Məhkəmə qərarları › İş №1(075)-12/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-12/2022

02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-12/2022 02.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X5, zərəçəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 19 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 08 fevral 2020-ci il tarixdə saat 10:30 radələrində özünə məxsus Audi Q7 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri, X21 küçəsində hərəkət edib həmin yolda işıqforda dayandıqdan sonra yaşadığı evə getmək məqsədilə sola, yəni Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsinə döndükdən sonra ünvan 2 ünvanında yerləşən “Təbəssüm” aptekin yaxınlığındakı piyada keçidində dayanıb bir neçə piyadaya yol verdikdən sonra “X22” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etmədiyinə görə, yəni hərəkətə başlama zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda qeyd olunan tələblərə əməl etməyərək idarə etdiyi avtomobili dayanıqlı yerdən hərəkətə gətirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmadan avtomobili idarə etməyə başlayaraq həmin vaxt piyada keçidində, yolun sol tərəfindən sağ tərəfinə istiqamətdə hərəkətdə olan Şəki şəhər sakini Zərərçəkmiş şəxs avtomobilin ön sol qanadı ilə vurub yerə yıxaraq müştərək travma, qapalı kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilməsi, sol-təpə gicgah paylarında kəskin beyin daxili hematoma, sol tərəfli kəskin subdural hematoma, sol təpə sümüyünün xətti sınığı, hər iki ağciyərin əzilməsi, sağ tərəfli hemiplegiya, ənsə nahiyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qançırı kimi ümumulikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı aldığı, ölümlə birbaşa səbəbli əlaqəli olan qapalı ağır kəllə beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızması nəticəsində 05 iyul 2021-ci il tarixdə ölməsi ilə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddətdir ki, Çin Xalq Respublikasında bizneslə məşğul olmuşdur. 2020-ci ilin yanvar ayında Bakıya, fevral ayının əvvəllərində isə Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə gəldikdən sonra 08 fevral 2020-ci il tarixdə səhər saat 10 radələrində özünə məxsus AUDİ Q7 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək karvansara tərəfdən evinə doğru istiqamətdə getmişdir. Evi Təbəssüm aptek ilə üzbəüz olan binada yerləşir. M.Ə.Rəsulzadə küçəsində mərkəzi poctun qarşısındakı işıqforun qırmızı işığında, yolun sol kənarında, işıqfordan təxminən yarım metr məsafədə sola dönmək üçün dönmə işığını yandırmaqla dayanmış, bir qədər gözlədikdən sonra işıqforun yaşıl işığı yanmış və öz yolu ilə sola dönmə hərəkətini etmişdir. Maşının qabaritləri iri olduğundan, o, dönmə manevrini geniş etmişdir. Bu zaman piyada keçidinə daxil olan, sağ tərəfdən bir qadının və onun arxasında bir nəfər oğlanın olmasını görmüşdür. Hər iki şəxsə yol verdikdən sonra hərəkətə başlamışdır. Önə baxmış, sol tərəfini görməmişdir. Hərəkətə başladığı an avtomobilin sol yan tərəfinə, təxminən sol yan güzgü olan hissəyə nəyinsə dəydiyini hiss etmişdir. Dərhal maşını saxlamışdır. Yaşlı bir tanımadığı kişinin avtomobilin ön sol təkərinin təxminən arxa hissəsində yerdə uzanmasını görmüşdür. Ona su vermiş, yerdən qaldırmaq istəsə də gücü çatmamış, ətrafa yığılan insanlar isə ona kömək etməmişlər. Lakin qaldıranda başından qan gəldiyini görmüşdür. Yanında kompyuter sumkası olmuşdur, sonradan sumkanı zərərçəkmiş şəxsin oğluna vermişdir. X25 məlumat vermişdir. Bir qədər keçdikdən sonra hadisə yerinə TTB avtomobili gəlmiş, Nazimin qan təziqi ölçülmüş, 270-170 olduğu müəyyən olunduqdan sonra onu xəstəxanaya aparmışlar. Təcili tibbi Yardımın həkimi zərərçəkmişi tanımış, onlarda qeydiyyatda olduğunu demişdir. O, isə hadisə yerinə gəlmiş polislərlə Şəki RMX-ya getmiş, həmin vaxt içkili olmağı yoxlanılmış və ayıq olduğu müəyyən edildikdən sonra polis şöbəsinə gedib izahat vermişdir. Avtomobili ondan alınıb bölmənin həyətində saxlanılmış və 16 gündən sonra ona qaytarılmışdır. Şöbədən çıxdıqdan sonra Şəki RMX-na getmiş və məlum olmuşdur həmin şəxs Şəki şəhər sakini Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxs həmin vaxtadək tanımamışdır. Xəstəxanada ona deyiblər ki, Zərərçəkmiş şəxs insult keçirib, tomoqrafiya olunmalıdır. O, da hesab edib ki, Zərərçəkmiş şəxs birdəfəlik Bakı şəhərinə aparsın ki, keyfiyyətli mualicə etdirə bilsin. Bu səbəbdən də Zərərçəkmiş şəxs 10 fevral 2020-ci il tarixdə TTY maşını ilə Bakı şəhərində Neyrocərrahiyə Xəstəxanasına aparmış və həmin xəstəxanada yerləşdirmişdir. Xəstəxanada demişlər ki, Zərərçəkmiş şəxs beyninə qan sızıb, əməliyyat olunmalıdır. Nazim həmin xəstəxanada əməliyyat olunmuş və 19 mart 2020-ci il tarixədək qalmışdır. Həmin müddət ərzində bütün xərcləri ödəmişdir. Şəkiyə gələndən sonra da, yəni 19 mart 2020-ci il tarixdən təxminən 2021-ci ilin may ayınadək ona hər cür maddi köməklik göstərmişdir. Təxminən 32 000 manat xərci çıxıb və bunu insanlıq naminə etmişdir. Hətta maşını da satmağa məcbur olub. Lakin sonradan maddi vəziyyətin yaxşı olmadığına görə köməklik edə bilməmişdir. Nazimin vəfat etməsini eşitmişdir. Nazim vəfat edən vaxt xəbəri olmamışdır, çünki özüdə fiziki qüsurludur, həmin zaman xəstəxanada olmuşdur. O, avtomobil ilə Nazimi vurmamış, Nazim yıxılaraq avtomobilinə dəymişdir. Bunu birinci gündən Nazimin oğluna da, polisdə izahat verəndədə bildirmişdir. Hadisə Şəki şəhərində X13 aptekə döndükdən sonra olan piyada keçidindən təxminən 2.40 metr məsafə keçdikdən sonra baş vermişdir. Nazimin hardan gəlməsini görməmişdir. Hadisədən əvvəl və hadisə zamanı avtomobilində heç bir zədə olmamışdır. Onun avtomobilində videoreqistrator olmuşdur. Lakin çəkiliş hal-hazırda yoxdur, çünki hadisədən uzun müddət keçib və o, maşını satmışdır. Təbəssüm aptekdən video çəkilişi həmin vaxt istəmiş, lakin ona çəkilişi yalnız polisə verə biləcəklərini demişlər. Bundan başqa məhkəmədə verilən suallara cavab olaraq bildirdi ki, o, piyada keçidinin qabağında dayanıb, iki nəfərə yol verdikdən sonra təxminən 7-8 metr məsafə qət edib dönməli idi. Lakin, o, avtomobili yerindən tərpədərək təxminən 5 metr getdikdən sonra, yəni piyada keçidini təxminən 2 metr 40 santimetr keçdikdən sonra hadisə baş vermişdir. Zərərçəkmiş şəxs avtomobilə dəymə anını görməmiş, yalnız yıxılmasını görmüşdür. Hadisənin baş verdiyi yerdən təxminən iki metr sonra, o, sola dönməli idi. TTY avtomobilinə yolvermək üçün öz avtomobilini hadisə yerindən kənara çəkmişdir. Şəki RMXdə Zərərçəkmiş şəxs insult olduğunu, Bakıda Neyrocərrahiyə Xəstəxanasına isə yüksək təziqdən beyninə qan sızdığını deyiblər. Qeyd etdiklərinin nəzərə alınaraq ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, hazırda işsizdir, Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs hadisədən sonra tanımış, münasibətləri normaldır. Zərərçəkmiş şəxs təqaüdçü olub, lakin əvvəllər avtobazada işləyib, yol-hərəkət qaydalarını bilib və çox sağlam insan olub. 08 fevral 2020-ci il tarixdə evdə olan zaman saat 10-11 radələrində hazırda xatırlamadığı bir nəfər şəxs zəng edib Şəki şəhərində, Təbəssüm aptekin yaxınlığında avtomobilin atasını vurmasını, təcili tibbi yardım avtomobilinin atasını Şəki RMX-na aparmağını demişdir. O, dərhal Şəki RMX-yə getmişdir. Xəstəxanada, o, atasını ağır vəziyyətdə olduğunun, danışa bilməməsinin, dişlərinin olmamasının, başının bir neçə yerdən çatlamasının şahidi olmuşdur. Atası iki gün müddətində Şəki RMX-nin Reanimasiya şöbəsində qaldıqdan sonra Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyə Xəstəxanasına aparmış və həmin xəstəxanada əməliyyat olunmuşdur. Əməliyyat təxminən 4-5 saat davam etmişdir. Atası Nazim həmin xəstəxanada 19 mart 2020-ci il tarixədək qalmış, bindan sonra isə atasının evdə yataq şəraitində müalicəsi davam etdirilmişdir. Atası yol nəqliyyat hadisəsindən sonra yataq vəziyyətində olmuş, danışıq qabiliyyətinin, hərəkət qabiliyyətini itirmişdir. Atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi maşınla vurub. Maşında kamera olub, tələb etməsinə baxmayaraq kamera görüntülərini ona təqdim etməmişlər. Evdə mualicə olunduğu vaxtda mütəmadi olaraq təcili tibbi yardımdan gəlib atasına tibbi yardım göstərmişlər. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Elxan qısa müddətdə köməklik göstərsədə, sonradan maddi cəhətdən köməklik etməmiş, hətta yasa belə gəlməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X12, məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, hadisənin şahidi olmamışdır, Şəki RMX-də xərci çıxıbsada məbləği dəqiq yadında deyil. Bakıya xəstəxanaya aparılmasının təşəbbüskarı Elxan olmuş və Neyrocərrahiyə Xəstəxanasının xərcini tamamilə Elxan ödəmişdir. Bakıda həkim deyib yaxşı olacaq, lakin atası ölənədək sərbəst hərəkət edə bilməmiş, nitq qabiliyəti bərpa olunmamışdır. Təkrar həmin xəstəxanaya müraciət etməyib, Bakıya xəstəni aparmayıb. Atasının 72-73 yaşı olsa da, hadisəyədək xəstə olmayıb, yalnız təziqi olub, hətta idman edib. Bu səbəbdən də atası özü avtomobilin üzərinə yıxıla bilməzdi. Elxan yalnız xəstəxanada olan müddətdə və evə gələndən sonra təxminən üç ay maddi köməklik göstərib, bundan sonra yardım etməkdən imtina edib. Atasının barəsində ekspertiza aparılmayıb, lakin eksqumasiya olunmasının qəti əlehinədir. Lakin 26 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 Təqsirləndirilən şəxs ilə barışdığını, vurulan ziyanın ona tam ödənildiyini, hazırda və gələcəkdə Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmayacağını bildirdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin nevropatoloqu vəzifəsində işləyir. Qəbul şöbəsində oturmur, yalnız xəstə daxil olanda onu çağırsalar daxil olmuş xəstəyə baxış keçirir. Uzun müddət keçdiyindən Zərərçəkmiş şəxs xəstəxanaya daxil olması yadında deyil. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, xəstə barədə polisə məlumat verməmişdir, çünki bu, onun vəzifə səlahiyyətlərinə aid deyil. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, MTE və PA Birliyinin Şəki şöbəsinin rəisi vəzifəsində işləyir. Hadisədən uzun müddət keçdiyindən yaxşı xatırlamır. Lakin verilən suallara cavab olaraq bildirdi ki, 10 fevral 2022-ci il tarixdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində xəstəyə baxış keçirib qohumlarının dediklərinə və tibbi sənədlər əsasında rəy vermişdir. Xəstəni narahat etməmişdir. Təlimata əsasən xəstə reanimasiyadadirsa, emosional vəziyyəti imkan vermirsə tibbi sənədlərə əsaslanaraq rəy vermək olar. Xəstə ilə danışıb-danışmadığını xatırlamır. Xəstəyə baxarkən onun vəziyyəti ağır deyildi, danışmaqda çətinlik çəkirdi, qırıq-qırıq danışırdı. Aldığı travma ilə yanaşı digər xəstəlikləri də olub. Lakin ağır vəziyyətdə olduğunu görməmiş və bilməmişdir. Həm aldığı xəsarətləri, həm də kliniki diaqnozu nəzərə almışdır. Başında və ayağında yara olub. Kəlləbeyin travmasının alması ilə bağlı ona heç bir sənəd təqdim edilməmişdir. Xəstə sonradan MRT-dən keçirilib. İkinci rəyi verərkən artıq iş materiallarında kəllə sümüyünün zədələnməsi ilə bağlı MRT sənədi var idi. Həmçinin Neyrocərrahiyyə xəstəxanasında qoyulan diaqnoz və aparılan müalicəyə istinad edərək rəy vermişdir. Birinci rəyi verərkən xəsarətləri görə bilməzdi. Çünki temoqratik əzilmə başda olan bir xəsarətdir. Xəstəliyin gedişatından asılı olaraq xəsarət yeni olanda özünü göstərmir, lakin getdikcə hemotoma artır, 1 həftəyə xəstədə ağırlaşma olur. Kəllə sınığı hətta 3 gündən sonra hiss oluna bilər. Uzun müddət keçməsinə baxmayaraq ikinci rəydə xəsarətlərin məhz hadisə zamanı yaranmasını göstərməsi Neyrocərrahiyyə xəstəxanasının sənədlərinə əsasən olmuşdur. 2ci rəy əvvəlki rəyin davamıdır, lakin nəticə ikinci rəydə verilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki o, Şəki şəhərində ev alqı-satqısı ilə məşğul olur. Şəki şəhəri, mərkəzi poçtun yanında ofisi var. Təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən sonra tanımışdır. Hadisə baş verən gün ofisin qarşısında dayanmışdır. Bu zaman Elxan idarə etdiyi maşınla gələrək sola dönmüş, zərərçəkmiş şəxs özü gəlib maşının yan tərəfinə dəyərək yıxılmışdır. O, hadisə yerinə yaxınlaşaraq zərərçəkmiş şəxsə köməklik edib. Sonra təcili tibbi yardım maşını gəlmiş və həkim xəstənin təzyiqini ölçmüşdü. Təzyiqi yüksək olduğundan təcili tibbi yardım maşını ilə zərərçəkmişi xəstəxanaya aparmışlar. Daha sonra verilən suallara cavab olaraq şahid X15 bildirdi ki, olduğu yerdən hadisə yerinə təxminən 30-35 metr məsafə olub. Elxan işıqforun yaşıl işığı yanan zaman hərəkətə başlayıb. Həmin vaxt ərazi yaşıllıq olduğundan, düşünür ki, Elxan sola dönmədən piyadanı görə bilməzdi. O, piyadanı Elxanın maşınının sol arxa qapısından dəydikdən sonra görmüşdür. Hadisə yolun ortasında baş vermişdir. Yolun kənarından maşına kimi təxminən 5-6 metr məsafə olub. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki o, Elxanla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxsi tanımırdı. Hadisə baş verən gün həmin ərazidə, binanın tinində dayanıb. Elxanın maşını yavş-yavaş hərəkətdə olub. Piyada yolu keçmək istəyərkən maşının arxa qapısına dəyib yıxılmışdır. Yaxınlaşıb ona kömək edib. Sonra təcili tibbi yardım maşını gələrək xəstənin təzyiqi yüksək olduğundan təcili tibbi yardım maşını ilə zərərçəkmişi xəstəxanaya aparıblar. Daha sonra verilən suallara cavab olaraq şahid X1 bildirdi ki, Elxan piyada keçidinin qarşısında dayanan zaman zərərçəkmiş əli ilə maşının sürücü tərəfdəki arxa qapısına toxunaraq yıxılmışdır. Piyadanı əvvəldən deyil, hadisə baş verən an görmüşdür. Zərərçəmişin başının arxası qanamış, huşu özündə olub. Hətta xəstə, təcili tibbi yardım maşınına da özü əyləşib. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisənin şahidi olmamışdır. Oğlu zərərçəkmiş şəxsin mualicəsi üçün 20000 manatdan artıq xərc cəkib. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 fevral 2020-ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən və sxemdən görünür ki, Şəki ŞRPŞİ-nin TB-nin təhqiqatçısı Aqil Cəfərov həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə əlaqədar olaraq hal şahidləri və Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi: yol-nəqliyyat hadisəsinin yeri Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsindədir. Yolun hərəkət hissəsi döngəli, örtüyün növü asfalt, örtüyün vəziyyəti normaldır, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 3 metrdir, hərəkət hissəyə birləşir sağdan binalar, soldan binalar, sonra sağdan aptek, soldan yaşayış evləri, hərəkətin nizamlanma üsulu nizamlanandır. Toqquşan nəqliyat vasitələrinin sayı 1, vurulan piyadanın sayı 1, piyadanın hadisədən əvvəlki hərəkət istiqaməti yandan, hadisə yerində nəqliyyat vasitəsinin vəziyyəti adi, şin izləri yoxdur, tormozlama izləri yoxdur. Baxış zamanı fotoçəkiliş aparılmış, hadisə yerinin sxemi tərtib edilmiş, fotoşəkillər və sxem baxış protokoluna əlavə edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 59A nömrəli 08 fevral 2020-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AC seriyalı, 506402 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. AD seriyalı, 274836 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “AUDİ Q7” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Şəki Regional Qeydiyyat-imtahan və Texniki Baxış şöbəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında yoxdur. Qətimkan tədbirinin seçilməsi barədə 27 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Zərərçəkmiş şəxs 05 iyul 2021-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2021-ci il tarixli, 261/2021 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müştərək travma, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol təpəgicgah paylarında kəskin beyin daxili hemotoma, sol tərəfli kəskin subdural hemotoma, sol təpə sümüyünün xətti sınığı, hər iki ağciyərin əzilməsi, sağ tərəfli hemiplegiya, ənsə nayiyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qancırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törəhmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı aldığı qapalı ağır kəllə-beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızma olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında bir başa səbəbli əlaqə mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 8/2499 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Audi Q7 markalı, 99NM333 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X22” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (aparılmış ekspertizanın dəyəri 100 manatdır). Şəki ŞRPŞ-nin DYPB-nin rəisi Şəhmir Uluxanov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli raportdan və DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə İBnin qərarı əsasında AP-0133458 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəki ŞRPŞ-nin DYPB-nin rəisi Şəhmir Uluxanovun xx.xx.2021-ci il tarixli qərarından və həmin tarixli raportdan görünür ki, AP-0133458 nömrəli inzibati xəta haqqında protokola xitam verilməsi haqqında qərar qəbul edilərək, mərkəzi informasiya sistemində qeydiyyat aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfinən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəki şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 31 yanvar 2022-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşayır. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017 ci il təvəllüdlü X8 adlı ovladı var. Şəki şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı binanın sakinləri tərəfindən mənzil istismar sahəsinə heç bir şikayət daxil olmamışdır. İşə məhkəmədə baxılarkən Təqsirləndirilən şəxs müdafiəçisi X10 vəsatət verərək iş üzrə əlavə yol-nəqliyyat hadisələri ekspertizası və məhkəmə tibb ekspertizasının təyin olunmasını xahiş etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 1(075)-12/2022 saylı qərarı ilə əlavə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilmiş, ekspertizaniın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Həmçinin Şəki Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli, 1(075)-12/2022 saylı qərarı ilə məhkəmə əlavə komisyon tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli, 8/1082 nömrəli ekspert rəyində göstərilmişdir ki: - Sürücü Təqsirləndirilən şəxs piyada keçidini keçməkdə olan piyadalara yol verdikden sonra keçidin üzərində hərəkətdə olan piyadaları deyil, keçidden 2,7 metr məsafədə yolu soldan sağa doğru keçməkdə olan piyadanı vurmuşdur. - Nəqliyyat vasitəsinin dayandığı yerdən hərəkətə başlaması nəzərə alınmaqla (arta təcili - hərəkət sürəti - qət olunan məsafə - sərf olunan vaxt) arasındakı asılılığı nəzərə alan nomoqrama əsasən Audi Q7 markalı avtomobil dayandığı yerdən hərəkətə başlayaraq 2,7 metr məsafəni ən tez halda 1,6 saniyəyə qət edə bilərdi. Həmin məsafənin ən gec halda qət edilmə müddəti isə sürücünün öz idarə etmə hərəkətlərindən asılıdır. - Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Audi Q7 markalı 99NM333 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X22” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Piyada yol-nəqliyyat ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən yol nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil. - Audi Q7 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs dayanmış vəziyyətdə olan avtomobili hərəkətə gətirməzdən əvvəl piyadanın qarşıda yolu soldan sağa doğru keçməkdə olması nəzərə alınmaqla sürücü Təqsirləndirilən şəxs yolu keçməkdə olan piyadanı görmək imkanına malik olmuşdur (aparılmış ekspertizanın dəyəri 85 manatdır). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 14 iyun 2022-ci il tarixli, T 355/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki: - Mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilən “müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin əzilməsi və sıxılması, sol təpə-gicgah paylarının hemorragik əzilməsi və kəskin beyindaxili hemotaması, sol təpə nahiyəsinin kəskin epidural hematoması, sol təpə sümüyünün xətti sınığı, döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, sağtərəfli hemiplegiya, ənsə nahiyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qançırı” diaqnozu tibbi kartada öz əksini tapmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 269 nömrəli qərarı ilə müəyyən edilmiş meyarlara əsasən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə mövcuddur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb təqdim edilən sənədlərə əsasən baş beyinin ağır dərəcəli əziyi, beyin qişalarına qansızma və kəllə sümüklərinin sınığı olmuşdur. - Mərhum Zərərçəkmiş şəxs ölüm şəhadətnaməsində qeyd edilmiş ölüm səbəbinin (beyin infarktı) onun barəsində verilmiş tibbi sənədlərdə göstərilən xəsarətlərlə birbaşa əlaqəsi vardır. Belə ki, kəll-beyin travmaları zamanı qansızma birinci növbədə baş beyinin qişalarında, sonra isə beyin maddəsində baş verir. Hemorragik insultlar zamanı isə əksinə, qansızma ilk növbədə beyin maddəsində, daha ağır hallarda isə baş beyin qişalarına yayılır. Həmçinin travma zamanı baş beyinə qansızmadan başqa qansızmaya müvafiq nahiyədə tüklü hissəsində dəridə və dərialtı toxumada qançır, kəllə sümüklərində sınıqlar olur. Hipertoniya eləcə də şəkərli diabet xəstəliyi zamanı belə ağırlaşmalar yaranmır. - Zərərçəkmiş şəxs adına təqdim edilmiş tibbi sənəddə “şəkərli diabet İİ tip” diaqnozu qeyd edilsə də, müayinə zamanı qanda şəkərin miqdarı norma daxilində (6,0 mmol/l) olmuşdur. - Zərərçəkmiş şəxs “qapalıağır kəllə-beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızma” iş materiallarında olan (lazımi qaydada təsdiq edilmiş) Respublika Neyrocərrahiyyə xəstəxanası tərəfindən təqdim edilmiş tibbi sənədlərə əsasən müəyyən edilmişdir, bu isə kəllənin KT müayinəsi və aparılmış cərrahi əməliyyat zamanı bir daha öz təsdiqini tapmışdır. - Meyitin məhkəmə tibbi ekspertizası aparılmadan xəsarətlərin birbaşa ölümə səbəb olmasını konkret şəkildə demək tibbi sənədlərdə qeyd edilənlər kifayət edərsə mümkündür. - Hadisədən uzun müddət keçdiyindən hal-hazırda meyitin ekskumasiyası ölümün səbəbinin konkret təyininə kömək edə bilməz. - İş materiallarında olan tibbi sənədlərə əsasən hadisədən sonra Zərərçəkmiş şəxs göstərilən tibbi tədbirlər və müalicə üsulları düzgün seçilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X12, 26 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasda ərizə təqdim edərək vurulmuş ziyanın ödənildiyini, bu səbəbdən təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və Cinayət Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə ifadəsi həqiqətə uyğun deyildir və cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsinə tənqidi yanaşır və işdə olan digər sübutlarla təkzib edildiyindən onu mötəbər sübut kimi qiymətləndirmir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X22” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X22” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 8/1082 nömrəli məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “X22” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “X22” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini (CM-nin 59.1.1-ci maddəsi); himayəsində azyaşlı uşağın olmasını (CM-nin 59.1.4-cü maddəsi); zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını (CM-in 59.1.12-ci maddəsi); cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM-nin 59.1.13-cü maddəsi); Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X12 ilə barışmış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq aradan qaldırmış və sonuncu tərəfindən ona qarşı şikayət və tələb olmamaqla yanaşı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan yüngülləşdirən hal Təqsirləndirilən şəxs vəziyyətini və cəzasını yüngülləşdirdiyindən ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə həmin Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli müəssisədə çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Audi Q7 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Audi Q7 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 185 (yüz səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə olan məhkum hökmün surəti ona verildiyi andan) 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar