Məhkəmə qərarları › İş №1(075)-135/2025

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-135/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-135/2025 12.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Məmmədli Nurhan İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəki rayonu, Qayabaşı kəndində pasport qeydiyyatında olmaqla, həmin kənddə yaşayan, barəsində polisin nəzaroti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, traktor kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan traktoru qoşqusu ilə birgə idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi cinayət əməlini törətmişdir. Belə ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1- ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, 13 iyun 2025-ci il il tarixdə, saat 19 radələrində traktor kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “YUMZ 6L” markalı, 48 Az-T-063 dövlət qeydiyyat nişanlı traktor və traktorun qoşqusuna yığılan 150 ədəd saman tayı ilə Şəki rayonu, Qayabaşı kəndi ərazisində yerləşən əkin sahəsindən Şəki rayonu, Qayabaşı kəndi istiqamətində saatda 10 km sürətlə hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq traktoru təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli və traktoru yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməyərək, əli ötürücülər qutusuna dəydikdən sonra idarə etməni itirdiyindən traktor qoşqu ilə birlikdə yolun sol kənarına aşmış, nəticədə idarə etdiyi traktorun qoşqusuna yığılan saman taylarının üstündə olan sərnişin Zərərçəkmiş şəxs yıxılaraq sol topuq oynağının yumşaq toxumalarının əzilməsi, topuq bağlarının gərilməsi, aşıq sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla, traktor kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan traktoru qoşqusu ilə birgə idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Məcic oğlu həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Belə ki, iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, özünə məxsus “YUMZ- 6 L” markalı, 48 AZ-T-063 dövlət qeydiyyat nişanlı traktoru ilə kənd sakinlərinin yüklərini daşıyıb, əldə etdiyi qazancla ailəsini dolandırmışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində həmkəndlisi Şahid1 ona zəng edib yaşadıqları kəndin ərazisində sahədən saman tayları gətirmələrini bildirdiyi üçün razılaşmışdır. Tapdıq ona yaşadıqları kənddə yerləşən Məmmədin çayxanasının yaxınlığında olduğunu bildirdiyi üçün idarə etdiyi traktorla həmin əraziyə getmişdir. Orada Tapdıqla görüşmüşdür. Tapdığın yanında həmin vaxt digər həmkəndliləri Hünər və Elşən də olmuşdur. Tapdıq, Elşən və Hünər saman taylarını yığmaq üçün götürdükləri yabaları traktorunun qoşqusuna qoyub traktorun kabinəsinə minmişlər. Bundan sonra saman tayaları bağlanmış sahəyə getmişlər. Tapdıq və Hünər sahədən saman taylarını traktorun qoşqu hissəsinə qoymuşlar. Elşən isə həmin tayları qoşquda üst-üstə yığmışdır. Saman taylarını yığıb qurtarandan sonra Elşənə yığdığı saman taylarının üstündən düşməsini bir neçə dəfə desə də, Elşən traktorun qoşqusundan düşməmişdir. Tapdıq və Hünər isə traktorun kabinəsinə əyləşmişlər. Bundan sonra traktoru işə salıb hərəkətə başlamışdır. Bir qədər hərəkət edəndən sonra əli ötürücülər qutusuna dəydiyi və yol eniş olduğu üçün traktor yellənmişdir. İdarə etməni itirdiyinə görə əvvəlcə traktorun qoşqusu, sonra isə traktorun özü aşmışdır. Elşən də qoşqu aşdığına görə saman tayının üstündən yerə yıxılmışdır. Tapdıq və Hünərlə traktorun kabinəsindən çıxıb Elşənin yanına getmişlər. Elşənin sol ayağında ağrılar olduğuna və yeriməkdə çətinlik çəkdiyinə görə onu sahədən keçən hazırda xatırlamadığı Mersedes markalı avtomobilə mindirib evlərinə, sonra isə ailə üzvüləri onu xəstəxanaya aparmışlar. Hadisədən əvvəl traktoru saatda 5 km sürətlə idarə etmişdir. Həmin vaxt hərəkət yolunda hər hansı bir avtomobil və ya digər maneə olmamışdır. Hadisə zamanı yanında Tapdıq, Elşən və Hünər olmuşdur. Ətrafda heç kim olmamışdır. Əli ötürücülər qutusuna dəyəndən sonra traktor enişdə yellənən anda dərhal əl tormozunu çəkib mühərriki söndürmüşdür. Bu zaman traktor sol yanı üstə aşmışdır. İdarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyətdə olmuş, sükanı və tormozu normal vəziyyətdə işləmişdir. Hadisə zamanı spirtli içki içməmiş, tam ayıq vəziyyətdə olmuşdur. O, daha sonra ifadəsində hadisə zamanı diqqətinin daima yolda olduğunu, diqqətini heç bir halın yayındırmadığını, hadisə baş verən zaman sükan arxasında yuxulamadığmı, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olsa da, traktor idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 13 iyun 2025- ci il tarixdə həmkəndlisi Məmməd ona yaşadıqları Qayabaşı kəndi ərazisində 150 ədəd saman tayları bağlatdığını və həmin saman taylarını əkin sahəsindən yığıb həyətinə gətirməsini xahiş etmişdir. Məmmədlə qiymətdə razılaşdığı üçün həmkəndlisi Tapdıq və Hünərlə danışıb iş olduğunu bildirmişdir. Tapdıqda saman taylarını gətirmək üçün traktor sürücüsü Təqsirləndirilən şəxs zəng etmişdir. İlqar razılaşdığı üçün onunla yaşadıqları kəndə yerləşən Məmmədin çayxanasının yaxınlığında görüşüb, İlqarın idarə etdiyi “YUMZ-6 L” markalı, 48 AZ-T-063 dövlət qeydiyyat nişanlı traktorla Məmmədin saman tayaları bağlatdığı sahəyə getmişlər. Tapdıq və Hünər sahədən saman taylarını traktorun qoşqu hissəsinə qoymuşlar. Özü də həmin tayları qoşquda üst-üstə yığmışdır. Saman taylarını yığıb qurtarandan sonra İlqar ona traktordan düşməsini desə də, qoşquya yığdığı tayların üstündən düşməmişdir. Tapdıq və Hünər isə traktorun kabinəsinə əyləşmişlər. İlqar traktoru işə salıb hərəkətə başlamışdır. Bir qədər hərəkət edəndən sonra yolun eniş hissəsində traktor yellənməyə başlamışdır. Traktorun aşmasını görəndə özünü saman taylarının üstündən yerə atmışdır. Az sonra traktorda aşmışdır. Sonra İlqar, Tapdıq və Hünər traktorun kabinəsindən çıxıb yanına gəlmişlər. Sol ayağının topuq hissəsində ağrılar olmuşdur. Yerimək istəyəndə yeriyə bilməmiş və ayağındakı ağrılar bir qədər də artmışdır. Sonra xatırlamadığı əkin sahəsindən gələn kənd sakini ayağından xəsarət aldığını görüb onu sahədən evlərinə aparmış, sonra özü xəstəxanaya getmişdir. İlqarın traktorundan yıxılıb xəsarət alsa da ondan heç bir şikayəti və tələbi yoxdur. Hadisədən əvvəl İlqar traktoru aşağı sürətlə idarə etmişdir. Konkret hansı sürətlə idarə etdiyini bilməmişdir. Hadisədən əvvəl hərəkət yollarında hər hansı bir avtomobil və ya digər maneə olmamışdır. Hadisə zamanı yanında İlqar, Tapdıq, Hünər olmuşdur. Ətrafda isə heç kim olmamışdır. Traktorun qoşqusuna yığılan saman tayının üstündə olduğu üçün İlqarın hadisə zamanı tormoz verib-vermədiyini bilməmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 13 iyun 2025-ei il tarixdə həmkəndlisi Şahid1 ona zəng edərək həmkəndliləri Məmmədin sahədə bağlatdıqları saman taylarını gətirməyi təklif etmişdir. Razılaşdığı üçün Tapdıq saman taylarını gətirmək üçün traktor sürücüsü Təqsirləndirilən şəxs zəng etmişdir. İlqar da razılaşdığı üçün yaşadıqları kənddə yerləşən Məmmədin çayxanasının yaxınlığında İlqar və Elşənlə görüşmüşlər. Bundan sonra Tapdıq və Elşənlə birlikdə İlqarın idarə etdiyi “YUMZ-6 L” markalı, 48 AZ-T-063 dövlət qeydiyyat nişanlı traktorla Məmmədin saman tayaları bağlatdığı sahəyə getmişlər. Tapdıqla sahədə bağlanmış saman taylarını traktorun qoşqu hissəsinə qoymuşlar. Elşən isə həmin taylarını qoşquda üst-üstə yığmışdır. Saman taylarını yığıb qurtarandan sonra İlqar Elşənə tayların üstündən düşməsini demişdir. Elşən isə traktorun qoşqusuna yığılan saman taylarının üstündən düşməmiş, İlqara narahat olmamasını traktoru sürməsini demişdir. Həmin vaxt özü Tapdıqla traktorun kabinəsinə əyləşmişlər. Bundan sonra İlqar traktoru işə salıb hərəkətə başlamışdır. Bir qədər hərəkət edəndən sonra yolun eniş hissəsində traktor yellənməyə başlamışdır. Əvvəlcə traktorun qoşqusu aşmışdır.Qoşqu aşdığına görə sonra traktorda yan üstə aşmışdır. Elşən də traktorun qoşqusuna yığılan saman taylarının üstündə olduğu üçün traktorun qoşqusundan yerə yıxılmışdır. Edşən yerə yıxıldığı üçün sol ayağından xəsarət almışdır. Yeriməkdə çətinlik çəkdiyi üçün onu sonradan yanlarına gələn xatırlamadığı kənd sakininin Mersedes markalı avtomobilinə mindirib evlərinə yola salmışlar. İlqar traktoru hadisədən əvvəl təxminən 5-10 km/saat sürətlə idarə etmişdir.Hadisə zamanı yanlarında İlqar, Elşən, Tapdıq olmuşdur, ətrafda heç kim olmamışdır. Hadisə anidən baş verdiyi üçün İlqar tormoz verə bilməmiş və traktor aşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunda ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 19 radələrində Şəki rayonu, Qayabaşı kəndi ərazisində xidmət aparan zaman ona Qayabaşı kəndi ərazisində “YUMZ6 L” maraklı, 48- T-063 dövlət qeydiyyat nişanlı traktorun sürücüsünün əkin sahələrindən saman tayı gətirən zaman traktorun aşması və bir şəxsin ayağından xəsarət alması barədə məlumat daxil olmuşdur. O, həmin məlumatda göstərilən əkin sahəsinə getmiş və əkin sahəsindən Qayabaşına gələn yolun kənarına saman taylarının, həmçinin yerə mühərrik yağının dağıldığını görmüşdür. Hadisə yerində heç kim yox idi. O cümlədən, qəza törətmiş traktor da, hadisə yerindən götürülmüşdü. Bundan sonra o, Sarıca PB-nə gedib 48 AZ-T-063 dövlət qeydiyyat nişanlı traktorun sürücüsünün yol nəqliyyat hadisəsi törətməsi və bir şəxsin xəsarət alması barədə bölmə rəhbərliyinə raportla müraciət etmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Onunla heç bir münasibəti, o cümlədən, ədavət və düşmənlikləri olmayıb. O, yol nəqliyyat hadisəsindən sonra yol nəqliyyat hadisəsini törədən traktor sürücüsünün Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş: - Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi barədə xx.xx.2025ci il tarixli qərardan görünür ki, Şəki şəhər-rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis mayoru X1 tərəfindən HK-1/180 nömrəli material üzrə 10 sentyabr 2025ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan ləğv edilərək material üzrə fakta görə Azərbaycan Respublikası CMnin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in Şəki rayon şöbəsinin 16 iyun 2025-ci il tarixli, 191 nömrəli ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol topuq oynağının yumşaq toxumalarının əzilməsi, topuq bağlarının gərilməsi, aşıq sümüyünün sınığlı qərarda qeyd edilən xx.xx.2025-ci il tarixində traktor qəzası zamanı gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Fizuli-Qubadlı Qornizonu Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 243-cü maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, təyin olunmuş cəza AR Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarının 1-6 maddəsinə əsasən cəzadan azad edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 avqust 2025-ci il tarixli, 8/1637 nömrəli yol-nəqliyyat hadisələri ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “YUMZ 6L” markalı 48- T-063 dövlət qeydiyyat nişanlı trantorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Şəki şəhər İHB-nin “Qayabaşı” kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 192 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatdadır, hal-hazırda həmin ünvanda yaşayır. - ünvan 2 ki, Təqsirləndirilən şəxs Şəki rayonu Qayabaşı kəndində qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. - Şəki rayonu, Qayabaşı kəndi ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, ondan heç bir şikayət və tələbi yoxdur. - Təqsirləndirilən şəxs tərəfindən Şəki ŞRPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Tural Məmişova ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi traktorun aşması nəticəsində həmkəndlisi Zərərçəkmiş şəxs xəsarət almışdır. Onun müayinə və müalicə xərclərini ödəyib onunla barışmışdır. Zərərçəkmiş şəxs ondan heç bir tələbi və şikayəti yoxdur. Barəsində olan cinayət işinə bəraət verici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. - Şəki rayon Psixiatriya xəstəxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli, 878 nömrəli məktubdan görünür ki, Şəki rayonu, Qayabaşı kəndində pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - X5 İnkişaf Mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-22-3-55/2-116/2025 saylı məktubdan görünür ki, AİS “TEXNAZ” sistemindən əldə olunmuş məlumatlarda 48-T- 063 dövlət qeydiyyat nişanlı, YUMZ 6L markalı traktorun xx.xx.2001-ci il tarixdə Oğuz rayonu Xaçmazqışlaq kənd sakini Lətifov Əsabəli bəxtiyar oğlunun adına qeydiyyata alındığı, Şəki rayonu Qayabaşı kənd sakini Təqsirləndirilən şəxs isə traktor idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı müəyyən olunmuşdur. - “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 18- 1-71/2-1640/2025 saylı məktubdan görünür ki, Şəki rayonu, Qayabaşı kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Poliklinika şöbəsinin Narkoloji kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdur. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan olunması qərara alınmışdır. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə CM-nin 263-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə obyektiv qiymət verməklə belə hesab edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1- ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, 13 iyun 2025-ci il il tarixdə, saat 19 radələrində traktor kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və ayıq vəziyyətdə olmaqla idarə etdiyi “YUMZ 6L” markalı, 48 Az- T-063 dövlət qeydiyyat nişanlı traktor və traktorun qoşqusuna yığılan 150 ədəd saman tayı ilə Şəki rayonu, Qayabaşı kəndi ərazisində yerləşən əkin sahəsindən Şəki rayonu, Qayabaşı kəndi istiqamətində saatda 10 km sürətlə hərəkətdə olan zaman, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və traktorun idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq traktoru təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli və traktoru yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməyərək, əli ötürücülər qutusuna dəydikdən sonra idarə etməni itirdiyindən traktor qoşqu ilə birlikdə yolun sol kənarına aşmış, nəticədə idarə etdiyi traktorun qoşqusuna yığılan saman taylarının üstündə olan sərnişin Zərərçəkmiş şəxs yıxılaraq sol topuq oynağının yumşaq toxumalarının əzilməsi, topuq bağlarının gərilməsi, aşıq sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla, traktor kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan traktoru qoşqusu ilə birgə idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, məhkəmə və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələblərə cinayətkarcasına özünəgüvənmə göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün hadisə baş vermiş və baş vermiş hadisə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini CM-nin 59.1.1, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi, CMnin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərər çəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərər çəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 43-cü maddəsinin mənasına görə cinayət törətməkdə təqsirli bilinən şəxslərə əsas və əlavə cəza təyin edilə bilər və bu cəzalar cəzanın məqsədini vəhdətdə təmin edir. Həmçinin, qeyd edilən qərarda göstərilmişdir ki, əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirlən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzanın tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. İş materiallarından və məhkəmə baxışında təqsirləndirilən şəxsin ailədə pis münasibətləri müəyyən edilməmişdir. Yaşadığı yerdə özünü yaxşı tərəfdən göstərmiş və müsbət xarakterizə olunmuşdur. İstintaq orqanı da həmin halları təqsirləndirilən şəxsi səciyyələndirən hallar kimi qeyd etmiş, cəzasını ağırlaşdıran halın olmadığını göstərmişdir. CM-nin 9.2-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında, üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir) tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almaqla, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət qanunu sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə iş üzrə cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışını, ailə vəziyyətini, təyin ediləcək cəzanın onun ailə şəraitinə təsirini və sair bu kimi halları cəza təyini zamanı nəzərə alır. CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqandan gizlənməməsini, məhkəmə baxışının normal gedişinə mane olmamasını, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına vaxtında gəlməsini və məhkəmə hökmünün icra edilməsinə maneə törətməməsini nəzərə alaraq onun barəsində istintaq orqanı tərəfindən seçilmiş polisin nəzarəti altınavermə qətimkan tədbirinin hökm icraya yönəldilənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul ondan alınaraq dövlət büdcəsinə keçirilməli, polisin nəzarəti altınavermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altınavermə haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Hesab AZ34CTRE********************, SAP (XİİS) hesabı, adı Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar