Məhkəmə qərarları › İş №1(074)-90/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-90/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-90/2024 17.10.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Sabir qəsəbə sakini X2 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması və cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, X4 07 oktyabr 2024-cü il tarixdə “ARB” telekanalının “Səni Axtarıram” verilişində və yenə də 08 oktyabr 2024-cü il tarixdə təkrarən “ARB” telekanalının “Səni Axtarıram” verilişində iştirak edərək onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 izahat verib bildirdi ki, o, Alşan Zülfüqarovu təhqir etməmiş, sadəcə “ARB” Telekanalının “Səni Axtarıram” verlişində çıxış edərək qardaşını böhtanlayıb tutdurduğunu demişdir. Başqa heç bir söz deməmiş, onun ləyaqətini alçatmamışdır. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X1 xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndində qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Şikayətin məzmunundan görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətində onun barəsində böhtan xarakterli məlumatların “ARB” telekanalında yayılmasını göstərmişdir. İnternet informasiya ehtiyatlarından əldə edilmiş məlumatdan görünür ki, “ARB” Media Qrup Bakı şəhəri Yasmal rayonu, X7 küçəsi 2e ünvanında yerləşir. Azərbaycan Respublikası Cinayət-Prosessual 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Beləliklə məhkəmə, “ARB” Media Qrupun Bakı şəhəri Yasmal rayonunda yerləşdiyini nəzərə alaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 75.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayəti baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar