Məhkəmə qərarları › İş №1(075)-100/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-100/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-100/2023 20.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində X3 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, iştirakı ilə, xx.xx.1999-cu ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, "xxxx" MMC nəzarətçi işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi Vaz-21074 markalı, ** LJ *** dövlət nömrə nişanlı avtomobillə Şəki şəhəri, Arxüstü küçəsi ilə şəhərin F.Xoyski küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirərək, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı kimi hərəkətləri yerinə yetirərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş, yolun döngəli hissəsində idarəetməni itirərək qarşı sol hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi Vaz-2107 markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol körpücük sümüyünün akromial ucunun hissəvi sınığı, sol bazu oynağının bağlarının gərilməsi, sol çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, oynaqda hərəkət məhdudluğu kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, 27 iyun 2023-cü il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi Vaz-2107 markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, Arxüstü küçəsi ilə Xoysk küçəsinin kəsişməsi istiqamətində hərəkət etmişdir. Həmin küçə ilə hərəkət edib, «hacının diki» adlanan əraziyə çatmışdır. Qarşıda yolun döngəli hissəsinə çatıb öz yolu ilə hərəkət edən zaman qarşıdan əks istiqamətdən bir Vaz-2107 markalı avtomobilin döngədən ona doğru gəldiyini görmüşdür. Yolun döngəli hissəsində avtomobilini saxlaya bilmədiyi üçün avtomobil bir az əks yola keçmiş və həmin avtomobillə toqquşmuşdur. Bundan sonra avtomobilini saxlayıb yerə düşmüşdür. Vaz-2107 markalı avtomobilin sürücüsü sonradan adı ona məlum olan Coşqunda avtomobildən yerə düşmüşdür. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Hadisədən əvvəl avtomobili 60-70 km sürətlə idarə etmişdir. Coşqunun idarə etdiyi avtomobli döngədən çıxan anda görmüş və həmin vaxt aralarında təxminən 2-3 metr məsafə olmuşdur. Hadisə zamanı avtomobilində tək olmuşdur, avtomobilimdə sərnişin olmamışdır. İdarə etdiyi avtomobillə Coşqunun idarə etdiyi avtomobili arasındakı toqquşma Coşqunun hərəkət yolunda baş vermişdir. Coşqunun idarə etdiyi avtomobili görən anda hadisənin qarşısını almaq üçün tormoz vermişdir, lakin aralarında məsafə az olduğuna görə maşınını saxlaya bilməmiş və Coşqunun maşını ilə toqquşmuşdur. Bundan sonra Hadisə yeri onun iştirakı ilə müayinə olunmuşdur. Sonra sərxoş olub-olmamasının yoxlanması üçün narkoloji dispanserdə müayinədən keçirilmiş və sərxoş olmadığı müəyyən edilmişdir. Onun tərəfindən zərərçəkmiş şəxs Coşqun Səmədovla barışmaq üçün cəhd edərək ondan üzr istəməsinə baxmayaraq sonuncu onunla barışıq əldə etmək üçün pul tələb edir. O isə maddi imkanı olmadığından bu tələbi hər ay əlli manat olmaqla qarşılaya biləcəyini bildirməsinə baxmayaraq Coşqun razı olmaqdan imtina edir.. Sonda təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, vətən müharibəsi iştirakçısı olması və müharibədə aldığı xəsarətlərdən ikinci dərəcə əlilliyi olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 27 iyun 2023-cü il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi Vaz-2107 markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki şəhəri, Arxüstü küçəsi ilə Şəki İpək ASC istiqamətində hərəkət etmişdir. Həmin küçə ilə hərəkət edib, «hacının diki» adlanan əraziyə çatmışdır. Qarşıda yolun döngəli hissəsinə çatıb öz yolu ilə hərəkət edən zaman qarşıdan əks istiqamətdən bir qırmızı rəngli Vaz-2107 markalı avtomobilin surətlə döngədən çıxdığını görmüşdür. Həmin vatomobil sürətlə hərəkət etdiyi üçün avtomobili yolun döngəli hissəsində saxlaya bilməmiş və öz hərəkət yolundan çıxıb gəlib onun avtomobilinin sol qabaq hissəsindən vurmuşdur. Bundan sonra avtomobilini saxlayıb yerə düşmüşdür. Sol qolunun çiyin nahiyəsində bərk ağrılar olduğunu hiss etmişdir. Vaz-2107 markalı avtomobilin sürücüsü sonradan adı ona məlum olan Elmir də, avtomobildən yerə düşmüşdür. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Çiynindəki ağrılar artdığına görə oradan tibbi yardım almaq üçün Şəki MRX-na getmişdir. Həkimlər ona tibbi yardım göstərib çiyininin sındığını bildirmişlər və çiyninə gips qoymuşlar. Tibbi yardım aldıqdan sonra evlərinə getmişdir. Hadisədən əvvəl avtomobilini 30-40 km sürətlə idarə etmişdir. Hadisənin baş verdiyi yerdə yol döngəli olduğuna görə əvvəldən qarşıdan gələn avtomobili görməmişdir. Həmin avtomobilin sürücüsü də, onu görməmişdir. Elmirin idarə etdiyi avtomobli döngədən çıxan anda görmüşdür. Həmin vaxtıda aralarında 1-2 metr məsafə olmuşdur. Hadisə zamanı avtomobilində tək olmuşdur. Elmir idarə etdiyi avtomobillə döngədən sürətlə çıxandan sonra avtomobilini saxlaya bilməmiş və gəlib onu hərəkət yolunda vurmuşdur. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir, hadisə zamanı tam ayıq olmuşdur. İdarə etdiyi avtomaşın saz vəziyyətdə olmuşdur. Tormoz və sükanı normal işləmişdir. Təqsirləndirilən şəxs onun xəstəxanada müalicəsi və dərmanları üçün köməklik göstərməmiş, bir dəfə də olsun ona baş çəkməmişdir. Uzun müddət sağlamlığını itirməsi nəticəsində və avtomobili yararsız vəziyyətə düşdüyündən işləyə bilməmiş, gəlirlərindən məhrum olmuşdur. Təqsirləndirilən şəxs isə bu zərərin kompensasiyası üçün heç bir addım atmamışdır. Buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və qanun çərçivəsində cəzalandırılmasını xahiş edir. İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolundan məlum olur ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu Şəki şəhəri, F.X.Xoyski (Hacının Piri adlanan yer) küçəsində yerləşir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu döngəli olub asfaltbeton örtükdən ibarət olmaqla hadisə zamanı quru vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi yolun ümumi eni 8.67 metrdir. Yolda hərəkət zolaqlarının sayı iki olmaqla qarşı –qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa nişanlanma xətti vardır. Avtomobillər yolun kənarında dayanmış vəziyyətddir. Hadisə yerində olan qəzaya uğramış avtomobillər əzilərək yararsız vəziyyətə düşmüşdür. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək əşya götürülməmişdir. Baxış gecə vaxtı süni işıqlandırılmış vəziyyətdə keçirilmişdir. Baxış zamanı çəkilmiş şəkillər çap olunaraq bu barədə tərtib olunmuş protokola əlavə olunmuşdur. 27 iyun 2023-ci il tarixli 4326/2018 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından məlum olur ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. 28 iyun 2023-cü il tarixli 1032 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sol körpücük sümüyünün akromial ucunun hissəvi sınığı, sol bazu oynağının bağlarının gərilməsi, sol çiyin nahiyəsinin yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, oynaqda hərəkət məhdudluğu onurğanın bərk küt əşyanın (əşyaları) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla,qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 28 iyun 2023-cü il tarixli 1038 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2023-cü il tarixli, 8/2265 nömrəli yol-nəqliyyat hadisələri ekzpertizası rəyinin nəticə hissəsindən görünür ki, Vaz-21074 markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında»Azərbaycan Respublikası Qanunun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz-21074 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 2387 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək olan BD705586 nömrəli ”B1, B, C1,C” kateqorialı sürücülük vəsiqəsi verilmiş və o, Şəki Rayon Məhkəməsinin 3(075-556/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsitələrini idarəetmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 manat məbləğində cərimə edilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075-556/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsitələrini idarəetmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 manat məbləğində cərimə edilmişdir. Şəki "xxxx" ASC tərəfindən 22 iyul 2023-cü il tarixdə verilmiş rəydən məlum olur ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzaya uğramış “VAZ 2107” markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 3394 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci l tarixli, 2716 nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci l tarixli, 250s nömrəli sərəncamından görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Elektron məhkəmə sistemində olan sorğudan görünür ki, Təqsirləndirilən şəxs 2 dərəcəli əlil olmaqla 330 (üç yüz otuz) manat və 372,83 (üç yüz yetmiş iki manat səksən üç qəpik) təqaüd alır. Elektron məhkəmə sistemində olan sorğudan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də nəzarətçi işləməklə, 785 manat əmək haqqı alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat aşkar edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq avtomobili yol şəraitinə uyğun idarə etməmiş, bunun nəticəsində avotmobilin idarəetməsini itirərək qarşı hərəkət zolağına çıxmış və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadələri, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilir. Buna görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, CM-nın 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, təqsirləndirilən şəxsdən üzür istəməklə onunla barışığa cəhd etməsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, 2 dərəcə əlilliyini, təqsirləndirilən şəxsdən üzür istəməklə onunla barışığa cəhd etməsini və əməlindən peşman olmasını nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməsi zərurəti yoxdur və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində əsas cəza kimi aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini, əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsitələrini idarəetmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmasına baxmayaraq o, hazırki hökm üzrə sürücülük hüququndan məhrum edilməli və hazırki hökm üzrə qəbul edilmiş qərarın əsas götürülməsi nəzərə alınmalıdır. Hökmün icrasını təmin etmək məqsədilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “poliosin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərcləri - məhkəmə-avtotexniki ekspertizasının dəyəri olan 85 manat pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34STRE********************) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar