Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-107/2023 26.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1983-cü ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Avtomobil Yolları X7 şəhər 12 saylı Yol İstismar MMC-də yol ustası vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda pasport qeydiyyatında olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2023-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan zaman onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evinin onun həyət tərəfinə açılan nəfəsliyinin qarşısına özünün çəkdiyi xalçanın yerə düşdüyünü görüb həmin xalçanı yenidən nəfəsliyin qarşısına asmaq istəyərkən Zərərçəkmiş şəxs buna etiraz etməsi səbəbindən aralarında yaranmış həmin şəxsi münasibətlər zəminində mübahisə zamanı əlindəki dəmir əşya ilə nəfəslikdən xalçanı yerə salmaq üçün əlini çıxarmış Zərərçəkmiş şəxs əlinə qəsdən bir dəfə zərbə ilə vurmaqla ona sağ əl arxasının hematoması, yumşaq toxumaların əzilməsi, travmatik kişkinliyi, ağrı hesabına pəncədə hərəkət məhdudluğu ilə nəticələnən dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qeyd olunan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaxın qonşusudur. Əvvəllər Elnarə ilə onun arasında heç bir ədavət və ya düşmənçilik, eləcədə münaqişə olmamışdır. Elnarənin yaşadığı evin 3 pəncərəsi onun həyətinə baxır. Bundan başqa təxminən 1x1,40 metr ölçüdə nəfəslik də onun həyətinə açılır. 3 pəncərə evin ikinci mərtəbəsində yerləşən otaqların pəncərələridir. Nəfəslik isə evin birinci mərtəbəsində yerləşən qarajda qoyulmuş nəfəslikdir. Həmin nəfəslik də onun evinin qarşısına açılır. Buna görə həyətdə sərbəst gəzməyə çəkinir, elə zənn edir ki, nəfəslikdən baxırlar. Buna görə o, həmin nəfəsliyi bağlatmaq istəmişdir, Elnarə də narazılıq etmiş və bununla bağlı aralarında münaqişə olmuşdur. O, həmin nəfəsliyin qarşısına həyəti tərəfdən xalça asmışdır ki, nəfəslikdən həyəti görünməsin. xx.xx.2023-cü il tarixdə işdən çıxıb evə gəlmiş, nahardan sonra həyətə daxil olub həyətindəki qarajın nəfəsliyinə asdığı xalçanın yerə düşürdüyünü görmüşdür. O, həyat yoldaşı Güneldən, xalçanın nə üçün yerə düşdüyünü soruşanda, Günel gəlib ona, xəbəri olmadığını bildirib demişdir ki, nəfəsliyin qarşısına çəkilən tor deşilib, yəqin Elnarə özü bunu edib. O, xalçanı qaldırıb yerinə asmaq istəyəndə Elnarə qarajdan yaxınlaşıb ona qarşı kobud sözlər işlədib əlindəki kiçik dəmir lingi vurmuş xalı əlindən yerə düşmüşdür. Elnarə ikinci dəfə əlindəki dəmir alətlə nəfəsliyin qarşısına vurulmuş məhəccərin arasından onu vurmaq istəyəndə o, dəmiri tutub saxlamışdır. Bu vaxt həyat yoldaşı Günel gəlib çıxmışdır. O, Günelə, Elnarənin bu hərəkətini mobil telefonu vasitəsi ilə videoya çəkməsini demişdir. Bu vaxt Elnarə digər əli ilə başqa bir dəmir parçası götürüb onun əlinə vurmuş, o da tutduğu dəmir parçasını buraxmışdır. Bundan sonra Elnarə ondan şikayət eldəcəyini bildirib nəfəsliyin qarşısından uzaqlaşmışdır. Bununla da münaqişəyə son qoyulmuşdur. Həmçinin o, göstərmişdir ki, həmin vaxt Elnarə əvvəlcə əlində tutduğu dəmir parçası ilə onu vuranda o, dəmir parçasını tutub saxladığı üçün sağ əlinin birinci barmağının içərisindən xəsarət almışdır. Sonra Elmira digər əli ilə başqa bir dəmir parçası götürüb onun sağ əlinin üstünə vurmuşdur. Zərbə zəif olduğuna görə o, əlinin üstündən xəsarət almamışdır. Ancaq o, həmin vaxt Elnarəni vurmamışdır. Aralarında olan mübahisə zamanı və Elnarə onu vuran zaman orada heç kim olmamış, sonradan həyat yoldaşı Günel gəlmişdir. Həmin münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir, həmin vaxt orada səs-küy yaranmamışdır və həyətə heç kim gəlməmişdir. Ədalətli qərar qəbul edilməsini məhkəmədən xaiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın qonşusudur. Təqsirləndirilən şəxs yaşadığı ev əvvəllər nənəsigilə məxsus olmuşdur. Sonuncular sonradan həmin evə köçmüşlələr. Təqsirləndirilən şəxs qardaşı ilə yola getmədiyindən həyətin ortasından hasar çəkərək həyətlərini ayırmışlar. Həmin evlər tikilən zamanda bizim evin pəncərəsi orada olmuş və Təqsirləndirilən şəxs atası da evi aldıqları zaman bunu bilmiş və mənim atamla bu barədə razılaşmışdırlar. Artıq hər ikisi rəhmətə getmişdir. Evdə oturub anası ilə çay içərkən səs gəldiyini eşidib nəfəsliyi açıb gördümüşdür ki Təqsirləndirilən şəxs ayağının altına stol qoyub əlində xalçanı onların evinin divarına vurur. Bu zaman ona mülkünə toxunmayaraq xalçanı vurmamasını bildirdikə yaxşı edirəm deyib nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxtı əlini nəfəslikdə olan dəmir barmaqlığın arasından uzadıb xalçanı divara vumaması üçün aşağı salmaq istəyəndə Elşən əlindəki dəmirlə onun əlinin üstündən bir dəfə vurmuşdur. Bundan sonra ilk öncə polis şöbəsinə zəng vurmuş şöbənin telefonunu götürən olmadığından DİNnin 102 xidmətinə zəng edib, qonşu Elşənin onu vurması barədə məlumat vermişdir. Təxminən yarım saatdan sonra polis əməkdaşları gəlmiş və o, şikayət ərizəsi yazmışdır. Həmçinin o, göstərmişdir ki, Elşən onu vuran zaman orada heç kim olmamışdır. Həmin münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir, həmin vaxt orada səs-küy yaranmamışdır və həyətə heç kim gəlməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Əri Təqsirləndirilən şəxs evə gələn zaman qonşu Elnarə Məmmmədovaya məxsus evin onların həyətlərinə baxan nəfəsliyinə əvvəl asdığı xalçanın yerdə olduğunu görüb kimin saldığını soruşduqda nəfəsliyin üzündə olan torun cırıldığını görüb Elnarənin sala biləcəyini bildirmişdir. Bundan sonra Elşənin xalçanı asması üçün həyətdə olan stolu ona vermişdir. O, da stolun üzərinə çıxaraq xalını nəfəsliyə asmışdır. Həmi vaxtı Elnarə öz evləri tərəfindən gələrək əlində tutduğu kiçik dəmir parçası ilə xalını vuraraq yerə salmaq istəyəndə Elşən xalını tutub saxlamışdır. Bu vaxt Elşən ona mobil telefonunu gətirib Elnarənin hərəkətlərini telefona çəkməsini bildirmişdir. Bundan sonra mobil telefonu götürmək üçün evə getmişdir. Telefonu götürüb həyətə çıxdıqda artıq Elnarənin orada olmadığını görmüşdür. Elşənin xalını nəfəsliyə asan zaman əlində heç bir dəmir parçası olmamış və onun Elnarəni vurmasını və ya Elnarənin Elşəni vurmasını görməmişdir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; Məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 124 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ əl arxasının hematoması, yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, ağrı hesabına pəncədə hərəkət məhdudluğu bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xəsarət döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğundur və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təkrar məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli T437/2023 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs sağ əl arxasının hematoması, yumşaq toxumalarının əzilməsi, travmatik şişkinliyi, ağrı hesabına pəncədə hərəkət məhdudluğu olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, dəmir parçası ilə zərblə həmin nahiyəyə vurulma nəticəsində əmələ gələ bilər, törəmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətlərin kənar şəxs tərəfindən yetirilə bilməsinə uyğın gəlir. Şəki ŞRPŞ-nə verilmiş əməliyyat tapşırığının xx.xx.2023-cü il tarixli cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında əvvəllər düşmənçilik və ya ədavət olmamışdır. Həmçinin əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında yaranan mübahisə zamanı yaxınlıqda və ətrafda heç kim olmamış və hadisəni heç kim görməmişdir. Həmçinin aralarında olan mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs sağ əlinə dəmir alətlə bir dəfə vurmuşdur. Lakin aralarında olan mübahisə zamanı orada səs-küy yaranmamış, ictimai qayda pozulmamış, nalayiq ifadələr işlədilməmiş və hadisə yerinə kənar şəxslər gəlməmişdir. Şəki Rayon Psixatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1150 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdurlar. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının Rayonlararası Narkoloji dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 627 nömrəli arayışından görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdurlar. Elektron məhkəmə sistemində olan sorğudan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 12 nömrəli Yol İstismar MMC -də yol ustası işləməklə, 589 (beş yüz səksən doqquz) manat əmək haqqı alır. Şəki şəhər «Bağbanlar» məhəllə nümayəndəliyindən daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətəndə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır, evlidir, himayəsində 03 az yaşlı övladları vardır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 12 nömrəli Yol İstismar MMC-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yerində müsbət xarakterizə olunur. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 128-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində əlində heç bir küt əşya olmadığını və zərərçəkmiş şəxsi vurmadığını əksinə zərərçəkmiş şəxsin onu vurduğunu bildirsə də iş üzrə təyin edilib keçirilmiş ilkin və təkrar məhkəmə-tibbi ekspertizası zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduğunu, eləcə də bu xəsarətlərin hadisə baş verən tarixə uyğun gəldiyini müəyyən etmişdir. Eləcə də zərərçəkmiş şəxs ifadəsi və Şəki ŞRPŞ tərəfindən verilmiş əməliyyat tapşırığından da görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yetirilməsini təsdiq edir. Buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini cinayət məsuliyyətindən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmişdir, ona görə də, o, həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış və məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunması (CM 59.2) və himayəsində üç azyaşlı uşağın olmasını (CM 59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərlə yanaşı, o da qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin sanksiyasında əsas cəza kimi cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, o cümlədən onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, bununla yanaşı təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəzalar içərisində orta ağırlıqda olan cəza növünün, yəni islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərinin təmin edilməsi baxımından ədalətlidir. İş üzrə mülki iddia, maddi sübut və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Beləliklə, məhkəmə göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası CPM-in 346, 347, 349, 351, 353, 358, 381, 383, 384, 385-ci maddələrini rəhbər tutub HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib təqsirli bilinərək aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli məhkumun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Cəzanın icrası Şəki şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №1(075)-107/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-107/2023
26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver