Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 1(074)-91/2022 12.10.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 29 avqust 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 3 uşaq atası, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Talışnuru kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu Nağaraxana kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində, Şamaxı rayonu, Nağaraxana kəndi ərazisində otardığı iribuynuzlu heyvanların Zərərçəkmiş şəxs yaşadığı evin bağ sahəsinə girməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən bir dəfə vuraraq ona sağ göz orbitasının hematoması, göz alının yarası, gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əmisi Xanalı Nuraliyevin oğlu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Son üç aydır ki, Turabla münasibətləri soyuqlaşmışdır. Buna səbəb iribuynuzlu heyvanlarının bir anlıq nəzarətsiz buraxması ucbatından Turabın bağ sahəsinə girib, ağaclarının budaqlarını yeməsi olmuşdur. Bununla bağlı bir neçə dəfə Turabla aralarında söz mübahisəsi olmuş, hətta Turab valideyni Vəlicana da məlumat vermiş, Vəlican onu bir neçə dəfə danlamışdır. Buna görə də Turabla münasibətləri kəsilmişdir. Təsərrüfatında iki baş iri buynuzlu heyvan (inək) vardır. Həmin heyvanlarla birlikdə valideyni Vəlican Nuraliyevin on üç baş iri buynuzlu heyvanını otarır. 02 sentyabr 2022-ci il tarixdə təxminən saat 16 radələrində Şamaxı rayonu, Nağaraxana kəndində otlaq sahəsində on beş baş iri buynuzlu heyvanı otaran zaman çay içmək üçün evinə getmişdir. Təxminən on-on beş dəqiqə keçdikdən sonra heyvanların yanına gedərkən heyvanların Turabın bağına girdiyini görmüş və dərhal heyvanları bağdan çıxartmaq üçün qaçaraq Turabın bağına tərəf getmişdir. Bağa daxil olan zaman Turabın artıq heyvanları bağdan çıxartmağa başladığını görmüş, Turab onu görüb, ünvansız nalayiq söyüşlər söyüb, mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Turabın həmin söyüşləri ona söydüyünü bildiyi üçün əsəbləşərək sol əli ilə Turabın sifət nahiyyəsinə bir dəfə yumruq vurmuş, nəticədə yumruğu Turabın sağ qaş nahiyyəsinə dəymiş, Turab sifət nahiyyəsindən qan axdığını görüb, onun sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, Turabın vurduğu yumruq iki qaşının arasına, sol qaşa yaxın nahiyyəyə dəymiş, həmin vaxt sifət nahiyyəndən qan axdığını görüb, daha da əsəbləşib Turaba yumruq və təpik zərbələri vurmağa başlamışdır. Hadisə zamanı Turab da, ona yumruq və təpik zərbələri vurmağa başlamışdır. Hadisə zamanı Turabın ona daha böyük xəsarət yetirəcəyini düşünüb, dayanmış və hadisə yerindən uzaqlaşaraq yaşadığı evə getmişdir. Həmin vaxt Turab barədə şikayət etmək istəməsə də, onun barədə Şamaxı rayon polis şöbəsinə müraciət edəcəyini bildiyi üçün Turabın onu döyməsi barədə 02 sentyabr 2022-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı Zərərçəkmiş şəxs qarşı göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə Turabın Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən evinin qarşısında, küçədə baş vermiş, hadisə zamanı hadisə yerində ondan başqa, Zərərçəkmiş şəxs olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs ona qarşı göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Buna görə də, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmisi Vəlican Nuraliyevin oğlu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Son üç aydır ki, Farizlə münasibətləri soyuqlaşmışdır. Buna səbəb sonuncunun iri buynuzlu heyvanlarının bağ sahəsinə girib, ağaclarının budaqlarını yeyərək ziyan vurmaları olmuşdur. Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən evinin bağ sahəsinə müxtəlif növ ağaclar əkmişdir, lakin həyətin bir hisəsinin torpağı tökmə olduğundan həmin yerə hasar çəkə bilməmişdir. Farizin on beş baş iri buynuzlu heyvanı (inək) həmin boş yerdən bağa girib ağaclara ziyan vurmuşdur. Bununla bağlı bir neçə dəfə Farizə xəbərdarlıq etsə də, Fariz xəbərdarlıqlarına məhəl verməmişdir. Hətta bununla bağlı əmisi Vəlicana da, məlumat vermişdir, əmisi Vəlican Farizi bir neçə dəfə danlamışdır. Buna görə də Fariz onunla münasibətin kəsmiş, danışmamışdır. 02 sentyabr 2022-ci il tarixdə təxminən saat 16 radələrində Şamaxı şəhərindən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən evinə gəlib, həyətə daxil olan zaman on beş iri buynuzlu heyvanın bağa girib, ağaclarını yeməsini görüb, buna əsəbləşib, heyvanları bağdan çıxarmağa başlamışdır. Həmin vaxt Farizin sağ əlində plasmas boru ilə ona tərəf gldiyini görmüşdür, Fariz ona yaxınlaşdıqdan sonra acıqlanıb, niyə görə heyvanlarına nəzarət etmədiyini, heyvanların ağaclarını yedini deyib, irad bildirmişdir. Həmin vaxt aralarında mübahisə yaranmış, mübahisə edə-edə heyvanları küçəyə çıxartmışdır. Mübahisə zamanı küçədə olarkən Fariz sol əli ilə bir dəfə başına yumruq zərbəsi vurmuş, nəticədə Farizin yumruğu sağ qaş nahiyəsinə dəymişdir, sifət nahiyəsindən qan axdığını görüb, əsəbləşmiş və Farizin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur, Farizə atdığı yumruq sonuncunun iki qaşının arasına, sol qaşa yaxın nahiyəyə dəymiş, həmin vaxt Farizin də, sol qaş nahiyəsindən qan axmağa başlamışdır, hər ikisi əsəbi olduqları üçün bir-birlərinə yumruq və təpiklə vurmağa başlamışlar. Hadisə zamanı Fariz qaçaraq evinə getdikdən sonra o da öz evinə getmişdir. Daha sonra Farizin etdiyi hərəkətlərdən artıq bezdiyi üçün həmin şəxsin onu döyməsi barədə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs qarşı göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Həmin hadisə Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən evinin qarşısında, küçədə baş vermiş, hadisə zamanı hadisə yerində ondan başqa, Təqsirləndirilən şəxs olmuş, başqa heç kim olmamışdır. Həmin hadisə təxminən ümumilikdə beş-on dəqiqə ərzində davam etmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs ona qarşı göstərdiklərindən əlavə heç bir qanunsuz hərəkət etməmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs əmisi Xanalı Nuraliyevin oğlu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Fariz ilə Turabın isə münasibətləri son iki-üç ay əvvələ kimi yaxşı olmuş, aralarında ədavət olmamışdır. Sonuncuların münasibətlərinin pisləşməsinə səbəb bildiyi qədərilə Farizin iribuynuzlu heyvanlarının Turabın bağına girməsi olmuşdur. 02 sentyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı evdə olarkən qardaşı Fariz ona zəng edib, dərhal heyvanları otardığı otlaq sahəsinə getməsini tapşırmış, Farizdan özünün harada olduğunu soruşduqda ona Turabla aralarında dava-dalaş olduğunu, buna görə də Turab barədə polisə şikayət etmək üçün Şamaxı şəhərinə getməyə hazırlaşdığını demiş, dərhal baş verənləri dəqiq bilmək üçün Farizin evinə gedib, sonuncudan hadisənin necə baş verdiyini soruşmuş, Fariz hadisənin otardığı iribuynuzlu heyvanların Turabın bağına girməsi üstündə baş verdiyini danışdıqdan sonra Şamaxı şəhərinə getmiş, özü isə otlaq sahəsində otlayan iribuynuzlu heyvanları otlaq sahəsindən Farizin evinə aparmışdır. Turabla Fariz arasında hadisənin necə yaranmasını, həmin şəxslərin bir-birlərinə qarşı tam olaraq hansı hətəkətlər etməsini hadisə yerində olmadığı üçün görməmiş, sadəcə olaraq Farizin hadisənin hansı şəraitdə baş verməsini dedikdən sonra hadisə barədə məlumatı olmuşdur. Buna görə də hadisə zamanı Turab ilə Farizin bir-birlərinə qarşı hansı hərəkət etmələrini, həmçinin hadisə yerində sonunculardan əlavə kimlərin olmasından və hadisənin nə qədər müddətdə davam etməsindən məlumatı yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahid X2 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əmisi Vəlican Nuraliyevin oğlu olmaqla, həmin şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında ədavət, dava-dalaş olmamışdır. Fariz ilə Turabın isə münasibətləri son iki-üç ay əvvələ kimi yaxşı olmuş, aralarında ədavət olmamışdır. Sonuncuların münasibətlərinin pisləşməsinə səbəb bildiyi qədərilə Farizin iribuynuzlu heyvanlarının Turabın bağına girməsi olmuşdur. 02 sentyabr 2022-ci il tarixdə təxminən saat 18 radələrində qardaşı Turabın evinə qonaq getmək üçün sonuncunun mobil nömrəsinə zəng edib, harada olmasını soruşmuş, Turab cavabında Şamaxı rayon polis şöbəsində olduğunu deyib telefonu söndürmüş, o, dərhal Şamaxı rayon polis şöbəsinə gəlib, Turabın sağ sifət nahiyyəsində şişkinlik və göyərmənin olduğunu görüb, ondan nə baş verdiyini soruşmuşdur. Turab cavabında Farizlə aralarında yaranmış münaqişə zamanı dava-dalaş etdiklərini, Fariz tərəfindən döyüldüyünü, buna görə də həmin şəxs barədə şikayət etmək üçün Şamaxı rayon polis şöbəsinə gəldiyini demiş, orada olarkən Farizin də polis şöbəsində olduğunu, onun da Turab barədə rayon polis şöbəsinə müraciət etməsindən məlumatı olmuşdur. Bir neçə dəqiqə gözlədikdən sonra Turabı yaşadığı evə aparmışdır. Turabla Fariz arasında hadisənin necə yaranmasını, həmin şəxslərin bir-birlərinə qarşı tam olaraq hansı hətəkətlər etməsini hadisə yerində olmadığı üçün görməmiş, sadəcə olaraq Turabla Farizin hadisə barədə ona dediklərindən sonra hadisə barədə məlumatı olmuşdur. Buna görə də hadisə zamanı Turab ilə Farizin bir-birlərinə qarşı hansı hərəkət etmələrini, həmçinin hadisə yerində sonunculardan əlavə kimlərin olmasından və hadisənin nə qədər müddətdə davam etməsindən məlumatı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin Şamaxı rayon şöbəsinin 03 sentyabr 2022-ci il tarixli, 440 saylı ekspert rəyindəndən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ göz orbitasının hematoması, göz alının yarası, gözün ağlı qişasına qansızma küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkündür. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12 sentyabr 2022ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə ilə barışmış, ona dəymiş zərər tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pulun fərdi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icrааtа xitаm verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxsə məhkəmə istintaqı zamanı göstərilmiş 5 saat hüquqi yardıma görə 30 manat pulun fərdi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olunduğu vaxtdan 20 gün müddətində Şamaxı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-91/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №1(074)-91/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver