söhbət zamanı oğlu Pəsərin niyə işləməməsini, getsin iş tapsın evin maddi durumuna köməklik göstərsin demiş, Zərərçəkmiş şəxs oğlunun iş tapa bilmədiyini bildirmiş, o isə bundan əsəbləşərək oğlu Pəsərin tez bir zamanda iş tapmasını bildirmiş, bundan sonra aralarında mübahisə baş vermiş, əsəblərini saxlaya bilməyərək mübahisə zəminində əlindəki balaca ağac parçası ilə arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə vurmuş, sonra isə ağacı yerə atıb evdən çıxmışdır. Zərərçəkmiş şəxs döyülməsi barədə rayon polis şöbəsinə məlumat vermişdir. Zərərçəkmiş şəxs qarşı yuxarda qeyd etdiyi kimi əlindəki ağac parçası ilə bir dəfə baş nahiyəsinə vurmuş, Zərərçəkmiş şəxs onunla mübahisə yaratmış, əlavə qanunsuz hərəkətlər etməmişdir. Hadisə ünvan 3 ünvanında yerləşən ona məxsus yaşayış evində baş vermiş, həmin vaxtı orada ondan və Zərərçəkmiş şəxs başqa heç kim olmamış, Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş hadisə təxminən bir-iki dəqiqə ərzində davam etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmaq istəsə də, o razılaşmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı olmaqla, iki övladları var. Sonuncu ilə əvvəllər münasibəti yaxşı olmuş, sonradan mütəmadi olaraq yersiz mübahisələr və dava-dalaş etmişdir. 2014-cü il tarixdə rəsmi olaraq boşanmışlar. Təqsirləndirilən şəxs ilə rəsmi olaraq boşansa da, hazırda yaşadığı evdə birlikdə yaşayırlar. Boşanmalarına baxmayaraq, Təqsirləndirilən şəxs davamlı olaraq yersiz mübahisələr edib və onu evdən çıxarmağa çalışmış, münasibəti yaxşı olmasa da, övladlarının istəyi ilə rayon polis şöbəsinə müracət etməmiş və Təqsirləndirilən şəxs gələcəkdə öz qanunsuz əməllərinə son verəcəyini güman etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs heç bir səbəb olmadan onun evi tərk etməsini tələb etmiş, cavab olaraq sonuncuya yaşamağa evi olmadığını, evdən çıxmayacağını bildirmiş, xx.xx.2023-cü il tarixədək sonuncu təkrartəkrar onun evdən çıxmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yemək hazırlayaraq, Təqsirləndirilən şəxs süfrəyə dəvət etmiş, cavab olaraq sonuncu yemək istəmədiyini, evdən çıxıb getməsini demiş, o, təkrar getməyə yeri olmadığını bildirmiş, bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan ağac ilə baş nahiyəsindən vurmuş və o, qışqıraraq başından qan gəldiyini görüb qaçmağa başlamış, həmin tarixdə rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hadisə zamanı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, hadisə yerində o və Təqsirləndirilən şəxs olmuş, başqa heç kim olmamış, hadisə təxminən ümumilikdə üç-beş dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Məhkəməyədək sadələşdirilmiş icraat işinin açılması barədə” 06 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. “Baxış keçirilməsi haqqında” 06 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 06 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs evinin həyətində ağac ilə bir dəfə vurmasını göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 06 sentyabr 2023-cü il tarixli, 297 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərbaşın təpə nahiyəsinin yarası, sol bazu və sol bud nahiyələrinin qançırları küt əşya təsirindən törənməklə, 04 sentyabr 2023-cü il tarixdə kənar şəxs və şəxslər tərəfindən yetirilməyə uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Zərərçəkmiş şəxs həqiqətən xx.xx.2023-cü il tarixdə Şamaxı RMX-nın TTTY şöbəsinə “S01.0-Başın tüklü hissəsinin yarası” diaqnozu ilə müraciət etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 14 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxsin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növlərinin müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, ədalət və humanizm prinsipləri baxımından Təqsirləndirilən şəxs islah işləri növündə cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azəbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda, məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yügülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətlədirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 5 saat hüquqi yardım göstərməsinə görə 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar