Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-100/2021 13.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə X10 barəsində Azərbaycan Respublikasının CM-nin 147.1, 148 və 297.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə X3 17 sentyabr 2021-ci il tarixli xüsusi ittiham qaydasında şikayət ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə 13 oktyabr 2021-ci il tarixdə Şəki şəhərində Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Sevil Niyazı qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148 və 297.1-ci maddələri ilə cinayət işinin başlanılması və onun həmin maddələrlə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, təxminən bir il bundan qabaq Şəki şəhər sakini “İradə” adlı şəxsdən ehtiyacı olduğu üçün faizə pul istəmişdir. Həmin şəxs ona pul verəcəyini vəd etmişdir. Həmin günün axşamı “İradə” onu evinə çağırmış, o da getmişdir. Həmin vaxt orada tanımadığı bir qadın da olmuşdur. İradə ona demişdir ki, “sən Sevil xanıma köməklik etsən, o, sənə istədiyin qədər pul verəcək”. İradədən nə etməli olduğunu soruşduqda, o, Sevil Səlimovanın “Tehran” adlı şəxs tərəfindən döyülməsini görməyi barədə yalandan şahidlik etmək lazım olduğunu bildirmişdir. O, İradəyə “heç nəyi görmədən yalandan şahidlik edə bilmərəm, sizin pulunuz da mənə lazım deyil” deyə bildirmiş və onların yanından çıxaraq evinə qayıtmışdır. Bundan sonra Sevil Səlimova ona mütəmadi olaraq zəng edərək hədə-qorxu gəlməyə başlamış və əxlaqsız sözlərlə onu təhqirlərə məruz qoymuşdur. Bununla bağlı o, Şəki ŞRPŞ-nə şikayət ərizəsi ilə müraciət etmiş, Sevil Səlimovanın qanunsuz hərəkətlərinin qarşısının alınmasını xahiş etmişdir. O, Sevilin qanunsuz hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət elədiyi üçün sonuncu onun işlədiyi “Fizika-riyaziyyat və humanitar təmayüllü lisey”ə gələrək liseyin direktoru Firqət Məmmədovun yanında onu təhqir etmiş, barəsində şər-böhtan xarakterli sözlər demişdir. O, bununla kifayətlənməyərək Şəki Şəhər Təhsil Şöbəsinin müdiri Südabər İsmayılovanın yanına gedərək onun da yanında barəsində təhqiramiz sözlər demiş və şər-böhtan xarakterli ərizə-məlumat vermişdir. Sevil Səlimova ərizəsində qeyd etmişdir ki, guya ondan hədə-qorxu gələrək 4000 manat pul istəmiş, əxlaqsız hərəkətlər etmiş, onun evinə bıçaqla hücum etmiş və dövlətin qanunları əleyhinə danışmışdır. Südabər İsmayılova da həmin ərizəni Firqət Məmmədova göndərmişdir. Bundan başqa Sevil Səlimova 28 iyul 2021-ci il tarixdə DİN-nin “102” xidmətinə zəng edərək bildirmişdir ki, guya o, Sevilin evinə gələrək onu öldürməklə hədələmişdir. Eyni zamanda Şəki ŞRPŞ-nə və Şəki Rayon Prokurorluğuna ərizə ilə müraciət edərək guya Bakı şəhərində olduğu vaxt onun telefonla Sevilə zəng edərək öldürməklə hədələdiyini, 30 dəfədən çox ona zəng etdiyini, səhəri gün Şəkiyə gəldikdə həyət darvazasını kiminsə açmağa çalışdığını, kim olduğunu soruşduqda və polis çağıracağını bildirdikdə qadın səsi eşitdiyini, həmin şəxsin ona “səni öldürəcəyəm” dediyini, kameraya baxdıqda həmin şəxsin o olduğunu gördüyünü, onu öldürmək üçün göndərən şəxsin Tehran Lətifov olduğunu, onun Azərbaycan qanunlarını təhqir etdiyini bildirmişdir. Şəki ŞRPŞ-nin 12 avqust 2021-ci il tarixli qərarı ilə CM-nin 134-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi X10 onu əsassız böhtanlarla narahat etmiş, müxtəlif instansiyalara, işlədiyi məktəbin rəhbərliyinə, Şəki Şəhər Təhsil Şöbəsinə əsassız şikayətlər yazmaqla onu nüfuzdan salmağa çalışmışdır. Artıq o, işgüzar fəaliyyətini normal şəkildə davam etdirə bilmir. Hesab edir ki, bu hallar onun şərəf və ləyaqətini qəsdən alçaltmaqdan, onu cəmiyyət arasında nüfuzdan salmaqdan ibarətdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 avqust 2021-ci il tarixli qərardan görünür ki, X6 onun etdiyini iddia etdiyi əməllər Cinayət Məcəlləsinə əsasən məsuliyyətə səbəb olur. Bununla da Sevil Səlimova onu cinayət törətməkdə ittiham edir. Hesab edir ki, X6 dövlət orqanlarına ünvanladığı məktub, ərizə və şikayətlərdə yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən və ya nüfuzdan salan məlumatları göstərməklə, onu CM-nin 18-ci fəslində nəzərdə tutulmuş “Həyat və sağlamliq əleyhinə olan cinayətlər”i törətməkdə günahlandırmaqla böhtan atmış və onu təhqir edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətmişdir. X10 yazılı məlumatlarda onu mənfi qiymətləndirməklə onun şərəf və ləyaqətini aşağılamış, ona böhtan ataraq və eyni zamanda cinayətdə ittiham etməklə onu öz doğmalarının, dostlarının, tanışlarının, iş yoldaşlarının, təhsil şöbəsi işçilərinin, ümumiyyətlə, hamının yanında nüfuzdan salmışdır. Xüsusi ittiham qaydasında şikayətindən və ona əlavə edilmiş sənədlərdən də açıq-aydın surətdə görünür ki, X6 etdiyi hərəkətlərdə Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 147.1, 148 və 297.1-ci maddələrinin tərkibi vardır. X10 onun şərəf və ləyaqətini nalayiq və təhqiredici formada alçaltmaqla, onu şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları bir çox şəxslərə yayaraq, yalan ifadələr verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci, 148-ci və 297.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Lakin o, cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bu isə gələcəkdə hər hansı bir xoşagəlməz hadisənin olmasına gətirib çıxara bilər. Buna görə də qanunvericiliyin tələblərini rəhbər tutaraq hazırkı ittiham qaydasındakı şikayətlə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 ərizənin məzmununa uyğun izahat verərək X6 barəsində Azərbaycan Respublikasının CM-nin 147.1, 148 və 297.1-ci maddələri ilə cinayət işinin başlanılması və onun həmin maddələrlə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 izahat verərək göstərdi ki, o, X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə tanış olmuşdur. Həmin şikayət ərizəsi tamamilə əsassızdır. Əvvəla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsində göstərilən cinayət üzrə cinayət təqibinin xüsusi ittiham qaydasında həyata keçirilməsi mümkün deyil, ictimai ittiham qaydasında həyata keçirilir. İkincisi, xüsusi ittiham qaydasında şikayətin CM-nin 147.1-ci və 148-ci maddələri ilə cinayət işinin başlanılması ilə bağlı hissəsi ilə də tamamilə əsassızdır. Belə ki, o, X4 təhqir etməmişdir. Həmçinin, X8 xüsusi ittiham qaydasında şikayət ərizəsində onun xüsusi ittihamçının onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymağı barədə heç bir sübuta istinad etməmişdir. Özü ziyalı qadındır. İndiyədək dilindən bir kəlmə də olsun nalayiq ifadə səslənməmişdir. Həqiqətən də X3 barəsində polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsində göstərilən məsələ ilə bağlı Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Muradxan Zülfüqarov tərəfindən araşdırma aparılmış, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, pozulmuş hüquqları ilə bağlı aidiyyəti orqanlara müraciət etmək onun konstitusion hüququdur. Onun xüsusi ittihamçı ilə heç bir düşmənçiliyi yoxdur və ona qarşı hər hansı bir təhqiramiz ifadə işlətməmişdir. Bütün bunları nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi və ya göndərilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmə qeyd edir ki, X3 şikayətində X6 onu Firqət Məmmədovun və Südabər İsmayılovanın yanında təhqir etməsi, verdiyi ərizədə şər-böhtan xarakterli məlumatların olması kimi ümumi xarakterli məlumatlar yazsa da, konkret olaraq hansı ifadələrin nə zaman işlədildiyini, bu halların hansı şahid (adı, soyadı, atasının adı) ifadələri ilə, sənədlərlə, digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Bundan başqa Sevil X1 barəsində Şəki ŞRPŞ-nə və Şəki rayon prokurorluğuna şikayət etməsi Sevil Səlimovanın əməlində xüsusi ittiham qaydasında təqib olunmalı olan cinayət əlamətlərinin olmasına dəlalət etmir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, X3 xüsusi ittiham qaydasında verdiyi şikayətdə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından, həmçinin xüsusi ittiham qaydasında cinayət təqibi CM-nin 297.1ci maddəsində göstərilən cinayətlər üzrə həyata keçirilmədiyindən onun xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidır. Göstərilənlərə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 301 və 302-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: X10 barəsində Azərbaycan Respublikasının CM-nin 147.1, 148 və 297.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışı keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilsin. Qərardan onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-100/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-100/2021
13.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver