Məhkəmə qərarları › İş №1(074)-96/2023

Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-96/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-96/2023 20.12.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, həmçinin vaxtda və şəraitdə, satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib, üzərində saxlamaqla, Şamaxı şəhəri ərazisində daşımış, xx.xx.2023-cü il tarixdə, saat 00 radələrində Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxı rayonu Mədrəsə qəsəbəsi ərazisindən keçən hissəsində, yolun kənarında saxlanılaraq, rayon polis şöbəsinə gətirilməklə, həmin gün saat 01 radələrində rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman, əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü falqa bükümdə, satış məqsədi olmadan əldə etdiyi, ümumi təmiz çəkisi 1.077 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən evin yaxınlığında olduğu zaman, əvvəllər də bir neçə dəfə narkotik və psixotrop maddə almaq üçün əlaqə saxladığı Mohamad adlı İran vətəndaşı ilə əlaqə saxlamış və ondan özü üçün metamfetamin təşkil etməsini xahiş etmişdir. Bir qədər sonra, Mohamad adlı İran vətəndaşı ona “WhatsApp” sosial şəbəkəsi vasitəsilə yer göstərilməklə, xəritə göndərmişdir. Həmin xəritəyə baxdıqda, ərazinin Şamaxı rayonu olduğunu aşkar etmişdir. Həmin gün, axşam saatlarında о, tanımadığı taksi ilə xəritədə göstərilən əraziyə getmək məqsədi ilə, Bakı şəhərindən Şamaxı rayonuna yola düşmüşdür. Xəritədə olan yer onu Şamaxı rayonunun Mədrəsə qəsəbəsinə gedən yola gətirmiş və о, qeyd olunan ərazidə taksidən enmiş, onu gətirən taksi isə çıxıb getmişdir. Artıq saat 00 radələri olardı Mədrəsə qəsəbəsinə gedən yolun kənarında olan daşın yanından bükümü götürmüş və əynində olan şalvarının cibinə qoymuşdur. Bundan sonra, о, Bakı şəhərinə qayıtmaq məqsədi ilə, yaxınlıqda olan dairənin yanına getmək üçün yola düşmüşdür. Yolun kənarına çatıb, avtomobil gözləyən zaman, mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər özlərini polis əməkdaşları kimi təqdim edərək, üzərində psixotrop maddə saxlamaqda şübhəli olduğunu ona bildirmişlər. Həmin şəxslər onu Şamaxı Rayon Polis Şöbəsinə dəvət etdikdə, о, onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin binasında, vəkilin iştirakı ilə üzərində axtarış aparılmışdır. Həmin vaxt o, əynindəki şalvarın cibində saxladığı bükümü təqdim etmişdir. Büküm açıldıqda, içərisindən psixotrop maddə olan metafetamin aşkar edilmişdir. Həmçinin, üzərində olan “İphone 6” markalı mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra, götürülmüş büküm polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq, möhürləmiş, bununla əlaqədar protokol tərtib edilmiş, həmin zərfi və protokolu o və baxışda iştirak edən şəxslər imzalamışlar. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şamaxı Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs Şamaxı rayonu ərazisində, qanunsuz olaraq, üzərində psixotrop maddənin gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında, xx.xx.2023-cü il tarixdə, saat 00 radələrində Şamaxı RPŞ-nin sahə polis rəisi Şahid2lə birlikdə Şamaxı rayonunun Mədrəsə qəsəbəsinə gedən yolda Təqsirləndirilən şəxs adlı şəxsin əlamətlərinə oxşar şəxsi müəyyən edib yaxınlaşmışlar. Özlərini təqdim edərək, həmin şəxsə üzərində psixotrop maddə saxlamaqla şübhəli olduğunu bildirib, Şamaxı Rayon Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində həmin şəxsin həqiqətən də, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və dəvət edilmiş vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının cibindən gümüşü rəngli falqaya bükülmüş bükümü təqdim etmişdir. Təqdim edilmiş büküm açıldıqda, içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra, aşkar edilmiş büküm təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, özü və digər iştirakçılar zərfin üzərində imza etmiş və şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilərək, özü və digər iştirakçılar protokolda imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı Rayon Polis Şöbəsinin sahə polis rəisi Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Şəxsi axtarış və götürmə haqqında protokoldan və videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü və sağ yan cibindən “İphone 6” markalı mobil telefonu təqdim etmişdir. Təqdim edilmiş büküm açılaraq içərisinə baxıldıqda, bükümün içərisində kristal formada, şəffaf rəngli psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş bükümün içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olmasını, özünə məxsus olmasını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar olunmuş maddə bir ədəd zərfdə qablaşdırılıb, möhürlənərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4867 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... metamfetaminə oxşar kütlə...” yazı və imzalar olan zərfdə bir ədəd bükümdə, təmiz çəkisi 1,077 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmş psixotrop maddə metamfetamindir, tədqiqatdan sonra qalıq - 1,027 qramdır. İş materiallarından görünür ki, 1,027 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Şamaxı Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2023-cü il tarixli, 6337 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Binəqədi RPİ tərəfindən istintaqı aparılmış Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi xx.xx.2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. Digər tərəfdən, iş materiallarında olan Binəqədi RPİ-nin İstintaq Şöbəsinin rəisi tərəfindən Şamaxı RPŞ-nə ünvanlanmış məktubda, Binəqədi RPİ-nin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmədiyi göstərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1,027 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Şamaxı Rayon Polis Şöbəsində saxlanılan 1,027 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 48 (qırx səkkiz) manat pulun Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar