Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(075)-21/2023 14.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Şəki Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1998-ci ildə Ağdaş rayonu, Maşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Ağdaş şəhəri, Məşəm küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməllərini törətmişdir Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 31 iyul 2022-ci il tarixdə, saat 12 radələrində Şəki şəhəri, X7 prospekti 129 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus Zərərçəkmiş şəxs mağazasına daxil olduqdan sonra orada işləyən işçilərin məşğul olmalarından istifadə edərək mağazanın içərisində yerləşən, kənar şəxslərə giriş qadağan olan və saxlanc yeri hesab edilən müdir otağının qapısını açıb qanunsuz içəri daxil olaraq həmin otaqda olan dolabın siyirməsindəki açarı götürüb həmin açarla müdir otağındakı saxlanc yeri olan seyfin qapısını açmaqla içərisindəki 1064 (bir min altmış dörd) manat pulu gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1064 (bir min altmış dörd) manat maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, işin digər tədqiq olunmuş halları ilə sübuta yetir. Cinayət-Prosessual Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə, digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq da daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İbtidai İstintaqa verdiyi ifadəni təsdiq etməklə və CM-nin 177.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin iyul ayının sonlarında Abşeron rayonu, Xırdalan şəhərindəki Xırdalan dairəsinin yaxınlığında yerləşən OBA marketə satıcı kimi işə düzəlmiş, bir müddət işlədikdən sonra həmin marketdə admnistrator vəzifəsinə təyin olunmuş, 2021-ci ilin dekabr ayının 17-də öz ərizəsi ilə işdən xaric edilmişdir. Belə ki, işlədiyi müddətdə şirkət rəhbərliyi tərəfindən marketdə yoxlama aparılmış, yoxlama zamanı onun adına kəsir çıxdığından şirkət rəhbərliyi ilə onun arasında mübahisə yaranmış və həmin kəsir onun əmək haqqından tutularaq o, öz razılığı ilə işdən xaric olunmuş, hazırda heç bir yerdə işləməmişdir. O, OBA Marketin iş prinsipini yaxşı bildiyi, yəni hər bir OBA Marketdə ayrıca müdir otağı olduğunu, mağazada alış-verişdən yığılan pulların müdir otağında olan seyfə qoyulub qapısının bağlandığını, seyfin də açarının həmin otaqda olduğunu bildiyi üçün həmin vaxt qarşına çıxacaq OBA Marketin seyfindən pul oğurlamağı qərara almışdır. Bu məqsədlə 31 iyul 2022-ci il tarixdə səhər saatlarında gəzərək Şəki şəhərinə gəlmiş, Şəki şəhərində gəzdiyi vaxt mərkəzi küçədə yerləşən OBA Marketlə rastlaşmış, həmin gün saat təxminən 12 radələrində marketə daxil olub əvvəlcə müştəri kimi vitrinlərə baxaraq ətrafa nəzarət etmiş, satıcıların başının qarışdığını görüb mağazadan müdir otağına daxil olmuş, otaqda olan pərdənin arxa tərəfinə keçib baxanda sol tərəfdə yerdən seyf qoyulduğunu görmüşdür. Seyfin qapağı bağlı olmuş, sağ tərəfdə qoyulmuş dolabın siyirməsini açıb baxanda seyfin açarını orada görmüş, götürüb seyfin qapağını açmış, içərisində olan pulları götürüb cibinə qoyaraq oradan çıxıb uzaqlaşmışdır. Uzaqlaşandan sonra mağazadan götürdüyü pulları sayıb ümumilikdə 1064 manat pul oğurladığını anlamışdır. Sonra o, Ağdaş rayonuna qayıtmış, OBA Marketdən oğurluq etməsi barədə heç kimə heç nə deməmişdir. Bir müddət sonra Xırdalan şəhərində yerləşən digər OBA Marketdə işləyən qardaşı Faiq ona zəng edib OBA Marketdən oğurluq etməsi barədə soruşanda, o, qardaşına Şəki şəhərində yerləşən OBA Marketdəki seyfdən pul oğurladığını bildirmişdir. O, həmin marketdə müşahidə kamerası olduğunu bilsə də, Şəki şəhərində onu heç kimin tanımadığını fikirləşib sərbəst şəkildə həmin marketə daxil olub seyfdən pul oğurlamışdır. OBA Marketin işçilərinin həmin video görüntünü Whatsapp vasitəsi ilə paylaşacağını və qardaşının da onu tanıyıb rəhbərliyə məlumat verəcəyini fikirləşməmişdir. Bundan başqa o, bir dəfə də Sabunçu rayonu ərazisində yerləşən OBA Marketdə yerləşən müdir otağında qoyulmuş seyfdən eyni üsulla 800 manat pul oğurlamış, barəsində həmin işlə bağlı cinayət işi açılaraq Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə verilmiş, barəsində olan cinayət işi hazırda məhkəmənin icraatındadır. O, etdiyi cinayət əməlindən peşman olduğunu, bir daha bu cür hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Dəymiş zərəri zərərçəkmiş hüquqi şəxsə tam ödəmiş, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi onunla barışıb, onu bağışlamışdır. Zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və tələbi qalmamışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-də işləyir. 31 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 129 ünvanda yerləşən mağazasından şirkətə zəng edilərək, naməlum şəxsin mağazada olan müdir otağındakı seyfdən 1050 manat pul oğurladığını bildirmişlər. Sonra mağazada işləyən Şahid1 Polis Şöbəsinə bu barədə rəsmi məlumat vermiş, bir müddət sonra həmin mağazadan ümumilikdə 1064 manat pul oğurlandığı məlum olmuşdur. Mağazada işləyən Şahid1 deməsinə görə oğurluq günorta saatlarında baş vermiş, naməlum şəxs günorta saatlarında telefonla danışa-danışa mağazaya daxil olmuş, bir neçə dəqiqə mağazada mallara baxaraq fırlanmış, sonra müdir otağına daxil olaraq orada olan kompyuter stolunun siyirməsini açaraq oradan seyfin açarını götürmüş və seyfi açaraq seyfdə olan pulu götürüb cibinə qoyub mağazadan çıxıb getmişdir. Şahid1 ilkin bildirməsindən mağazadan oğurluq edən şəxsin əvvəllər OBA Marketdə işləmiş şəxs olması barədə təsəvvür yaranmışdır. Belə ki, oğru mağazanın içərisindəki vəziyyəti bilmiş və ona uyğun hərəkət etmişdir. Bu hadisədən bir müddət sonra Bakı şəhərində yerləşən OBA mağazaların birində admistrator işləyən Şahid4 rəhbərliyə məlumat verərək Şəki şəhərində fəaliyyət göstərən OBA mağazasının birindən oğurluq edən şəxsin onun qardaşı Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Şaiq Salehsazə OBA Market MMC-də satıcı işləmiş, sonradan o, öz xahişi ilə işdən çıxmışdır. Təqsirləndirilən şəxs fəaliyyəti dövründə mənimsəmə və kəsir halları olmuş, onun əmək haqqından müvafiq tutulma aparıldıqdan sonra yerdə qalan vəsait ona ödənilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduğu 1064 (bir min altmış dörd) manat maddi ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi qalmamış, Təqsirləndirilən şəxs bağışlamışdır. Bunları nəzərə alıb Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Vahidli X2 İstindaq zamanı verdiyi ifadəni təsdiq etməklə ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin sentyabr ayından Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 129 ünvanda yerləşən OBA marketdə 4 nəfərlə birlikdə işləmişdir. Belə ki, o, həmin marketdə adminstrator vəzifəsində, Şahid2 baş satıcı, Şahid3 Vüsal qızı satıcı-kassir, Ruslan Səmədov və Abdulla Şamilov satıcı-kassir kimi işləmişlər. Market hər gün səhər saat 08-də açılmış, gecə saat 22-də bağlanmışdır. Marketin işçilərindən 2 nəfər səhər saat 08-də gəlib marketi açıb işə başlamış, saat 18 radələrində işdən çıxıb getmiş, digər iki nəfər işçi isə saat 12 radələrində işə gəlib gecə saat 22 radələrinə kimi marketdə işləyib, sonda marketi bağlayıb evinə getmişdir. Marketdə işləyən hər bir işçi həftədə bir gün istirahət etdiyi üçün Abdulla Şamilov həmin işçiləri əvəz etmişdir. Gün ərzində marketdə satılan malların pulu əvvəlcə kassaya yığılmış, axşam saat 22 radələrində market bağlanan zaman isə həmin pullar müdir otağında olan seyfə qoyulub bağlamışdır. Seyfin açarının biri onda olmuş, digəri isə müdir otağında olan kompyuter stolunun siyirməsinə qoyulmuşdur ki, pul xırdalamaq lazım gələndə satıcılardan biri seyfi açıb pulu xırdalaya bilsin. Bazar günü istisna olmaqla digər günlərdə səhər yaxud günorta vaxtlarında inkasator gəlib marketdə yığılmış pulları təhvil alıb aparıb getmişdir. Onun işlədiyi marketdən pulları Vidadi Səmədov adlı şəxs hər dəfə öz şəxsi Toyota markalı avtomaşını ilə əsasında təhvil alıb getmişdir. Seydə olan pulları adətən o, özü Vidadi Səmədova təhvil vermişdir. 30 iyul 2022-ci il tarixdə o, saat 11 radələrində kimi marketdə olmuş, sonra şəxsi işi olduğu üçün icazə alıb getmişdir. Sabahsı günü, yəni xx.xx.2022-ci il tarixdə onun istirahət günü olduğu üçün işə getməmiş, həmin gün saat 13:40 radələrində evdə istirahətdə olduğu vaxt Məryəm ona zəng edib alış-veriş zamanı yığılmış pulların seyfdə olmadığını bildirmişdir. O, dərhal işlədiyi OBA marketə gəlmiş, seyfə baxıb pulu orada görməmişdir. Həmin vaxt satıcı işləyən Samir ona müdir otağına daxil olub pul xırdalamaq istəyəndə seyfin açarının seyfin üstündə olduğunu, seyfin açıq vəziyyətdə olduğunu görmüş, baxanda seyfdə olan pulların oğurlandığını anlamışdır. Həmin vaxt o, mağazaya quraşdırılmış mühşahidə kamerasında olan video gönüntüyə baxdıqda bir nəfər tanımadığı şəxsin telefonla danışa-danışa mağazaya daxil olduğunu və bir neçə dəqiqə mağazada mallara baxaraq fırlandığını, sonra müdir otağına daxil olub müdir otağında olan kompyuter stolunun siyirməsində olan seyfin açarını götürərək seyfi açıb orada olan pulu götürüb cibinə qoyub mağazadan çıxıb şəhərin yuxarı hissəsinə doğru getdiyini görmüşdür. Daha sonra o, DİN-nin 102 xidmətinə zəng edib OBA marketdə oğurluq olması barədə məlumat vermişdir. Marketdən OBA marketdə işləyən və OBA marketin iş rejimini bilən şəxs ya da OBA marketdə işləyən şəxs tərəfindən təlimatlanmış şəxs tərəfindən oğurluq edildiyini anlamışdır. Çünki video görüntüyə baxdıqda həmin şəxsin marketə daxil olub diqqəti yayındırmaq üçün əvvəlcə vitrinlərə baxıb gəzdiyini, sonra xəlvət müdir otağına daxil olub və orada nə edəcəyini bilirmiş kimi heç yeri axtarmadan kompyuter stolunun siyirməsindən seyfin açarını götürüb seyfi açıb orada olan pulları götürüb apardığını görmüşdür. Marketdəki seyfdən cəmi 1064 manat pul oğurlanmışdır. Məhkəmə istintaqında dindirilmiş Şahid2 ifadəsində, eləcə də, Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsində eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. O, təxminən üç ilə yaxındır Abşeron rayon, Xırdalan şəhər, Qalubiyyə küçəsində yerləşən OBA marketdə adminstrator, qardaşı Şaiq isə əvvəllər Abşeron rayon, Xırdalan şəhər, X3 küçəsində yerləşən OBA marketdə adminstrator işləmişdir. Şaiq təxminən iki il həmin martketdə işləmiş, 2021-ci ilin təxminən noyabr ayında prosedur pozuntusu olduğuna görə işdən çıxarılmışdır. Deyilənə görə Şaiqin iş yerində pul kəsiri olması səbəbindən əmək haqqından həmin pul çıxılmışdır. 2022-ci ilin iyun ayına kimi Şaiq onunla birlikdə kirayə evdə qalmış, sonra «işim var» deyib çıxıb getmiş və hara gedəcəyini deməmişdir. O, 2022-ci ilin avqust ayının ortalarında qardaşı Şaiqin Zərərçəkmiş şəxs MMC-nin Şəki şəhərində yerləşən OBA marketdəki seyfdən oğurluq etməsini eşitmiş, maraqlanmaq üçün rəhbərliyə müraciət etdikdə ona Şəki şəhərində yerləşən OBA marketdəki müşahidə kamerasının yaddaşında olan, qardaşı Şaiqin marketə daxil olaraq otaqdakı seyfi açıb içərisindən pulu götürüb getməsini göstərmiş, ona Şaiqin marketdən 1064 manat pul oğurladığını bildirmişlər. Sonra o, Şaiqə zəng edib, Zərərçəkmiş şəxs MMC-nin Şəki şəhərində yerləşən OBA marketdən oğurluq edib-etmədiyini soruşmuş, Şaiq də ona oğurluq etdiyini bildirmişdir. Şaiqdən səbəbini soruşduqda, qardaşı onun əmək haqqını kəsdikləri üçün Zərərçəkmiş şəxs MMC-dən qisas almaq məqsədilə oğurluq etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. 31 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, ona əlavə edilmiş fotoşəkillər və video diskdən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 129 ünvanda yerləşən mağazasındakı müdir otağına qoyulmuş seyfin açılmaqla oradan 1064 manat pul oğurlanmışdır. (İş.v 9-17) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Nərimanov RPİ-də Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. (İş.v 48). “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 27 sentyabr 2022-ci il tarixli, PHŞ/6.22-2-2022-714 nömrəli məktubundan görünür ki, Ağdaş şəhəri, Məşəm küçəsində qeydiyyatda olan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin poliklinka şöbəsində ruhi-əsəb və narkoloji xəstəliklər üzrə qeydiyyatda deyil. (İş.v 95). 28 noyabr 2022-ci il tarixli şübhəli səxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 2010-də CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İş.v 128-130) Şöbhəli şəxsin ifadələrinin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli 11204 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs Şəki Şəhər-Rayon PŞ-nin qarşısında avtomaşına oturduqdan sonra avtomobili Şəki şəhərinin mərkəzinə doğru sürməyi bildirmiş, Şəki şəhərinin mərkəzi hissəsinə çatdıqdan sonra Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən OBA Marketin qarşısına gəlib həmin marketi göstərib 31 iyul 2022-ci il tarixdə həmin marketə daxil olduğunu, içəri daxil olduqdan sonra mağazanın mərkəzi keçidini göstərib həmin istiqamətə getdiyini, guya alıcı kimi vitrinlərə baxdığını, qabaqda sağa gedən dəhlizi və dəhlizin sonundakı tək taylı plastik qapını göstərib, həmin otağın müdir otağı olduğunu və oraya daxil olduğunu, müdir otağına daxil olduqdan sonra o, ortadakı arakəsmənin arxa tərəfini göstərib seyfin orada olduğunu, arakəsmənin arxa tərəfinə keçdikdən sonra sağ tərəfdə qoyulmuş dolabın siyirməsini göstərib həmin siyirmədən seyfin açarını götürdüyünü, sağ tərəfdə yerdə qoyulmuş seyfi göstərib siyirmədən götürdüyü açarla sefyi açıb içərisində olan pulları götürüb oradan çıxdığını, mağazadan çıxdıqdan sonra şəhərin mərkəzi istiqamətini göstərib həmin istiqamətə getdiyini bildirmişdir. (İş.v 143-147) 30 noyabr 2022-ci il tarixli vəsatətdən görünür ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi məsələsinə baxılmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunmuşdur. (İş.v 163-166) 30 noyabr 2022-ci il tarixli təqdimatdan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən CM-nın 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilmişdir. (İş.v 167-170) Şəki Rayon Məhkəməsinin 4(075)-116/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə verilmiş təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. (İş.v 186-192) Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli, 2299 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X4, anası X1 və qardaşı Şahid4 ilə birlikdə ünvan 4 ünvanında qeydiyyatdadır. (İş.v 179) Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində məhəllə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. (İş.v 180) Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş 5 dekabr 2022-ci il tarixli, HŞ6521 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin “Oba Şeki 10” filialında baş vermiş oğurluq hadisəsi ilə bağlı həmin əməli törətmiş Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan məbləği tam həcmdə ödənilmişdir. (İş.v 184) Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-271/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (İş.v 194-201) 30 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, CM-nın 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (İş.v 174-176). 2 saylı Mənzil Təsərrüfat İstehsalat İstimar Təmir Sahəsinin 30 yanvar 2023-cü il tarixli, 99 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Sabunçu Rayon Məhkəməsinin icraaatında olmaqla məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 15:35-ə təyin edilmişdir. Məhkəmə tədqiq edilən sübütların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə 31 iyul 2022-ci il tarixdə, saat 12 radələrində Şəki şəhəri, X7 prospekti 129 ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus Zərərçəkmiş şəxs mağazasına daxil olduqdan sonra orada işləyən işçilərin məşğul olmalarından istifadə edərək mağazanın içərisində yerləşən, kənar şəxslərə giriş qadağan olan və saxlanc yeri hesab edilən müdir otağının qapısını açıb qanunsuz içəri daxil olaraq həmin otaqda olan dolabın siyirməsindəki açarı götürüb həmin açarla müdir otağındakı saxlanc yeri olan seyfin qapısını açmaqla içərisindəki 1064 (bir min altmış dörd) manat pulu gizli olaraq talamaqla oğurlayaraq zərərçəkmiş şəxs hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə 1064 (bir min altmış dörd) manat maddi ziyan vurmaqla oğurlayaraq talamışdır. Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.3-cü maddəsinin tərkibi vardır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən onun əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə məcmu halda obyektiv hüquqi qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxsin CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə üst-üstə düşüb təsdiqini tapır və işə baxılan zaman mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza məsələsini həll edərkən CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sübut edilməli olan halların dairəsini nəzərdə tutan CPM-nin 139-cu maddəsində göstərilir ki, cinayət təqibi üzrə icraat zamanı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.12-59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi vurduğu ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alır. Eyni zamanda CM-nin 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs təqsirini boynuna almaqla peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını ona təyin ediləcək cəzanı yüngülləşdirən halları kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmələrə izah olunsun ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı həmin maddədə göstərilməyən digər hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə halların cəzanı yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza cinayətin hüquqi nəticəsi olub dövlət tərəfindən cinayət törətmiş şəxsə göstərilən reaksiyadır. Eyni zamanda bu və ya digər şəxslər tərəfindən eyni növ və ya digər cinayətlərin törədilməsinin qarşısını almağa, bir daha törədilməməsinə, cəzanın məqsədinə nail olmağa xidmət etməlidir. Məhkəmənin qənaətinə görə təyin olunan cəzanın məqsədinə nail olmaq, gələcəkdə bu cür cinayətlərin baş verməsinin qarşısını almaq üçün təyin ediləcək cəzanın növü və həddi ədalətli, eyni zamanda qaneedici olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir («Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərar). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanun normaları, tövsiyyələr və presedentlər, həmçinin yuxarıda nəzərə alınması sadalanan cəzanı yüngülləşdirən hallar təyin ediləcək cəzasının növünün və həddinin müəyyən edilməsində nəzərə alınmalıdır. Cinayətlərin təsnifatına görə CM-nin 177.2.3-cü maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzası ilə yanaşı azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bununla yanaşı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü maddəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarda daha sonra məhkəmələrə tövsiyyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. (həmin qərarın 2-ci bəndi) Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Ali Məhkəmənin Plenumunun həmin qərarının 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3 maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddələrin sanksiyasında həbsə alternativ cəza olduğunu, azadlıqdan məhrum edilmədən islah olnunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qutsardi İtaliyaya qarşı işində (92-ci bənd) qeyd etmişdir ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində «azadlıq hüququ» bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq «azadlıqdan məhrum» edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin «azadlıqdan məhrum» edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Birləşmiş Millətlər Təşkilatının həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair minimal standart qaydalarının (Tokio qaydaları) 8.1-ci maddəsinə görə həbs edilmə ilə bağlı olmayan tədbirləri seçmək səlahiyyəti olan məhkəmə orqanı hökm çıxararkən cəmiyyətdə normal həyata qayıtmaq baxımından hüquq pozucusunun tələbatını, cəmiyyətin müdafiəsi və qurbanın mənafelərini nəzərə alır. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törədən zaman və ondan sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə nail olmaq üçün təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş və islah olunması üçün kifayət edən həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022ci ilədək həbsdə saxlandığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməli, üzərinə cəza çəkdiyi müddətdə Abşeron rayonu ərazisini, günün müəyyən vaxtlarında isə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət hadisəsi nəticəsində dəymiş 1064 manat maddi ziyanın ödənilmişdir, iş üzrə mülki iddia, məhkəmə məsrəfləri yoxdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384, 42.1,42.1.4-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il, 5 (beş) ay, 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəza çəkdiyi müddətdə üzərinə Abşeron rayonu ərazisini, axşam saat 2300-dan növbəti gün saat 600-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı Abşeron rayon İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan məhkum tərəfindən surətinin ona verildiyi) andan 20 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(075)-21/2023
Şəki Rayon Məhkəməsi Hökm — İş №1(075)-21/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver