Məhkəmə qərarları › İş №1(075)-1/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-1/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-1/2025 11.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1981-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 07 aprel 2016-cı il tarixdən başlayaraq 14 may 2012-ci ildə anadan olmuş Əliəkrəm və 02 dekabr 2014-cü ildə anadan olmuş Rəsul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2(044)-2538/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Şəki Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 04 iyun 2020-cı il və 21 dekabr 2020-ci il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə, həmçinin əvvəllər eyni xarakterli cinayət törətdiyinə görə məhkəmə məsuliyyətinə verilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 19 fevral 2018-ci il tarixdən sonuncu təqdimat verilən 08 sentyabr 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 6840.00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir Beləliklə də, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, həqiqətən o, 17 mart 2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan 14 may 2012-ci ildə Əliəkrəm, 02 dekabr 2014-cü ildə isə Rəsul adını verdikləri uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqları vaxtdan uşaqlar Ülkərin himayəsində qalmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Ülkər nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin 07 aprel 2016-cı ildən başlayaraq ondan xx.xx.2012-ci ildə anadan olmuş Əliəkrəm və xx.xx.2014-cü ildə anadan olmuş Rəsul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 90.00 manat olmaqla cəmi 180,00 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs verilməsinə dair 22 avqust 2016-cı il tarixli qətnamə çıxarmışdır. Qətnamə üzrə 19 fevral 2018-ci il tarixədək 3660,00 manat aliment borcunu ödəmədiyinə görə barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və yaranmış aliment borcunu ödəməklə qətnamənin icrasını təmin etdiyindən Şəki Rayon Məhkəməsinin 26 09.2018-ci il tarixli qərarına əsasən cinayət işinə xitam verilmişdir. Bundan sonra icra məmuru ona yeni icra müddəti təyin edərək müəyyən edilmiş aylıq aliment məbləğinin ödənilməsini tələb etmişdir. Həmçinin alimenti ödəmədiyinə görə iki dəfə inzibati qaydada həbs edilmişdir. Lakin maddi imkanı zəif olduğuna, həmçinin Ülkər uşaqlarla görüşməyinə şərait yaratmadığına görə alimenti ödəməmişdir. Aliment borcunun yaranmasından xəbəri vardır. Hazırda həmin məbləği bir dəfəyə ödəyə bilmir, lakin azadlığa çıxarsa çalışıb hissə-hissə ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, həqiqətən o, 17 mart 2010-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Şəki şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan 14 may 2012-ci ildə Əliəkrəm və 02 dekabr 2014-cü ildə Rəsul adını verdikləri uşaqları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pisləşdiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Abbas uşaqlarla maraqlanmamış və onların saxlanılmasına köməklik etməmişdir. Həmçinin bir ailə kimi yaşamaları da mümkünsüz olmuşdur. Buna görə də nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi aralarında bağlanmış nikahın pozulması, həmçinin 07 aprel 2016-cı ildən başlayaraq Təqsirləndirilən şəxs xx.xx.2012-ci ildə anadan olmuş Əliəkrəm və xx.xx.2014cü ildə anadan olmuş Rəsul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 180,00 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair 22 avqust 2016-cı il tarixli qətnamə çıxarmışdır. Təqsirləndirilən şəxs 19 fevral 2018-ci il tarixədək 3660,00 manat aliment borcu yarandığından barəsində CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İşə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs yaranmış aliment borcunu tam olaraq ödədiyindən Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət işinə xitam verilmişdir Lakin Təqsirləndirilən şəxs barəsində görülmüş tədbirlərdən nəticə çıxarmamış və bundan sonrakı müddətdə də aliment məbləğini ödəməkdən yayınmışdır. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da xeyli artmışdır. Təkbaşına onlara baxmaqda çətinliklər çəkir. Abbas isə təmir-tikinti işlərində işləyir və kifayət qədər qazancı vardır. Buna baxmayaraq aralarında olan münasibətlərə görə alimenti ödəmir. Məhkəmə qətnaməsinin çıxarılmasından beş ildən çox müddət keçmiş və müəyyən edilmiş aliment məbləği uşaqların hazırkı tələbatını ödəmir. Buna baxmayaraq Təqsirləndirilən şəxs güzəşt edərək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Lakin Abbas həmin aliment məbləğini belə ödəməkdən yayınır. Dəfələrlə icra məmurlarına da müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs qətnamənin icrasından qərəzli olaraq yayınır. Buna görə də ondan şikayətçidir. Odur ki çətin maddi vəziyyətdə olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs qətnamə üzrə xx.xx.2021-ci il tarixədək yaranmış aliment borcunun alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. O, həmçinin ifadəsində bildirdi ki, ittiham aktında qeyd edildiyi kimi 6840 manat aliment borcundan 800 manat istintaq dövründə ödəniş edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 ifadəsində bildirdi ki, qeyd edilən icra işi Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Şahid icraatında olmuş, sonradan onun icraatına verilmişdir. Hazırda təqsirləndirilən şəxsin aliment borcu daha çoxdur. Lakin ittiham üzrə olan borcdan ödəniş edilməsinə dair onda hər hansı məlumat yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, 03 oktyabr 2016-cı il tarixində icraatına Təqsirləndirilən şəxs 07 aprel 2016-cı il tarixdən başlayaraq 14 may 2012-ci ildə anadan olmuş Əliəkrəm və 02 dekabr 2014-cü ildə anadan olmuş Rəsul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla cəmi 180,00 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2(044)-2538/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. İcra sənədini icraata qəbul edərək tələbin könüllü icrası üçün borcluya bildiriş vermişdir. Borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş icra tədbirlərinə baxmayaraq borclu Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixədək 3660.00 manat alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmışdır. Odur ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı təqdimat verilmiş və Təqsirləndirilən şəxs barəsində CM-nın 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə baxışı zamanı yaranmış aliment borcunu ödədiyindən Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci ıl tarixli qərarı ilə cinayət işinə xitam verilərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Bundan sonra borcluya yeni icra müddəti təyin olunaraq təqdimat verilən tarixdən sonrakı müddət üçün yaranmış aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu üç ay hər dəfə 300.00 manat olmaqla cəmi 900,00 manat ödəniş etsə də, daha sonra ödəniş etməkdən yayınmış, icra sənədinin icrasına yenə də etinasız yanaşmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 29 avqust 2019-cu il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Borclu Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 04 iyun 2020-ci il tarixdə icra və probasiya şöbəsinə gətirildikdə yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuşdur. Təqsirləndirilən şəxs fərdi qaydada işlədiyini və aylıq 500-600 manat qazancının olduğunu bildirsə də ödəniş etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçun məhkəməyə verilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(075)-337/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da alimentin ödənilməsi borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq borclu aliment borcunu ödəməmiş, həmçinin yenidən olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Odur ki, 19 noyabr 2020-ci il tarixli qərarla barəsində yenidən axtarış elan edilmişdir. Borclu Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 21 dekabr 2020-ci il tarixdə icra və probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində yaranmış aliment borcunun ödənilməsi bir daha borcludan tələb olunmuş, lakin ödəniş etməmişdir. Odur ki, borclu barəsində növbəti dəfə inzibat-xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Şəki Rayon Məhkəməsinin 21 dekabr 2020-c il tarixli 3(075)-705/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası borcludan tələb olunmuş, cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Həmçinin borclu ilə icra sənədinin icrası istiqamətində fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Borclu yazılı izahatlarında, eyni zamanda fərdi söhbətlər zamanı işlədiyi və gəlirlərinin olduğunu bildirərək, aliment borcunu ödəyəcəyinə dair vədlər vermiş, lakin vaxt verilməsinə baxmayaraq uzun müddət ərzində ödəniş etməmişdir. Beləliklə də görülmüş məcburi icra tədbirləri nəticəsiz qalmış, borclu Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış və ilkin təqdimatın verildiyi 19 fevral 2018-ci il tarixdən sonuncu təqdimatın verildiyi 08 sentyabr 2021-ci il tarixədək 6840,00 manat aliment məbləğini ödəməməklə qətnamənin icrasından yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə icra şöbəsinə müraciət edərək çətin maddi vəziyyətdə olduqlarını bildirərək yaranmış aliment borcunun alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs yenidən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş bildirişlərdən, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işi başlama və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması və icraata qəbul edilməsi, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2021-ci il tarixli cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimatda qeyd edilmişdir ki, borclu Təqsirləndirilən şəxs aliment borcundan heç bir ödəniş etməməklə yetkinlik yaşına çatmamış uşaqların saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment pulunu heç bir üzrlü səbəb olmadan ödəməkdən boyun qaçırmışdır. Nəticədə onun tələbkar Zərərçəkmiş şəxs 6840 manat ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. - Şəki Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizamı Rayon Məhkəməsinin 22 avqust 2016-cı ıl tarixli 2(044)-2538/2016 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 04 iyun 2020-ci il və 21 dekabr 2020-ci il tarixlərdə inzibati qaydada məsuliyyətə cəlb edilərək hər dəfə 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)- 2538/2016 saylı icra vərəqəsindən görünür ki, 07 aprel 2016-cı il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 14 may 2012-ci ildə anadan olmuş Əliəkrəm və 02 dekabr 2014-cü ildə anadan olmuş Rəsul adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla cəmi 180,00 manat sabit pul məbləğində alimentin tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - İcraata başlamaq haqqında xx.xx.2016-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-2538/2016 saylı icra vərəqəsi üzrə icraata başlanılmışdır. - Tələbin könüllü icrası haqqında xx.xx.2016-cı il tarixli, 10714/7 saylı bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli, 2(044)- 2538/2016 saylı icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixda saat 15:00-da saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin qərar ona xx.xx.2022-ci il tarixdə saat 18:00-da təqdim edilmişdir. - Tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardandan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə MSY-dən azad edilmişdir. - Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13109/2-23004/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Şəki Penitensiar Müəssisəsinə yerləşdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona isnad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərərçəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, iki dəfə məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq üç ildən artıq müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. Çünki, bu müddət ərzində hesablanmış 6040 manat aliment borcu ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qətnamənin icrasına olan münasibəti, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illərlə icra olunmaması və bunun nəticəsində öz övladlarının saxlanılmasında zərərçəkmiş şəxsə yardım etməməklə aliment borcunun ödənilməməsi, eyni zamanda məhkəmə tərəfindən övladlarının maddi tələbatlarının ödənilməsi üçün müəyyən olunmuş aliment məbləğini uzun müddət ödəməməklə onların normal həyat şəraitinin təmin olunmasından yayınması Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini artırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırkı vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən, ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 353.4.8-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2022-ci il saat 15:00-dan xx.xx.2022-ci il saat 19:20dək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 17 oktyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi saxlanıldığı 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hökmdən elan edildiyi, həbsdə olan şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar