Məhkəmə qərarları › İş №1(074)-90/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-90/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-90/2022 05.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1980-cı ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Azadlıq küçəsi, 5 saylı evdə qeydiyyatda olan, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi, 35 saylı evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Şamaxı şəhərində Şamaxı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə, saat 12 radələrində, Şamaxı rayonu, Zaraxeybəri kəndi ərazisində yerləşən “Çıraqlı” adlanan yaylaqda xırdabuynuzlu heyvanların saxlanılması və bəslənilməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əlindəki uzunluğu 135 santimetr, diametri 5 santimetr olan çomaqla Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən bir dəfə vuraraq ona qapalı kəllə beyin travması ilə müşahidə olunan başın sol təpə nahiyəsinin hematoması və sol saidin sıyrıntısı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs bacısı X2 oğlu olmaqla, Səddamla münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təxminən üç aydır ki, X6, X1 və Səddam ilə heyvanlarını birləşdirib, otarmaq üçün Şamaxı rayonu, Zaratxeybəri kəndi ərazisində yaylaqda otarırlar. Həmin heyvanlara onunla Səddam, Ələsgər ilə Elgün isə on gün yaylaqda qalıb nəzarət edirlər. Heyvanları yaylağa apardıqdan sonra bir neçəsi ölmüş, buna görə də Səddamla aralarında söz mübahisələri olmuş, sonuncuya heyvanlara düzgün qulluq etməsini tapşırmışdır. Təxminən bir ay öncə isə Səddam keçiləri sağdıqları halayı sökmüş, sonuncuya sökməməsini xahiş etsə də, Səddam özü düzəltdiyi üçün sökdüyünü demiş, keçilərini sağmaqda maneçilik yaratmış, lakin buna baxmayaraq öz keçilərini sağmışdır. 29 avqust 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində Səddama pisliyin sonuncunun özünə qaldığını, halayı sökməsinə baxmayaraq keçilərini sağdığını demiş və aralarında mübahisə yaranmışdır, mübahisə zamanı Səddam üzərinə qışqırıb hörmətsizlik etmiş, Səddamın hərəkətlərindən əsəbləşib əlindəki çomaqla Səddamın başına vurmaq istəmişdir, lakin Səddam sol qolunu başının üzərinə qaldırmışdır. Buna görə də çomaq sol qoluna və başına dəymişdir, çomaq dəydikdən sonra Səddam yerə yıxılmış, buna görə də Səddamın üzərinə getməyib, çıxıb getməsini istədikdən sonra hevanları otarmaq üçün oradan uzaqlaşmışdır. Geri döndükdə isə artıq Səddamın orada olmadığını görmüş, bir neçə dəqiqə sonra isə Səddamın onun barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etməsindən məlumatı olmuşdur. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs qarşı yuxarıda göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə zamanı hadisə yerində ondan başqa Zərərçəkmiş şəxs olmuş, əlavə heç kim olmamışdır. Baş vermiş hadisə təxminən iki-üç dəqiqə ərzində davam etmişdir. Baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. İşin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs dayısı olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təxminən üç aydır ki, X6, X1 və Lütfiyar ilə heyvanlarını birləşdirib, otarmaq üçün Şamaxı rayonu, Zaratxeybəri kəndi ərazisində yaylaqda otarırlar. Həmin heyvanlara onunla Lütfiyar, Ələsgər ilə Elgün isə on gün yaylaqda qalıb, nəzarət edirlər. Təxminən iki həftə əvvəl heyvanları otaran zaman Lütfiyara məxsus bir baş xəstə keçi ölmüşdür, buna görə həmin vaxtdan indiyə kimi Lütfiyar həmin ölmüş keçiyə görə onunla münasibətlərini soyutmuşdur. O da, bunun əvəzində keçiləri sağmaq üçün düzəltdiyi halayı sökmüşdür. 29 avqust 2022-ci il tarixdə təxminən saat 12:30 radələrində Lütfiyar yenidən ölmüş keçini bəhanə edib onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Lütfiyara keçini bəhanə etdiyini, amma əslində halayı sökdüyü üçün mübahisə etdiyini bildirmiş, Lütfiyar halayı sökməklə pisliyin ona qaldığını deyərək mübahisəyə davam etmiş, daha sonra Lütfiyar əlindəki çomaqla üzərinə gələrək çomaqı qaldırıb, baş nahiyyəsinə vurmaq istəmiş, çomaqın başına dəyməsindən qorunmaq üçün sol əlini başının üzərinə qaldırmış, lakin çomaq həm baş nahiyyəsinə, həm də sol qoluna dəymiş, zərbənin təsirindən yerə yıxılmış, yerə yıxıldığını görən Lütfiyar daha üzərinə gəlməyib, getməsini tələb etmiş, bir qədər yerdə oturmuş, özünə gəldikdən sonra ayağa qalxıb, hadisə yerindən uzaqlaşmış və hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edirək məlumat vermişdir. Məlumat əsasında polis əməkdaşları olduğu yerə gəlmişdirlər, daha sonra hadisə barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət etməmiş, döyməmişdir. Baş verən hadisə zamanı hadisə yerində ondan başqa Təqsirləndirilən şəxs olmuş, əlavə heç kim olmamışdır. Baş verən hadisə təxminən ümumilikdə iki-üç dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı yuxarıda göstərdiklərindən əlavə söyübtəhqir etmiş, başqa heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayəti və tələbi olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, Təqsirləndirilən şəxs qaynı olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təxminən üç aydır ki, oğlu Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs heyvanlarını Şamaxı rayonu, Zaratxeybəri kəndi ərazisində yerləşən Çıraqlı yaylağına aparıb otarmışdırlar. Həmin müddət ərzində Səddamla telefonla danışan zamanlarda Səddam Lütfiyar ilə münasibətlərinin elədə yaxşı olmadığını, aralarında bir neçə dəfə heyvan otarmaqla bağlı mübahisənin olması barədə ona məlumat vermiş, o isə hər dəfəsində Lütfiyarın dayısı olduğunu, sözündən çıxmamasını, heyvanları otarmasını Səddama tapşırmışdırm. 29 avqust 2022-ci il tarixdə təxminən saat 12:40 radələrində yaşadığı evdə olan zaman Səddamın mobil nömrəsindən zəng gəldiyini görüb, cavab vermiş, telefon danışığı zamanı Səddam həyəcanlı şəkildə Lütfiyar tərəfindən çomaqla döyüldüyünü ona demiş, həmin vaxt Lütfiyarın hərəkətindən əsəbləşib Səddama hadisə barədə polisə məlumat verməsini tapşırıb, telefonu söndürmüşdür. Təxminən bir saat sonra oğlu Səddamı evə aparmaq üçün Şamaxı rayon polis şöbəsinə gəlmiş, rayon polis şöbəsində olan zaman Lütfiyarın çomaqla Səddamın baş və sol qol nahiyyəsinə vurub xəsarət yeirməsindən məlumatı olmuşdur. Səddamla Lütfiyar arasında hadisənin necə yaranmasını, Lütfiyarın Səddama qarşı tam olaraq hansı hətəkətlər etməsini hadisə yerində olmadığı üçün görməmiş, sadəcə olaraq Səddam ona telefonla xəbər verdikdən sonra hadisə barədə məlumatı olmuşdur. Buna görə də hadisə zamanı Səddam ilə Lütfiyarın bir-birlərinə qarşı hansı hərəkət etmələrini, həmçinin hadisə yerində sonunculardan əlavə kimlərin olmasından və hadisənin nə qədər müddətdə davam etməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Zərərçəkmiş şəxs bibisi oğlu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Təxminən üç aydır ki, Zərərçəkmiş şəxs ilə valideyni Təqsirləndirilən şəxs heyvanları Şamaxı rayonu, Zaratxeybəri kəndi ərazisində yerləşən Çıraqlı yaylağına aparıb otarmışdırlar. 29 avqust 2022-ci il tarixdə təxminən saat 16:20 radələrində yaşadığı evdə olan zaman Lütfiyar evə daxil olub paltarlarını dəyişməyə başlamış, həmin vaxt Lütfiyarın kefsiz olduğunu görüb, nə olduğunu soruşmuş, valideyni Təqsirləndirilən şəxs cavabında Səddamla aralarında mübahisə olmasını, mübahisə zamanı Səddamı çomaqla döydüyünü, Səddamın onun barədə Şamaxı rayon polis şöbəsinə müraciət etdiyini, buna görə də izahat vermək üçün əynini dəyişib rayon polis şöbəsinə gedəcəyini demiş və əynini dəyişib evdən çıxmışdır. Səddamla Lütfiyar arasında hadisənin necə yaranmasını, Lütfiyarın Səddama qarşı tam olaraq hansı hətəkətlər etməsini hadisə yerində olmadığı üçün görməmiş, sadəcə olaraq valideyni Lütfiyar evə gəlib hadisə barədə ona danışdıqdan sonra sonra hadisə barədə məlumatı olmuşdur. Buna görə də hadisə zamanı Səddam ilə Lütfiyarın bir-birlərinə qarşı hansı hərəkət etmələrini, həmçinin hadisə yerində sonunculardan əlavə kimlərin olmasından və hadisənin nə qədər müddətdə davam etməsindən məlumatı yoxdur. İş materiallarında olan Мəhkəmə Тibbi Еkspertiza və X14 Publik Hüquqi şəxsin 30 avqust 2022-ci il tarixli, 431 saylı ekspert rəyində göstərilir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin qapalı kəllə beyin travması ilə müşahidə olunan, başın sol təpə nahiyəsinin hematoması, sol saidin sıyrıntısı küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkün olması, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 sentyabr 2022-ci il tarilxi 268 saylı arayışından görünür ki, o, arvadı 1981-ci il təvəllüdlü X8, oğlanları 2004-cü il təvəllüdlü Şahid2, 2005-ci il təvəllüdlü X3 və 2019-cu il təvəllüdlü X4 ilə Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Azadlıq küçəsi, 5 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan Şamaxı rayon İHB-nın Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 13 sentyabr 2022-ci il tarilxdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, X5 barəsində əməliyyat sorğu kartotekaında heç bir məlumat yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyi, ondan heç bir şikayət və tələbi olmadığını göstərmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi olmadığını göstərərək, barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutların məcmununa qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olması cinayət təqibini istisna edən hallardandır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən, həmin məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsi əsaslarındandır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalı və icraata xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CM-nin 73.2, Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2 və 321.2.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 3 saat hüquqi yardıma görə 18 manat pulun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar