Məhkəmə qərarları › İş №1(075)-13/2022

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-13/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-13/2022 07.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1989-cu ildə Göyçay rayonu, Qarabaqqal kəndində anadan olmuş; Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, həbs olunana kimi Göyçay rayonu, Qarabaqqal kəndində yaşamış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında saxlanılarkən "X1 İntizam Qaydaları" ilə qadağan olunmuş əşya sayılan təmiz çəkisi 0,66 qram olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və 25 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində həmin təcridxananın 2-ci korpusunda yerləşən telefon otağından çıxarkən həmin otaqla üzbəüz yerləşən həkim otağının qarşısında olan Şahid3 ilə rastlaşdığı zaman üzərində gəzdirdiyi içərisində qeyd edilən narkotik vasitə olan kağız bükülünü sonuncu ilə əllə görüşərək ona verərkən müəssisə əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bildirmişdir ki, 10.02.2020-ci il tarixdən 02.09.2021-ci il tarixədək Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında saxlanılmışdır. Hazırda isə müəssisənin umumi-ağır rejimli 1-ci korpusun 3-cü mərtəbəsinin 9-cu kamerasında saxlanılır. 24 iyun 2021-ci il tarixdə təcridxanada saxlanıldığı 3-cü korpus 1-ci kamerada olduğu zaman kameranın gözlüyündən içəri tanımadığı şəxs tərəfindən kağız bükülü atılmışdır. Həmin bükülünü açdıqda bükülünün içərisində narkotik vasitənin olduğunu görmüşdür. Həmin bükülünü üzərində gizlətmişdir ki, kamera yoldaşları görməsinlər. Həmçinin kamerada tanımadığı adamlar çox olduğundan və onlarla yaxın münasibəti olmadığından fikirləşmişdir ki, özü istifadəçisi olmasa da narkotik vasitəni münasibəti yaxşı olan məhkum yoldaşları ilə rastlaşdıqda onlara versin. 25 iyun 2021-ci il tarixdə saat 12:15 radələrində təcridxanada yerləşən telefon otağından çıxıb saxlanıldığı kameraya qayıdarkən telefon otağı ilə üz-üzə yerləşən həkim otağının qarşısında gözləyən əvvəllər kamera yoldaşı olmuş Şahid3 ilə qarşılaşmışdır. Həmin vaxt üzərində gizlətdiyi içərisində qurudulmuş marixuana olan kağız bükülünü Elçinə vermək qərarına gəlmişdir. Buna görə də üzərində gizlətdiyi bükülünü dərhal əlinə götürüb Elçinlə əl-ələ verib görüşərkən bükülünü ona vermişdir. Bu zaman telefon otağına nəzarət edən nəzarətçi Şahid2 bunu görüb dərhal onlara yaxınlaşmış kağız bükülünü Şahid3 tələb etmiş və bu zaman hadisə yerinə gəlmiş əməliyyat şöbəsinin əməkdaşı Şahid1 həmin kağız bülkülünü Şahid3 əlindən aşkar edərək götürmüşdür. Aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan kağız bükülü müəssisə əməkdaşları tərəfindən onun və Şahid3, həmçinin hal şahidlərinin iştirakı ilə açılaraq ona baxış keçirilmiş və qablaşdırılaraq möhürlənmişdir. Həmçinin bu barədə protokol tərtib edilmiş və protokolla tanış olaraq doğruluğunu imzasıyla təsdiqləmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq olunmuş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, axtarış-baxış protokolu, maddi sübutların götürülməsi, ekspertiza rəyi və eləcə də işin bir-birini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş və 27.02.2020-ci il tarixdən 08.10.2021-ci il tarixədək Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında saxlanılmışdır. 03 oktyabr 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinin hökmünə əsasən 7 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkmiş hesab olunaraq məhkəmə zalından azad olunmuşdur. Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxansında həbsdə saxlanılarkən 25 iyun 2021-ci il tarixdə saat 12:15 radələrində saxlanıldığı 2-ci korpusun 3-cü kamerasından təcridxanada yerləşən həkim otağına “Covid 19” virusuna qarşı peyvənd olunmaq üçün gətirilmişdir. Həkim otağının qarşısında gözləyərkən həkim otağı ilə üz-üzə yerləşən telefon otağından çıxan, əvvəllər onunla eyni kamerada saxlanılmış Təqsirləndirilən şəxs ilə qarşılaşmışdır. Bu zaman Nicat görüşmək üçün əlini ona tərəf uzatmış, o, da Nicatın salamını qəbul etmək üçün onun əlindən tutmuşdur. Həmin vaxtı Nicatın ona nəyinsə vermək istədiyini hiss etmişdir. Elə bu vaxt bunu kənardan görən telefon otağına nəzarət edən Şahid2 adlı nəzarətçi dərhal onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs ona verdiyi əşyanı tələb etmişdir. O da Nicatın verdiyi əşyanın nə olduğunu bilmək üçün əlindəki əşyaya baxmış və Nicatın ona verdiyi əşyanın kağız bükülü olduğunu bilmişdir. Həmin vaxtı onlara yaxınlaşan müəssisənin əməliyyat şöbəsinin əməkdaşı Şahid1 bükülünü ondan götürmüşdür. Sonradan müəssisənin əməliyyat şöbəsinin əməkdaşları, hal şahidlərinin və onların iştirakı ilə aşkar edilərək götürülmüş kağız bükülü açıldıqda orada narkotik vasitəyə bənzər maddənin olduğunu görmüşdür. Bununla bağlı müəssisə əməkdaşları müvafiq protokol tərtib etmiş və o, da protokolla tanış olub doğruluğunu imzası ilə təsdiqləmişdir. Həmçinin aşkar edilərək götürülmüş maddə qablaşdırılaraq "Zərflər üçün" möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki Penitensıar müəssisəsinin əməliyyat şöbəsinin böyük inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs hazırda Şəki Penitensıar müəssisəsində cəza çəkən şəxs kimi, Şahid3 isə 27.02.2020-ci il tarixdən 08.10.2021-ci il tarixədək Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında həbsdə saxlanılmış şəxs kimi tanıyır. Belə ki, Şahid3 məhkəmənin 08.10.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş və həmin tarixdən həbsdən azad edilmişdir. Onlarla qohumluğu, qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. 25 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində müəssisənin İstintaq təcridxanasında olduğu zaman telefon otağına nəzarət edən nəzarətçi Şahid2 ona məlumat verərək bildirmişdir ki, telefon otağından çıxan təcridxananın 3-cü korpusunun 1ci kamerasında saxlanılan Təqsirləndirilən şəxsla həkim otağına gətirilmiş təcridxananın 2ci korpusunun 3-cü kamerasında saxlanılan Şahid3 görüşərkən Nicatın bir ədəd kağız bükülünü Elçinə verdiyini görmüşdür. Odur ki, o da dərhal Şahid3 yaxınlaşıb onun əlində olan kağız bükülünü götürmüş və müəssiənin digər əməkdaşlarının, hal şahidlərinin, o cümlədən Təqsirləndirilən şəxs və Şahid3 iştirakı ilə həmin bükülünü açaraq ona baxış keçirmişlər. Baxış zamanı bükülüdə bir ədəd şəffaf sellefona bükülmüş narkotik vasitəyə bənzər maddənin olması məlum olmuşdur. Faktla bağlı müvafiq protokol tərtib etmiş və tədbir iştirakçıları tanış olub doğruluğunu imzaları ilə təsdiqləmişlər. Həmçinin aşkar edilərək götürülmüş maddə ekspertizaya təqdim edilmiş və ekspert arayışından həmin maddənin 0.66 qram narkotik vasitə olan qurudulmuş marixuananın olması məlum olmuşdur. Odur ki, faktla bağlı materiala hüquqi qiymət verilməsi üçün Şəki ŞRPŞ-nə göndərilmişdir. Şahid1 ifadəsində həmçinin onu da göstərmişdir ki, Təqsirləndirilən şəxs təcridxananın 3-cü korpusunda, Şahid3 isə 2-ci korpusda saxlanılır. Təcridxanada saxlanılan şəxslərin telefon otağına gətirilmələri onların istəyi ilə deyil növbəyə uyğun olaraq, həmçinin hər bir kamerada saxlanılan şəxslər digər kameralarda saxlanılan şəxslərdən ayrılıqda nəzarətçilər tərəfindən həyata keçirilir. Buna görə də Nicatın Elçinlə görüşməyi əvvəlcədən planlaşdırması mümkün deyildir və onların qarşılaşması təsadüf olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki Penitensiar müəssisəsinin əməkdaşları Şahid4, Şahid2 və Şahid5 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İş üzrə təyin edilmiş məhkəmə bioaloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 17/691 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş maddənin - təmiz çəkisi ilkin tədqiqat zamanı 0,66 qram, hazırki tədqiqat zamanı isə 0,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananın olduğu müəyyənləşdirilmişdir. Hazırkı tədqiqat zamanı marixuananın təmiz çəkis olan 0,64 qramdan 0,02 qramı tədqiqata sərf edilmiş, 0.62 qramı qalıq qalmışdır. Qalıq qalmış narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Şəki ŞRPŞ-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş "X1 İntizam Qaydalarına 1-ci əlavəyə görə narkotik vasitələrin istintaq təcridxanalarında saxlanılan şəxslərə saxlanılması, gəzdirilməsi, daşınması qadağan olunmuş əşyadır. İşdə olan istintaq zamanı iş üzrə alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmünə əsasən CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli 08 fevral 2020-ci il tarixindən hesablanmışdır. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25.08.2021-ci il tarixli, 1(107)-94/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi X5 Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmündən vermiş olduğu şikayət təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, Şəki ŞRPŞ-də müvafiq araşdırma aparılmış və Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilərək toplanmış mötəbər sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Məhkəmə məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlini səmimi olaraq etiraf etməsini, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun təqsirini boynuna almaqla peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi, həmçinin əməlində ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs hal-hazırda törətmiş olduğu cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Buna görə də onun əməli hazırda törətmiş olduğu cinayətə münasibətdə residiv kimi nəzərə alınmamalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. İş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda təqsirlədirildiyi cinayət əməlini 25 iyun 2021-ci il tarixdə saat 12:45 radələrində törətmişdir. Lakin CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmü isə 25.08.2021-ci il tarixdə qüvvəyə minmişdir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçisi X5 Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli hökmündən şikayət vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25.08.2021-ci il tarixli, 1(107)-94/2021 saylı qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü baxılmış şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs 25 iyun 2021-ci il tarixdə CM-nin 317- 2.1-ci maddəsi ilə cinayət əməli törədərkən onun birinci iş üzrə yəni Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü hələ qanuni qüvvəsini almamış olmuş, həmin hökm öz qanuni qüvvəsini 25.08.2021-ci il tarixdə almışdır. Buna görə də yuxarıda şərh olunanlar nəzərə alınmaqla Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 25.08.2021-ci il tarixli qərarı ilə ona münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmış Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla onun üzərində qəti cəza müəyyən edilməli və cəzasının əvvəli 08 fevral 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmış, tədqiqatdan sonra qalıq qalmış 0,62 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ-41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməlidir. Maddi sübutla bağlı hökmün icrası Şəki rayon icra şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddianın, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cazasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 25.08.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş 4 ay müddətə azadlıqdan məhrum etmə cazası ilə qismən toplanılmaqla onun üzərində qəti olaraq doqquz il doqquz ay müddətə azadlıqdan məhrum etmə cazası saxlanılsın. Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin 25.08.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şəki Ağır Cinayətlər Məhkəməsinin 19.11.2020-ci il tarixli, 1(091)-121/2020 saylı hökmü ilə təyin edilmiş 9 il, 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 08 fevral 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli çəzaçəkmə müəssisələrində çəksin. İş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şəki ŞRPŞ-nə təhvil verilmış, tədqiqatdan sonra qalıq qalmış 0,62 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan 35,97 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X2, kod 210005, VÖİN **********, müxbir hesab AZ- 41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülsün. Maddi sübutla bağlı hökmün icrası Şəki rayon icra şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın, maddi ziyanın və üzərinə həbs qoyulası əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar