Azərbaycan Respublikası adından HÖKM Şamaxı rayonu İş № 1(074)-97/2021 15.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Dəmirov Eyyub Teyyub oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şamaxı rayonu Kərkənc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, 27 aprel 2021-ci il tarixdə yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğu halda, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 19 noyabr 2020-ci il tarixli, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmüş və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli 161 nömrəli Qərarlarının tələblərini pozaraq, yəni yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxs xəstəliyi yüngül formada keçirdiyi hallarda və onun xüsusi tibb müəsissəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, o, həkim rəyinə əsasən mənzili (evi) tərk etməməsinə riayət etməklə, yaşadığı və olduğu yerdə təcrid olunmalı olduğu halda, bu qaydalara riayət etməyərək, yaşayış yerini tərk edib, 03 may 2021-ci il tarixdə idarə etdiyi “Mercedes Sprinter” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə gedib orada avtomobillərin satışı bazarının yaxınlığında yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasına daxil olaraq vətəndaşların intensiv hərəkət etdiyi yerlərdə sərbəst hərəkət edib karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 27.04.2021-ci il tarixdə xəstələndiyi üçün özünü narahat hiss etmiş və Şamaxı rayon mərkəzi xəstəxanasına gedərək orada karona virusuna qarşı analiz vermişdir. Təxminən üç gün sonra Şamaxı rayon İcra hakimiyyətindən ona zəng gəlmiş və bildirmişlər ki, analizinin cavabı pozitiv çıxmış və ərazini tərk etməməsini ona bildirmişlər. 03.05.2021-ci il tarixində özünə məxsus olan “Mercedes Sprinter” markalı, **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Sumqayıt şəhərinə avtomobilə ehtiyat hissələri almaq üçün getmişdir. Həmin gün Şamaxı rayon polis şöbəsinin əməkdaşları ona zəng vuraraq harada olmağını soruşmuşlar. O, isə cavabında Sumqayıt şəhərində olduğunu və Şamaxı rayonuna gələcəyini onlara bildirmişdir. O, polis əməkdaşları ilə danışdıqdan sonra Şamaxı rayonu istiqamətində yola düşmüşdür. Təxminən bir saat yarımdan sonra Şamaxı rayonuna gəlmiş və polis əməkdaşları ona yaşayış yerini tərk etməməyi bildirdikdən sonra öz yaşadığı ünvana qayıtmışdır. Daha sonra o, öz yaşayış yerini tərk etməmişdir. 03.05.2021-ci il tarixdə ona məxsus olan avtomobilə ehtiyat hissələri lazım olduğu üçün Sumqayıt şəhərinə gedərək oradan avtomobilə ehtiyat hissələri alıb geri gəlmişdir. O, Sumqayıt şəhərinə gedən zaman avtomobildə ondan başqa heç kim olmamışdır. Həmin vaxt o, heç kimə fikir verməmiş, sadəcə satıcı ilə danışaraq oradan çıxmış, başqa kimlərinsə orada olmağına fikir verməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Şamaxı rayon X8 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis baş leytenantı rütbəsində çalışır. Faktla bağlı qeyd edə bilər ki, 03.05.2021-ci il tarixində, təxminən saat 15:30 radələrində vətəndaşların xüsusi karantin rejiminin tələblərinə riayət edib-etməməsini, həmçinin koronavirus xəstəliyinə yoluxmuş şəxslərin ünvanlarını tərk edib-etməməsini müəyyən etmək məqsədi ilə Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman, Şamaxı rayonu Kərkənc kənd sakini Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğu təqdirdə yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gedib-gəldiyini müəyyən etmişlər, həmin şəxsə məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq Bakı şəhərindən gələn zaman Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında Təqsirləndirilən şəxs xəstəliyi müddətində yaşayış yerini tərk etməsinin məsuliyyəti və vətəndaşlar arasında xəstəliyin yayılması üçün real təhlükə yaratması ilə bağlı ona məsuliyyətini izah etmişlər və onun qeydiyyatda olduğu Şamaxı rayon Kərkənc kəndindəki evinə qaytarılması ilə bağlı zəruri tədbirlər görüb onu həmin ünvana qaytarmışlar. Bundan sonra həmin faktla bağlı Şamaxı RPŞ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib Şahid4 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid2 Təqsirləndirilən şəxs onun atası olduğuna görə ona qarşı ifadə verməkdən imtina etdi Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, qohumu Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə ona zəng vuraraq polis əməkdaşlarının onu axtarmasını bildirmişdir. O, isə cavabında nə üçün onu axtarmasını soruşduqda, Bayram ona bildirmişdir ki, 27.04.2021-ci il tarixdə karonavirusa qarşı analiz vermiş, analizin cavabı pozitiv olmuş və o, ev şəraitdə müalicə alaraq yaşayış yerini tərk etməməli olduğu halda Sumqayıt şəhərinə getmişdir. O, Bayramdan harada olmasını soruşmuş, Bayram isə Sumqayıt şəhərindən çıxaraq Şamaxı rayonu istiqamətində gəlməsini bildirmişdir. Daha sonra o, evdən çıxaraq Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gələrək onu gözləməyə başlamışdır. Həmin vaxt iki polis əməkdaşının da orada dayanmasını görmüşdür. Təxminən saat 15:30 radələrində Bayram Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına gəlmiş və polis əməkdaşları onunla videoçəkiliş ilə profilaktik söhbətlər apararaq onu öz yaşadığı ünvana qaytarmışlar. Təqsirləndirilən şəxs Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına özünə məxsus olan “Mercedes Sprinter” markalı avtomobili ilə tək gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 03 may 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırma aparılması üçün icraata götürülmüşdür. 03.05.2021-ci il tarixli Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi polis baş leytenantı Şahid4 raportundan görünür ki, 03 may 2021-ci il tarixdə, saat təxminən 15:30 radələrində vətəndaşların xüsusi karantin rejiminin tələblərinə riayət edib-etməməsini, həmçinin koronavirus xəstəliyinə yoluxmuş şəxslərin ünvanlarını tərk edib-etməməsini müəyyən etmək məqsədi ilə Şamaxı RPŞ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Şahid1 ilə birlikdə xidmətdə olan zaman, Şamaxı rayonu Kərkənc kənd sakini Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğu təqdirdə yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gedib gəldiyini müəyyən etmiş, həmin şəxsə məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayaraq Bakı şəhərindən gələn zaman Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında onun ilə proflatik söhbətlər apardıqdan sonra yaşadığı ünvana getməsinin təmin edildiyi göstərilmişdir. “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 ədəd DVD diskin yaddaşında bir videogörüntü vardır. Həmin videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvanı tərk etmiş və Şamaxı şəhərində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanında Şamaxı rayonu Kərkənc kənd sakini Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğu təqdirdə yaşadığı ünvanı tərk etməsi ilə bağlı videogörüntünün olması müəyyən edilmişdir. Həmin vaxtı onun tənəffüs yollarını qoruyan fərdi vasitələrdən yəni tibbi maskadan düzgün istifadə etmədən karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığı aşkar edilmişdir. Bundan başqa diskə baxış zamanı Təqsirləndirilən şəxs yanında qohumu Şahid3 olması və danışıqlar zamanı Təqsirləndirilən şəxs Sumqayıt şəhərindən gəlməsini bildirməsi müəyyən edilmişdir. “Maddi sübut kimi tanınma haqqında” 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxtı aşkar edilərkən çəkilmiş görüntü olan 01 ədəd elektron disk sübut əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Əməliyyat tapşırığı əsasında Şamaxı RPŞ-nin CAB-dan daxil olmuş məktubda göstərilmişdir ki, Şamaxı rayon Kərkənc kənd sakini Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə karantin rejimini qəsdən pozub, özünə məxsus olan “Mercedes Sprinter” markalı **-DK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üçün ehtiyat hissələri almaq məqsədi ilə yaşadığı evi tərk edib Sumqayıt şəhərinə gedərək özündə aşkar olunan koronavirus (COVİD-19) xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, Sumqayıt şəhərinə gedərək oradan da evinə qayıtdığı vaxt qohumu Şahid3 ilə görüşməsi müəyyən edildiyindən Şahid3 dindirilməsi üçün istintaqa təqdim edilmişdir. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmışdır. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə yaşadığı evi tərk edərək getdiyi yeri, yəni Şumqayıt şəhərində avtomobil bazarının yaxınlığında yerləşən avtomobil ehtiyat hissələrinin satışı mağazasını göstərərək bildirmişdir ki, “Covid-19” virus daşıyıcısı olduğu müddətdə getdiyi yer yalnız həmin mağaza olmuşdur. İstintaq hərəkəti icra edilərkən törədilmiş müvafiq cinayətin üsul və mexanizminin baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Şamaxı rayon İHB-nın Kərkənc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 iyun 2021-ci il tarixli 82 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonu Kərkənc kəndində yaşayır. Şamaxı rayon İHB-nın Kərkənc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 iyun 2021-ci il tarixli 83 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs arvadı 23 avqust 1969-cu il təvəllüdlü X3, oğlanları 25 sentyabr 1987-ci il təvəllüdlü X4, 09 iyul 1989-cu il təvəllüdlü X5, 01 yanvar 1991-ci il təvəllüdlü X6, 22 dekabr 1996-cı il təvəllüdlü X2 və xx xxxxxx 1999-cu il təvəllüdlü Şahid2 Baryam oğlu ilə Şamaxı rayonu Kərkənc kəndində yaşayır. Şamaxı rayon İHB-nın Kərkənc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs İbrhimxəlil oğlunun adına verilmiş xasiyyətnamədə göstərilir ki, kənddə yaşadığı müddətdə özünü nizam-intizamlı aparmış, kənd nümayəndəliyinin verdiyi tapşırıqları vaxtı-vaxtında yerinə yetirmişdir. Kəndin ictimai-siyasi işlərində həmişə yaxından iştirak etmişdir. Kənd ağsaqqaları və sakinləri arasında xoş ünsiyyətə və yaxşı nüfuza malikdir. Fiziki cəhətdən tam sağlamdır. Onun barəsində nümayəndəliyə şifahi və yazılı məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən sorğu əsasında 30 iyun 2021-ci il tarixdə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon Məhkəməsinin 22.05.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti verilmiş və həmin sınaq müddəti 2005-ci il tarixdə başa çatmış, Azərbaycan Respublikası Cm-nin 83-cü maddəsinin tələbinə əsasən məhkumluğun ödənilməsi üçün müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bununla da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmişdir. İcbari Tibbi Sığorta X11 Tibbi Ərazi Bölmələrinin X7 rayon mərkəzi xəstəxanası publik hüququ şəxsin 15 iyul 2021-ci il tarixli 546 saylı məktubunda göstərilir ki, Kərkənc kəndində qeydiyyatda olan və yaşayan 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şamaxı RMX-nin Ruhi-əsəb və Narkoloji dispanserində qeydiyyatda yoxdur. Şamaxı rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 20.07.2021-ci il tarixli 545 nömrəli məktubda göstərilmişdir ki, “Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuş, hazırda Şamaxı rayonu Kərkənc kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 27.04.2021-ci il tarixdə Şamaxı RMX-na COVİD-19 virusuna görə yaxma analizi götürülmüşdür. Cavab: POZİTİV olmuşdur” “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubliaksı CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139- 1.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda -iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Qeyd olunanları, eləcə də Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının aşağı həddə təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir İş üzrə maddi sübut kimi tanınan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349,351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şamaxı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cinayət işi üzrə maddi sübut 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №1(074)-97/2021
Şamaxı Rayon Məhkəməsi Hökm — İş №1(074)-97/2021
15.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver