Məhkəmə qərarları › İş №1(075)-12/2023

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-12/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-12/2023 06.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında 10 avqust 1969-cu ildə Göyçay rayonunda аnаdаn olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmаyаn, işsiz, Göyçay rayonun Məlikkənd kəndində qeydiyyatda olmaqla, tutulana qədər ünvan 1 ünvanında yaşamış, bаrəsində “həbs” qətimkаn tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondаn ötrü ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq, istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 12 sentyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 14:10-da Şəki rayonu, Çeşməli kəndinin yaxınlığında, magistral yolun kənarında saxlanılıb Şəki Şəhər-Rayon Polis Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibinin üstündəki balaca cibindən şəffaf sellofan bükümdə təmiz çəkisi 1,286 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə elаn olunmuş ittihаmdа özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, həyat yoldaşı və oğlu hazırda Bakı şəhərində yaşayırlar. O, da hərdən onlara baş çəkməyə gedir. Bakı şəhərində olarkən Yasamal rayonunda aşağı dairə adlanan ərazidə Anar adlı şəxsdən sellofan bükümdə narkotik vasitə olan heroin almışdır. Narkotik vasitəni aldıqdan sonra Göyçay rayonuna yaşadığı evə qayıtmış, həmin gün evdə özü narkotik vasitədən biraz istifadə etmişdir. Qalan narkotik vasitəni gələcəkdə istifadə etmək üçün şalvarının cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə günorta saatlarında gəzmək məqsədilə mikroavtobusla Şəki şəhərinə gəlmiş, şəhəri yaxşı tanımadığı üçün rayonun Çeşməli kəndi yaxınlığında avtobusdan düşmüşdür. Avtomagistral yolun kənarı ilə Şəki şəhər istiqamətində piyada gələrkən iki nəfər mülki geyimli şəxs ona saxlayaraq Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində vəklin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, videoçəkilişlə üzərində axtarış keçirilmiş, üzərindən Bakı şəhərindən aldığı narkotik vasitə aşkar olunmuşdur. Axtarış zamanı təqdim etdiyi sellofan bükümdə saxladığı narkotik vasitəni Bakı şəhəri, Yasamal rayonunda aşağı dairə adlanan ərazidə aldığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Protokol tərtib edilmiş və onlar tərəfindən imzalanmışdır. Narkotik vasitəni Bakı şəhəri Yasamal rayonunda Anar adlı şəxsdən puldan almışdır. Səhv etdiyini bilir, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir və əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qurbаnov Kənаn Kаmil oğlu ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməklə göstərmişdir ki, Şəki şəhər-rаyon Polis Şöbəsinin X1 əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. 12 sentyabr 2022-ci il tarixdə xidmətdə olan zaman əməliyyat məlumatı əsasında «Əziz» аdlı şəxsin şəxsiyyətinin müəyyən olunаrаq onun cinаyət əməlinin ifşа olunub cinаyət bаşındа yаxаlаnmаsı məqsədi ilə Şəki ŞRPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 iştirаkı ilə əməliyyаt qrupu yаrаdılmışdır. Həmin gün Təqsirləndirilən şəxs saxlanılaraq özünün rаzılığı ilə polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilməsi təhqiqatçı Natiq Əzimova həvаlə edilmiş, təhqiqatçı Natiq Əzimov öz xidməti iş otаğındа Təqsirləndirilən şəxs Şəki rаyonundа fəаliyyət göstərən vəkillərin siyаhısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyаhıdаkı vəkillərdən Müdafiəçi seçmiş, bir qədər sonrа vəkil Müdafiəçi otağa gəlmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah olunmuş, onun üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsi üçün mütəxəssis qismində Şəki ŞRPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Qiyam Səfərəliyev dəvət edildikdən sonra ona hüquq və vəzifələri izah olunaraq vəkilin, onun, Qiyam Səfərəliyevin və Şahid1 iştirаkı ilə üstünə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Şəxsi axtarış zаmаnı Təqsirləndirilən şəxs üstündəki əşyаlаrı könüllü təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli alışqanı, üzrinə Prima sözləri yazılan bir ədəd siqaret qutusunu, bir ədəd açarı, sağ yan cibinin üzərindəki balaca cibdən içərisində tünd qəhvəyi rəngli kütlə olan bir ədəd sellofan bükümü, sağ arxa cibindən 3 ədəd bir manatlıq və 1 ədəd beş manatlıq pul əskinaslarını çıxararaq masanın üzərinə qoymuşdur. Üzərində başqa hər hansı əşyanın olub-olmadığı soruşulduqda o, başqa heç nə olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu əşyaları təqdim etməsi təklif olunduqda o, həmin əşyaların ona məxsus olduğunu deyib əşyaları təqdim etmişdir. Əşyaları təqdim edən zaman o, cibindən çıxarıb masanın üstünə qoyduğu sellofan bükümü göstərib içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən həmin sellofan bükülü açıldıqda içərisində tünd qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə oxşar kütləni nə vaxt, haradan, yaxud kimdən hansı məqsədlə əldə etməsi, üzərində saxlamaqda məqsədi, başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığı barədə sual verildikdə o, həmin narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli kütlənin narkotik vasitə olduğunu və narkotik vasitəni təxminən bir həftə əvvəl Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən həmin tünd qəhvəyi rəngli kütlə zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyinə görə şəxsin özünə qaytarılmışdır. Videoçəkiliş nümayiş olunması məqsədilə dayandırılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmundа ifаdə verərək Qurbаnov Kənаn Kаmil oğlunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs оğlu Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin mаddə ilə оnа ittihаm elаn edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tаrixli, 4(075)-96/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs оğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 14 sentyabr 2022-ci il tаrixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon məhkəməsinin 1(075)-12/2023 saylı, 08 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 24 fevral 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə Göyçay rayonu Nizami küçəsində yerləşən “Müəllim” marketin qarşısında yeri müəyyən olunaraq tutulmuş və Şəki ŞRPŞ-yə gətirilərək MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 12 sentyabr 20222-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibinin üstündəki balaca cibindən içərisində narkotik vasitəyə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 17/715 nömrəli kompleks məhkəmə kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 1,286 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata sərf edildikdən sonra qalıq - 1,236 qramdır. (Ekspertiza xərci 102.12 manat təşkil edir.) İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığına əsasən, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini aldığı əvvəllər tanıdığı, Bakı şəhəri, Yasamal rayonu ərazisində təsadüfən rastlaşdığı Anar adlı şəxsin şəxsiyyətini, narkotik vasitənin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-nаrkoloji ekspertizаsının xx.xx.2022-ci il tаrixli 1543 nömrəli ekspertizа rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən dаxil olmuş tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkumluqla bağlı məlumat yoxdur. İş materiallarına əlavə edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X5 daxil olmuş xx.xx.2022-ci il tarixli 3513 nömrəli məktubda qeyd edilmişdir ki, Göyçay rayonu, Məlikkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X5 daxil olmuş xx.xx.2022-ci il tarixli 3513 nömrəli məktubda qeyd edilmişdir ki, Göyçay rayonu, Məlikkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs psixatrik kabinetdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göyçay rayonu, Məlikkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib, onları sübut növü kimi qəbul edir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir (maddə 8.0.3). Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”ndan görünür ki, heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş heroinin miqdarı 1,286 qrаm olmaqla şəxsi istehlak miqdarından artıq olduğundan onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və müəyyən edilmiş hallar tədqiq edilmiş sübutlara uyğundur. Narkotik vasitə olan heroinin istehlak miqdarından artıq miqdarda qanunsuz əldə edilməsi, saxlanması və daşınması ilə cinayət hadisəsi baş vermişdir. Cinayət hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi əməlində cinayət tərkibinin və cinayətin törədilməsinə aidiyyətinin olmasına dəlalət edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cı maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 №-li Qərarının 2ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Həmin Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Həmin Qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmişdir. Təqsirləndirilən şəxs əməli tövsif olunduğu Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əlamətlərinə uyğundur, əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsirlidir və ona törətdiyi cinayətə görə Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Cinayət əməlinə görə təyin edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi onun şəxsiyyətinə uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına xidmət etməyəcəkdir. Təqsirləndirilən şəxs barəsində Şəki Rayon Məhkəməsinin icraatında olan cinayət işi barədə məlumatlı olması, özünün faktiki olduğu yer barəsində cinayət prosesini həyata keçirən orqanı məlumatlandırmalı olduğu halda buna əməl etməməsi, daimi yaşayış yerində olmaması səbəbindən onun məhkəmə iclasına gətirilməsi, məlumatlandırlmasının mümkün olmamış və nəticədə barəsində axtarış elan edilərək tutulmuş, bu qaydada məhkəmə iclasında iştirakı təmin edilmişdir. Bütün bunları Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi səciyələndirən hal olmaqla yanaşı, onun tez-tez yaşayış yerini dəyişməsini təsdiq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin miqdarının şəxsi isteklak miqdarından dəfələrlə artıq olması, onun narkotik vasitəni haradan əldə etməsini dəqiq deməkdə səmimiyyət göstərməməsi, narkotik vasitənin qanunsuz dövrüyyəsinin qarşısının alınmasında əməkdaşlığının olmaması, bu hərəkətlərini dayandıracağını inandırıcı etmir. Bundan əlavə onun narkotik vasitə aludəçisi olub narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması sonrakı davranışları barədə fikir formalaşdırmaqla onu səciyyələndirən hallardandır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ona isnad edilən maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda sadalanan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini təmin etmək üçün belə nəticəyə gəlir ki, ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutularaq 12 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının həddini müəyyən edərkən Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halları, onun şəxsiyyətini, ibtidai istintaq və məhkəmə araşdırması zamanı səmimi davranışını, törətmiş olduğu ictimai-təhlükəli əməldən səmimi peşmançılıq çəkib etirafedici ifadələr verməsini və ailə vəziyyətini nəzərə alır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdı, cəza çəkmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, Göyçay rayon Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Şəki şəhərrаyon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra çəkisi 1,236 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 102.12 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. İş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2022-ci ildən 14 sentyabr 2022-ci il tarixədək 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla, ona təyin edilmiş 09 (doqquz) ay azdlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyiri səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı həbsə alındığı 24 fevral 2023-cü ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, Göyçay rayon Narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra xalis çəkisi 1,236 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 102,12 manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi,Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan edildiyi (məhkum Təqsirləndirilən şəxs təqdim edildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar