Məhkəmə qərarları › İş №1(074)-86/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-86/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-86/2023 15.11.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilməyən, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində daşımış, 31 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu, Şəhriyar qəsəbəsində evlərinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 19:05-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli parça şalvarın sağ arxa cibindən bir ədəd sellofana bükülmüş bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,272 (bir tam mində iki yüz yetmiş iki) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 30 iyul 2023-cü il tarixdə, saat 14:00 radələrində siqaret almaq məqsədi ilə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən evindən çıxıb yaşadığı qəsəbədə yerləşən marketə gedərkən yerdə siqaretin sellofanına bükülmüş bir ədəd büküm görmüşdür. Həmin sellofan büküm formasında olduğu üçün marağına səbəb olduğundan bükümü götürmüş və içərisinə açıb baxdıqda bükümün içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin olmasını görmüşdür. Əvvəllər bir neçə dəfə narkotik vasitə olan heroin istifadə etdiyi üçün həmin kütlənin heroin olduğunu bilmiş və istifadə etmək məqsədilə bükümü götürüb, əynində olan boz rəngli parça şalvarın arxa cibinə qoyub, marketdən siqaret alıb evə qayıtmış və həmin tapdığı bükümü fikirləşmişdirki, nə vaxtsa istifadə edər. Həmin günün səhəri, yəni 31 iyul 2023-cü il tarixdə, saat 18 radələrində siqaret çəkmək üçün küçəyə çıxmış, həmin vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona demişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərində baxış keçirmişlər. Üzərinə baxış keçirilən zaman əynindəki boz rəngli parca şalvarın sağ arxa cibindən bir ədəd sellofana bükülmüş büküm aşkar edilmişdir. Həmin aşkar edilmiş 01 ədəd bükümün içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroin aşkar edilmişdir. Baxış zamanı iştirakçılara həmin qəhvəyi rəngli maddənin heroin olduğunu bildirmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə heroin olan 01 ədəd bükümü polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini möhürləmişlər, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlır. O, narkotik vasitə olan heroini yalnız istifadə etmək üçün üzərimdə gəzdirmiş, başqa heç bir məqsədi olmamış, heroin və başqa narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Etdiyi əməldən peşmandır. Bildirmişdir ki, o, heç bir mobil nömrədən istifadə etmir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və bunu nəzərə alaraq, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirdi ki, 31 iyul 2023-cü il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində olması və qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 31 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşmışlar, özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz edərək, üzərində heç bir narkotik vasitənin olmadığını bildirmişdir. Həmin vaxt onlar onu Şamaxı RPŞ-nə dəvət etdikdə, o, etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyü çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman əynindəki boz rəngli parça şalvarın sağ arxa cibindən bir ədəd sellofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm açılarkən içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroina oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülən, içərisində narkotik vasitə olan büküm baxışda iştirak edənlərin iştirakı ilə zərfə qablaşdırılaraq üzəri möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə istintaq bölməsinə göndərilmişdir. “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 31 iyul 2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli parça şalvarın sağ arxa cibindən bir ədəd sellofana bükülmüş büküm aşkar edilmiş və həmin büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar olunmuş sellofana bükülmüş bükümün içərisindəki kütlə narkotik vasitə olan heroindir, ona məxsusdur. Şəxsi axtarış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4103 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 1,272 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroinin təmiz çəkisi 1,272 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,222 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli 4(074)-58/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu andan, yəni 31 iyul 2023-cü il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanınma və saxlanca vermə haqqında” 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə tədqiqata təqdim edilmiş qalıq çəkisi 1,222 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və Şamaxı RPŞnin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnamənin 12 avqust 2023-cü il tarixli cavabından görünür ki, Əmrali X5 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 4 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 25 avqust 2023-cü il tarixli, 5480 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şamaxı RİHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədən görünür ki, Əmrali X3 qəsəbəsində özünü təbiətən sakit, taytuşları arasında hörmət qazanmış kimi göstərmişdir. Qəsəbə ağsaqqallarının və ağbirçəklərinin hörmətini qazanmış, keçirilən tədbirlərdə fəal iştirak etmişdir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Şamaxı rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 405-188382/5 nömrəli məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs hökm üzrə təyin edilmiş cəzasının 10 ay 19 gün hissəsini çəkmişdir. Cəzasının çəkilməmiş hissəsi 5 ay 15 gün təşkil edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıması tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkəmənin hökmü ilə ona təyin edilmiş cəzanı çəkdiyi dövrdə yenidən cinayət əməlini törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə edilməsi hallarının olması, narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 ay 15 gün hissəsi ilə qismən toplanmaqla, ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,222 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri – 65,0 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE**********0002088501, təsnifat kodu 142593, səviyyə kodu 3 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şamaxı rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(074)-68/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 4 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 ay 15 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 2 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2023-cü il tarixdən hesablansın. X2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,222 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 65,00 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE**********0002088501, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 təqsirləndirlən şəxs X4 dövlət hesabına məhkəmə istintaqı zamanı 8 saat hüquqi yardım göstərməsinə görə 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar