Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-11/2022 13.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1960-cı ildə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evlidir, orta ixtisas təhsillidir, əvvəllər məhkum olunmamış, işsiz, Şəki rayonu, Aşağı Göynük kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan, 01 oktyabr 2021-ci il tarixdə “barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 2021-ci ilin may ayında yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin kənarında qanunsuz olaraq bir ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini əkib, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya edib yetişdirmiş, həmin ilin iyul ayının ortalarında yetişmiş çətənə bitkisinin yarpaqlarını toplayıb qurudub hazırlayıb qanunsuz olaraq özü istifadə etmək üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 415 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşıyaraq yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən evində saxlamış, 30 sentyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16:40 radələrində onun yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin zirzəmisində qoyulmuş plastik qabın içərisində qəsdən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyaraq saxladığı bir ədəd sarı rəngli sellofan torbada 415 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdur. Bununla da Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir, (maddə 8.0.3) Həmin Cinayət-Prosessual Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər qoyunları olmuş və onları hər gün sahəyə otarmağa apamışdır. Sahədə qoyunları otaran zaman yabanı şəkildə yetişmiş çətənə bitkisinin yarpaqlarından bir dəfə istifadə etmək üçün yığıb qurudaraq arabir özü tək istifadə etmişdir. O, təsadüf hallarda narkotik vasitə qəbul etmişdir. Sonra fikirləşmişdir ki, çölda çətənə bitkisi tapmaq çətin olur, ona görə də qərara gəlmişdir ki, çətənə bitkisinin toxumundan götürüb həyətində özü əksin. Belə də etmişdir. Çöldə rast gəldiyi çətənə bitkisinin toxumundan bir dənə götürüb, 2021-ci ilin may ayında yoxlamaq üçün həyətin kənarında həmin toxumu əkmiş, tez-tez su vermişdir. 2021-ci ilin iyul ayında əkdiyi çətənə toxumu tam yetişmişdir. Yetişmiş çətənə bitkisinin yarpaqlarını yığıb xəlvət qurudaraq evin zirzəmisində plastik qabın içərisində gizlətmişdir ki, ailə üzvləri görməsin. Özü ürəyi istəyəndə bir az götürüb kənarda qəbul etmişdir. Yetişmiş çətənə bitkisinin gövdəsini isə yandırmışdır. 30 sentyabr 2021-ci il tarixdə saat 16:40 radələrində polis əməkdaşları yaşadığı evin qapısına gəlmiş, onu çağırıb narkotik vasitə qəbul etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmiş, məlumatın yoxlanılması üçün evinə baxış keçirmək istədiklərini bildirmişlər. O, artıq başa düşmüşdür ki, onun evdə naroktik vasitə saxlamağından polislər xəbər tutub. Ona görə də etiraz etməyib polis əməkdaşlarına evinə baxış keçirməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları, əsasən müstəntiq Abdulla müəllim evə baxış keçirilməsində iki nəfər hal şahidi iştirak edəcəyini bildirmişdir. Bu vaxt həmkəndlisi Teymuru və tanımadığı cavan oğlanı hal şahidi qismində dəvət etmişlər. Müstəntiq ona həmin hal şahidlərini tanıyıb tanımadığını, onlarla qohumluq əlaqəsinin, eləcədə ədavəti və ya düşmənçiliyi olub-olmadığını soruşmuş, o da müstəntiqə, cavan oğlanı tanımadığını, Teymuru isə həmkəndli kimi tanıdığını, onunla heç bir qohumluq əlaqəsi, eləcə də ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Müstəntiq evə baxış keçiriliməmişdən qabaq ona evində naroktik vasitə varsa təqdim etməsini təklif etmişdir. O da etiraz etməmiş orada olan polis əməkdaşlarının, hal şahidləri ilə birlikdə zirzəmiyə daxil olub zirzəmidə qoyulmuş plastik qabın içərisində gizlətdiyi sellofan torbada olan narkotik vasitəni göstərmişdir. Müstəntiq həmin vaxt baxışın keçirilməsini dayandırmışdır. Ona hüquqlarını, o cümlədən vəkil tutmaq hüququnu izah etmiş və Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. O da vəkillərdən Musa müəllimi seçmişdir. Dəvət etdikləri üçün bir müddətdən sonra Musa müəllim gəlib çıxmışdır. Bundan sonra o, həmin iştirakçılarla birlikdə yenidən zirzəmiyə daxil olmuş, plastik qabın içərisində gizlətdiyi sarı rəngli sellofanın içərisində olan marixuananı müstəntiqə təqdim etmişdir. Müstəntiq həmin marixuananı torbası ilə birlikdə bağlayıb möhürləmişdir. Bağlanıb möhürlənmiş torbanın üzərinə yapışdırılmış kağıza o da digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra müstəntiq onun, vəkilinin, hal şahidlərinin və orada olan polis əməkdşalarının iştirakı ilə zirzəmiyə, evə və həyətdəki yardımçı tikililərə baxış keçirmişdir. Baxış zamanı müstəntiq evdəki şkafdan bir ədəd 16 kalbrli təklülə ov silahı aşkar etmişdir. Müstəntiq ondan, həmin silahın kimə məxsus olduğunu və sənədi olub-olmadığını sonruşuqda, o, müstəntiqə həmin silahın mərhum atasından miras qaldığını, lakin silahın heç bir sənədi olmadığını bildirmişdir. Müstəntiq həmin silahı polietilen kisəyə qoyub bağlayıb möhürləmişdir. Kisənin üzərinə qoyulmuş kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Yaşadığı evə baxış zamanı marixuana və ov silahından başqa şübhəli heç nə aşkar olunmamışdır. Bundan sonra həmin polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən sonra müstəntiq ona, onu şübhəli şəxs qismində tutacağını və yenə də hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O da müstəntiqə etiraz etməmişdir. Həmin vaxt oraya iki nəfər tanımadığı şəxslər hal şahidi qismində dəvət edilmişdir. Bundan sonra müstəntiq onu şübhəli şəxs qismində tutmuşdur. Müstəntiq həmin hal şahidlərinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış aparmağa hazırlaşan zaman müstəntiq ona, üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. O da cibində olan özünə məxsus «Nokia» markalı sadə düyməli mobil telefonu çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Müstəntiq onun üstünü axtarmış, heç nə aşkar etməmişdir. Üstündən aşkar olunmuş mobil telefon material üçün subut əhəmiyyəti kəsb edə biləcəyini bildirib zərfə qoyub bağlayıb möhürləmişdir. Həmin zərfin üzərinə digər iştirakçılarla birlikdə o da imza etmişdir. Sonra isə müstəntiq protokol yazıb ucadan oxumış, düz yazıldığı üçün o, vəkili Musa müəllim və polis işçiləri həmin protokolu imza etmişlər. Həmçinin o, bildirmişdir ki, narkotik vasitədən arabir istifadə etmişdir, lakin narkotik vasitədən satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə pay verməmiş və satmamışdır. Onun narkotik vasitə qəbul etməsini heç kim görməmiş və bilməmişdir. Həmçinin evində gizlədib saxladığı narkotik vasitəni də xəlvət əkib yetişdirmişdir. Həyat yoldaşı həmin bitkini tanımadığı üçün yabanı bitki olduğunu zənn etmişdir. O, həmin bitkiyə xəlvət su veririb qulluq göstərib yetişdirmiş, həmçinin çətənə bitkisinin yarpaqlarını da xəlvət yığıb qurudaraq göturmüşdür. Evdə ailə üzvlərinin bundan xəbəri olmamışdır. Bundan başqa o, bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təzyiqə məruz qalmamışdır. Həmçinin o, psixi xəstəlikdən əziyyət çəkmir və psixi disponserində qeydiyyatda durmur. O, etdiyi əməlindən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcəyinə söz vermiş, islah yolunda oduğunu nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət, qohumluq əlaqəsi və düşmənçilik olmamışdır. O, Şəki ŞRPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Onun əsas vəzifəsi cinayətkarlığa qarşı mübarizə aparmaqdan, baş verə biləcək cinayətlərin qarşısını almaqdan, baş vermiş cinayətlərin açılmasını təmin etməkdən, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaqdan ibarətdir. Bildirmişdir ki, “Fəxrəddin” adlı şəxsin Şəki şəhəri ərazisində narkotik vasitələrin qəbulu, saxlaması və satışı ilə məşğul olması barədə 30 sentyabr 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri zaman müəyyən olunmuşdur ki, “Fəxrəddin” adlı şəxs xx xxxxxxx 1960-cı ildə təvəllüdlü, Şəki rayonu, Aşağı Göynük kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin əməliyyat məlumatı tərəfindən rəsmiləşdirilmişdir. Belə ki, daxil olmuş əməliyyat məlumatının yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunaraq onun cinayət başında yaxalanması məqsədi ilə Şəki ŞRPŞ-nin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi vəzifəsində işləyən Şahid3 və onun özündən ibarət əməliyyat qrupu yaradılmış və həmin qrupa rəhbərlik etmək ona həvalə edilmişdir. Qrup üzvlərinə tədbir zamanı şəraitdən asılı olaraq davranış qaydaları izah edilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyəti və yaşadığı ünvan müəyyən olunduqdan sonra həmin məlumatın yoxlanılması məqsədilə sonuncunun yaşadığı ünvana baxış keçirilməsi Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Abdulla Xəlilova həvalə edilmişdir. Həmin tarixdə saat 16:30 radələrində müstəntiq onun və sahə rəisi Şahid3la bilikdə Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən evinə getmişlər. Əvvəlcə həmin kənd və qonşu kənd sakinlərindən iki nəfər Teymur və Məhəmməd adlı şəxslər hal şahidi qismində dəvət olunmuşdur. Müstəntiq qapını döydükdə Təqsirləndirilən şəxs qapıya çıxmış, müstəntiq Fəxrəddinə özünü təqdim edib polis əməkdaşı olduğunu, narkotik vasitə qəbul etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib, həmin məlumatın yoxlanılması üçün evinə baxış keçirmək istədiyini demişdir. Müstəntiqin bu sözlərindən sonra Təqsirləndirilən şəxs bir anlıq duruxmış, sonra müstəntiqə, evində narkotik vasitə olan marixuana saxladığını etiraf edib, evinə baxış keçirməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Baxış keçirməmişdən qabaq müstəntiq Təqsirləndirilən şəxs hal şahidlərini təqdim edib onları tanıyıb tanımadığını, həmin hal şahidləri ilə qohumluq əlaqəsinin, eləcə də ədavəti və ya düşmənçiliyi olub-olmadığını soruşmuşdur. Fəxrəddin də müstəntiqə, hal şahidi qismində dəvət olunmuş Teymuru həmkəndli kimi tanıdığını, digərini isə tanımadığını həmin şəxslərlə heç bir qohumluq əlaqəsi, eləcə də ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Həmçinin müstəntiq onu və sahə rəisi Şahid3 da Fəxrəddinə təqdim edib onları nə dərəcədə tanıdığını, onlarla ədavəti və ya düşmənçiliyi olub-olmadığını soruşmuşdur. Fəxrəddin də müstəntiqə, onu tanımadığını, Vüsal Salamovu isə sahə rəisi kimi tanıdığını, onlarla heç bir ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Müstəntiq evə baxış keçiriliməmişdən qabaq Fəxrəddinə evində naroktik vasitə varsa təqdim etməsini təklif etmişdir. Fəxrəddin də etiraz etməyib onlarla birlikdə evin zirzəmisinə daxil olub zirzəmidə qoyulmuş plastik qabın içərisində gizlətdiyi sellofan torbada olan qurudulmuş bitki kütləsini təqdim edib həmin bitkinin narkotik vasitə olduğunu bildirmişdir. Baxılan zaman həmin bitki kütləsinin narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki olması müəyyən edildiyi üçün müstəntiq baxışın keçirilməsini dayandırmışdır. Fəxrəddinə hüquqlarını, o cümlədən vəkil tutmaq hüququnu izah edib Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmişdir. Fəxrəddin vəkillərdən Musa müəllimi seçdiyi üçün sonuncunu dəvət etmişlər, bir müddətdən sonra Musa müəllim gəlib çıxmışdır. Bundan sonra müstəntiq Musa müəllimi Fəxrəddinə təqdim edib, hüquqlarının müdafiə olunmasında sonuncuya etirazı olub-olmadığını soruşmuş, Fəxrəddin də Musa müəllimə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müstəntiq həmin iştirakçılarla birlikdə yenidən zirzəmiyə daxil olmuşdur. Fəxrəddin zirzəmidə olan plastik qabın içərisində gizlətdiyi sarı rəngli sellofan torbanın içərisində olan qurudulmuş şəkildə bitki kütləsini təqdim etmişdir. Müstəntiq həmin qurudulmuş bitki kütləsini torbası ilə birlikdə bağlayıb möhürləmişdir. Bağlanıb möhürlənmiş torbanın üzərinə yapışdırılmış kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra müstəntiq onun, sahə rəisi Şahid3, hal şahidlərinin, vəkilin və Fəxrəddinin iştirakı ilə zirzəmiyə, evə və həyətdəki yardımçı tikililərə baxış keçirmişdir. Baxış zamanı müstəntiq evdəki şkafdan bir ədəd 16 kalbrli təklülə ov silahı aşkar etmişdir. Müstəntiq Fəxrəddindən həmin silahın kimə məxsus olduğunu və sənədi olub-olmadığını sonruşuqda, sonuncu müstəntiqə, həmin silahın mərhum atasından miras qaldığını, lakin silahın heç bir sənədi olmadığını bildirmişdir. Müstəntiq həmin silahı polietilen kisəyə qoyub bağlayıb möhürləyib götürmüşdür. Həmin silahın qablaşdırıldığı polietilen kisənin üzərinə qoyulmuş kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra müstəntiq bu barədə protokol yazıb ucadan oxumuş, düz yazıldığı üçün həmin protokola imza etmişlər. Baxış qurtardıqdan sonra Təqsirləndirilən şəxs Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsinə gəldikdən X3 şübhəli şəxs qismində tutacağını və yenədə hal şahidlərinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O da müstəntiqə etiraz etməmişdir. Həmin vaxt müstəntiqin xidməti iş otağına iki nəfər hal şahidi dəvət olunmuşdur. Müstəntiq Fəxrəddinə həmin hal şahidlərini təqdim edib onları tanıyıb tanımadığını, həmin hal şahidləri ilə qohumluq əlaqəsinin, eləcədə ədavəti və ya düşmənçiliyi olub-olmadığını soruşmuşdur. Fəxrəddin müstəntiqə, həmin hal şahidlərini tanımadığını, həmin şəxslərlə heç bir qohumluq əlaqəsi, eləcə də ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Həmçinin müstəntiq vəkili, onu və sahə rəisi Şahid3 da Təqsirləndirilən şəxs təqdim edib onlara etirazı olub-olmadığını soruşmuş, Fəxrəddin də müstəntiqə, ona, Vüsal Salamova və vəkilə etirazı olmadığını bildirmişdir. Bundan sonra müstəntiq Fəxrəddini şübhəli şəxs qismində tutmuşdur. Həmin hal şahidlərinin, vəkilin, onun və Vüsal Salamovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərimdə şəxsi axtarış apmağa başlamışdır. Şəxsi axtarış aparılmamışdan qabaq müstəntiq Fəxrəddinə, üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Fəxrəddin cibində olan özünə məxsus «Nokia» markalı sadə düyməli mobil telefonu çıxarıb stolun üstünə qoyub üstündə başqa heç nə olmadığını bildirmişdir. Müstəntiq Fəxrəddinin üstünü axtarmış, heç nə aşkar etməmişdir. Müstəntiq, Fəxrəddinin üstündən aşkar olunmuş mobil telefonu material üçün subut əhəmiyyəti kəsb edə biləcəyini bildirib zərfə qoyub bağlayıb möhürləmişdir. Həmin zərfin üzərinə digər iştirakçılarla birlikdə oda imza etmişdir. Sonra isə müstəntiq protokol yazıb ucadan oxumuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə o da imza etmişdir. Həmçinin o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur, lakin keçirilmiş əməliyyat tədbirləri zamanı Fəxrəddinin kiməsə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin bundan başqa bir sıra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Fəxrəddinin evindən aşkar olunmuş narkotik vasitəni harada, nə vaxt və kimdən əldə etməsini hələlik dəqiq müəyyən etmək mümkün olmamışdır. Ancaq daxil olmuş əməliyyat məlumatından və Fəxrəddinin özünün deməsinə görə həmin narkotik vasitəni sonuncu, özü həyətində əkib-becərərək yetişdirdikdən sonra yarpaqlarını yığıb qurudaraq əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin İctimai Təhlükəsizlik bölməsinin polis sahə rəisi Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Hüseyn oğlu ifadəsində göstərmişdir ki, 30 sentyabr 2021-ci il tarixdə saat 16:30 radələrində yaşadığı Aşağı Göynük kəndində yerləşən evindən çıxıb kəndin mərkəzinə tərəf gedən vaxt bir nəfər ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bildirib, Şəki rayonu, Aşağı Göynük kəndində bir nəfərin evinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməsini xahiş etmişdir. O da razılaşıb həmin polis əməkdaşı ilə birlikdə tanıdığı Fəxrəddinin yaşadığı evin yanına gəlmişdir. Həmin vaxt orada polis əməkdaşları olmuş və onunla bərabər bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Orada özünü müstəntiq kimi təqdim edən şəxs ona və digər hal şahidinə qarşısında dayandığı evi göstərib həmin evə baxış keçirəcəyini bildirmişdir. Müstəntiq onların anket məlumatlarını soruşmuş, onlar da anket məlumatlarını demişlər. Sonra müstəntiq qarşısında dayandığı evin həyət qapısını bir neçə dəfə döymüş, bir neçə dəqiqə sonra həmkəndlisi kimi tanıdığı Fəxrəddin qapıya çıxmışdır. Müstəntiq Fəxrəddinə, özünü təqdim edib polis əməkdaşı olduğunu, onun narkotik vasitə qəbul etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirmiş, həmin məlumatın yoxlanılması üçün evinə baxış keçirmək istədiyini demişdir. Fəxrəddin evində narkotik vasitə saxladığını etiraf etmiş, evinə baxış keçirməsinə razılıq verib bu barədə ərizə yazmışdır. Baxış keçirməmişdən qabaq müstəntiq Fəxrəddinə onu və digər hal şahidini təqdim edib onları tanıyıb tanımadığını, onlarla qohumluq əlaqəsinin, eləcədə ədavəti və ya düşmənçiliyi olubolmadığını soruşmuşdur. Fəxrəddin müstəntiqə, onu həmkəndli kimi tanıdığını, digərini isə tanımadığını onlarla heç bir qohumluq əlaqəsi, eləcə də ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. Həmçinin müstəntiq orada olan polis əməkdaşlarını da Fəxrəddinə təqdim edib həmin polis əməkdaşları ilə ədavəti olub-olmadığını soruşmuş, Fəxrəddin müstəntiqə, həmin polis əməkdaşları ilə heç bir ədavəti və düşmənçiliyi olmadığını bildirmişdir. X3, evində naroktik vasitə varsa təqdim etməsini təklif etmişdir. Fəxrəddin də etiraz etməyib onlarla birlikdə zirzəmiyə daxil olub zirzəmidə qoyulmuş plastik qabın içərisində gizlətdiyi sellofan torbada olan qurudulmuş bitki kütləsini göstərib həmin bitkinin narkotik vasitə olduğunu bildirmişdir. Baxış zaman müstəntiq, həmin bitki kütləsinin narkotik vasitə marixuanaya oxşar bitki olmasını bildirib baxışın keçirilməsini dayandırmışdır. Fəxrəddinə vəkil tutmaq hüququnu izah edib Şəki şəhərində fəaliyyət göstərən vəkillərin siyahısını təqdim edilmiş, Fəxrəddin də vəkillərdən Musa müəllimi seçdiyi üçün bir müddətdən sonra vəkil Musa müəllim gəlib çıxmışdır. Müstəntiq Musa müəllimi Fəxrəddinə təqdim edib, Musa müəllimə etirazı olub-olmadığını soruşmuş, Fəxrəddin də Musa müəllimə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra müstəntiq həmin iştirakçılarla birlikdə yenidən zirzəmiyə daxil olmuşdur. Fəxrəddin zirzəmidə olan plastik qabın içərisində gizlətdiyi sarı rəngli sellofan torbanın içərisində olan qurudulmuş şəkildə bitki kütləsini təqdim etmişdir. Müstəntiq həmin qurudulmuş bitki kütləsini onlara göstərmiş torbası ilə birlikdə bağlayıb möhürləmişdir. Həmin torbanın üzərinə yapışdırılmış kağıza digər iştirakçılarla birlikdə o da imza etmişdir. Bundan sonra müstəntiq onların iştirakı ilə Fəxrəddinin yaşadığı evə və həyətdəki yardımçı tikililərə baxış keçirmişdir. Baxış zamanı müstəntiq evdəki şkafın içərisindən bir ədəd 16 kalbrli təklülə ov silahı aşkar etmişdir. Müstəntiq Fəxrəddindən həmin silahın kimə məxsus olduğunu və sənədi olub-olmadığını sonruşduqda, sonuncu müstəntiqə, həmin silahın mərhum atasından miras qaldığını, lakin silahın heç bir sənədi olmadığını bildirmişdir. Müstəntiq həmin silahı polietilen kisəyə qoyub bağlayıb möhürləmişdir. Həmin silahın qoyulduğu kisənin üzərinə qoyulmuş kağıza digər iştirakçılarla birlikdə oda imza etmişdir. Bundan sonra müstəntiq bu barədə protokol yazıb ucadan oxumuş, düz yazıldığı üçün həmin protokola digər iştirakçılarla birlikdə oda imza etmişdir. Daha sonra oradan çıxıb öz işinin dalınca getmişdir. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır, onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti yoxdur və olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və satışı ilə məşğul olması barədə, həmçinin evindən aşkar olunmuş narkotik vasitəni nə vaxt, harada və kimdən əldə etməsi barədə heç nə bilməmişdir. Ancaq baxış keçirilən zaman müstəntiq Fəxrəddindən həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, sonuncu bildirmişdir ki, həyətində çətənə bitkisi əkib becərib yetişdirmiş, sonra da həmin bitkinin yarpaqlarını yığıb qurudaraq özü istifadə etmək üçün evində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid4 Hüseyn oğlunun göstərdiyi xüsusatları təsdiq etmişdir İşdə olan baxış keçirilməsi və maddi subutun götürülməsi haqqında 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən evinə baxış keçirilən zaman onun yaşadığı evin zirzəmisində bir ədəd sarı rəngli sellofan torbada narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər yaşıl rəngdə bitki kütləsi və bir ədəd təklülə ov tüfəngi aşkar olunaraq qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İşdə olan məhkəmə-bioloji ekspertizanın 01 oktyabr 2021-ci il tarixli 17/723 №-li rəyindən görünür ki, təqdiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş ….» sözləri yazılmış zərfin içərisində 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisində, təmiz çəkisi – 415 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – qurudulmuş marixuanadır. Tədqiqata 0.05 qram sərf edilmiş 414.95 qram qalıq qalmışdır. Tədqiqatın dəyəri 35.97 manat təşkil edir. İşdə olan Şəki «İNVİTRO» klinikasından daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qanın Marixuana (THC) müayinəsinin nəticəsi pozitiv çxmışdır. İşdə olan Şəki şəhər İHB-nın Aşağı Göynük kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 04.10.2021-ci il tarixli, 610/1 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Aşağı Göynük kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Şəki Rayon Psixatriya Xəstəxanasından daxil olmuş 07.10.2021-ci il tarixli, 1065 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs həmin xəstəxananın dispanser müşahidəsində yoxdur. İşə əlavə edilmiş «Şəki Rayon Mərkəzi Xəstəxanası» X5 daxil olmuş 15.10.2021-ci il tarixli, 1277/1 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs «Şəki RMX» X6 narkoloji kabinetində qeydiyyatda yoxdur. İşə əlavə edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş 07.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması ilə bağlı məlumat yoxdur. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 14 oktyabr 2021-ci il tarixli, 1224 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehdiyacı yoxdur, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” 30.09.2021-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:05-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan 01.10.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin gün 18:50-də “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizanın 23 noyabr 2021-ci il tarixli, 17/816 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, hər birinin üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs həyətindən götürülmüş torpaq nümunəsi.” sözləri yazılmış 03 ədəd sellofan torbaların içərisindəki torpaq nümunələrində narkotik tərkibli çətənə bitkisinin hissəcikləri aşkar edilmədi. Təqdim olunmuş 03 ədəd torpaq nümunələrinin strukturu və münbitliyi həmin torpaqlarda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Tədqiqatın dəyəri 34.55 manat təşkil edir. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinə verilmiş əməliyyat tapşırığının 30.10.2021-ci il tarixli cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həyətində əkib becərdiyi çətənə bitkisinin yarpaqlarını yığıb qurudub özü istifadə etmək məqsədilə əldə etdiyi narkotik vasitə hesab edilən qurudulmuş marixuana yaşadığı evin zirzəmisindən aşkar olunaraq götürülmüşdür. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Təqsirləndirilən şəxs həyətində əkdiyi çətənə bitkisinin toxumlarını harada, kimlərdən əldə etməsini, həyətindən başqa kənar yerlərdə çətənə bitkisi əkib-becərməsini, onun narkotik vasitənin satışı ilə məşğul olmasını, eləcə də onun həyətində çətənə bitkisini əkib-becərməsində və evində narkotik vasitə saxlamasında qardaşı arvadının və ya digər ailə üzvlərinin, yaxud kənar şəxslərin məlumat və ya iştiraklarının olmasını, həmçinin onun qeyd olunan cinayət əməllərindən başqa digər cinayət əməlləri törətməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan marixuananın istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 05-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, 2021-ci ilin may ayında yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin kənarında qanunsuz olaraq bir ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini əkib, onlara aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya edib yetişdirmiş, həmin ilin iyul ayının ortalarında yetişmiş çətənə bitkisinin yarpaqlarını toplayıb qurudub hazırlayıb qanunsuz olaraq özü istifadə etmək üçün şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 415 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, daşıyaraq yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən evində saxlamış, 30 sentyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin gün saat 16:40 radələrində onun yaşadığı Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin zirzəmisində qoyulmuş plastik qabın içərisində qəsdən, satış məqsədi olmadan özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, daşıyaraq saxladığı bir ədəd sarı rəngli sellofan torbada 415 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu CM-nin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitəni səmimiyyətlə təqdim etməsini, təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 05 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun təqsirləndiyi maddənin sanksiyasında həbsə alternativ azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə cəzanın növünü təyin edərkən hər bir narkotik vasitənin ictimai təhlükəliliyini diqqətdən kənara qoymamaqla yanaşı, cinayətin predimeti olan qurudulmuş marixuananın daha güclü təsirə malik narkotik vasitələrdən fərqli olduğunu, cəzanın ədalətliliyi baxımından daha təhlükəli narkotik vasitə və yollarla törədilən cinayətlərin cəzalandırılmasına fərqli yanaşmanı əhəmiyyətli saymaqla, cinayətin xarakterini və ictimai təhlükəlillik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan hədd daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib ilk gündən etirafedici ifadələr verməsini nəzərə alır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edəcəkdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 29.06.2021-ci ildən 30.06.2021-ci ilədək həbsdə saxlandığı cəmi 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə günün müəyyən vaxtlarında yaşayış yerini, cəza çəkdiyi müddətdə Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs Şəki rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar olunan, tədqiqatlardan sonra xalis çəkisi 414,95 qram qalmış qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70.52 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 30.09.2021-ci il tarixdən 01.10.2021-ci il tarixədək həbsdə saxlandığı cəmi 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq iki il, on bir ay, iyirmi altı gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs iki il, on bir ay, iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 2200-dan növbəti gün saat 0700-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs «Şəki Rayon Mərkəzi Xəstəxanası» X6 Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üstündən aşkar olunan, tədqiqatlardan sonra xalis çəkisi 414,95 qram qalmış qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70.52 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İş üzrə maddi ziyanın, mülki iddianın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Cahid İmanov.
Məhkəmə qərarları › İş №1(075)-11/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-11/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver