Məhkəmə qərarları › İş №1(075)-102/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №1(075)-102/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(075)-102/2025 04.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CPM-nin) 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi barədə X3 xüsusi ittiham qaydasında şikayətinə ona əlavə edilmiş sənədlərlə birlikdə 2 sentyabr 2025-ci il tarixdə Şəki şəhərində Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 xüsusi ittiham qaydasında xx.xx.2025-ci ildə iki, xx.xx.2025-ci ildə bir şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “Tik-Tok” sosial şəbəkəsində özünə məxsus, istifadəsində və aktiv olan “@blogger11” adlı sosial səhifəsində, barəsində böhtan xarakterli məlumatları yayaraq onu təhqir etdiyinə və ağır cinayət törətməkdə ittiham etdiyinə görə xx.xx.1980-cı il tarixdə Laçın rayonunda anadan olmuş, Laçın rayonu Katos kəndində qeydiyyatda olan, hal-hazırda Şəki rayonu Yeni Çələbixan qəsəbəsində yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Belə ki, 21 iyun 2025-ci il tarixdə Şəki şəhəri ərazisində video çəkməklə “Hamısı Dövlət büdcəsindən ayrılan pullar hesabına Xalqın cibinə girərək Başa çatıb !!!” və “X10 sənöl istəsən bu mülkümüdə sənə verə bilərəm, bir şikayətini geri götür, razılaşaq nə deyirsən???” başlığı altında paylaşım etmişdir. Bundan başqa, xx.xx.2024-cü ildə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin yanından video çəkməklə “X5 direktoru Məcid Əliyevin rüşvətlə tikdiyi qanunsuz mülkləri” başlığı altında paylaşım etmişdir. Paylaşım 71 nəfər tərəfindən paylaşılmış, 99 rəy yazılmış, 30000 baxış olmuşdur. Eyni gündə təkrarən Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilinin qarşısından çəkməklə “X5 direktoru Məcid Əliyevin fironluğuna az qalıb” başlığı altında paylaşım etmişdir. Paylaşım 3 nəfər tərəfindən paylaşılmış, 10 rəy yazılmış, 1889 baxış olmuşdur. xx.xx.2024 cü ildə səhifəsində Baş Prokuror Kamran Əliyevin foto şəklini paylaşmaqla üst yazıda “Baş Prokuror Kamran Əliyev öz tapşırıığı ilə rüşvətxor Məcid bəyin zülmündən xilas edəcək” adlı paylaşım etmişdir. Paylaşım 44 nəfər tərəfindən paylaşılmış, 57 rəy yazılmış, 28900 baxış olmuşdur. xx.xx.2024-cü ildə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin qarşısından çəkməklə “X5 direktoru Məcid Əliyevin rüşvətlə tikdiyi qanunsuz mülklər” başlığı altında paylaşım etmişdir. Paylaşım 1 nəfər tərəfindən paylaşılmış, 1540 baxış olmuşdur. xx.xx.2025-ci ildə və xx.xx.2025-ci ildə, xx.xx.2025-ci ildə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin uzaqdan, dağ ərazisində çəkməklə “X5 direktoru hörmətli rüşvətxor Məcid bəyin büdcədən ayrılan pulları və xalqı süründürmə əməliyyata apararaq aldığı rüşvətlə qanunsuz milyonluq mülklərin ən balacası” başlığı altında paylaşım etmişdir. Üç paylaşımlar cəmi 76 nəfər tərəfindən paylaşılmış, cəmi 187 rəy yazılmış, cəmi 60172 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki şəhərində mənim evimin yaxınlığında dayanaraq çəkməklə “X5 direktoru Məcid Əliyevin digər mülkləri” başlığı altında video paylaşım edib onu rüşvətxor adlandırmışdır. Paylaşım 164 nəfər tərəfindən paylaşılmış, 97 rəy yazılmış, 22700 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin uzaqdan, dağ ərazisində çəkməklə “X5 direktoru hörmətli rüşvətxor Məcid bəyin mülklərinin hamısı dövlət büdcəsindən ayrılan həkimlərdən və xalqı süründürmə əməliyyata apararaq aldığı rüşvətlə də göz önündədir” başlığı altında paylaşım etmişdir. Paylaşım 7 nəfər tərəfindən paylaşılmış, 16 rəy yazılmış, 2002 baxış olmuşdur. xx.xx.2025-ci ildə, xx.xx.2025-ci ildə, xx.xx.2025-ci ildə onun foto şəklini və Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin fotosunu paylaşmaqla orta yazıda “X5 direktoru Məcid Əliyevin qanunsuz mülkləri” başlığı altında paylaşım edərək üst yazıda Baş Prokuror Kamran Əliyevə X10in zülmündən qurtarmasını xahiş etmişdir. Üç paylaşımlar cəmi 122 nəfər tərəfindən paylaşılmış, cəmi 119 rəy yazılmış, cəmi 20368 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin fotosunu paylaşmaqla orta yazıda “X5 direktoru Məcid Əliyevin qanunsuz mülkləri” başlığı altında paylaşımlar edərək üst yazıda Ali Baş komandan İlham Əliyevə müraciətlə Məcid bəyin zülmündən xilas etməsini yazmışdır. Paylaşım 2 nəfər tərəfindən paylaşılmış, 2 rəy yazılmış, 1884 baxış olmuşdur. xx.xx.2025-ci ildə özü tərəfindən şəxsən video müraciət edərək Xəstəxana direktorunu rüşvətxor adlandırmış, daxil olan dərmanları öz büdcəsinə daxil etməsini, hər bir işçini rüşvətlə işə qəbul etməsini, işləyən işçilərdən rüşvət yığmasını qeyd etmişdir. Paylaşım 70 nəfər tərəfindən paylaşılmış, 55 rəy yazılmış, 15400 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin fotosunu paylaşmaqla “Rüşvətxor Məcid bəyin zülmündən xilas edin” adlı altında Baş Prokuror Kamran Əliyevə müraciət ünvanlamışdır. Paylaşım 5 nəfər tərəfindən paylaşılmış, 13 rəy yazılmış, 4310 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki rayon Mərkəzi Xəstəxanasının qarşından və yan qapısının yanından şəxsən video müraciət edərək rüşvətlə mülklər, əmlaklar almağını bildirmişdir. Paylaşım 418 nəfər tərəfindən paylaşılmış, 189 rəy yazılmış, 75300 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki rayon Mərkəzi Xəstəxanasının qarşından öz foto şəklini paylaşım edərək Ali Baş komandan İlham Əliyevə müraciət formalı yazıda rüşvətxor Məcid bəy demək olar ki Şəki şəhərini işğal edib yazmışdır. Paylaşım 56 nəfər tərəfindən paylaşılmış, 57 rəy yazılmış, 19300 baxış olmuşdur. xx.xx.2025-ci ildə xəstəxananın həyətində 77KF055 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini göstərməklə özü tərəfindən video paylaşım edilərək qeyd etmişdir ki, bu X10in maşınıdır. Həm üst yazıda, həmdə şəxsən səsləndirməklə paylaşım edilmişdir. Paylaşım 788 nəfər tərəfindən paylaşılmış, 416 rəy yazılmış, 105000 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki rayon Mərkəzi Xəstəxanasının qarşından öz foto şəklini paylaşım edərək “X5 direktoru Məcid Əliyev yığdığın rüşvəti sənə bəla edəcəm. Rüşvət səni insanlıqdan azğınlaşdırıb” başlığı altında paylaşım etmişdir. Paylaşım 52 nəfər tərəfindən paylaşılmış, 29 rəy yazılmış, 31500 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin və onun fotosunu paylaşmaqla “X5 direktoru Məcid Əliyevin rüşvətlə yığdığı mülkləri” başlığı altında paylaşım etmişdir. Paylaşım 49 nəfər tərəfindən paylaşılmış, 28 rəy yazılmış, 12600 baxış olmuşdur. xx.xx.2025-ci ildə onun fotosunu paylaşmaqla “X5 direktoru X10in Bakı şəhərində olan mülkləri” başlığı altında paylaşım etmişdir. Paylaşım 317 nəfər tərəfindən paylaşılmış, 126 rəy yazılmış, 111600 baxış olmuşdur. xx.xx.2025-ci ildə öz şəklini paylaşmaqla orta yazıda “X10 yığdığı pulları hara xərcləyir” adlı paylaşım etmişdir. Paylaşım 27 nəfər tərəfindən paylaşılmış, 33 rəy yazılmış, 27500 baxış olmuşdur. xx.xx.2025-ci ildə onun foto şəklini paylaşmaqla “X10, kimsəsiz bilib əzdiyin qadınların bayram günüdür” adlı paylaşım etmişdir. Paylaşım 35 nəfər tərəfindən paylaşılmış, 69 rəy yazılmış, 8637 baxış olmuşdur. xx.xx.2025-ci ildə Köhnə Xəstəxana binasının yanından Şəki rayon Prokurorluğunun müstəntiqi Abbas Qarayevə video müraciət edərək onu rüşvətxor adlandırmış, vicdansız şəxs demişdir. Paylaşım 110 nəfər tərəfindən paylaşılmış, 144 rəy yazılmış, 20100 baxış olmuşdur. xx.xx.2025-ci ildə onun foto şəklini paylaşmaqla Azərbaycan Respublikası Baş X9 cənablarına özü tərəfindən video müraciət edilərək bildirmişdir ki, Məcid Əliyev ondan rüşvət alıb. Paylaşım 91 nəfər tərəfindən paylaşılmış, 216 rəy yazılmış, 13200 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki şəhəri Zərifə Əliyeva küçəsində yerləşən “Uğur” aptekin qarşısından özü tərəfindən aidiyyəti qurumlara “Nə qədər Təbibin rəhbəri X10i müdafiə edəcək” adlı video müraciət edərək xəstələrə ayrılan dərmanları apteklərdə satdıraraq ciblərini doldururmasını bildirmişdir. Bununlada onun dövlət əmlakını mənimsəməkdə ittiham etmişdir. Paylaşım 96 nəfər tərəfindən paylaşılmış, 137 rəy yazılmış, 13600 baxış olmuşdur. xx.xx.2025-ci ildə onun və öz foto şəklini paylaşmaqla orta yazıda “X10 rüşvət verdiyin arxanda duran məmurlarında mülkləri gəlir” adlı paylaşım etmişdir. Paylaşım 17 nəfər tərəfindən paylaşılmış, 21 rəy yazılmış, 1780 baxış olmuşdur. xx.xx.2025-ci ildə onun və özünün xəstəxana qarşısında çəkilmiş foto şəklini paylaşmaqla üst yazıda “X10 sonuna az qalıb” adlı paylaşım etmişdir. Paylaşım 39 nəfər tərəfindən paylaşılmış, 120 rəy yazılmış, 27500 baxış olmuşdur. xx.xx.2025-ci ildə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilin şəklini paylaşmaqla üst yazıda “X7 soruşası bir qurum yoxdur sanki elə bil Azərbaycanın sahibidir” adlı paylaşım etmişdir. Paylaşım 3 nəfər tərəfindən paylaşılmış, 18 rəy yazılmış, 3650 baxış olmuşdur. Bundan başqa, o, Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək qohumu X2 xəstəxanada qalıb işləməsi üçün 5000 manat rüşvət istəməsi, Şəki rayonu Qoxmuq kənd ərazindən tamamlanmamış tikili ərazisində qanunsuz ağac kəsimi ilə bağlı onun barəsində şikayət ərizəsi ünvanlamışdır. Həmin müraciət Şəki rayon Prokurorluğunda araşdırılaraq xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. 2024-ci il dekabr ayından başlayaraq son günlərə kimi özünün “Tik Tok” sosial şəbəkəsində davamlı olaraq etdiyi hər bir paylaşımda həm yazılı, həm də səsli qaydada onu təhqir edən, ağır cinayət törətməkdə ititham edən, şərəf və ləyaqətini alçaldan və işgüzar nüfuzuna ləkə gətirən ifadələr işlətmişdir. 10 iyul 2025-ci il tarixdə Şəki rayonu Qoxmuq kənd ərazisində yolun kənarında yerləşən yarımçıq tikilinin yanından video çəkməklə “X5 direktoru Məcid Əliyevin qanunsuz mülkləri” və “Hörmətli cənab rüşvətxor Məcid bəyin fəaliyyəti ancaq xalqla Hörmətli cənab Prezident arasında olan körpüləri sındırmaqdan ibarətdir” başlığı altında video paylaşım etmişdir. Video paylaşım qısa müddət ərzində 10 nəfər tərəfindən paylaşılmış, 30 rəy yazılmış, 3700 baxış olmuşdur. Xüsusi ittihamçının mövqeyinə görə X4 qeyd olunan hərəkətləri ilə CM-nin 147.2-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibinin bir icraatda birləşdirilə bilməsini, xüsusi ittiham qaydasında icraatın birləşdirilməsinin məhkəmənin qərarı əsasında həyata keçirilə bilməsini əsas götürərək, sonuncu iki şikayətlə bağlı məhkəmənin icraatına müvafiq olar 1(075)-87/2025 və 1(075)-101/2025 nömrələrlə daxil olmuş işlər hazırki 1(075)-102/2025 nömrəli işə birləşdirilməklə bir icraatda araşdırılmışdır. X6 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi barədə heç bir məlumat göndərməmiş, məhkəmə iclasında vəkil nümayəndəsi etibarnamə əsasında iştirak etdiyindən məhkəmə özünün iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında X3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə izahat verərək göstəmişdir ki, məhkəmə araşdırması dövründə etibarnamə üzrə nümayəndəsi olduğu xüsusi ittihamçı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 arasında mübahisəli məsələ üzrə razılıq əldə edilmiş, tərəflər aralarında barışıq sazışı imzalamışlar. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 öz sosial şəbəkə hesabında, xüsusi ittihamçı X6 barəsində olan video müraciətlərini, sonucu haqqında yazılmış digər paylaşımlarını 10 gün müddətində silməyi, eyni zamanda bundan sonra da X6 barəsində sosial şəbəkə hesabında və başqa formada paylaşımlar, müraciətlər (ərizə, şikayətlər) etməməyi öhdəsinə götürmüş, xüsusi ittihamçı da buna görə xüsusi ittiham qaydasında şikayətini geri götürməyi, şikayətindən imtina etməyi zəruri bilmişdir. Odur ki, o, xüsusi ittihamçının şikayətindən imtina edib təqsirləndirilən şəxslə barışması əsası ilə məhkəmə baxışının keçirilməsindən, şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. O, xüsusi ittihamçı və özü tərəfindən imzalanmış izahatı ilə eyni məzmunlu ərizəni məhkəməyə təqdim etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 məhkəmə iclasında göstərmişdir ki, məhkəmə araşdırması dövründə xüsusi ittihamçı ilə mübahisəli məsələ üzrə razılıq əldə edilmiş, aralarında barışıq sazışı imzalamışlar. O, öz sosial şəbəkə hesabında, xüsusi ittihamçı X6 barəsində olan video müraciətləri, digər paylaşımlarını 10 gün müddətində silməyi, bundan sonra da X6 barəsində sosial şəbəkə hesabında və başqa formada paylaşımlar, müraciətlər (ərizə, şikayətlər) etməməyi öhdəsinə götürmüş, xüsusi ittihamçı da buna görə onunla barışıb xüsusi ittiham qaydasında şikayətindən imtina etməyi öhdəsinə götürmüşdür. Odur ki, xüsusi ittihamçı onunla barışıb şikayətindən imtina etdiyindən, məhkəmə baxışının keçirilməsindən, şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 vəkili Müdafiəçi da X1 izahatı ilə eyni məzmunlu izahat verib, xüsusi ittihamçının, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 ilə barışıb şikayətindən imtina etməsi əsası ilə məhkəmə baxışının keçirilməsindən, şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmə, iş materiallar, xüsusi ittihamçının şikayətindən imtina etməsi və barışması barədə ərizə və digər sənədlərlə tanış olaraq, məhkəmə iclasında qeyd olunanları dinləyib hesab edir ki, qeyd olunanlara görə və aşağıdakı əsaslarla şikayət üzrə məhkəmə baxışının keçirilməsindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittihamçı, barəsində şikayət edib təqsirləndirdiyi şəxslə barışıb şikayətindən imtina edir və məhkəmə baxışının keçirilməsindən, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş edir. Bu məhkəmə iclasında həm tərəflərin izahatları, həm də xüsusi ittihamçının ərizəsi ilə müəyyən olunur. CPM-nin 300.1.3-cü maddəsində göstərilir ki, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə də qərar qəbul edilir. CPM-nin 302.1.8-ci maddəsində göstərilir ki, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilir. CPM-nin 302.2.3-ci maddəsinə əsasən, məhkəmə, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 302.1.8, 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən, şikayəti vermiş X6 şikayətindən imtina edib, təqsirləndirdiyi şəxs X4 ilə barışdığından xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu gündən 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar