Məhkəmə qərarları › İş №1(074)-9/2022

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-9/2022

16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-9/2022 16.03.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Tamarova Züleyxa Kamil qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs oğunun iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2 uşaq atası, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, Şamaxı şəhəri ərazisində üzərində saxlamaqla daşımış, 19 oktyabr 2021-ci il tarixdə, saat 17:05 radələrində Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Kolxoz” bazarının yaxınlığında Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə həmin gün saat 17:50-də rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,651 (altı tam mində altı yüz əlli bir) qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir yerdə işləmir. 18 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı Şamaxı rayonu, Şəhriyar qəsəbəsində olan zaman qəsəbənin mərkəzində yerləşən dayanacağın yaxınlığından yerdən 01 (bir) ədəd kibrit qutusu tapmış, tapdığı kibrit qutusunu açaraq içərisinə baxdıqda içərisində narkotik vasitə olan marixuana olduğunu görmüş və əynində olan qara rəngli qolsuz gödəkçənin sağ yan cibinə qoymuşdur ki, bəzi vaxtlar istifadə edər. 19 oktyabr 2021-ci il tarixdə Şamaxı “Kolxoz” bazarı adlanan yerə getmiş, saat 17:05 radələrində Şamaxı “Kolxoz” bazarı adlanan ərazidə mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona deyib Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Baxış keçirərkən əynindəki qara rəngli, qolsuz gödəkçəsinin sağ yan cibindən əvvəlcədən üzərində gəzdirdiyi 01 (bir) ədəd kibrit qutusu aşkar olunmuşdur. Polis əməkdaşları həmin kibrit qutusunu açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, orada olanların iştirakları ilə üzərindən aşkar edib götürdükləri, içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan kibrit qutusunu polis əməkdaşları kağız zərfdə qablaşdıraraq üzərini möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu onun özü, hüquqlarını müdafiə edən vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirməkdə məqsədinin yalnız bəzi vaxtlarda istifadə etmək olduğunu bildirmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olduğunu bildirdi və himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını və ailəni dolandıran şəxs olmasını nəzərə alaraq, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Şamaxı RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 oktyabr 2021-ci il tarixdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitənin saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında 19 oktyabr 2021-ci il tarixdə, saat 17:05 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Şamaxı rayonu “Kolxoz” bazarının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu bildirib onu Şamaxı RPŞ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmiş, Şamaxı RPŞ-nin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxıldıqda, içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin PPXBnin polis nəfəri Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 20 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 17:35 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Baxış və götürmə haqqında” 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli qolsuz gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu aşkar olunmuş, həmin aşkar olunmuş kibrit qutusu açılaraq içərisinə baxıldıqda, qutunun içərisindən açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və ona məxsus olduğunu bildirmişdir. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 7/1076 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kibrit qutusunda olan çəkisi 6,651 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata sərf olunduqdan sonra qalıq 6,551 qramdır. Aparılmış tədqiqatın dəyəri 78,82 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” 21 oktyabr 2021-ci il qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, dərhal Şamaxı RPŞ-nin MSY-dən azad edilmişdir. “Maddi sübutu tanıma və saxlanca vermə haqqında” 22 oktyabr 2021-ci il tarilxi qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi – 6,551 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınıb, saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2005 və 2009-cu il təvəllüdlü iki nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. Şamaxı RİHB-nın Şəhriyar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı 1985-ci il təvəllüdlü X3, övladları-2005-ci il təvəllüdlü X4 və 2009-cu il təvəllüdlü X5 ilə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayır. Bunyatov X6 qəsəbəsində özünü layiqli bir gənc kimi göstərmiş, qəsəbədə keçirilən bütün tədbirlərdə yaxından iştirak etmiş, qəsəbə sakinlərinin hörmətini qazanmışdır. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 noyabr 2021-ci il tarixli, 4644 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabiodlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə alınmış 02.11.2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 26.04.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 il 06 ay 09 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Şamaxı rayon Məhkəməsinin 28.07.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 03 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin 30.12.2009-cu il tarixli qərarı ilə Şamaxı rayon Məhkəməsinin 28.07.2009cu il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 01 il 03 ay 21 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 06.04.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.01.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26.09.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi, əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə üç dəfə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə 3 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzaların onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halları nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021ci il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə zalında dərhal həbsə alınmalı və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 16 mart 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 78,82 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməli, iş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 6,551 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə zalında dərhal həbsə alınsın və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 mart 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 78,82 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 6,551 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 5 saat hüquqi yardıma görə 30 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar