Məhkəmə qərarları › İş №1(074)-86/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-86/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-86/2024 17.12.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Zərərəçəkmiş şəxsin nümayəndəsi-Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Şamaxı rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Çıraqlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Südçülük sovxozunda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, 15 avqust 2024-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab olunan Şamaxı şəhəri Gənclər küçəsində yerləşən Mediasiya mərkəzinin qarşısında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış və bərqərar olmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış, mənəviyyat normalarını tapdalayan, yəni cəmiyyətə qarşı açıqca hörmətsizlik edərək heç bir əsaslı səbəb olmadan hadisə yerinin ətrafında çoxlu sayda insanların olmasına biganə yanaşaraq Zərərçəkmiş şəxs ünvanına ucadan yüksək səslə nalayiq ifadələr işlətmiş, həmin mübahisə zamanı qəsdən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən vuraraq sonuncuya sağ göz orbitasının hematoması, gözün ağlı qişasında qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs ilə uzun müddət əvvəl ailə həyatı qurmuş, onunla nigahından üç azyaşlı uşağı dünyaya gəlmişdir. Onun Zərərçəkmiş şəxs ilə ailədaxili münasibətlərinə görə nigahı pozulmuş və 21 dekabr 2023-cü il tarixdə Şamaxı rayon məhkəməsinin qətnaməsi ilə rəsmi qaydada boşanmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs ilə bir müddət bir yerdə nigahsız yaşamış, həmin müddətdə yenə də ailədaxili münasibətlərdə narazılıq yarandığına görə və Zərərçəkmiş şəxs onu təhqir etdiyinə 11 mart 2024-cü il tarixdə aralarında münaqişə baş vermiş, barəsində şikayət olunmuş, polisdə iş araşdırılmış və Xəzər rayon məhkəməsində işə baxılmaqla barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə hökm çıxarılaraq, o, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan sonra, o, uşaqlarını Zərərçəkmiş şəxs tələb etsə də, Zərərçəkmiş şəxs uşaqları vermədiyinə görə, o da aliment ödəməmiş, Zərərçəkmiş şəxs da ondan Şamaxı mediasiyasına şikayət etmişdir. Buna görə də 15 avqust 2024-cü il tarixdə Şamaxı rayon Mediasiya mərkəzinə gəlmiş, gələndə də nümayəndəsi kimi Şahid1 ilə birlikdə gəlmişdir. Həmin gün saat 16 radələrində Mediasiya sessiyasının fasiləsi olduğuna görə o və nümayəndəsi Şahid1 birlikdə Mediasiyanın qarşısında dayanmış, bu vaxtı Zərərçəkmiş şəxs da Mediasiyadan çıxıb yanına gəlmiş və nümayəndəsi Şahid1 demişdir ki, “sizin heç bir sübutunuz yoxdur”. Onlar da Zərərçəkmiş şəxs nə sübut olmasını soruşanda, Zərərçəkmiş şəxs onun barəsində əxlaqsız və tərbiyəsiz ifadələr işlətmiş, o isə kənara çəkilmək istəyəndə, Zərərçəkmiş şəxs onun yanına gəlib “sən mənim üçün ölürsən, may ayından bir-birimizi görmürük, mənsiz qala bilmirsən” sözlərini demiş, o isə Zərərçəkmiş şəxs fikir verməyərək kənara çəkilmək istəyəndə, Zərərçəkmiş şəxs yenə də yanına yaxınlaşdığını və əli ilə paltarının yaxasından yapışdığını görüb, öz əli ilə Zərərçəkmiş şəxs kənara itələmək üçün əlini Zərərçəkmiş şəxs tərəf fırlatmışdır. Zərərçəkmiş şəxs əlini özünə tərəf çəkmiş, bundan sonra, Zərərçəkmiş şəxs guya onu döyməyi barədə səs-küy salıb orada olan şəxsləri toplamış, sonra bilmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs döyməmişdir, sadəcə özündən uzaqlaşdırmaq üçün əli ilə Zərərçəkmiş şəxs itələmişdir. Həmin vaxtı onun əlində heç bir əşya və predmet olmamışdır. Həmin hadisə 15 avqust 2024-cü il tarixdə saat 16 radələrində Şamaxı rayon Mediasiya mərkəzinin qarşısında olmuşdur, nümayəndəsi Şahid1 yanında olmuşdur, ətrafda bir çox şəxslər olsa da, olanların kimlər olmasını dəqiq bilməmişdir. Mübahisəni İlhamə başlamış, barəsində təhqiredici ifadələr işlədərək yanına gəlmiş, o isə əli ilə onu özündən uzaqlaşdırmaq istəmiş, İlhaməyə qarşı başqa heç bir hərəkət etməmişdir. Əgər o, İlhaməni vursaydı, o, daha ağır xəsarət alardı. İlhamə ilə əvvəldən mübahisələri olmuş, yəni mübahisələri mediasiya mərkəzində başlamamışdır. Hətta İlhamə bacısına da mesaj yazaraq onu da təhqir etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şamaxı raonu Çıraqlı kənd sakini olan Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş, onunla birgə nigahından 3 övladı dünyaya gəlmiş, əvvəllər münasibəti yaxşı olsa da, sonralar münasibəti pisləşdiyi üçün 2023-cü ildə rəsmi olaraq məhkəmə qaydasında boşanmışdır. Onlar evliliyi müddətində Bakı şəhəri, Xəzər rayonu, Binə Südçülük sovxozu (Xaşaxuna) ərazisindəki evlərində yaşamışlar. Keçmiş əri Təqsirləndirilən şəxs onu Bakı şəhəri Xəzər rayonu ərazisində döydüyünə görə, o, Təqsirləndirilən şəxs şikayət etmiş, polisdə işi araşdırılıb və onun şikayəti üzrə iş Xəzər rayon məhkəməsinə göndərilmiş və Təqsirləndirilən şəxs barəsində cəza təyin edilmişdir. O da artıq Qobustan rayonu Ərəbşalbaş kəndində yerləşən atası evinə gəlib uşaqları ilə burada yaşamağa məcbur qalmışdır. Təqsirləndirilən şəxs uşaqlarına görə alimenti vermədiyi üçün ondan qeydiyyatda olduğu Şamaxı rayonu üzrə Mediasiya xidmətinə müraciət etmişdir. 15 avqust 2024-cü il tarixdə alimentlə bağlı Şamaxı şəhəri Gənclər küçəsində Mediasiya xidmətinin əməkdaşları onu və keçmiş həyat yoldaşı Raqibi iclasa çağırmış, iclasdan sonra saat 16:00 radələrində mediasiyadan çıxdıqdan sonra, Mediasiyanın qarşısında Raqib ona bildirmişdir ki, “sənin qardaşın kişi deyil”, o da Təqsirləndirilən şəxs cavab olaraq demişdir ki, "sən kişi deyilsən". Bu səbəbdən Raqib ilə aralarında mübahisə başlamış, mübahisə vaxtı ətrafda da bir neçə şəxslər hadisəyə tamaşa etmişdirlər. Bu vaxtı Təqsirləndirilən şəxs camaatın gözü qarşısında heç bir səbəb olmadan başladığı mübahisə vaxtı, onun sağ gözündən yumruqla vurmuş, o, zərbənin təsirindən arxaya getmiş, Təqsirləndirilən şəxs yenə də onu vurmaqda davam etmək istəyəndə, yanında olan İlham adlı vəkil və kim olmasını bilmədiyi şəxslər Təqsirləndirilən şəxs ondan aralaşdırmışlar. Sonra Raqib çıxıb getmiş, o isə Şamaxı rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmamış və ona ağır cəza verilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq bildirdi ki, Raqiblə münasibətləri pis olmuş, ümumiyyətlə bir yerə gələn kimi mübahisə etməyə başlamışlar. İlk olaraq Raqib onun qardaşını təhqir etdiyindən o, da ona cavab vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, o, Şamaxı rayonu üzrə mediator seçilməklə işləyir və onun mediator kimi fəaliyyət göstərdiyi yer Şamaxı şəhəri Gənclər küçəsində rayon məhkəməsinin inzibati binası ilə üzbəüz ünvanda yerləşir. Qobustan rayonu Ərəbşalbaş kənd sakini olan Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı olan Şamaxı rayonu Çıraqlı kənd sakini olan Təqsirləndirilən şəxs tərəfindən aliment pulunun ödənilməməsi ilə bağlı sonuncunun yaşadığı Şamaxı rayonu üzrə Mediasiyaya müraciəti əsasında, 15 avqust 2024-cü il tarixə onun tərəfindən mediasiya sessiyası təyin edilmişdir. Həmin gün Zərərçəkmiş şəxs özü gəlmiş, eləcə də Təqsirləndirilən şəxs özünün nümayəndəsi qismində etibarnaməsi ilə Şahid1 ilə birlikdə gəlmişlər. 15 avqust 2024-cü il tarixdə aliment ilə bağlı Şamaxı şəhəri Gənclər küçəsində yerləşən Mediasiya mərkəzində tərəflər iştirak etmişlər, müvafiq hərəkətlər və söhbətlər aparılmışdır. Həmin gün saat 16:00 radələrində mediasiya sessiyasında müvafiq sənədləşmə aparılması üçün fasilə elan edilmiş, buna görə də tərəflər və nümayəndə Mediasiyanın yerləşdiyi binanın qarşısına küçənin qırağına çıxmışlar, o, Mediasiyanın işçisi olan Vəfa xanımla birlikdə sənədləşməni etməyə başlamışdır. Az sonra, Zərərçəkmiş şəxs əlini gözünə tutub Şahid1 ilə birlikdə içəri daxil olmuş, görmüşdür ki, Zərərçəkmiş şəxs nə isə ağrıları var, buna görə də qadın olduğu üçün Vəfa xanım Zərərçəkmiş şəxs ilkin tibbi yardəm edib yaş salfetka ilə üzünü silmiş və sonra da Zərərçəkmiş şəxs çıxanda, Təqsirləndirilən şəxs ona yalvarmağa başlamışdır ki, şikayət etməsin. Bundan sonra onların hara getməsini bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs İlhaməni vurmasını görməmişdir. Lakin səs-küydən sonra İlhamə içəri girəndə onun sağ gözünün ətrafında qızarıqlıq hiss olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, şahid ifadə verərək bildirmişdir ki, o, Şamaxı rayonu Çıraqlı kənd sakini olan Təqsirləndirilən şəxs nümayəndəsi qismində onun etibarnaməsi ilə bəzi hüquq işlərində iştirak edir. Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs müraciəti üzrə 15 avqust 2024-cü il tarixdə aliment ilə bağlı Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən və mediator Şahid2 fəaliyyət göstərdiyi Mediasiya mərkəzində keçirilən mediasiya sessiyasında iştirak etmiş, sessiyada nümayəndəsi olduğu Təqsirləndirilən şəxs və qarşı tərəf olan Zərərçəkmiş şəxs da iştirak etmişlər. Həmin gün saat 16:00 radələrində mediasiya sessiyasında yaranmış fasilə zamanı o, otaqdan bayıra çıxmış, tərəflər olan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs da yanında olmuşlar və bir-birinə qarşı müxtəlif ittihamlar irəli sürümüşlər. O da əlində olan əl çantasını yerə qoyub onların arasında dayanıb onları sakitləşdirmiş, bundan sonra bir qədər sakitlik yaranmış və o da bundan istifadə edib siqaret çəkmək qərarına gəlmiş, siqareti də yerə qoyduğu əl çantasında olduğundan əyilib çantadan siqaret götürəndə, anidən zərbə səsi və qışqırıq səsləri yaranmış, o da dərhal başını qaldırarkən X2 əli ilə üzünü tutduğunu görmüş, məlum olmuşdur ki, onu Təqsirləndirilən şəxs vurmuş, bu vaxtı səs-küyə yanına gələn mediator Şahid2 və orada işləyən Vəfa xanımın köməkliyi ilə Zərərçəkmiş şəxs mediatorun otağına aparıb ilkin tibbi yardım göstərmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, HK-1-976/2024 saylı material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin 16 avqust 2024-cü il tarixli, 272 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sağ göz orbitasının hematoması, gözün ağlı qişasında qansızma, yumşaq kənarlı küt əşya təsirindən, əllə kənar şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə vurulmağa uyğun gəlir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Mediasiya mərkəzinin qarşısında küçədə yerləşən hadisə yerində baxış keçirilərkən müəyyən edilmişdir ki, Şamaxı şəhəri, Gənclər küçəsində yerləşən Mediasiya mərkəzinin qarşısında dalaşma baş vermişdir. Hadisə yeri avtomobillərin və vətəndaşların mütəmadi olaraq hərəkət etdiyi, ətrafında və yaxınlığında vətəndaşların daimi olaraq toplaşdığı ictimai iaşə obyektləri yerləşir, bununla da hadisə yeri ictimai yerdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən əşya, predmet və əl-iz nümunələri aşkar edilməmiş və götürülməmişdir. Şamaxı Rayon Məhkməsinin 21 dekabr 2023-cü il tarixli 2(074)-1168/2023 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında 05 dekabr 2012-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndi üzrə ərazi nümayəndəliyində 34 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nigah pozulmuşdur. AZ-İ 472900 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında olan nikah Şamaxı Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikah pozulduqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(003)-468/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şamaxı RİHB-nın Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 20 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Rzayev X6 rayonunun Çıraqlı kəndində qeydiyyatdadır və yaşayır, onun ailə üzvləri: atası X5 və anası X3r. Şamaxı RİHB-nın Sabir qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, Çıraqlı kəndində yaşadığı müddət ərzində qonşularla yaxşı münasibətdə olmuş, özünü ləyaqətli aparmışdır. Təqsirləndirilən şəxs barəsində hüquq mühafizə orqanlarından nümayəndəliyə hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 25 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdə saat 22:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. “İfadənin yerində yoxıanılması haqqında” 26 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlara uyğun olaraq bildirmişdir ki, 15 avqust 2024-cü il tarixdə saat 16 radələrində Şamaxı şəhəri Gənclər küçəsində yerləşən Mediasiya mərkəzinin qarşısında olan vaxt Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş, yaranmış mübahisə zəminində Zərərçəkmiş şəxs ondan əl çəkmədiyinə görə sonuncunu özündən uzaqlaşdırmaq məqsədilə əli ilə itələmişdir və daha sonra aralaşmışdırlar. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə haqqında qətimkan tədbirinin seçilməsi haqqında” 26 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(003)-468/2024 saylı hökmü 08 may 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsində qeydiyyata alınmış, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 05 ay 07 gün hissəsi icra olunmuş, 03 ay 23 gün hissəsi çəkilməmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin, yəni Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlərin xuliqanlıq niyyəti ilə yetirilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin mövcudluğu sübuta yetirilməmiş, əksinə Təqsirləndirilən şəxs əməlində belə bir xuliqanlıq niyyətinin istisna olunduğu mövcud sübutların qarşılıqlı tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 15 avqust 2024-cü il tarixdə, saat 16 radələrində baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 15 avqust 2024-cü il tarixdə saat 16 radələrində Şamaxı şəhəri Gənclər küçəsində yerləşən Mediasiya mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı bir-birinə qarşı nalayiq ifadələr işlətdikdən sonra Təqsirləndirilən şəxs qəsdən yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsindən vuraraq sonuncuya sağ göz orbitasının hematoması, gözün ağlı qişasında qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 15 avqust 2024-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş və Təqsirləndirilən şəxs aktiv hərəkətləri nəticəsində Şamaxı şəhəri, Gənclər küçəsində Mediasiya mərkəzinin qarşısında aralarında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına yuxarıda sadalanan xəsarətləri yetirmişdir. Məhkəmə baş vermiş hadisəyə hüquqi qiymət verərkən ilk öncə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibətləri, hadisənin baş vermə yeri və şəraiti ilə bağlı onu qeyd edir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs keçmiş ər-arvad olmuşlar. Onlar arasında münasibətlər uzun müddətdir ki kəsilmiş və Şamaxı Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qətnaməsi ilə boşanmışlar. Tərəflər arasında mübahisələr baş vermiş, Təqsirləndirilən şəxs belə mübahisələrin birində İlhamə Əliyavanın sağlamlığına yüngül xəsarət yetirdiyindən məhkum edilmişdir. Həmçinin hazırda tərəflərin birgə nikahlarından doğulmuş uşaqları ilə bağlı məhkəmə mübahisələri mövcuddur. Göründüyü kimi, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında münaqişənin baş verməsi və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi sonuncuların şəxsi münasibətləri zamanı aralarında keçirilən mediasiya prosesi gedişatında baş vermişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 fevral 2006-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Cinayət Məcəlləsinin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxanda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya səbəb olan xəsarətlərin yetirilməsinə səbəb olsa belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun sağlamlığına zərər vuran hərəkətlər kimi təzahür etmişdir. Həmçinin cinayət işinin materiallarından və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan aydın olur ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs baş vermiş hadisədən əvvəl bir-biri ilə sözlü mübahisə etmiş və bir-birlərinə qarşı müxtəlif nalayiq ifadələr işlətmişlər. Məhkəmə həmçinin yuxarıda göstərilənlərin davamı olaraq qeyd edir ki, hadisənin Şamaxı rayonu, Gənclər küçəsində yerləşən Mediasiya təşkilatının qarşısında-küçədə baş verməsi Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq kimi tövsif edilməsinə yeganə əsas ola bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti müəyyən edilmədiyindən hadisənin küçədə baş verməsi belə onun əməlinin CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, Təqsirləndirilən şəxs ilə keçmiş arvadı olan Zərərçəkmiş şəxs arasında uzun müddət mübahisə və bundan irəli gələn münaqişəli vəziyyət olmuş və qeyd olunan zorakı hərəkətlərin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmiş, müvafiq olaraq da Təqsirləndirilən şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarətlərin yetirilməsinə yönəlmiş, onun qəsdi ilə cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması, ictimai qaydanın kobud şəkildə pozulması əhatə olunmamışdır. Yəni ki, Təqsirləndirilən şəxs cinayətə sövq edən amil tərəflər arasında olan münaqişədən törəyən şəxsi münasibətlər olub, məqsədi də yalnız zərərçəkmişi şəxslə olan sözlü mübahisələrinə son qoymaq olduğundan, yəni cinayətkar qəsdi məhz bu məqsədlərin realizə edilməsinə yönəlib, ictimai qaydanın kobud şəkildə pozulmasını və ya cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasını əhatə etmədiyindən, hadisəni kənar şəxslərin müşahidə etməsi Təqsirləndirilən şəxs hərəkətlərinin hüquqi təbiətini dəyişən, bu hərəkətləri şəxsin sağlamlığına qarşı yönəlmiş cinayətdən xuliqanlığa çevirən hal olaraq qəbul edilə bilməz. Həmçinin cinayət işinin materialları və məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin (hadisənin biləvasitə iştirakçıları) ifadələri ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı buna imkanın olmasına baxmayaraq Zərərçəkmiş şəxs yalnız bir dəfə vurmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarında Məhkəmə qeyd etmişdir ki, əslində bir çox cinayətlər (hətta ehtiyatsızlıqdan belə törədilən yol hərəkəti, texniki təhlükəsizlik qaydalarının pozulması kimi əməllər belə) ictimai yerlərdə, məsələn küçədə, idarə və müəssisələrdə törədildikdə, həmin yerdə çox sayda insanların toplaşmasına, nəticə etibarı ilə ictimai qaydanın - nəqliyyatın, idarə və müəssisələrin normal iş rejiminin pozulmasına səbəb ola bilər. Və yaxud şəxsə qarşı zor tətbiq edilməsi, hədə-qorxunun işlədilməsi, zərərçəkmişin əmlakının zədələnməsi, məhv edilməsi kimi hərəkətlərdə ifadə olunmuş cinayətlər, bu cinayətlərin obyektini cinayət qanunu ilə qorunan başqa hüquq münasibətlərinin təşkil etməsinə baxmayaraq, həm də ümumqəbuledilmiş davranış modelinin, cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış qaydalarının pozuntuları kimi də şərh edilə bilərlər, nə qədər ki, istənilən qəsdən törədilmiş cinayət cəmiyyətdə təşəkkül tapmış birgəyaşayış qaydalarından, ümumqəbuledilmiş normalardan kənara çıxma, onlara etinasızlığın təzahürü kimi özünü göstərir. Lakin, bu iki qrup halların heç birində ictimai qaydanın pozulması, cəmiyyətə hörmətsizliyin ifadə olunması təqsirkarın qəsdinin yönəldiyi obyekt kimi çıxış etmirsə, xuliqanlıqda təqsirkar şəxsin qərəzli hərəkətləri məhz ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunmasına yönəldilmiş olur. Lakin, bu onu da demək deyil ki, xuliqanlıqda ictimai qaydanın pozulması mütləq şəkildə hansısa real nəticələrdə, misal üçün iaşə obyektinin, digər müəssisənin fəaliyyətinin, nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılmasında, başqa cür pozulmasında özünü göstərməlidir. Xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü–özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Bu səbəbdən (yəni, əgər təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq motivindən irəli gəlirsə və xaraktercə ictimai qaydanın, hamılıqla qəbul edilmiş davranış qaydalarının kobud şəkildə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsiziliyin ifadə edilməsi kimi təzahür edirsə) vacib deyil ki, əməl ictimai yerdə, başqalarının gözü qarşısında törədilsin. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 nömrəli qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, təqsirləndirilən şəxsin əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan, onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli hesab etməyərək, tərəfindən heç bir cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı müəyyən edimişdir ki, Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 16 radələrində Şamaxı şəhəri Gənclər küçəsində yerləşən Mediasiya mərkəzinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs aktiv hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Eyni zamanda zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, xüsusən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu sağ göz orbitasının hematoması, gözün ağlı qişasında qansızma xəsarətləri kənar şəxs tərəfindən yetirilməyə uyğundur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetməyə nisbətən yügül alternativ cəzaların nəzərdə tutulmasına baxmayaraq mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə eyni şəxsə qarşı qəsdən cinayət törətdiyinə görə məhkum edilməsinə baxamayaraq, ona təyin edilmiş yüngül cəza ilə islah olunmamış, yenidən Zərərçəkmiş şəxs qarşı qəsdən eyni xarakterli cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə ona təyin edilmiş cəza ona Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməli, Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, ona qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 1(003)-468/2024 saylı hökmü ilə ona təyin edilmiş 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 3 (üç) ay 17 (on yeddi) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 sentyabr 2024-cü il tarixdən 26 sentyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 15 saat hüquqi yardım göstərməsinə görə 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar