Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-111/2022 14.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs оğlunun, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxx 1980-ci il tarixdə Şəki rayonu, Baş Kəldək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonu, Baş Kəldək kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən, qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan Zərərçəkmiş şəxs Zəyzid Meşəbəyliyinin 5 saylı dolayında olan yaş köküstə ağacları qanunsuz olaraq kəsib təbiətə xeyli miqdarda ziyan vurmaqla qanunsuz ağackəsmə cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah məqsədi ilə, qanunsuz olaraq, “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2 may 2014-cu il tarixli qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli, 321 saylı “Yaşıllıqların götürülməsi Qaydası” ilə müəyyən edilmiş əsaslar olmadan 07 avqust 2022-ci il tarixdə, saat 16:00 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs Zəyzid Meşəbəyliyinin 5 saylı dolayında meşə fonduna daxil olan hər biri 6 manat dəyərində olmaqla diametri 16 sm olan 4 ədəd, hər biri 10 manat dəyərində olmaqla diametri 24 sm olan 5 ədəd, 11 manat dəyərində olmaqla diametri 28 sm olan 1 ədəd, hər biri 15 manat dəyərində olmaqla diametri 32 sm olan 3 ədəd, 18 manat dəyərində olmaqla diametri 36 sm olan 1 ədəd, 40 manat dəyərində olmaqla diametri 48 sm olan 1 ədəd, hər biri 314 manat dəyərində olmaqla diametri 60 sm olan 2 ədəd, 446 manat dəyərində olmaqla diametri 64 sm olan 1 ədəd, cəmi 18 ədəd yaş köküstə vələs cinsindən olan ağacları və 7 manat dəyərində olmaqla diametri 20 sm olan 1 ədəd, 11 manat dəyərində olmaqla diametri 28 sm olan 1 ədəd, 15 manat dəyərində olmaqla diametri 32 sm olan 1 ədəd, cəmi 3 ədəd yaş köküstə palıd cinsindən olan ağacları kəsməklə təbiətə ümumilikdə 1295 (bir min iki yüz doxsan beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şəki rayonunun Baş Kəldək kəndində təbii qaz olmadığı üçün kənd sakinləri məişət həyatında dağdan gətirdikləri odundan istifadə edirlər. Bildirmişdir ki, 04 avqust 2022-ci il tarixdə Meşə idarəsinə müraciət etmiş, Meşə idarəsindən ona 3 kub metr quru odun doğramağa icazə verilmişdir. O, buna görə 54 manat rüsum ödəmişdir. Zəyzid dağından odun gətirmək üçün Zərərçəkmiş şəxsndən ödədiyi 54 manat rüsum əsasında ona 007066 nömrəli order verilmişdir. Həmin orderə əsasən ona 3 kub metr quru odunu 04 avqust 2022-ci il tarixdən 14 avqust 2022-ci il tarixədək olan müddət ərzində Zəyzid dağından gətirməsinə icazə verilmişdir. Göstərmişdir ki, 07 avqust 2022-ci il tarixdə, saat 11:00 radələrində 007066 saylı order əsasında bir maşın odun doğramaq məqsədilə Şəki rayonu, Baş Kəldək kəndinin Dönmə dağına getmiş, özü ilə motorlu mişar da aparmışdır. Dağa çatdıqda vələs və palıd cinsindən olan quru və kök üstə yaş ağacları görmüş, əlindəki motorlu mişarı işə salıb həmin quru və yaş ağacları yerdən təxminən 0,5 m hündürlükdən mişarla kəsməyə başlamışdır. Kəsdiyi ağacların oduncağı bütövlükdə yerində qalmışdır. 18 ədəd vələs və 3 ədəd palıd cinsindən olan kök üstə yararsız yaş ağacı kəsib yerə aşırtmış, həmin kəsdiyi ağacları mişarla odun üçün kəsməyə başladıqda X12 Nazirliyin 7 saylı Şəki Regional İdarəsinin rəisi Şahid1, meşəbəyi Nümayəndə və meşə gözətçisi Şahid2 həmin yerə gəlmişlər. Onlar ona odun doğradığı üçün irad bildirmiş, bu barədə akt tərtib edərək kəsdiyi ağacların şəkillərini çəkmişlər. Vidadi motorlu mişarı onun əlindən almış, o isə tərtib olunmuş akta imza etməyərək etirazını bildirmişdir. Bildirmişdir ki, 08 avqust 2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edib Namiq, Ağalar və Vidadi adlı şəxslərin tikinti işləri aparmaq istəmələri barədə məlumat vermişdir. O, Zərərçəkmiş şəxsndən ona verilmiş 007066 nömrəli order əsasında vələs və palıd ağaclarını kəsdiyini, kəsdiyi ağacları heç yerə apara bilmədiyini, Şahid1, Nümayəndə və Şahid2 ona kəsdiyi ağacları doğrayıb evinə aparmağa icazə vermədikləri üçün əsəbləşib DİN-in 102 xidmətinə məlumat vermiş və Şəki ŞRPŞ-nə ərizə yazmışdır. Həmçinin məhkəmə iclasında bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmir. Hesab edir ki, o, heç bir cinayət əməli törətməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Xidmətinin X16 Təsərrüfatının əməkdaşları özləri qeyd edilən ərazidə çoxlu saylı ağacları doğramış, təbiətə xeyli miqdarda zərər vurmuşlar. Bu səbəbdən onların əməli barədə DİN 102 xidmətinə məlumat vermişdir. Bundan sonra onun özünün barəsində cinayət işi başlamışlar. Ancaq onun əməlində heç bir cinayət tərkibi yoxdur. Çünki o, rüsum ödəmiş, odun doğramaq üçün icazə almışdır. Həmçinin dağda olan yaşlı qurumuş odunları kəsmişdir. Məhkəmədən onun barəsində açılmış cinayət işinə xita verilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Xidmətinin X16 Təsərrüfatı İdarəsinin cinayət məsuliyyətinə cəlb edilməsi və ona hesablanmış zərərin həmin idarədən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, Kəldək və Oraban kəndlərində qaz olmadığından əhali soyuq aylarında yalnız odun yandırmaqla istilik əldə edirlər. Bildirmişdir ki, hələ payızın əvvəllərində Meşə İdarəsinə gedərək rüsum ödəməklə odun qırmaq üçün bilet almaq istəmişdir. Lakin Meşə İdarəsinin müdiri Əkrəm müəllim maddi imkanı olmadığı üçün ondan rüsum almamış, Meşə İdarəsinin hesabına ona 1 maşın quru odun göndərtdirmişdir. Həmin odunları doğrayaraq həyətinə yığmış, bir hissəsini yandırsa da bir hissəsini sataraq çörək pulu etmişdir. Qeyd etmişdir ki, kənddə qışı çıxarmaq üçün 2 Ural maşını dolu odun kifayət edir. Ona görə də Meşə idarəsinə müraciət edərək rüsum ödəməklə odun qırmaq üçün order almışdır. Lakin idarədən ona yalnız Zəyzid dağından quru odun qırmasına icazə verilmişdir. Lakin həmin yerdən odunları maşınlar uzaq olduğu üçün 200 manata gətirirlər. Buna görə də o odunları kəndlərinə yaxın olan Dönmə dağından qırmaq qərarına gəlmiş və həmin dağa qalxaraq ağacları kəsməyə başlamışdır. Bildirmişdir ki, ümumiyyətlə ağacları həmişə istədiyi yerdən kəsmişdir. Ağacları kəsərək 0.90 metr boyu doğramışdır ki, onları daşımaq mümkün olsun. Təxminən 18-19 ağac kəsmişdir. Ağaclardan quru, partlaq, yararsız və yaş olanları da olmuşdur. Ağacları sürüyüb dağdan aşağı düşürmüşdür. Onları aşağı düşürmək üçün təxminən 15 dəfə dağa çıxıb-düşmüşdür. Lakin odunları evə aparmalarına icazə verilməmişdir. Vurulmuş ziyanlığı hazırda ödəyə bilməyəcəyini, əgər hissə-hissə ödəməsi barədə qərar verilərsə yavaş-yavaş ödəyə biləcəyini qeyd etmişdir. Ağac kəsməyin cinayət olmadığını göstərmiş,özünü təqsirli bilmədiyini, barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Zəyzid meşəbəyliyinin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərmişdir ki, 2022-ci ilin iyul ayından X16 X6 Meşəbəyliyinin sahə rəisi vəzifəsində işləyir, əsas vəzifəsi Zəyzid meşə ərazisinin mühafizəsindən ibarətdir. Bildirmişdir ki, 07 avqust 2022-ci il tarixdə Zəyzid ərazisində xidmətdə olarkən Zəyzid Meşəbəyliyinin meşə gözətçisi Şahid2 istifadəsində olan ***-***- **-** mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömərəyə zəng edərək, Kəldək kəndində motorlu mişar səsi gəldiyini demiş, o da idarə etdiyi Niva markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salaraq bir başa Kəldək kəndinə getmişdir. Kəldək kənd ərazisində yerləşən dağın aşağı hissəsinə çatanda 7 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Namiq Yusibov və meşə gözətçisi Şahid2 orada olduqlarını görmüşdür. Meşənin içərilərindən motorlu mişar səsinin gəldiyini eşitmiş, meşədə odun kəsən şəxsin kim olduğunu müəyyən etmək üçün kəndin yaşayış evlərindən dağlıq əraziyə doğru təxminən 300 metr getdikdən sonra çayın kənarında yerləşən Zəyzid Meşəbəyliyinin 5 saylı dolayında “Şamlıq meşəsi” adlanan ərazidə Baş Kəldək kənd sakini Təqsirləndirilən şəxs Niyazi oğlunun motorlu mişarla kök üstə yaş ağacları dibdən kəsərək yerə yıxdığını görmüşdür. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb motorlu mişarı dayandırmasını ondan tələb edərək, ağacları qanunsuz kəsdiyini ona izah etsələr də, sonuncu onlara məhəl qoymayaraq ona ağacları kəsməsini dayandırmasını deyəndən sonra bir ədəd vələs ağacını kəsərək yerə yıxmışdır. O, Raminə yaxınlaşıb əlində olan matorlu mişarı onun əlindən almış, daha sonra Namiq Yusibov və Şahid2la birlikdə Raminin kəsdiyi ağacları saymışdır. Ramin tərəfindən müxtəlif diametrlərdə 18 ədəd vələs və 3 ədəd palıd ağaclarının dib kökündən kəsildiyi müəyyən olunmuşdur. Həmin yerdə onlar tərəfindən akt tərtib olunmuş, kəsilən ağacların sayı və diametri barədə aktda qeydlər aparılmış, fotoşəkillər çəkilərək akta əlavə edilmişdir. Təqsirləndirilən şəxs ağacları qanunsuz kəsməməsini izah etsələr də, o, Meşə İdarəsindən aldığı icazə biletini göstərib odun kəsmək üçün ona icazə verildiyini, bunun üçün 54 manat pul ödədiyini demişdir. Onlar Təqsirləndirilən şəxs həmin orderlə ona dövlət tərəfindən ayrılmış qırma ərazisində möhürü olan ağacları kəsmək üçün icazənin verildiyini izah etmişlər. Ramin isə onlara istədiyi yerdən ağac kəsəcəyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs meşə gözətçisi Şahid2la mübahisə edərək ona hücum etmək istəsə də, onu sakitləşdirib həmin yerdən yaşadığı evə yola salmışlar. Bildirmişdir ki, səhəri gün, yəni 08 avqust 2022-ci ildə Ramin Meşə İdarəsinə gələrək motorlu mişarını geri istəmiş, onlar isə Təqsirləndirilən şəxs motorlu mişarı aktla təhvil vermişlər. Bundan sonra 08 avqust 2022-ci il tarixdə səhər saatlarında X10 komissiya yaradılmış, o da komissiyanın üzvləri ilə birlikdə Raminin vələs və palıd ağaclarını kəsdiyi yerə getmişdir. 18 ədəd vələs və 3 ədəd palıd ağaclarının dib kökündən kəsilməsi barədə Komissiya tərəfindən 57016 saylı akt tərtib edilmiş və kəsilmiş ağaclar möhürlənmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq 5 saylı dolayda 18 ədəd vələs və 3 ədəd palıd ağacları olmaqla cəmi 21 ədəd kök üstə yaş ağacları kəsməklə təbiətə 1295 manat ziyan vurması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs оğluna 5 saylı dolayın “Qoturlu” adlanan dağlıq ərazidən rəsmi qırma sahəsindən 3 kub metr odun kəsməsi üçün Mərkəz tərəfindən order verilmiş, həmin orderə görə Təqsirləndirilən şəxs 3 kub metr odunla təmin edilsə də, o, ona icazə verilməyən yerdən odun kəsmişdir. Bildirmişdir ki, o, özü, həmçinin Şahid1 və Şahid2 göstərilən ərazidə heç bir tikinti işləri aparmırlar. Onlar Ramini ağac kəsməyə qoymadıqları üçün o, yalandan DİN-in 102 xidmətinə məlumat vermişdir. Eyni zamanda göstərmişdir ki, “Həzrət-Əli” qalası dağın baş hissəsində yerləşir. Həmin yerdə əkin işləri aparılmasının mümkün deyil. Həmin əraziyə gediş-gəliş çətindir. Lakin qaladan aşağıda 4 ha düz yerdə dövlətin meşə idarəsinə məxsus əkin sahəsi yerləşir. Həmin əkin yerində meşə idarəsi tərəfindən fındıq ağacları əkilmişdir. Həmin ərazidə kənd sakinləri və Meşə İdarəsinin əməkdaşları tərəfindən traktorla ağaclar qırılmamışdır. Təqsirləndirilən şəxs müraciətində göstərdiyi xüsusatların yalan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu əməli nəticəsində təbiətə 1295 manat məbləğdə zərər dəymişdir. Məhkəmə iclasında əlavə olaraq göstərmişdir ki, Ramin payızın əvvəllərində Meşə İdarəsinə gedərək rüsum ödəməklə odun qırmaq üçün bilet almaq istəmişdir. Lakin Meşə İdarəsinin müdiri Əkrəm müəllim maddi imkanı olmadığı üçün ondan rüsum almamış, Meşə İdarəsinin hesabına ona 1 maşın quru odun göndərtdirmişdir. Ramin həmin odunların hamısını satmışdır. Bundan başqa Raminə odun qırmaq üçün order ona yalnız Zəyzid dağından quru odun qırmasına icazə verilmişdir. Lakin Ramin odunları kəndlərinə yaxın olan qadağan edilmiş ərazidən yəni Dönmə dağından qırmışdır. Dönmə dağındakı müşəlik daha çox erroziyaya uğrayan müşələlərdəndir. Buna görə də həmin ərazidən ağac kəsmək qadağandır. Həmçinin göstərmişdir ki, Ramin ona və İdarənin işçilərinə daima hədə-qorxu gəlir, işçiləri şantaj edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Onun daha sərt şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, əgər ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilərsə o dayanmayacaq, günü sabahdan yenidən istədiyi yerdən ağac kəsəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cu il tarixdən X16 X6 Meşəbəyliyinin 5-saylı dolayında gözətçi işləyir, əsas vəzifəsi meşə ərazisini qorumaqdan ibarətdir. 07 avqust 2022-ci il tarixdə saat 16:00 radələrində Kəldək kəndində çayın kənarında dayanarkən, meşəlik ərazidən drujba səsi eşitmiş, dərhal istifadəsində olan ***-***-**-** mobil nömrədən sahə rəisi Nümayəndə istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng edərək Kəldək kəndində drujba səsi gəldiyini demişdir. Bu zaman əraziyə Ekologiyanın müdiri Şahid1 gəlmiş, ona da meşədə odun kəsilməsi barədə məlumat vermişdir. Namiqlə söhbət edən zaman Vidadi idarə etdiyi Niva markalı avtomlobillə onların yanına gəlmiş, hər üçü ərazidə ağac kəsən şəxsin kim olmasını müəyyən etmək üçün kəndin yaşayış evlərindən dağlıq əraziyə doğru təxminən 300 metr getmişlər. Çayın kənarında yerləşən Zəyzid Meşəbəyliyinin 5 saylı dolayında “Şamlıq meşəsi” adlanan ərazidə Baş Kəldək kənd sakini Təqsirləndirilən şəxs Niyazi oğlunun motorlu mişarla kök üstə yaş ağacları dibdən kəsərək yerə yıxdığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb motorlu mişarı dayandırmasını ondan tələb edərək, ağacları qanunsuz kəsdiyini ona izah etsələr də, Ramin onlara məhəl qoymayaraq daha bir ədəd vələs ağacını kəsərək yerə aşırtmışdır. Nümayəndə Raminə yaxınlaşıb əlində olan matorlu mişarı onun əlindən almış, Namiq Yusibov və Nümayəndəla birlikdə Ramin Nazrovun kəsdiyi ağacları saymışlar. Ramin tərəfindən müxtəlif diametrlərdə 18 ədəd vələs və 3 ədəd palıd ağaclarının dib kökündən kəsilməsi onlar tərəfindən müəyyən olunmuşdur. Həmin yerdə Nümayəndə tərəfindən akt tərtib olunmuş, kəsilən ağacların sayı və diametri barədə aktda qeydlər aparılmış, fotoşəkillər çəkilmişdir. Onlar Təqsirləndirilən şəxs ağacları qanunsuz kəsməsini izah etsələr də, o, Meşə idarəsindən aldığı icazə biletini göstərib odun kəsmək üçün ona icazə verildiyini, bunun üçün 54 manat pul ödədiyini bildirmişdir. Raminə həmin order əsasında dövlət tərəfindən ayırılmış qırıma ərazisindən möhrü olan ağacları kəsmək üçün icazə verildiyini bildirsələr də, Təqsirləndirilən şəxs istədiyi yerdən ağac kəsəcəyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onunla mübahisə etmiş, sözlə onu hədələmişdir. Bildirmişdir ki, 08 avqust 2022-ci il tarixdə səhər saatlarında X10 komissiya yaradılmış, Komissiya üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs vələs və palıd ağaclarını kəsdiyi yerə getmişlər. 18 ədəd vələs və 3 ədəd palıd ağaclarının dib kökündən kəsilməsi barədə Komissiya tərəfindən 57016 saylı Akt tərtib edilmiş və kəsilmiş ağaclar möhürlənmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq Zəyzid meşəbəyliyinin 5 saylı dolayında 18 ədəd vələs və 3 ədəd palıd ağacları olmaqla cəmi 21 ədəd kök üstə yaş ağacların kəsməklə təbiətə1295 manat ziyan vurması müəyyən edilmişdir. Göstərmişdir ki, qeyd olunan ərazidə onlar tərəfindən hər hansı bir tikinti işləri aparılmamışdır. Həmçinin Həzərətəli qalası dağın baş hissəsində yerləşir, orada əkin işlərinin aparılmasının mümkünsüz deyil. Qaladan aşağıda 4 ha düz sahədə dövlətin meşə idarəsinə məxsus əkin yeri vardır. Həmin əkin yerində meşə idarəsi tərəfindən fındıq ağacları əkilmiş, Həzrətəli qalası adlanan ərazi qanunsuz olaraq əkilməmişdir. Kənd sakinləri və meşə idarəsinin əməkdaşları tərəfindən ağaclar traktorla qırılmamışdır. Onlar Təqsirləndirilən şəxs qanunsuz ağac kəsməsinə icazə vermədikləri üçün o, yalandan DİN-in 102 xidmətinə bu barədə məlumat vermiş və Şəki ŞRPŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq göstərmişdir ki, 2011-ci ildən meşə gözətçisi işləyir. Ramini çoxdan tanıyır, onunla eyni kənddəndir. Ramin elə həmin ildən bəri daima meşədən qanunsuz ağac kəsir. Həmçinin cibində bıçaq həmişə onu hədələyir. Deyir ki, Ağaları öldürəcəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan Zərərçəkmiş şəxs 08 avqust 2022-ci il tarixli, 57016 saylı aktından görünür ki, X16 X6 Meşəbəyliyinin 5 saylı dolayına 08 avqust 2022-ci il tarixdə keçirilmiş baxış zamanı 21 ədəd müxtəlif diametrli vələs və palıd ağaclarının kəsilməsi, həmin ağacların Şəki rayonu, Baş Kəldək kənd sakini Təqsirləndirilən şəxs Niyazi oğlu tərəfindən kəsilməsi, 21 ədəd vələs və palıd ağaclarının kəsilməsinə görə təbiətə ümumilikdə 1295 manat məbləğdə ziyan dəymişdir. (i/v. İ c. s. 17-24) İşdə olan hadisə yerinə baxış keçirilməsi barədə 12 sentyabr 2022-ci il tarixli 10268 Protokoldan görünür ki, X16 X6 Meşəbəyliyinin 5 saylı dolayında kök üstə yaş olan 18 ədəd vələs və 3 ədəd palıd ağacının kəsilməsi müəyyən edilmiş, həmin ağacların hər birinin diametri ölçülməklə qeyd edilmiş, bu barədə fotocədvəl tərtib edilib protokola əlavə edilmişdir. (i/v. İ c. s. 31-46) İşdə olan Şəki Rayon Psixiatriya Xəstəxanasından daxil olmuş 21 sentyabr 2022-ci il tarixli, 953 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Baş Kəldək kəndində yaşayan 1980-ci il təvəllüdlü Nazarov X15 Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. (i/v. İ c. s. 66) İş üzrə DİN-nin BƏSİİ-dən daxil olmuş 16 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Nazarov X15 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188, 315.1, 68.1.3, 66.3-cü maddələrinə əsasən təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə 07 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur, məhkumluğu yoxdur. (i/v. İ c. s. 67) İşdə olan Şəki şəhər İHB-nin Baş Kəldək kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli, 236 nömrəli arayışdan və 20 oktyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Nazarov X15 rayonu, Baş Kəldək kəndində qeydiyyatda olmaqla tək yaşayır, səfil həyat tərzi keçirir, kənd sakinləri arasında heç bir nüfuzu yoxdur, kəndin heç bir ictimai-siyasi həyatında iştirak etmir. (i/v. İ c. s. 98-99) İş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizanın 25 oktyabr 2022-ci il tarixli, 9/7246 №-li rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 57016 nömrəli akta əlavə edilmiş həcm-qiymət cədvəlində göstərilən Azərbaycan Respublikası ETSN-nin X16 X6 meşəbəyliyinin 5 saylı dolayında 04 ədəd d=16 sm, 05 ədəd d=24 sm, 01 ədəd d=28 sm, 03 ədəd d=32 sm, 01 ədəd d=36 sm, 01 ədəd d=48 sm, 02 ədəd d=60 sm, 01 ədəd d=64 sm olmaqla vələs cinsindən, 01 ədəd d=20 sm, 01 ədəd d=28 sm, 01 ədəd d=32 sm palıd cinsinə məxsus ağaclar olmaqla, ümumilikdə 21 ədəd kök üstə yaş ağacların kök boğaz nahiyəsindən qanunsuz kəsilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 1295 manat müəyyən edilir. Həmin ağacların ayrı-ayrılıqda diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza xərci 50 manat təşkil edir (i/v. İ c. s. 110-113) İşdə olan Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserinin 03 noyabr 2022ci il tarixli, 423 №-li məktubunda göstərilmişdir ki, Şəki rayonu, Baş Kəldək kəndində yaşayan Nazarov X7 Şəhər Rayonlararası X2 durmur. (i/v. İ c. s. 115) İşdə olan 03 noyabr 2022-ci il tarixli, 4650 nömrəli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i/v. İ c. s. 137) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs meşə fonduna daxil olan ağacları qanunsuz kəsməklə xeyli miqdarda ziyan vurmа cinаyətini törətmişdir. Belə ki, o, qəsdən, tamah məqsədi ilə, qanunsuz olaraq, “Yaşıllıqların Mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2 may 2014-cu il tarixli qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-ci il tarixli, 321 saylı “Yaşıllıqların götürülməsi Qaydası” ilə müəyyən edilmiş əsaslar olmadan 07 avqust 2022-ci il tarixdə, saat 16 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs Zəyzid Meşəbəyliyinin 5 saylı dolayında meşə fonduna daxil olan hər biri 6 manat dəyərində olmaqla diametri 16 sm olan 4 ədəd, hər biri 10 manat dəyərində olmaqla diametri 24 sm olan 5 ədəd, 11 manat dəyərində olmaqla diametri 28 sm olan 1 ədəd, hər biri 15 manat dəyərində olmaqla diametri 32 sm olan 3 ədəd, 18 manat dəyərində olmaqla diametri 36 sm olan 1 ədəd, 40 manat dəyərində olmaqla diametri 48 sm olan 1 ədəd, hər biri 314 manat dəyərində olmaqla diametri 60 sm olan 2 ədəd, 446 manat dəyərində olmaqla diametri 64 sm olan 1 ədəd, cəmi 18 ədəd yaş köküstə vələs cinsindən olan ağacları və 7 manat dəyərində olmaqla diametri 20 sm olan 1 ədəd, 11 manat dəyərində olmaqla diametri 28 sm olan 1 ədəd, 15 manat dəyərində olmaqla diametri 32 sm olan 1 ədəd, cəmi 3 ədəd yaş köküstə palıd cinsindən olan ağacları kəsməklə təbiətə ümumilikdə 1295 (bir min iki yüz doxsan beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə üzrə təqsirli bilinib cəzalandırılmalıdır. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirən, CM-nin 61-ci maddəsinə əsasən isə ağırlaşdıran halların olmamasını nəzərə alır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qənaətedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayəthüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddələrinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə araşdırması zamanı aydın oldu ki, Nazarov X15 rayonu, Baş Kəldək kəndində qeydiyyatda olmaqla tək yaşayır, səfil həyat tərzi keçirir, kənd sakinləri arasında heç bir nüfuzu yoxdur, kəndin heç bir ictimai-siyasi həyatında iştirak etmir. Həmçinin məhkəmə iclası zamanı təqsirləndirilən şəxs özünü qeyri-səmimi aparmış, ifadəsində qadağan edilmiş meşəlikdən ağac kəsməsini qeyd etsə də qeyd edilən cinayət əməli üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə bütün qeyd edilənləri təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi xarakterizə edən xüsusiyyətlər kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında azadlıqdan məhrum edilmə ilə əlaqədar cəzanın da olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Buna görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş üzrə 50 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X5, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. İş üzrə 1295 (min iki yüz doxsan beş) mаnаt mаddi ziyаnın ödənilməməsi, iş üzrə mülki iddianın, maddi sübutun və üzərinə həbs qoyulası hər hansı əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384, 385-ci maddələrinin tələblərini rəhbər tutub məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirli bilinərək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli hökm elan olunduğu tarixdən, yəni 14 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, o, məhkəmə iclas zalından dərhal həbs edilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. İş üzrə 50 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X5, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. İş üzrə 1295 (min iki yüz doxsan beş) mаnаt mаddi ziyаnın ödənilməməsi, iş üzrə mülki iddianın, maddi sübutun və üzərinə həbs qoyulası hər hansı əmlakın olmaması nəzərə alınsın. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi, təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №1(075)-111/2022
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-111/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver