Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-122/2025 27.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, X6 oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, himayəsində bir az yaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, N nömrəli hərbi hissədə pasport qeydiyyatında olan, Şəki rayonu, Baş Göynük kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İrəli sürülmüş ittiham, onunla bağlı izahat və ifadələr: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, elektron məlumat daşıyıcılarından və imformasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla qanunsuz olaraq talama məqdəsi ilə xx.xx.2025-ci il tarixdə saat 08:12-də tanışı Zərərçəkmiş şəxs məxsus Şəki rayonu, Cumakənd kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs xahişinə əsasən sonuncuya məxsus, Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş 4387 **** **** 3266 nömrəli “Tam” kredit kartı ilə gündəlik bank əməliyyatlarını sadə və sürətli şəkildə aparmağa imkan verən ABB mobil tətbiqini Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefona yükləyərək həmin mobil tətbiqdən istifadə üçün parolu özü yerləşdirdikdən sonra, Zərərçəkmiş şəxs gizli olaraq həmin mobil telefon vasitəsilə imformasiya texnologiyalarından və elektron məlumat daşıyıcılarından istifadə etməklə özünün yerləşdirdiyi kod vasitəsi ilə ABB mobil tətbiqinə daxil olaraq, Azərbaycan Beynəlxal Bankı tərəfindən verilmiş, elektron məlumat daşıyıcısı hesab edilən Zərərçəkmiş şəxs məxsus 4387 **** **** 3266 nömrəli “Tam” kredit kartının hesabından 274,50 (iki yüz yetmiş dörd manat əlli qəpik) manat pulu özünün istifadəsində olan «Kapital Bank»a məxsus 41697388 3500 0617 saylı kartına köçürərək həmin məblətdə pulu elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 274,05 (iki yüz yetmiş dörd manat beş qəpik) manat maddi ziyan vurmaqla qəsdən oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2013-cü ilin yanvar ayından 2022-ci ilin avqust ayına kimi Hərbi Dəniz Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində işləmişdir. 2022-ci ilin avqust ayında xəstəliyi ilə əlaqədar xidmətdən azad edilmişdir. O, hərbi hissədə xidmət apardığı müddətdə Şəki rayonu, Cumakənd kəndində yaşayan Şahid onun tabeliyində xidmət aparan əsgəri olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Elşənlə yaxın münasibəti olmuş, bir-birinin evinə ailəvi-gedib gəlirlər. xx.xx.2025-ci il tarixdə o, tək Elşəngilə qonaq getmişdir. Evlərində olduğu müddətdə Elşənin qardaşı Asif ona demişdir ki, Azərbaycan Beynəlxalq Bankından (ABB) aldığı kredit kartı var, kartdan pul çıxaranda bilmir. O da Asifə demişdir ki, ABB bankın proqramını yükləsə, kartına daxil və xaric olan pulları görə biləcəkdir. Asif də ondan xahiş etmişdir ki, həmin proqramı onun telefonuna yükləsin. O da etiraz etməmiş, Elşəngilin yaşadıqları evdə Asifin mobil telefonunu götürüb, özünün telefonunda olan internet vasitəsi ilə ABB proqramını yükləmişdir. Həmin proqramın kodunu Asiflə birlkidə qoymuşdur. O, həmin proqramı yükləyəndən sonra Asifin kartında pul olduğunu görüb gizli yolla həmin pulu ələ keçirmək qərarına gəlmiş, ona 270 manat pul lazım olduğu üçün həmin kartdan özünün adına olan Kapital bank tərəfindən verilmiş 4169-7388-3500-0617 nömrəli kartına 270 manat pul köçürmüşdür. Sonra telefonu Asifin özünə qaytarmışdır. Bir müddət sonra Asif vəziyyəti bilib ona zəng edib demişdir ki, onun kartından 270 manat pulu özünün kartına köçürüb, onun pulunu qaytarsın. O da Asifə, pulunu qaytaracağını demiş, lakin imkanı olmadığı üçün Asifin pulunu qaytara bilməmişdir. Bundan başqa o, göstərmişdir ki, o, əvvəl etmiş olduğu oğurluq əməlini etiraf etmək istəməmişdir. Lakin sonradan başa düşmüşdür ki, etiraf edib peşimançılıq çəkmək onun xeyrinədir. Buna görə sonrakı izahatında və ifadələrində həqiqəti qeyd etmişdir. O, bundan başqa heç yerdə oğurluq və ya başqa cinayət törətməmişdir. Bununla yanaşı o, göstərmişdir ki, hərbi xidmətdə olduğu müddətdə QİDS xəstəliyinə yoluxmuş, həmin xəstəliklə bağlı 2-ci qrup əlildir. O, zərərçəkmiş şəxsə dəymiş zərərin əvəzini ödəmişdir. Sonda o, əməlindən peşman olduğunu, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu, himayəsində azyaşlı uşağı olduğunu, İİ qrup əlil olduğunu nəzərə alaraq, ona azadlıqdan məhrumetmə olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qardaşı Şahid 2016-cı ilin iyul ayında, 2018-ci ilin yanvar ayına qədər Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir. Hərbi xidmətdə olduğu müddətdə Şəki rayonu, Baş Göynük kəndində yaşayan çavuş rütbəsində xidmət etmiş Təqsirləndirilən şəxsla tanış olmuş və sonuncu ilə yaxın münasibəti yaranmışdır. Elşən hərbi xidmətdən gələndən sonra da Pərvinlə görüşmüşdür. Belə olub Pərvinlə onun ailəvi yaxın münasibəti yaranmış, birbirinin evinə qonaq getmişlər. Mahiyyəti üzrə bildirmişdir ki, o, özünə Azərbaycan Beynəlxalq Bankından (ABB) 400 manat kredit kartı almışdır ki, lazım olan alış-verişi həmin kart vasitəsi ilə aparsın. Ancaq o, kartdla alış-veriş etdikdən sonra kartda nə qədər pul qaldığını bilmirdi. xx.xx.2025-ci il tarixdə səhər Pərvin özü tək onlara qonaq gəlmişdir. Evdə birlikdə söhbət edən zaman o, Pərvinə demişdir ki, kartından pul çıxanda görə bilmir, kartından pul çıxarılanı görmək istəyir. Pərvin də ona demişdir ki, telefonuna Beynəlxalq bankın proqramını yükləyəcəkdir. O da razılaşmışdır. Pərvin ondan, evdə internet olubolmadığını soruşmuş, o da Pərvinə, evində internet olmadığını bildirmişdir. Pərvin meqabaytla intenet götürüb onun telefonuna ABB proqramı yükləmişdir. Bundan sonra o, özü bəzi alış-verişləri kart vasitəsi ilə etmişdir. Bir müddət sonra onun telefonuna SMS gəlmişdir ki, karta pul yükləyin. ABB bankdan da zəng edib demişlər ki, kartdan çıxarılan pulun faizini ödəyin. Belə olub qardaşı Elşən onun kartını bankomata salıb yoxlayanda görmuşdür ki, kartında pul yoxdur. Elşən ondan, kartında nə qədər pul olduğunu soruşanda, o, Elşənə, kartında 400 manat pul olduğunu, həmin puldan 130 manatını özü xərclədiyini, kartda 270 manat pul qalmalı olduğunu demişdir. Bundan sonra qardaşı Elşən ABB proqramı vasitəsi ilə yoxlayan zaman, həmçinin Azərbaycan Beynəlxalq Bankın Şəki filialına gəlib yoxladan zaman məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 09 radələrində onun kartında olan 270 manat pul başqa karta köçürülüb. Artıq ona məlum olmuşdur ki, həmin pulu Pərvin özü ABB proqramını yükləyəndən sonra 270 manat pulu öz kartına yükləmişdir. O, zəng edib Pərvinə bu barədə deyib, pulunu qaytarmasını tələb etmişdir. Pərvin də pulu qaytaracağını bildirsə də, bu vaxda kimi qaytarmamışdır. Sonda o, məcbur olub Pərvin barədə şikayət ərizəsi yazmışdır. Həmçinin o, göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə onun telefonuna ABB proqramı yükləyən zaman yanında heç kim olmamışdır. Pərvin Nurməmmədov həmin gün qardaşı Elşəndən borc pul istəməmişdir. Həmçinin o, özü kartını heç kimə verməmişdir. Həmçinin o, göstərmişdir ki, bir gün qabaq da Pərvin onlara gəlib getmişdir. Səhəri gün, yəni xx.xx.2025-ci il tarixdə Pərvinə demişdir ki, alış-veriş edəndən sonra kartından nə qədər pul çıxarıldığını və kartda nə qədər pul qaldığını bilmirdi. Pərvinə bu barədə demiş, Pərvin də təklif etmişdir ki, ABB proqramı yükləsin, bundan sonra kartdan pulun çıxarılmasını görəcək. O da razılşmışdır. Pərvin onun mobil telefonumdan internet götürmüş, mobil telefonuna ABB proqramı yükləmiş, sonra da həmin proqram vasitəsi ilə kartdan olan 270 manat pulu özün kartına köçürmüşdür. Pərvin onun telefonuna ABB proqramını yükləyən zaman saat təxminən 8-9 radələri olardı. Lakin onun kartından əvvəllər ondan xəbərsiz pul çıxarılmamışdır. Bundan başqa o, göstərmişdir ki, kartından 270 manat pulu Pərvin öz kartına yüklədikdən sonra onun kartında pul olmuşdur, lakin nə qədər pul qaldığını xatırlamır. Sonra həmin kartla alış-veriş etməmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. O, 2016-cı ilin iyul ayında həqiqi hərbi xidmətə getmiş, 2018-ci ilin yanvar ayının əvvəllərində hərbi xidməti başa vurub evinə gəlmişdir. O, Hərbi Dəniz Qüvvələrində xidmət etmişdir. Hərbi xidmətdə olduğu müddətdə Şəki rayonu, Baş Göynük kəndində yaşayan Təqsirləndirilən şəxs da çavuş rütbəsində xidmət etmişdir. Hərbi xidmətdə olduğu müddətdən Pərvini tanımış, onunla yaxın münasibəti yaranmışdır. Hərbi xidmətdən gələndən sonra da Pərvinlə münasibəti yaxın olmuş, bir-birinin evinə ailəvi gedib-gəlmişlər. Mahiyyəti üzrə bildirmişdir ki, qardaşı özünə Beynəlxalq bankdan 400 manat olan kredit kartı almışdır. Pərvin onun evinə qonaq gələndə qardaşı Asif ondan xahiş etmişdir ki, telefonuna ABB proqramı yükləsin. Pərvin də Asifin telefonuna ABB proqramı yükləmişdir. Bundan bir müddət keçəndən sonra Asifin telefonuna, karta pul yükləməsi üçün SMS-lər gəlməyə başlamışdır. Həmçinin bankdan zəng edib, kartdan çıxarılmış pulla bağlı borcu olduğunu demişlər. Bundan sonra Asifin kartını bankomata salıb yoxlayan zaman məlum olmuşdur ki, kartda pul yoxdur. O, Asifdən soruşmuşdur ki, kartda nə qədər pul olmalı idi? Asif də ona demişdir ki, kartda olan 400 manatdan 130 manatı özü xərcləmiş, kartda 270 manat pul olmalı idi. Baxıb görmüşlər ki, həmin kartda pul yoxdur. Pərvinin Asifin telefonuna yüklədiyi ABB proqramına daxil olub baxanda görmuşdur ki, xx.xx.2025-ci il tarixdə 270 manat pul başqa karta köçürülüb. Artıq ona məlum olmuşdur ki, həmin pulu Pərvin özü ABB proqramını yükləyəndən sonra 270 manat pulu öz kartına yükləmişdir. O, bu barədə Pərvinə deyib, tələb etmişlər ki, pulu qaytarsın. Pərvin də pulu qaytaracağını bildirib, bu vaxda kimi qaytarmamışdır. Sonda qardaşı Asif məcbur olub şikayət ərizəsi yazmışdır. Həmçinin o, göstərmişdir ki, Pərvin Nurməmmədov 270 manat pulu özünün kartına köçürən zaman qardaşı Asifin kartında sonuncunun özünün deməsinə görə 281 manat pul olmuşdur. Həmin pulun 270 manatını Pərvin öz kakrtına köçürmüşdür. Kartda 11 manat pul qalmışdır. Bundan başqa o, göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə o, evdə olmamış, qoyun növbəsində olmuşdur. Həmin gün Pərvin ondan borc pul istəməmiş və o, qardaşı Asifin kartından Pərvinin kartına pul göndərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər: Cinayət işi başlama və icraata götürülmə haqqında xx.xx.2025-ci il tarixli qərardan və zərərçəkmiş şəxsin ərizəsindən görünür ki, Cinayət işinin başlanılmasına əsas və səbəb, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını qəsdən gizli yolla talamaq məqdəsi ilə tanışı X4 məxsus Azərbaycan Beynəlxal Bankı tərəfindən verilmiş plastik kartda olan 270 manat pulunu xx.xx.2025-ci il tarixdə özünün kartına köçürməklə ələ keçirməsi barədə sonuncunun Şəki ŞRPŞ-nə ünvanladığı xx.xx.2025-ci il tarixli şikayət ərizəsi və həmin ərizə əsasında toplanmış materiallar olmuşdur. (i.v. 4-8) Hesabdan çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus kart hesabından xx.xx.2025-ci il tarixdə 274,05 manat ABB proqramı vasitəsi ilə pul köçürülmüşdür. (i.v. 10) Təqsirləndirilən şəxs təqdim etdiyi hesabdan çıxarışdan aydın olur ki, onun adına olan 416973** **** 0617 nömrəli kart hesabına xx.xx.2025-ci il tarixdə 270 manat pul daxil olmuşdur. (i.v.81) Azərbaycan Beynəlxalq Bankı ASC-nin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş anketdən məlum olur ki, 4127 2044 4760 6300 saylı plastik kartdan xx.xx.2025-ci il tarixdə Kapital Bank ASC-yə aid 4169 7388 3500 0617 saylı plastik karta 270 manat köçürülmüşdür. (i.v. 176-177) Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 28-29) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan olunmuşdur. (i.v. 49) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmasından imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan və onun barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, prokuror həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatın verilməsindən imtina etmiş, şəxs həbsdən azad olmuş, müstəntiq təqsirləndirilən şəxs barəsində başqa yerə getməmə barədə iltizam növündə qətimkan tədbiri seçmişdir. (i.v. 67-71) İttiham aktının təsdiq edilməməsi və cinayət işinin əlavə ibtidai istintaq aparılması üçün xx.xx.2025-ci il tarixdə prokurorun qərarından sonra (i.v. 131-134) Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tərəfimdən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. (i.v. 186-187) Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs infeksion və parazitarxəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəliyi İİİ kliniki mərhələdədir. (i.v. 82) Yaşayış yerindən arayışdan və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Baş Göynük kəndində yaşayır. Onun barəsində yazılı və şifahi hansısa məlumat daxil olmamışdır. Ailəlidir, xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladı vardır. (i.v.84- 86) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-də Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsilə cinayət işinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsi ilə xitam verilmişdir. (i.v. 91) Zərərçəkmiş şəxsin xx.xx.2025-ci il tarixli ərizəsindən məlum olur ki, ona dəymiş ziyan tam ödənmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. (i.v.100) Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən vəsiqə və medallardan görünür ki, o, İİ Qarabağ müharibəsi veteranıdır, “Vətən müharibəsi iştirakçısı” və “Azərbaycan ordusunun 100 illiyi yubileyi” medallarla təltif edilmişdir. Məhkəmə iclasında əsillərinə baxış keçirildi, sənədərin surətləri çıxarıldı, iş materiallarına əlavə edildi, əsilləri sahibinə geri qaytarıldı. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidin ifadələri, iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Məhkəmə, Azərbaycan Respubikası CM-in 59.1.4, 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlının olması, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş zərəri ödəməsi, həmçinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək təqsirini boynuna almasını, əməlindən peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əlil olması, Vətən mühribəsi iştirakçısı olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, qanunvericiliyin tələblərini, Avropa Məhkəməsinin tövsiyələrini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu müddət təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra Şəki rayon prokurorunun həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiəsindən imtina olunması haqqında xx.xx.2025ci il tarixli qərarı ilə tutulmadan azad edilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş başqa yerə getməmə qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Şəki şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli o, cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyəcəyi və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 11 saata görə 121 (yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəki rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 11 saata görə 121 (yüz iyirmi bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun hesabına köçürülsün. Unibank KB ASC-nin Şəki filialındakı bank rekvizitləri: Müştərinin hesab nömrəsi AZ 481UBAZ**********0090AZN001, VÖEN-**********, Unibank KB ASC -nin Şəki filialı, VÖEN: **********, Kod 502531, S.W.İ.F.T. UBAZAZ22, Müxbir Hesab: AZ46NABZ**********0********. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №1(075)-122/2025
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-122/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver