Məhkəmə qərarları › İş №1(075)-16/2024

Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-16/2024

15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-16/2024 15.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qəsdən, tamah və sair şəxsi niyyətlə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə, vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 4550 (dörd min beş yüz əlli) manat pul müqabilində sonuncunun qızı X8 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Qəbul şöbəsində işə düzəlməsinə köməklik göstərəcəyinə dair uydurma və yalan vədlər verib onu inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək vahid niyyətlə Zərərçəkmiş şəxs 18 iyun 2023-cü il tarixdə, saat 18 radələrində Şəki şəhəri, Oğuz yolu küçəsində yerləşən “Üç palma” kafesində 50 (əlli) manat, 20 iyun 2023-cü il tarixdə, saat 15:30 radələrində Şəki şəhəri, X18 prospektində yerləşən “Ruslan” kafesində 4500 (dörd min beş yüz) manat məbləğində pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 4550 (dörd min beş yüz əlli) manat maddi ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin iyun ayının ortalarında saat təxminən 18 radələrində “Üç palma” kafesinə çay içməyə gedəndə tanışını görmüş, tanışı həmin vaxt tanıdığı Natiqlə onu tanış etmişdir. Həmin vaxt çay içib söhbət edən zaman tanışı işi olduğunu bildirib çıxıb getmişdir. Natiqlə o, qalıb söhbət edən zaman sonuncu ondan harada işlədiyini soruşmuşdur. O da Natiqə Şəki RMX-da feldşer işlədiyini bildirmişdir. Həmçinin Natiqə, xəstəxanalıq nə işi olsa köməklik edə biləcəyini demişdir. Əlavə olaraq bildirmişdir ki, o, həmin vaxt Şəki RMX-da feldşer işləyirdi. Natiq də ona demişdir ki, qızı ali təhsillidir, lakin ona münasib bir iş tapa bilmir. O, Natiqə demişdir ki, Şəki RMX-nın qeydiyyat şöbəsində boş yer var, istəyirsə danışıb qızını həmin şöbəyə işə düzəldə bilər. Əslində ona pul lazım olmuşdur. Belə ki, onun borcları var idi, ödəyə bilmirdi. Qərara gəlmişdir ki, Natiqlə qızının işə düzəlməsi məsələsi barədə danışıb pul alsın. O, Natiqə, qızının həmin yerə işə düzəlməsi üçün 4500 manat pul lazım olacağını bildirmişdir. Natiq də razılaşmışdır. Həmin vaxt o, Natiqdən 50 manat pul götürüb, guya qızının adını kompyuter kursuna yazdıracağını bildirmişdir. Ayrılan zaman o, Natiqin istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini götürüb, özü istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsini Natiqə vermişdir ki, əlaqə saxlasınlar. Natiqdən xəbər çıxmadığı üçün 20 iyun 2023-cü il tarixdə günorta saatlarında o, Natiqə zəng edib, qızının işini həll edəsi olduğunu soruşmuşdur. Natiq də ona, həll etmək istədiyini demişdir. Bundan sonra o, Natiqə demişdir ki, Ruslan şadlıq evinin 2-ci mərtəbəsində yerləşən kafeyə gəlsin, dediyi 4500 manatı da götürsün. O, həmin kafeyə gələndə Natiq orada olmuşdur. Birlikdə oturub çay içən zaman Natiq ona 4500 manat pulu vermişdir. O, Natiqdən həmin pulu götürüb, 10 günə kimi qızının işə düzələcəyini demişdir. Pulu götürüb Natiqdən ayrılmış, həmin pulla borclarını ödəmişdir. Bundan sonra Natiq ona zəng edib qızının işi ilə bağlı maraqlanan zaman o, sonuncuya bəhanə gətirib qızının işini düzüb qoşduğunu, sabahdan işə çıxa biləcəyini bildirmişdir. Sonra isə telefonu söndürmüşdür ki, Natiq bir də ona zəng edə bilməsin. Natiq onu tapa bilmədiyi üçün xəstəxananın rəhbərliyinə onun barəsində şikayət ərizəsi yazmışdır. Rəhbərlik də ona Natiqin pulunu ödəməyini tapşırmışdır. Lakin o, Natiqin pulunu ödəyə bilmədiyi üçün və Natiq ərizəsini geri götürmədiyi üçün onu işdən xaric etmişdir. Həmçinin o, göstərmişdir ki, Natiq ona 4500 manat pulu verən zaman yanlarında heç kim olmamışdır. Həmçinin o, Natiqdən başqa kənar heç kimi aldatmamış və pulunu almamışdır. Ziyanın bir qismini 1100 manatını ödəmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, "xxxx" QSC-də ekspeditor vəzifəsində işləyir. X13 təxminən 3 il qabaq Xəzər Ünviersitetinin politologiya fakultəsini bitirmişdir. O vaxtdan qızı Nurtac üçün iş yeri axtarırdı. Dost-tanışlara da bu barədə demişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin iyun ayının ortalarında dostu ilə birlikdə “Üç palma” kafesində oturub çay içən zaman təsadüfən Tərlan gəlib çıxmışdır. Dostu Tərlanla onu tanış etmişdir. Həmin vaxt çay içib söhbət edən zaman dostu işi olduğunu bildirib çıxıb getmişdir. Tərlanla o, qalıb çay içib söhbət edən zaman sonuncu Şəki RMX-da həkim işlədiyini demişdir. Həmçinin Tərlan ona demişdir ki, xəstəxanalıq nə işi olsa köməklik edə bilər. O da Tərlana inanıb demişdir ki, qızı ali təhsillidir, lakin qızına münasib bir iş tapa bilmir. Tərlan ona demişdir ki, Şəki RMX-nın qeydiyyat şöbəsində boş yer var, istəyirsə danışıb qızını həmin şöbəyə işə düzəldə bilər. O da razılaşmışdır. Ayrılan zaman Tərlan ondan 50 manat pul götürüb, qızının adını kompyuter kursuna yazdıracağını bildirmişdir. O da etiraz etməyib Tərlana 50 manat vermişdir. Həmçinin Tərlan ona demişdir ki, qızı Nurtacı həmin işə düzəlməsi üçün 4500 manat pul lazımdır. O da razılaşmışdır. Təxminən 2 gün sonra, yəni 20 iyun 2023-cü il tarixdə günorta saatlarında Tərlan ona zəng edib, qızının işini həll edəsi olduğunu soruşmuş, o da qızının işini həll etmək istədiyini bildirmişdir. Tərlan da ona demişdir ki, deyilən məbləği götürüb Ruslan şadlıq evinin 2-ci mərtəbəsində yerləşən kafeyə gəlsin. O da 4500 manatı götürüb dediyi kimi həmin kafeyə getmişdir. Saat təxminən 15:30 radələri olardı o, kafeyə çatmış, eyni vaxtda Tərlan da gəlib çıxmışdır. Orada oturub sifariş verib birlikdə çay içən zaman o, 4500 manat pulu Tərlana vermişdir. Tərlan pulu götürüb demişdir ki, 10 gün müddətinə qızının işi düzələcək. O da heç nə deməyib ayrılıb gəlmişdir. 10 gündən sonra Tərlanla yenə də “Üç palma” kafesində görüşmüş, orada oturub çay içən zaman Tərlan ona demişdir ki, o, növbədədir işə gedir, sabahdan qızı işə çıxa bilər. Səhəri gün o, bir neçə dəfə zəng etmiş, lakin Tərlan telefonu açmamışdır. Sonra o, xəstəxanaya gedib maraqlanmış, demişlər ki, Tərlan növbədən çıxıb gedib. Bundan sonra o, dəfələrlə Tərlanın mobil telefonuna zəng etmiş, lakin Tərlanın mobil telefonuna zəng çatmamışdır. İşi ilə əlaqədar təxminən 10 gün Gürcüstan Respublikasına getmişdir. Oradan qayıdandan sonra da bir neçə gün Tərlanı axtarmış, sonda tapa bilmədiyi üçün o, Şəki RMX-nın rəhbəri Məcid həkimin yanına gedib, Tərlan həkimin ona qarşı etdiyi hərəkət barədə məlumat verib şikayət ərizəsi yazmışdır. Sonra Məcid həkim ona məsləhət bilmişdir ki, Polis Şöbəsinə də gedib Tərlan barədə şikayət ərizəsi yazsın. Belə olub o, Şəki şəhər polis şöbəsinə gələrək Tərlan barədə şikayət ərizəsi yazmışdır. Həmçinin o, göstərmişdir ki, Tərlan guya onun qızını Şəki RMX-nın qeydiyyat şöbəsinə işə düzəldəcəyini bildirib aldadaraq əvvəlcə 18 iyun 2023-cü il tarixdə saat təxminən 18 radələrində “Üç palma” kafesində 50 manat, xx.xx.2023-cü il tarixdə isə saat 15:30 radərində “Ruslan” şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən kafedə 4500 manat pulunu almışdır. O, Təqsirləndirilən şəxsla qızının işə düzəlməsi ilə bağlı danışan zaman və sonuncuya pul verən zaman yanlarında heç kim olmamışdır. Həmçinin onun Təqsirləndirilən şəxs verdiyi cəmi 4550 manat pul onun öz pulu olmuşdur. Həmçinin o, Tərlanın başqa şəxsləri aldadaraq pullarını ələ keçirməsi barədə heç nə bilmir. Ona dəymiş ziyan məbləğindən qismən 1100 manat ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış HK-1/1205 nömrəli material əsasında fakt üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* cinayət işinin başlanılması, icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə azadlığın il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnin 333.4 və 334.1-ci maddələri ilə Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi, sınaq müddətinin əvvəlinin 09 fevral 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1148 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsində yoxdur. - İş materialında olan, Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 629 nömrəli məktubundan görünür ki, Sadıqov X2 şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. - Şəki şəhər İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 21 oktyabr 2023-cü il tarixli 196 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 133 saylı ictimai yaşayış binasının 1 saylı mənzilində yaşayır və aşağıdakı ailə üzvləri vardır: X3 - atası, X4 – qızı, X5 – qardaşı, X10 – bibisi, X12 – bibisi əri, X6 – bibisi qızı. - Şəki Şəhər İcra Hakimiyyəti Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə istintaqı zamanı təqsirləndirilənlərin şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etiraf ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Törətdiyi cinayətə görə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödənilməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, X7 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadak dəyişdirilməməlidir. Hökmün icrası Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 -ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar