Məhkəmə qərarları › İş №1(074)-9/2024

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-9/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-9/2024 24.01.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, 15 oktyabr 1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 5 evdə qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, 27 iyul 2023-cü il tarixdə saat 12 radələrində Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı şəhəri, N.Nəcəfov küçəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 12:48 radələrindən başlayaraq rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əlindəki qara rəngli çantanın içərisindən bir ədəd siqaret kağızı bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,711 (bir tam mində yeddi yüz on bir) qram narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, o, 26 iyul 2023-cü il tarixdə şəxsi işləri üçün tək Bakı şəhərinə getmiş, işlərini yekunlaşdırıb yaşadığı ünvana qayıtmış və tutulduğu günədək Şamaxı şəhərində öz işləri ilə məşğul olmuşdur. 27 iyul 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxaraq mağazaya gedən zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişdirlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. O, polis şöbəsinə gedərkən üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları bir qədər ona təzyiq göstərmişlər. Polis əməkdaşları ilə razılaşmadığı üçün polis şöbəsində onu döymüşlər. Sonra isə o, məcbur olub narkotik vasitənin onun olmasına dair etirafedici ifadə vermişdir. Döyülmə nəticəsində müxtəlif xəsarətlər almışdır. Saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilərkən aldığı xəsarətlər barədə həmin müəssisənin əməkdaşlarına məlumat vermiş və xəsarətləri qeydiyyata alınmışdır. Lakin heç kimdən şikayətçi olmadığını bildirmişdir. Hesab edir ki, əvvəllər məhkum edildiyindən, ona qarşı belə bir işə əl atmışlar. Daha sonra məhkəmə qarşısına çıxarılmış, bu dəfə polis əməkdaşları tərəfindən fiziki zora məruz qaldığını bildirmədiyi üçün məhkəməyə heç nə deyə bilməmiş, ona görə də məhkəmə onun barəsində həbs qətimkan tədbirini seçmişdir. Ümumiyyətlə istintaq zamanı döyülməyi ilə bağlı heç kimə bir söz deməmişdir. Onu döyən polislərin adlarını bilməmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat dövründə verdiyi ifadəsində göstərdikləri arasında ziddiyyətlər olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 26 iyul 2023-cü il tarixdə şəxsi işləri üçün Bakı şəhərinə tək halda getmiş, işlərini yekunlaşdırıb yaşadığı ünvana qayıdan zaman, Bakı şəhəri ərazisində “20 yanvar” dairəsinin yaxınlığında yolun kənarı ilə piyada hərəkətdə olarkən siqaret kağıza bükülmüş büküm görmüş, həmin büküm marağına səbəb olduğu üçün bükülmüş bükümü götürmüş, bükümü götürərə içərisinə baxdıqda, içərisindən tünd qəhvəyi rəngli, spesifik iyə malik maddə olmasını görmüş, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün həmin maddənin narkotik vasitə olan heroin olmasını bilmişdir. Həmin heroini sonralar istifadə etmək üçün əlində olan qara rəngli çantanın cibinə qoymuş və həmin tarixdə Şamaxı şəhərinə gəlmişdir. 27 iyul 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı evdən çıxaraq mağazaya gedən zaman çanta da əlində olmuş, çünki fikirləşmişdir ki, çantanı harasa qoyarsa, narkotik vasitəni görə bilərlər, buna görə də əlində saxlamışdır. Bu vaxt mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmış, həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək, üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişdirlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərində şəxsi axtarış aparılarkən, əlindəki qara rəngli çantanın içərisindən siqaret kağızına bükülmüş bir ədəd büküm aşkar edilmiş, polis əməkdaşları kağıza bükülmüş bükümü açdıqda, içərisindən tünd qəhvəyi rəngli, narkotik vasitə olan heroin aşkar edilmişdir. Onların iştirakı ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə heroin olan bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzərini Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürləmişdir. Bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdır. Üzərindən, yəni əlindəki çantadan aşkar edilmiş narkotik vasitə olan heroini gələcəkdə lazım olarsa istifadə etmək üçün saxlamışdır. Başqa heç bir məqsədi olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Eləcə də, əlindəki çantadan aşkar edilmiş narkotik vasitə olan heroini kiməsə satmaq niyyəti olmamışdır. O, həmin narkotik vasitə olan heroini ancaq özü istifadə etmək üçün saxlamışdır. O, polis şöbəsinə gətirilən zaman ona qarşı hər hansısa bir qanunsuz hərəkət edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirdi ki, 27 iyul 2023-cü il tarixdə Şamaxı şəhəri, N.Nəcəfov küçəsi, ev 2-də qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə RPŞ-nə məlumat daxil olmuş və o da CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs bu əməlini ifşa etmək məqsədi ilə həmin tarixdə RPŞ-nin rəhbərliyinə raportla müraciət etmiş, rəhbərliyin göstərişinə əsasən əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində o, rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə Şamaxı şəhəri Niyazi Nəcəfov küçəsində Təqsirləndirilən şəxs piyada getdiyini görüb həmin şəxsə yaxınlaşmış və ilk əvvəl özlərini ona təqdim edib, sonra Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya və ya narkotik vasitə olub-olmadığını soruşmuşdurlar. Təqsirləndirilən şəxs isə onlara üzərində heç bir cinayət xarakterli əşyanın və narkotik vasitənin olmadığını bildirmişdir. Lakin şübhə yarandığından Təqsirləndirilən şəxs RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədən onlarla RPŞ-nə gəlməyə razılıq vermiş və onlar həmin şəxsi Şamaxı RPŞ-nə gətirmişdir. RPŞ-də təhqiqatçı Şəmşir Şirinovun xidməti otağında müdafiəçi Əlisa Abdullayev və onların iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlindəki qara rəngli çantanın içərisindən siqaret kağızına bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Həmin büküm onlar tərəfindən açıldıqda, içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu Təqsirləndirilən şəxs, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 şahid Şamaxı rayon polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2023-cü il tarixdə saat 12:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə haqqında” 27 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxan zaman əlindəki qara rəngli çantanın içərisindən siqaret kağızına bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Götürülmüş büküm “Digital Skale” markalı elektron tərəzi vasitəsi ilə çəkilmiş, ümumi çəkisi 1,7 qram gəlmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş siqaret kağızın içərisində olan kütlənin heroin olduğunu və ona məxsus olduğunu bildirmişdir. Baxış və götürmə zamanı video çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2023-cü il tarixli, 6/4055 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” və s. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,711 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir”. Heroinin təmiz çəkisi 1,711 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,611 qramdır. Aparılmış tədqiqatın dəyəri 110,0 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarilxli 4(074)-56/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablanmışdır. “Maddi sübut kimi tanıma haqqında” 28 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və tədqiqata təqdim edildikdən sonra qalıq çəkisi – 1,611 qram heroin maddi sübut kimi tanınıb, saxlanılması üçün Şamaxı RPŞ-nin maddi sübutların saxlanması anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 25 avqust 2023-cü il tarixli 5475 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şamaxı RİHB-nın Şamaxı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda yaşayır, onun barəsində qonşular tərəfindən şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs kənar şəxslər tərəfindən döyülməsi və ona xəsarət yetirilməsi öz təsdiqini tapmadığından faktla bağlı cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq təcridxanasının TSH-də təlimata uyğun olaraq tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı səhhəti ilə bağlı şikayəti olmamış, bədən səthinə baxış zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə alınmış 05 sentyabr 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum olunmuş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa o, Şamaxı rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa o, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzasına məhkum edilmişdir. Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarı tətbiq edilməklə təyin olunmuş cərimə cəzasından azad edilib, azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmışdır. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 01 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci ildə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-549/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 noyabr 2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndi və 4-cü hissəsi tətbiq edilməklə ona təyin edilmiş cərimə cəzasından azad edilmiş və 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmışdır. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər 3 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-nin 18.3.1-ci maddəsinə əsasən onun əməlində cinayətin xüsusilə təhlükəli resdivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş əlavə cəzanı icra etməmiş və yalnız həmin əlavə cəzadan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azad edilmiş, məhkumluğu isə götürülməmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan isə xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsinə əsasən, cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə xüsusi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirini boynuna almasa da, onun tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə vermiş olduğu ifadələrində törətmiş olduğu cinayəti tam etiraf etsə də, məhkəmə istintaqı zamanı ittiham edildiyi CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli hesab etməyərək, tərəfindən həmin cinayətin törədilməməsi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələri, xüsusən təqsirləndirilən şəxsin həm ilkin ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Ümumiyyətlə təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayındırmağa cəhdlər kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar yoxdur, əməlində cinayətin xüsusilə təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunması, buna baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meylli şəxs olmasına dəlalət edir və bu hal onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bu təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halları nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,611 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri – 110,0 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymələndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2(iki) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Şamaxı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 1,611 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri – 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE********************, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142593 hesaba köçürülsün. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs dövlət hesabına məhkəmə istintaqı zamanı 10 saat hüquqi yardım göstərməsinə görə 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar